Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:07

'Çəlimsiz uşaqdır, nə canı var, polisə də neyləyə?'


Polis
Polis

İlkin İsgəndərov 23-24 yaşındadır. Atası bir neçə il öncə vəfat edib. Bircə xəstə anasıdır, bir də... Hamiləliyin son aylarını yaşayan həyat yoldaşı... Ailə üzvləri intizarla birinci övladın yolunu gözləyirdilər. İndi narahatlıqla və intizarla İlkinin gəlməsini gözləyirlər...

Dekabrın 22-də İlkin İsgəndərov da Biləsuvarda evinə elektrik enerjisi verilməsini tələb edənlərin arasında olub. O da qaranlıqda, soyuqda qalan anasına, yoldaşına işıq tələb edib. Amma indi təcridxanadadır. Haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Buna da bax-Biləsuvarda saxlanılanın anası: 'Qorxmuram. Balamı günahsız tutublar çünki'

Əmisi oğlu Qurban İsgəndərov AzadlıqRadiosuna danışır:

– Mərifətli uşaqdır. Araq içməz, dava salmaz, bir siqaret çəkir. İşləyib xəstə anasını, ailəsini dolandırırdı. Bizim tələbimiz budur ki, uşağımızı buraxsınlar. Günahsız uşağı niyə tutublar? Valideyni onu gözləyir. Mən dördüncü qəsəbədə qalıram, o, altıncı qəsəbədə. Gecə saat 1-də anası xəstələndi, ya yoldaşı xəstəxanaya gedəsi oldu, mən ora gedənəcən iş işdən keçəcək. Tələbimiz odur ki, uşağı buraxsınlar, gəlsin ailəsinin başına.

– Hadisə necə olub? Danışa bilərsiniz?

– İşıqlarımız yanmırdı. Hər gün işıqları söndürürdülər. Camaat da etiraz etdi, onda bizim uşaq da qoşulub bu etiraz edənlərə.

– Rəsmi məlumata görə, o, ictimai qaydanı pozmaqda, hökumət nümayəndəsinə müqavimətdə ittiham olunur.

– Çəlimsiz uşaqdır. Nə canı var, polisə də neyləyə... Polis bunu tutub, bir bu deyil, beş nəfərdirlər, ikisini də sonradan tutub apardılar. Yetim uşaqdır, evdə xəstə anası var, bir də hamilə yoldaşı... O uşağın dövlətdən tələbi nəydi ki? Pul istəmir, ərzaq istəmir. İşığını tələb edirdi. İşıqpulunu verirdi, amma hər gün evində işıq sönürdü. Hamının evində xəstəsi var. Biri mənim atam, dializ xəstəsidir.

– O hadisədən sonra işıqları yanır?

– O hadisədən sonra bizim qəsəbədə yenə hər gün işığı keçirirlər. Ancaq beşinci, altıncı qəsəbədə işıqlar yanır.

– Nə deyib vermirlər işığı?

– Nə deyim vallah. Axır o gün zəng etdim ki, atam dializ xəstəsidir, nazirlikdə qeydiyyatdadır. Neyləyə bilərik? Mən deyəndən sonra yarım saat yandırır, sonra yenə söndürürlər.

– Deyirlər, qəsəbə sakinlərindən pul yığırmışlar. Elə siz də dediniz ki, İlkin hər ay işıqpulu verirdi, amma evində hər gün işıq sönürdü.

– Bəli, hər ay camaatdan 10 manat,15 manat pul yığırlar.

– Məcburi köçkünlərə elektrik pulsuz verilməli deyilmi? O pulu niyə alırlar?

– Əslində, o pulu bizdən almamalıdırlar. Bizim pulu dövlət ödəyir. Sadəcə, bu «levıy» puldur. Hər ay qapıya gəlib alırlar.

Buna da bax-Deputat: 'Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb'

Deyilənlərlə bağlı AzadlıqRadiosu Cəbrayıl rayon icra başçısının müavini Tapdıq Nəsirovla əlaqə saxlayıb. O, «həmin qəsəbələrdə indi vəziyyət normaldır, sabitlikdir, sakitlikdir» deyərək cavab verib. Bundan sonra o, müxbirin sualını dinləmədən dəstəyi asıb və bir də zənglərə cavab verməyib.

Baş Prokurorluğun mətbuat xidmətindən də suallara cavab almaq mümkün olmayıb.

Bu il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyaları keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.

Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı polisə müqavimət göstərildiyi, buna görə cinayət işi açıldığı bildirilir. Rəsmi məlumatda 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyi, bir xidməti avtomobilin şüşələrinin sındırıldığı bildirilir.
«Aksiyada fəallıq edən» 3 nəfər - Gülağa Əliməmmədov, Cəlal Quliyev və İlkin İskəndərov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar CM-nin 186.2.2 (özgə əmlakı məhv etmə - partlatma, yandırma və ya digər ümumi təhlükəli üsulla), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etmə) maddələri ilə ittiham edilirlər.

Hələlik təsdiqlənməyən məlumatlara görə, daha bir neçə nəfər də saxlanılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG