Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 2016-cı ilin aprel döyüşləri vaxtı Ermənistanın vurduğu ziyanla bağlı 700 ərizə göndərilib.
APA bu xəbəri Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərova istinadən yayıb. O qeyd edib ki, artıq həmin işlər icraata götürülüb.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib.
Azərbaycan tərəfi bildirir ki, aprel döyüşləri zamanı azərbaycanlıların yaşadıqları 500-ə yaxın ev və təsərrüfata ziyan vurulub. Söhbət, əsasən, Ağdam və Tərtər rayonunun təmas xəttinə yaxın kəndlərindəki evlərdən gedir.
Şərhlər (1)
Daha çox şərh göstər