Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:09

Mopassanın "Gombul" hekayəsində Azərbaycan müxalifəti obrazı...


"Gombul" hekayəsinə çəkilmiş rəsm.
"Gombul" hekayəsinə çəkilmiş rəsm.

"“Gombul” əsərinin analogiyasını aparmaq istəyirəm. Faytondakılar xalq (toplum, kütlə), Elizabet isə bir ovuc müxalif (aktivist, ziyalı və s)".

Rəşad Babalı

Artıq hamınız “gombul”sunuz

Rəşad Babalı.
Rəşad Babalı.

Böyük fransız yazıçısı Gi de Mopassanın gözəl bir əsəri var. “Gombul”. İlk dəfə tələbə ikən oxudum. Açığı o zaman elə də anlamlı gəlməmişdi. Lakin nədənsə onlarla əsər oxumağıma rəğmən yadımda yaxşı qalan, tez-tez xatırladığım tək-tük əsərlərdəndi. Özümə də qəribə gəlirdi ki, nədən məhz “Gombul”u yada salıram.

Həyatın qəribəliklərindən birinə bu əsərlə şahid oldum. Son zaman baş verənlərə aydınlıq gətirə bilmirdim. Daha yaxşı ifadə edəcək vasitə tapa bilmirdim. Tez-tez yadıma düşən “Gombul” əsəri nəyə görə ağlımdan çıxmadığını göstərdi.

Nəyə gətirmək istədiyimi demədən əvvəl əsər barədə qısa özət keçim. Hekayədə 1870-ci il Fransa-Prussiya müharibəsi dövründən bəhs edir. Almanlar fransızları məğlub ediblər. Ölkənin şəhərlərinə alman əsgərləri nəzarət edir.

Buna da bax: "Sənə qalıb, ölkəni düzəltmək? - deyənlərdi günahkar"

Normandiyanın kübar nəslinə mənsub olan Yuber de Brevil, fabrikant Korre Lamodan, şərabçı Luazo, iki rahibə qadın, demokrat Koruyude (bir zamanlar çox varlı olub lakin sonradan var-dövlətini göyə sovurmuşdu) və yüngül, əxlaqsız gənc qadın Elizabet (çox kök olduğuna görə ona “gonbul” deyirdilər). Sadalanan insalar Qavr limanına getmək məqsədilə yola düşdülər.

Gi de Mopassanın "Gombul" əsərinə çəkilmiş rəsm.
Gi de Mopassanın "Gombul" əsərinə çəkilmiş rəsm.

Onlar altı at qoşulmuş kareta ilə yola düşürlər. Hava qarlı olduğundan səfər üçün o qədər də uyğun deyildi. Bu səbəbdən kareta ləng gedir. Yolçular tələsdiyindən özləriylə azuqə götürmür. Yol uzandığından aclıq onları taqətdən salır.

Bir tək Elizabet (gombul) hazırlıqlı olur. Ayağının altındakı səbəti çıxardıb yeməli şeyləri səfər yoldaşlarına təqdim edir. Amma onlar gombula nifrət etdiyindən əlindən heçnə almaq istəmirlər. Bir az sonra aclıq onlara güc gəlir. Məcburən alıb yeyirlər.

12 saatlıq səyahətdən sonra bir mehmanxanaya çatırlar. Səhər gözləmədikləri mənzərəylə rastlaşırlar. Görürlər ki, nə faytonçu var nə də atlar. Məlum olur ki, onlarla gələn alman zabiti faytonçuya tapşırıq verib. Onun niyyəti Elizabet ilə yatmaq idi. Gonbul isə əxlaqsız olsa da, qüruru vardı. Alman zabitiylə yatmaqdan imtina edir.

Alman zabiti niyyətinin baş tutmadığını görüncə gonbula razı olmayacağı tədqirdə onunla birgə gələnlərin heç birini buraxmayacağını bildirir. Bundan sonra bütün heyət Elizabeti razı salmaq üçün dilə tuturlar. Hətta rahibələr ona deyirlər ki, kimsə insanların həyatını xilas etmək üçün günah işləsə, o günah cəzasız qalar və qəbahət sayılmaz. Qadınların israrı və rahibələrin sözlərindən sonra gonbul bu təkliflə razılaşır.

Buna da bax: Mopassanın "Əziz dost" adlı qayığı vardı...

Daha sonra onlar yola düşür. Lakin gonbul utandığından onların üzünə baxmır. Elizabet səhər təlaşla mehmanxadan çıxdığına görə özü ilə yol azuqələrini götürə bilməmişdi. Bir az gedəndən sonra yolçular yemək yeməyə başlayırlar. Lakin heç kim nə gonbulu dindirir, nə də ona yemək təklif edirdi. Bu “namuslu” və zəngin insanlar artıq ona daha böyük kin və həqarətlə baxırdı. Buna Elizabeti özlərinin məcbur etdiyini unudurdular. Gonbul dözmür və ağlamağa başlayır. Koruyude (faytonçu) fit çalır və oxuyur. Elizabet isə ağlamağa davam edirdi. Koruyudenin oxumağı karetadakiları qıcıqlandırır və o bunu başa düşsə də oxumağa davam edir. O yanındakıları qıcıqlandırmaqla sanki gonbulun intiqamını alır…

Mopassan bu əsərlə burjuziyanın əxlaqsız olduğunu və başqalarına zərər verdiyini göstərmək istəyib. Gonbul fiziki cəhətdən əxlaqsız idi. Sadəlövh idi və ondan hamı istifadə edirdi.

Bir az uzun alınsa da eybi yox. Ən azı dünyaca məşhur bir əsər barədə məlumatınız oldu. İstəyən hekayəni tapıb oxuya bilər. Əlahəzrət “google” köməyiniz olsun.

“Gombul” əsərinin analogiyasını aparmaq istəyirəm. Faytondakılar xalq (toplum, kütlə), Elizabet isə bir ovuc müxalif (aktivist, ziyalı və s). Analogiyada gombulun “sənət”ini daxil etmirəm. Onu ayırıram. Bəzi gülməşəkərlə məhz buna ilişəcəklərindən bəri başdan mövzularını əllərindən alıram.

Kütlə bu uzun yolçuluqda “Elizabet”ə yuxarıdan aşağı baxıb. Əfəl, əlindən heç nə gəlməyən, pozuculuqla məşğul olan, ölkəsini sevməyən kimi qələmə verib. Onların nəzərində “gombul”lar cəmiyətdən çıxdaş edilməlidilər.

Zaman həm də onu göstərdi ki, yaxasını kənara çəkib öz mikromühitini yaratmaq mümkün deyil. Bütün neqativ hadisələr, idarəetmə həmin parnik mühitinə təsir edəcək. Ölkədən getməklə məsələni özü üçün həll edə bilərlər, lakin ölkədə qalıb yaşamağa davam edirlərsə mikromühitin makro olmasına çalışmalıdılar. “Ağ atlı gombul”lar olmayacaq. Olmayıb da əslində. Kimlərinsə bilərəkdən uydurduğu, ovundurma üçün təskinlik mənbəyi əfsanədi. Heç bir toplumu da mifik qəhrəman qurtarmayıb.

Buna da bax: Maksim Qorki 100 il öncə Bayramla Qiyasdan nə yazmışdı?

Ancaq iki ildən çoxdur getdikcə dərinləşən iqtisadi böhran insanları “gombul”lara ağız açmağa məcbur edir. Min yolla dil töküb yoldan çıxartmağa çalışırlar. Şirin dil işə yaramayanda hədə qorxu, təhqirlə provakasiyaya çəkirlər. Təki “gombul”lar qabağa çıxıb onları bəhrandan, problemlərdən çıxartmağa yardım etsin. Sözlərini yuxarılara çatdırsınlar. Yəni kareta əhli üzərinə risk götürmək istəmir.

Lakin vəziyyət getdikcə pisləşir. Ölkəni ağuşuna alan böhran press kimi əzməkdə davam edir. Gün gündən pis gəlir. Nicat kimi baxılan “Gombul”lar da artıq istəsələr belə vəziyyəti qurtara bilmirlər. Həm azdılar, həm də gücləri yetmir. Bircə əlac ona qalıb ki, hamı “gombul” olsun.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG