Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 08:39

Çinarə Ömray: "Qurbanıolduğum"la görüş


Gənc yazar Çinarə Ömray.

"Məsələn, bir dostumun məkanı xaricdədi. Sizdən uzaqda. O gün söhbət edirik, dəli oluram. Deyir, burda yaşamaq normaldı. Məsələn, bir uşaqla dost oluram, ailəsi məni görməsə də, uşağın görməyi kifayət edir. Mən oluram onun xəyali dostu. Ailəsi məni görməsə də, onun xəyali dostu olaraq da qəbul edir. Mənə ad qoyurlar, o uşaqla əyləncəli oyunlar oynayırıq".

Çinarə Ömray

Qurbanıolduğum

hekayə

Bayaq bir qucağa sığan sən indi bu boyda evə sığmazsan. Boğulurcasına gecənin bir vaxtı özünü atarsan çölə. Həyətdə divarın dibinə qoyulmuş dəmir çarpayını ilk dəfə görürmüş kimi qonarsan üstünə.

Qonarsan və görərsən, vay, nə möhtəşəm külək əsir. Divarın dibində səliqəylə düzülüb qaranlıqda üzünə gülümsəyən nanə, yarpız xöşbəxtcə sənə baxırlar. Başını qaldırıb göyə baxmaq istəyərsən, göy əvəzinə yuxarıdan sallanan üzüm salxımlarını görərsən, bir də ağacları. Bir anlıq yenə həmən qorxu gələr bütün içini alar öz caynağına. Elə bilərsən, tənəkdən yüzlərlə insan cəsədi asılıb. Gecənin qaranlığını o an dərk edərsən. Külək də sanki ciyərlərinə təcavüz edərcəsinə əsər.

Mən elə qəşəng bədbəxt ola bilirəm ki. Özü də bir anın içində. Heç bir köpəyoğlu bunu bacarmaz ki, mən bacarıram.

Saat gecənin üçü, külək əsir, həyətdəki dəmir çarpayıda ayaqlarımı qucaqlayıb təzəcə xoşbəxt-xoşbəxt bədbəxtləşirdim ki, birdən göydən taa gilanar ağacının başından bir işıq gəldi. Əvvəl elə bildim, gözümə görsənir. Tez gözümü yumub üç-dörd dəfə “bismillah-filan” dedim, göydəki məscidə də, yerdəki məscidə də bir daha küfr etməyəcəyimə söz verdim, əlüstü tövbə-zad elədim ki, o işıq nəydisə, geri qayıtsın. Gözümü açdım ki, yox e, xeyri yoxdu. O istedad yarışına gedib bütün var yoxunu qoyasan ortaya, axırda da deyələr ki, “bizimlə deyilsən”, bax, elə bil var-yoxunu bir əl istifadə edib, üzünə gülə-gülə “Yaxşı deyildi” deyildiyi anda necə olursa, o cür hiss etdim özümü.

Gözümü açanda qarşımda ağ paltarlı, üzü elə də aydın görünməyən birinin dayandığını gördüm. Əslində, onu tanıyıram. Bir neçə dəfə adamlardan eşitmişəm. Yəqin siz də eşitməmiş olmazsınız. Ən azı nəslinizdə birinin də olsa, yuxusuna, ya yanına gəlib.

Qarşımda dayanan varlıq tanışdı tanış olmağına, amma yenə qorxuram. Bir onu bilirəm ki, küləklə bir yerdə əsirəm. Özümü cəmləyib nənəmin sözün təkrarladım: “Qurbanıolduğum”. Elə bunu demişdim ki, qarşımda dayanan varlığı elə bil cin vurdu. Nə təhər əsəbiləşdi, nə təhər əsəbiləşdi... kaş görəydiniz. Dedi:

- Bəsdirin də-ə, - səsini uzatdı, - bəsdirin. İndi söyəcəm sizin o “qurbanıolduğunuzu”. Kimdi axı o? O kimdi ki keçmişəm mən də onun zibilinə? Ay balam, ay başına dönüm, kimə yaxınlaşıram, görən kimi başlarını yerə qoyub qarşımda səcdəyə gedirlər. A bala, sizin millət nə yaman həvəslidir qarşısında əyliməyə nəsə, kimsə tapmaq üçün. Nə istəyirsiz məndən? Niyə imkan vermirsiniz normal yaşayım?

Buna da bax: 'Ölkəni divdən xilas etmək' - Cırtdan haqda nağılın dekonstruksiyası

Varlıq əməlli-başlı ağlayırdı. Qorxum, əsməcəm-filan hamısı getmişdi. İndi oturub buna təskinlik verirdim. İşimə-gücümə bax da.

- Axı siz kimsiz? O nə gəlişiydi, gəldiniz? Neynəsin millət, qınamayın da onları. Qorxurlar.

- Ay başına dönüm, mənə çatmır da, siz qorxduğunuzdan səcdə edirsiniz, ya sevginizdən? Bir imkan da vermirsiniz ki, ağzımı açıb deyim, kiməm, nəyəm, nəçiyəm. O “Qurbanıolduğum”u yapışdırırsınız boynumun dalına, başlıyırsınız aləmə car çəkməyə.

- Yaxşı, kimsən, nəsən, nəçisən?

- Şükür yaradana, mənə də bu sualı verən oldu. Bir az aralı otur, məni dinləsən, sən dinləyəcəksən bu gecə. Deməli, bizi, sizi, təbiəti, kainatı yaradan varlıq yaradıb məni də. İndi neynim ki, məni də bu cür yaradıb, görünüşüm budur? Neynim, mənim də gəlişim qapıdan yox, səmadandı; neynim, mən istədiyim zaman görünə bilirəm? Sizdən fərqim ola bilər. Amma sonucda mən də bir yaradılışam.

- Bəs sən də get yaşa da bizim kimi, hamı kimi. Kim mane olur sənə?

- Bəs məni yandıran, partladan da odur da. İllərdi, əsrlərdi çürütmüsüz məni. Xəbəriniz var? Nə ölə bilirəm, nə yaşaya. Ay bəni-adəm, dərdim deyiləsi dərd deyil. Vallah deyil. Bax mənim də dostlarım var. Hərəmizin öz qalacağımız yerimiz-yurdumuz var. Məsələn, bir dostumun məkanı xaricdədi. Sizdən uzaqda. O gün söhbət edirik, dəli oluram. Deyir, burda yaşamaq normaldı. Məsələn, bir uşaqla dost oluram, ailəsi məni görməsə də, uşağın görməyi kifayət edir. Mən oluram onun xəyali dostu. Ailəsi məni görməsə də, onun xəyali dostu olaraq da qəbul edir. Mənə ad qoyurlar, o uşaqla əyləncəli oyunlar oynayırıq, ya da, pislik etmək istəyən biri ilə söhbət edirəm, fikirindən daşındıra bilirəm, mənə dost olur. Hər çətində olanda çatıram köməyinə. Dostum deyir, çox rahatam. Qeyri adi istedadım da onlarla dostlaşmağa daha çox kömək edir mənə. İndi mən danışıram ona. Deyirəm ki, ay dost, mənim işim zülümdü. Bir darda olana kömək etmək istəyirəm, elə ki gözə görsənirəm, bir də görürəm, darda olan adam bütün hər şeyini unudub, düşüb mənim ayağımdan öpür. Adımı da hamı eyni qoyub “Qurbanıolduğum”. Güc-bəla ilə adamı aralayıram ki, düz dur, səbirli ol, hər şey düzələcək. Guya buna yaxşılıq etmək istəyirəm. Pəh, səhər açılır, bütün adamın qohum əqrəbası yığılır onlara. Adam yekə bir qoyunun ayaqlarını kürüyüb vurur yerə, böyük bir süfrə açır, adını da qoyur: “Qurbanıolduğuma ehsan süfrəsi”. Hamını ora yığıb elan edir ki, bəs gecə otağımda Qurbanıolduğum zühur eləmişdi. Mənə dedi ki... sənə vergi verirəm. Hər şey yaxşı olacaq. Sən bacaracaqsan, sən seçilmişlərdənsən, sən bizlərdənsən.

Buna da bax: Nidaçı Sərvərlə Gülnaz mühacirətə gedir

Qardaş, and olsun bizi yaradana ki, dediklərinin birini də ağzıma almamışam. Elə yanıb-tökülürəm ki! İstəyirəm, oradaca peyda olub deyəm ki, yalançının atabaatasına lənət! Üstündən heç bir ay keçmir ki, yolum o adamgil tərəfdən düşür. Baxıram ki, gələcəyi görürmüş kimi, insanları aldadır. Bax burda öz missyama tüpürməyim gəlir .

- Bəs sən onlara vegi vermirsənsə, nədir sənin missiyan?

- Ay başına dönüm, nə vergi? Mən, sadəcə, onun üçün yaranmışam ki, insanların pis anında yanlarında olum, onlara dəstək ola bilim, pisliklərdən uzaq tutmağa çalışım. O da bacardığım qədərilə. Sizin insanlar mənim adımdan elə şeylər uydurub danışırlar ki, vallah, neçə əsrdi yaşayıram, belə ideyalar ağlıma gəlmir heç. Xətrinə dəyməsin, amma siz aldanmağa, alçalmağa, yalvarmağa, köləliyə meyillisiniz. Siz bunsuz yaşaya bilmirsiniz. Bax bir sual verim. Kimdi o “Qurbanıolduğum”? Niyə heç biriniz onu tanımaya-tanımaya, üzünü də görmədən (görmuş olsanız, məni “o” zənn etməzsiniz) ondan bu qədər qorxur və ya sevirsiniz? O Qurbanıolduğum necə biridi axı? Sizin adını Allah qoyduğunuz, bizim isə Yaradan dediyimiz deyil. Bildiyim qədərilə, sizin Allah dediyiniz, bizimsə Yaradan dediyimizin yaratdığı biridir o Qurbanıolduğum. Ay başına dönüm, tanımadığınız birini necə bu qədər sevə, ondan bu qədər qorxa bilrsiniz? Yaxşı, deyək sevirsiniz, elə mən də o QURBANIOLDUĞUM-am, yaxşı, bəs onda niyə o sevimli “Qurbanıolduğum”unuzu olduğu kimi yox, yalandan üstünə on da qoyub tanıdırsınız? Axı mən birinə görsənib, “sıxma canını, hər şey yaxşı olacaq” deyən kimi o biri buna dastan qoşub, özünü də müqqəddəs elan edib, sizə sırıyır, siz də rahatlıqla qəbul edirsiniz?

- Bilirsən, qaqaş, necədi, axşam-axşam məni dəli etmək niyyətindəsən? Əgər QURBANIOLDUĞUM deyilsənsə, yeri get, işinlə məşğul ol. Mən də gedirəm yatam.

- Bəs bayaq mən gələndə niyə gözünü yumub tövbə edirdin?

- Nə blim e, ala, dedim, birdən “O” olarsan da.

- Görürsən, hətta sən belə qorxanda Qurbanıolduğuma sitayiş etməyə hazırsan.

- Bəs nə bilmişdin? Kimdən əskiyəm?

- Bilmirəm, o QURBANIOLDUĞUM kimdi, amma vallah da, billah da mənim ona yazığım gəlir. O elə sizi tanıyır ki, qaçıb da əlinizdən. O gün bir xalanın gözünə də görsənmədim ha, görsənməyinə, elə ucundan-qulağından yuxusuna girmişdim ki, deyəm, çox üzülməsin, yaxşı olar. Bay, xala obaşdandan aləmə hay salmazmı, bəs, gecə yuxuma QURBANIOLDUĞUM gəlmişdi. Məni aparırdı, getmədim. Sonra dedi ki, hə, qal, sən bu dünyada lazımsan. Dedi, səni çox mətləblərdən hali edəcəm. Deməli, cadar olmuş torpaq idi, susuzluqdan yanan torpaq. Mən də bura haradan düşmüşəm, deyirəm, ətrafa baxıram, bir də gördüm, ağ paltarlı biri peyda oldu, əslində əsası (başına dönüm, bu əsa da çatmır da mənə. Kim də məni görür, əsanı əlimə verir. Halbuki heç vaxt əlimdə əsa olmayub ha) Qurbanıolduğumdu. Maa nələr demədi nələr...”

Buna da bax: "Atam aliment olmuşdu"

İnan, sizin Alaha, bizim Yaradana and olsun ki, mən o xalanın dediklərinin birini də deməmişəm.

- Anlayıram səni, vallah. İndi təsəvvür edirəm, gör bizim Allah, sizin də o Yaradan dediyiniz nələr çəkir.

- Sağ ol, anladığın üçün. Elə burdan keçirdim, gördüm, əhvalın da pisdi, mən də dərdləşməyə adam axtarırdım. Get yat, darıxma, sənin də işlərin yaxşı olacaq. Bircə qorxularını yenə bilsən, yaxşı olacaq hər şey.

- Olar, sabah Feysbukda status yazım ki, axşam Qurbanıolduğum gəlmişdi bizim həyətə?..

- Yaz, bala yaz. Nə istəsən yaz. Di, salamat qal.

- Hələlik, Qurbanıolduğum əmi...

03.07.16

Günün bütün mövzuları

XS
SM
MD
LG