Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:16

'Polis dedi ki, 'sənin oğlun təkər yandırıb, polis döyüb''


Biləsuvarda etiraz aksiyası. 22dek2016
Biləsuvarda etiraz aksiyası. 22dek2016

“Zauru məhkəmədən sonra aparıblar, hələ bir xəbər yoxdur ondan. Hardadır, heç bilmirik”. Cəbrayıl köçkünü, Biləsuvardakı etiraz aksiyasından sonra saxlanılan Zaur Fehruzlunun atası Təbriz Fehruzlu AzadlıqRadiosu-na belə deyir.

Təbriz Fehruzlu: “Məhkəmədən sonra uşağı yoxa çıxardılar”

Danışır ki, oğlunu hadisədən iki gün sonra polislər evdən aparıblar: “Şənbə günü gəldilər ki, bizi polis rəisi Araz müəllim göndərib. Getdim, maraqlandım. Dedilər ki, nümayiş olub, sənin oğlun da təkər yandırıb, polis döyüb, neyləyib. Mənim uşağım nə polis döyüb, nə başqa şey... Ondan sonra uşağımdan xəbərim yoxdur”.

Buna da bax:​ Etiraz edən məcburi köçkünlərdən 3-ü üç aylıq həbs olunub

“Nə vəkilini tanıyıram, nə başqasını”

Ata davam edir: “Həmin gün də məhkəmə oldu. Sonra uşağı yoxa çıxardılar. Beş nəfərdirlər. Bilinmir hara aparıblar. Heç kim də boynuna almır. Biləsuvarın, İmişlinin polis idarəsində olmuşam. Hamısı deyir ki, Bakıya göndərmişik. Bakıda tanışlarımız var, onlar da orda maraqlanıblar. Orda deyiblər ki, belə adam bura gəlib çıxmayıb. Nə vəkilini tanıyıram, nə başqasını. Anası, bacısı, yoldaşı - hamısı ağlaya-ağlaya qalıb. Nə çörək yeyirlər, nə də su içirlər...”.

Təbriz Fehruzlu: 'Anası, bacısı, yoldaşı - hamısı ağlaya-ağlaya qalıb'
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00
Direct-ə keçid

“Bunların da bayramı qara gəlməsin”

22 yaşlı Zaur Fehruzlunun həyat yoldaşı hamilədir.

Buna da bax: 'Məcburi köçkünlər iğtişaş yox, işıq istəyirdi'

“Uşağım işıq üstündə getdi... Kredit götürmüşdü, iki aydır verə bilmirdi. Dövlət bizə çörəkpulu verir. Bank o çörəkpulunu kreditə çıxır indi. Bəs bunun ailəsi nə yeməlidir?..”, - Təbriz Fehruzlunun sözləridir.

Ata sonda üzünü rəsmilərə tutur: “Prezidentimizə deyirəm ki, qabaqdan bayram gəlir, bu uşaqlara yazıqları gəlsin, beş nəfərdirlər, bunlara cərimə yazsınlar, ya icbari iş versinlər, bunlar da ailələrinin yanına gəlsinlər, bayramları qara gəlməsin”.

“Heç bir vəkil Gülağanin işini götürmür”.

Cəbrayıl köçkünü, dekabrın 22-də saxlanılan Gülağa Alməmmədovun həyat yoldaşı Bəxtimə Alməmmədova belə deyir və sözünə davam edir:

“Bizə əvvəlcə demişdilər ki, vəkil tapın, biz də düzüb-qoşaq, onu evə buraxaq. Əvvəlcə özləri vəkil verdilər ona. Amma bəzi sənədlər lazım idi - arayış, xasiyyətnamə. Onu da icra nümayəndəsi vermədi, ona görə vəkilin yanına gedə bilmədik. Sonra da vəkil dedi ki, daha gecdir”.

Buna da bax:'Çəlimsiz uşaqdır, nə canı var, polisə də neyləyə?'

Bəxtimə Alməmmədova: 'Yoldaşım hamı kimi işıq tələb etməyə getmişdi'
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00
Direct-ə keçid

Bundan sonra ailə bir neçə vəkilə üz tutub. “Onlar da dedilər ki, biz başqasının vəkiliyik, ya deyirlər gecdir, ya da deyirlər işimiz var. Hərəsi bir söz deyir. Heç bir vəkil bu işi götürmür”, - Bəxtimə Alməmmədova söyləyir.

O, baş verənlərin səbəbini izah etməkdə çətinlik çəkir: “Yoldaşım hamı kimi işıq tələb etməyə getmişdi. Sistemin altından çıxmışdı özü də. Gördü camaat gedir, bu da qoşuldu. Əlini nə bir daşa, nə bir çöpə vurub. Sonra camaat qaçanda bu qaçmayıb ki, neyləmişəm ki, məni tutsunlar. Özü deyir ki, günahsız yerə tutublar”.

“Yoldaşım da əlildir, mən də”

42 yaşlı Gülağa Əlməmmədov Qarabağ əlilidir. “Bədəni elə bil aşsüzəndir, deşik-deşikdir”, - həyat yoldaşı danışır.

Buna da bax: Biləsuvardakı etirazlarda 10 yaxın şəxs saxlanıb

İki övlad sahibidir, biri 6-cı, ikincisi 5-ci sinfə gedir. “Uşaqlar da əvvəl çox ağlayırdılar, indi sakitləşiblər. Aldatmışıq ki, bu gün-sabah buraxacaqlar”.

Bəxtimə Alməmmədovanın yeni il qabağı bircə istəyi var: “Yoldaşımı azadlığa buraxsınlar. Yoldaşım da əlildir, mən özüm də, ikinci qrup əliləm. İşləmirəm. İki uşağım var, bizə kömək etsinlər”.

Xatırlatma

Dekabrın 22-də Biləsuvarda məskunlaşan Cəbrayıl köçkünləri elektrik enerjisinin hər gün kəsilməsinə etiraz olaraq, icra hakimiyyətinin qarşısına gediblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.

Buna da bax:​ Biləsuvarda saxlanılanın anası: 'Qorxmuram. Balamı günahsız tutublar çünki'

Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı polisə müqavimət göstərildiyi, buna görə cinayət işi açıldığı bildirilir. Rəsmi məlumatda 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyi, bir xidməti avtomobilin şüşələrinin sındırıldığı deyilir. Beş nəfər barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar CM-in 186.2.2 (özgə əmlakı məhvetmə - partlatma, yandırma və ya digər ümumi təhlükəli üsulla), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqetmə) maddələri ilə ittiham edilirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG