'Indiyəcən belə adam görməmişəm, ayaqları yoxdur, amma gülür'

İmran Lalayev 1992-ci ildə anadan olub. 21 yaşına qədər tikintidə müxtəlif sahələrdə işləyib. Günlərin bir günü işə gedərkən qulaqcıqla musiqiyə qulaq asaraq dəmir yolunu keçib.

"Elə bu an qatar məni vuraraq təxminən 10 metr aralığa kimi aparıb. Ayılanda ayaqlarımın olmadığını gördüm. Ətrafdakı insanlar elə fikirləşib ki, can verirəm, yaxın durmağa qorxub. Ətrafdakı bir kişi təcili mənə yaxınlaşaraq kəməri ilə ayağımı bağlayıb. Daha sonra təcili yardım gələrək xəstəxanaya aparıb"

Xəstəxanada əməliyyat olunduqdan sonra 8 gün komada yatıb. Ayıldıqdan sonra valideynləri ayaqlarının olmadığını ona deyə bilmirdilər.

"Atam belə ürək edib mənə bunu deyə bilmirdi, amma vəziyyəti çoxdan anlamışdım. Gülə-gülə atama deyirdim ki, bilirəm, ayaqlarım yoxdur. narahat olmayın. Atam da deyir ki, indiyə kimi belə adam görməmişəm ki, ayaqları yoxdur amma gülür. "