Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 21:00

Cəbhəçi gənc ad gününü ac, soyuq kars kamerasında keçirib


Fuad Əhmədli

Azərbaycan xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Fuad Əhmədlinin yanvarın 8-də cərimə kamerasına (karsa) salındığı bildirilir.

Bu haqda yanvarın 9-u axşam saatlarında onun vəkili Əsabəli Mustafayev məlumat yayıb:

“Hüquqlarını müdafiə etdiyim gənc siyasi fəal Fuad Əhmədlinin bu gün (yanvarın 9-u) ad günüdür. Onun 27-ci yaşını təbrik etmək üçün istintaq təcridxanasına getmişdim. Fuad Əhmədli ilə görüş ərəfəsində məlum oldu ki, o, karserdə saxlanılır. Valideynləri bu gün onun görüşünə getmiş, özlərilə ərzaq məhsulları, ən əsası isə ad günü tortu aparıblar. Lakin valideynlərə nə görüş verilib, nə də onlardan ərzaq məhsulları təhvil alınıb. Çünki Fuad bəy dünəndən (yanvarın 8-dən) istintaq təcridxanasının karserinə salınıb”

Buna da bax: AXCP fəalının həbs müddəti uzadıldı

Vəkilin bildirməsinə görə, təcridxanada Fuad Əhmədli ilə görüşəndə “karserə” salınma səbəbi ilə maraqlanıb:

“Bildirdi ki, kamera yoldaşı ilə zarafat ediblər. Bu nəzarətçılərdən kiminsə xoşuna gəlməyib və məsələni şişirdiblər ki, guya onlar arasında dava olub. Onlar hər ikisi izahat yazıblar ki, sadəcə bekarçılıqdan zarafat ediblər. Lakin təcridxana əməkdaşları bu məsələdən gənc fəalı cəzalandırmaq imkanı kimi istifadə ediblər. Onların hər ikisini dünəndən karserə salıblar”

Buna da bax: Fuad Əhmədlinin müayinəyə ehtiyacı var

Vəkilin sözlərinə görə, yanvarın 9-u F. Əhmədliyə elan edilib ki, 5 gün cərimə kamerasında saxlanacaq:

“Bu qanunsuz tədbirə etiraz olaraq Fuad Əhmədli aclıq elan edib və ona təqdim edilən yeməyi almaqdan imtina edib. Beləliklə də, gənc fəal öz ad gününü soyuq karserdə, ac qeyd etməyə məcbur edilib. Onsuz da xəstə olan Fuad Əhmədlinin aclıq səbəbindən bu gün halı pisləşib. Karserdə onunla bir kamerada qalan dustaq qapını döyərək Fuad Əhmədliyə həkim çağrılmasını tələb edib. Nəzarətçi həkimin gələcəyini vəd etsə də, həkim gəlməyib. Fuad Əhmədli ilə mən görüşərkən o çox halsız idi. Mən elə bilirdim ki, ayaq üstə dayana bilməyib yıxılacaq”.

Buna da bax: Kürdəxanıda saxlanan cəbhəçi dostlarından kitab istəyir

Vəkilin deməsinə görə, Fuad Əhmədli cərimə kamerasına salınarkən zəruri əşyaların götürülməsinə imkan verilməyib:

“İki gündür ki, sabun, diş fırçası, dəsmal kimi ən elementar əşyalardan məhrum edilib. Karser həddindən artıq soyuqdur. Fuad isə orada kameradan çıxarılarkən əynində olan nazik jaketdə saxlanılır. Soyuq şəraitdə saxlanması onun xəstəliyinin daha da şiddətlənməsilə nəticələnə bilər”

Vəkilin açıqlamasına görə, hələlik, Penitensiar Xidmətdən hər hansı bir açıqlama almaq mümkün olmayıb.

Xatırlatma

F.Əhmədli ötən il avqustun 18-də saxlanıb. O Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun məlumatında deyilirdi ki, «Azerfon» MMC-də zənglər mərkəzində operator işləyən F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb.

İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülenin çıxışları, «Hizmet imamları» adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Müdafiə tərəfi ittihamları əsassız adlandırıb.

Hazırda ABŞ-da yaşayan Fetullah Gülen ötən il iyulun 15-i Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılır. F.Gülenin özü isə bu iddiaları yalanlayıb. Azərbaycan hüquq mühafizə orqanları bəyan ediblər ki, F. Gülenin tərəfdarlarının üzə çıxarılmasında Türkiyə hökumətinə dəstək verəcəklər.

AXCP isə bəyan edib ki, F.Əhmədlinin ittiham olunmasında məqsəd partiya sədri Əli Kərimlini hədəf almaq olub.

Multimedia

XS
SM
MD
LG