Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:05

Nerudanın yay istisitək qızdırmalı məşuqələri - bir romanın tarixçəsi


Çili şairi Pablo Neruda.
Çili şairi Pablo Neruda.

Ülvi Babasoy

Nerudanın yay istisitək qızdırmalı məşuqələri

Şairin erotika ərazisi

Danışacağım əhvalat uzaq Çili məmləkətində baş verir. Lap Qreqor Zamzanın hekayəsinə oxşayır. Cavan oğlan bir gün yuxudan ayılır və həyatı dəyişir. Qəfil bir roman yazır və məşhur yazıçıya çevrilir. Üstəlik, önsözün müəllifi Pablo Nerudadır. Bu günəcən ucuz və bayağı yazıları ilə məşhur bir qəzetin mədəniyyət əlavəsinin redaktor idi. İndi isə tanınmış yazıçıdı. Kitabı əl-əl gəzir. İyirmi yeddi yaşında misli görünməmiş bir məşhurluq. Niyə də olmasın. Minlərlə qadın heyranı olan, erotik şeirlər müəllifi Pablo Neruda həmin romana önsöz yazıbsa... Özü də onda kommunist şairin demokratik dəyərləri müdafiə etdiyi vaxtlardı. Şairə ardı-arası kəsilməyən məktublar da gəlir. Əslində bütün sirr həmin məktublarda gizlənir. Oğlana şeir kimi bir nəfəsə oxunan romanı yazdıran məktublar. Bir də Poçtalyon. Bir də velosiped. Və bir də dünyanı məcazlarla qavrayan fağır adamın yay istisi təki atəşin sevgilisi. Artıq gənc romançı “Kasa de las Amerikas”, “Sudamerikana” və “Primera Plana” kimi beynəlxalq ədəbiyyat mükafatlarına göz dikir. Mükafatlara çoxdan layiq olsa da gecikmiş yazı-pozu işi, itirilmiş vaxtlar, vədələr sarsıdır onu. Yenə də ən çox bircə şeyə heyifsilənir. Varqas Lyosanın “Culiya xala və ssenari müəllifi” romanını yazıb çap etdirməsinə. Hələ bu azıymış kimi başqa romanları da bir-birinə calaması. Bir az qısqanır, paxıllığı tutur. Çünki 40 yaşına çatmışdı və xəyalında olan o məşhur romana başlamamışdı hələ. İllərsə aram-aram sovuşub gedirdi.

Çili yazıçısı Antonio Skarmeta.
Çili yazıçısı Antonio Skarmeta.

Vargas Lyosanı qısqanan yazıçı Antonio Skarmetadır. O, 1940-cı ildə Çilinin Antofaqasta şəhərində doğulur. Nyu Yorkda Kolumbiya Universitetində ədəbiyyat üzrə təhsil alır. Fəlsəfəylə də ciddi məşğul olur. Jurnalist işləyərəkən İsla Neqra qəsəbəsinə Pablo Nerudadan müsahibə almağa gedir. Xuan Rulfo, SkarmetaNeruda arasında maraqlı ədəbiyyat söhbəti baş tutur. Ucuz qəzetin bayağı mədəniyyət əlavəsinin redaktoru olduğu illərdə Skarmetanın ən böyük qazancı Neruda ilə görüşməsidir. Skarmeta bir nəfəsə yazacağı romanı xəyal edə-edə Nerudadan soruşur:

- Romanıma önsöz yazarsızmı?

- Məmnuniyyətlə, təbii ki, yazıb bitirdiyiniz vaxt...”

Nerudanın cavabında nəzakətli ironiya var. Şairanə. Onda Skarmeta nəinki roman yazmışdı və ya yazmaqdaydı, heç, nə barədə yazacağını belə bilmirdi. Sadəcə qitədəki yaşıdlarını dünya oxuyurdu, onunsa bir dənə də olsun kitabı yoxuydu. Nerudanın yanına gəlməkdə iki məqsədi var di. Birincisi, qəzetin axmaq baş redaktoru onu İsla Neqraya ezam etmişdi. Ki, şairə dünyanın bir çox yerindən gələn məktubları araşdırsın. Məktublardakı erotik məqamları yazıya köçürsün. Və ədəbiyyat şousu yaratsın. Skarmetanın ürəyindən keçənlər başqaydı. Nerudadan alacağı ilhamla yazıçıya çevrilməkdi arzusu. Şairin fərqli ölkələrədən gələn məktublara erotik cavabları marqalandırmırdı onu. Halbuki, Nerudanın erotik ərazisi, yad qadınlarla ünsiyyət forması romanın xammalı idi. Bundan Skarmetanın özü də xəbərsizdi. Nerudanın xanımı Matilda Urrutia onun erotik sərgüzəştlərindən xəbər tutmamalıydı. Əks halda şairin ilham pəriləri qaçardı...

Buna da bax: Nobeldən kim, niyə imtina edib

Balaca qızı aldadıb yoldan çıxaran poçtalyon

Çili şairi Pablo Neruda və çili prezidenti Salvador Alliyende.
Çili şairi Pablo Neruda və çili prezidenti Salvador Alliyende.

1973-cü il. 11 sentyabr. Günəşli bir gündür. Paytaxt Santyaqoda qəfil ara qarışr. Prezident Salvador Alyende tərəfindən təzəcə təyin olunan müdafiə naziri Auqusto Pinoçet çevriliş edir. Hərbi çevriliş ölkədə xaos yaradır. Həmin vaxt Çili həbsxanaları məhbuslarla dolub-daşır. Həbsxanada Beatris Qonzales adlı bir xanım Skarmetaya yaxınlaşır və deyir: Marionun hekayəsini yaz. Roman yazmağa həsrət Antonionun beynində hadisələr canlanır. Beləcə, Nerudanın poçtalyonu Mario Jimenesin hekayəsi yaranır. Çünki poçtalyonun arvadına söz vermişdi. “Nə qədər uzun da olsa və nə qədər özündən uydursa da” yazacaqdı. Şeirsəl, nəğmə kimi bir roman doğulur. Heç Nerudanın ön sözünə də gərək yoxuydu. Şairin özü romana daxil olur. Şeirdən, sənətdən başı çıxmayan sadəlövh bir gəncə poeziyanı sevdirir. Metaforlar, məcaz və təşbehlər poçtalyon Mario Jimenesin həyatının mənası olur. Skarmeta “Yanan səbir” romanında Pablo Nerudanın İsla Neqra qəsəbəsində yaşadığı vaxtları qələmə alır. Qəsəbədə ev həbsində olan şairə dünyanın dörd yanından məktublar gəlir. Məktubları evə aparacaq poçtalyona ehtiyac var. Mario Jimenes də atasından hər gün danlaq eşidir. “Özünə bir iş tap, nə vaxtacan belə olacaq, nə qədər qarın qaşıyasan...”. Poçtalyonluqla bağlı elanı görən Mario işə başlayır. Hər gün velosipedlə poçtxana və Nerudanın evi arasında yol ölçür. Marionun ən böyük istəyi şairin onla səmimi, dost olmasıdır. Nerudanın isə çənə döyməyə vaxtı yoxdu. Dalğındı, beynində yeni metaforalar gəzişir. Fikri misra və deyimlərin yanındadır.

Bir gün bara gedən Mario Beatris Qonzaleslə tanış olur. Barmen işləyən Beatris, həm də bar sahibəsinin qızıdı. Artq Marionun böyük arzusu Beatrisdi. Poçtalyonun şairlə münasibəti də yoluna düşür. Öz məhrəm sirrlərini Neruda ilə bölüşür. “Don Pablo, mən aşiq oldum, dəlicəsinə vuruldum”.

- Necə vuruldun?

- Eşitmədim, bağışlayın, Don Pablo?

- Kimə vuruldun?

- Beatris Qonzalesə

- İlahi, deməli, Dante hə?

- Başa düşmədim, Don Pablo.

Bir vaxtlar Beatris adlı bir qıza aşiq olan şair var idi. Beatrislər həmişə sərhədsiz, ölçülərə sığmayan eşqlərə səbəb olurlar...”

Pablo Neruda-nın gənclik illəri.
Pablo Neruda-nın gənclik illəri.

Şairlə Mario dostlaşır. Metaforun nə qədər heyrətamiz bir şey olduğunu dərk edən poçtalyon bütün anlarda, hadisələrdə, hətta mətbəxdə belə yeni və bənzərsiz təşbehlər uydurur. Nerudadan xahiş edir ki, onunla bara getsin. Beatrisə göstərsin ki, şair Neruda onun dostudur. Nəhayətdə şair poçtalyonun istəyin yerinə yetirir. Marionun qızın yanında hörməti artır. Beatrisin qulağına məcazlar pıçldayan Mario onu özünə aşiq edir. Şeir həyat və yaradılış barədə bircə kərə düşünməyən, avam, sərgərdan insanı ovsunlayır. Onu ağ-qara mühitdən xilas edir. Çünki Nerudanın şeirləri sənətiydi. Əzabkeş, mozaxist, yazıqcığaz və bir qədər də yeniyetmə uşaqların sayaqlamaları deyildi. Didaktik aforistika dərsləri heç deyildi. Estetik tərbiyyə idi bu. Təkcə şeirin edə biləcəyi bir ovsundu, sehrdi. Zövq işi idi. Qızına yazılan məktubu oxuyan xanım Rosa başılovlu Nerudnaın yanına gəlir. Ona bildirir ki, saxtakar məcaz ustası Mario qızımı aldadır. Üstəlik, özünü sənin şeirlərinin müəllifi kimi təqdim edir. “Çılpaqkən mavisən Kuba gecələri kimi, sarmaşıqlar var saçlarında və ulduzlar. Çılpaqkən yepyekəsən və sapsarı”. Şair qadın bədəninin sərhədsiz, upuzun və yekə olduğu anı tapır. Doğurdan da elədi. Estetika, həzz və gözəllik. Çılpaqkən yepyekə olur... Beatrisin anası Nerudanın şeirini oxuyur və detektiv kimi təhqiqat aparır.

- Bundan belə bir nəticə çıxarmaq olar ki, cənab Neruda, poçtalyon qızımı anadan gəlmə, lüt-üryan görüb.

- Xanım Rosa, məncə, şeirdən belə bir nəticə çıxarmağa gərək yoxdu.

Dul qadın şairi alçaldıcı nəzərlərlə süzdü:

- On yeddi ildir onu tanıyıram, üstəlik, doqquz ay da qarnımda gəzdirmişəm. Heç vaxt şeir yalan demir, cənab Pablo. Mənim qızım çılpaq olanda eynilə şeirdəki kimidi.

Buna da bax: Markesdən sonra Latın Amerikası ədəbiyyatı

“Aman Allah”, deyə yalvardı şair...”

İçərisi qıpqırmızı, təptəzə günəş...

Şair poçtalyona ədəbiyyat dərsləri keçir. Mario soruşur: “Sizcə bütün dünya, yəni, dünyadakı hər şey küləyilə, dənizləriylə, ağaclarıyla, dağlarıyla, oduyla, havasıyla, evləriylə, səhralarıyla, yağışlarıyla...”

- Eeeh, bəsdir də. Artıq və sairdeyə bilərsən

- ...vəsairləriylə! Sizcə dünyadakı hər şey bir şeyin metaforudurmu?

Neruda ağzını araladı, yekə çənəsi sanki sifətindən ayrılıb qabağa çıxmışdı.

- Sizcə, dediklərim axmaqlıqdır, boş şeydir, Don Pablo, hə?

- Yox, əzizim.

- Üzünüz qəribə bir hala düşdü e. Əzilib-büzüldü.

- Yox, fikirləşirdim, ona görə...”

Marionun sualı şairi bir gün fikirləşməyə vadar edir. Sadə, təhsilsiz bir adam şairə dünyanı, ədəbiyyatı, təşbehləri, bədii sözü dərk etməsi üçün material verir. Yumurta bişirə-bişirə vəsairləriylə bir-birinin metaforu olan dünyanı düşünür. Yeni şeirlər yazır. İki ayrı dünyanın insanı metaforda birləşir. Mario isə mətbəxdə yeni metaforlar kəşf edir.

Soğan: Sulu, girdə güllər.

Sarımsaq: Qiymətli fil dişləri

Zeytun yağı: Kəklikotunun mayası, mayonezin müqəddəs açarı

Kartof: Qaranlığın içindən çıxan birinci sort, bəyaz un

Alma: Şəfəq vaxtı qızarmış topbuş və hamar yanaqlar

Duz: Dənizin kristalı, dalğaların unutduğu cəvahir

Pomidor: İçərisi qıpqımızı, təptəzə günəş...”

.

Buna da bax: Nobel mükafatlı şairi diktator Pinoçet zəhərlədib?

.

Şairin ölümü

Antonio Skarmeto-nun "Poçtalyon" romanı.
Antonio Skarmeto-nun "Poçtalyon" romanı.

Nerudanın xeyirxah səyləri və poçtalyonun inadkarlığı nəticəsində aşiqlər evlənir. Həmin vaxt ölkədə prezident seçkiləri olur. Namizədlər Salvador Alyende və Pablo Nerudadır. Alyende seçkilərdə qalib gəlir və ölkənin 29-cu prezidenti olur. ( Bu, romanın alternativ və rəngli tarixidir. Karandaşla yazılan və istənilən vaxt zamana uyğunlaşdırılan “real” tarixdə Neruda namizədlikdən imtina edir.) Salvador Alyende Nerudanı Fransaya səfir olaraq göndərir.

Artıq Beatrislə Marionun məcazlarda baş tutan yataq macəraları hər gün, hər gecə gerçəkləşir. Bir oğlan gətirirlər dünyaya. Pablo Neftali Jimenes Qonzalesi. Nerudanın gerçək adı Nefatli ilə şeirləşən adı Pablo birləşir. Pablo Neftalinin hər günü, hər ayı və ili şeirə çevrilir. Mario oğlunun hər anını şeirlə ölümsüzləşdirir. Bir də pul yığır. Parisə getməyi xəyal edir. Şairlə görüşüb dərdləşməyi. Ancaq balaca Neftalinin bitməyən xəstəlikləri bilet pulunu xərclədir. Parisdən gələn şeir və hədiyyə Marionun həyatına həyat qatır. Neruda səs yazma aparatı göndərir. Və xahiş edir ki, İsla Neqranın, dənizin, qağayıların, küləyin və başqa şeylərin səsini onun üçün yazsın. Mario dəniz kənarındakı ən həssas və incə səsləri, qağayıların nəğmələrini, xərçənglərin sürtüşməsini, Pablo Nefatlinin qığıltısını səsləşdirir. Hətta, şeir də yazır:“Yavaş-yavaş yeriyən, təmkinli dostum,

Göylərdə süd kimi, bəyaz sonsuz dənəciklər,
Oğlumun ləkəsiz döşlüyü,
Ciblərində əzilmiş fotolarla
Pansiyondan pansiyona veyillənən
Səssiz yolçuların mələfələri,
Pambıq kimi yumşaq bakirələr,
Minlərlə göyərçin qanadları,
Havada əl edən, yellənən bir dəsmal
Allah bilir, nəylə vidlaşmaq üçündü,
Xahiş edirəm, soyuq bənizli gözəl.
Sevgiylə yağ, Parisdəki Nerudanın üstünə,
O ağ rəngli matros libasını
Geyindir ona,şadlandır şairi
Və gətir onu xəfif yelkəninin qoynunda,
Onunçün darıxdığımız bu limana”

Buna da bax: Mario Vargas Llosa'nın Nobel nitqi

Qızdırmalı səbir

Mario “Qar”ı necədə metaforlaşdırıb. Körpə uşağın döşlüyü, mələfələr, bakirə qızlar, göyərçin qanadları, matros libası və başqaları. Poçtalyon şeirlə, şairlə tanış olanacan bu gözəllikləri görmürdü sanki. Artıq var olmağın nə qədər gözəl olduğunu duya-duya yaşayır. Hər bir hərəkətindən həzz alır. Günlər, aylar, fəsillər məna ifadə edir. Şeirləşir. Yaşam barədə düşünür. Haqsızlıqlara etiraz edir. Ədəbiyyatın estetik tərbiyəsi öz işini görür. Həyatın muticə yaşanılacaq bir şey olmadığını anlayır. Çünki var olmaq, mövcudluq bu qədərə çirkin ola bilməz. Saxtakarlıq, haqsızlıq insanın təbiətinə yaddır axı. Təbii ki, özünə zorla pərçim etməsə. Şeirin saflığı, təmizliyi insanı özünə qaytarır, həqiqi mahiyyətinə. Parisli günlər sona çatır. Şair İsla Neqradakı dəniz qoxan evindədir. Qızdırmadan od tutub yanır. Matilda nə etsədə qızdırma düşmür. Həkimin səyləri də nəticə vermir. Mediatik populyarlığı ilə seçilən, Nobel mükafatçısı, şair Neruda da ölüm yatağında şeirlə vidalaşır. Mariodan son xahişi onu pəncərə qarşısına aparması olur. Xəstəni yerindən tərpətmək olmaz. Bir yandan da hərbi çevriliş olan gündür. Ev əsəgərlər tərəfindən mühasirədədir. Ancaq şairi inadından heç kim döndərə bilmir. İsla Neqranın gözəlliyini, dənizi son dəfə seyr edən şairi məhzun və nəğməli bir kədər bürüyür. Ölüm gözəlliklə heçlik arasında bir yerdə dayanır. Şairi təqib edir. İxtiyarsz bir şeir qopur ürəyindən şairin. Ölüm təbəqəsindən qopub gələn bir şeir. Ölümü dadmasaqda, onun barəsində şox şey bilməsəkdə Nerudanın son şeiri onu yaxınlaşdırır. Doğmalaşdırır. Qorxmuruq, ürkmürük ölümdən.

“Geri dönürəm. Dənizə,

Göy üzündən yapışaraq

İki dalğa arasındakı səssizlik

Təhlükəli bir həyəcan yaradır:

Həyat ölür, qan durulur,

Ta ki yeni bir hərəkət başlayanacan

Və sonsuzluğun səsi eşidilənə qədər”

Şairin son seyr edişi. Dənizi, ağacaları və əsgərləri. Həyat bir pəncərədir, hər gələn baxıb gedər. Ancaq necə və nə cür baxmaq. Şeir ən azından xətərsiz baxışdı. Təkcə gözəlliyi təmsil eməkdi. Antonio Skarmeta Varqas Lyosanı qısqansa da nəticədə Latın Amerikası ədəbiyyatının ən şeirsəl romanının o yazır. Hər bir söz , hər bir cümlə lirik musiqi akordları kimi səslənir. Axı roman şairdən bəhs edir. Bir də onun qızdırmalı poçtalyonundan. Romanın ilk adı “Yanan səbir”dir. Biraz obrazlaşdırsaq, “Qızdırmalı səbir”. Şair də son şeirini qızdırma içində yazır. Şeirin cazibəsi və istiliyi Nerudaya ömrü boyu səbirli olmağı öyrədir. Məcazların yuxulu, qızdırmalı dünyasında səbir edən Mario Beatrisə qovuşur. Daha sonra “Nerudanın poçtalyonu” kimi nəşr edilir roman.

Antonio Skarmetonun romanı əsasında Michael Radfordun çəkdiyi "Poçtalyon" filmi

Michael Radfordun “Poçtalyon” filmi “Qızdırmalı səbir” əsasında çəkilir. Məhzun və lirik bir melodramadır. Filmdə hadisələr Çilidə deyil, İtalyada baş verir. İtalyan aktyor Massimo Troisi Mario rolunu ifa edir. Onun uşaqcıl görkəmi Marionu olduğu kimi portretləşdirir. Poçtalyonui başqa bir simada təsəvvür etmək mümkünsüzdü. Latın gözəllərini andıran, aktrisa Maria Grazia Cucinotta isə Beatrisi canlandırır. Troisi həm də filmin ssenaristlərindəndir. Həmin vaxt aktyor təcili olaraq ürək əməliyyatına girməlidir.Ancaq filmə görə təxirə salır əməliyyatı. Filmin çəkilişləri bitər-bitməz ürək infarktından vəfat edir.

Skarmetanın romanında qəribə bir qızdırma var. Eşq qızdırması. Marionun hekayəsi və yazmaq ehtirasının atəşin istiliyi Antonio Skarmetanı yazmağa vadar edir. Qızdırmalı eşq romanını. Həyata qızdırmalı, qaynar şeir gözlüyü ilə baxan şair Nerudanın şeirləşən həyatını. Beatrisə sərsəmcə, qızdırmalı bir sevgiylə bağlanan Mario Jimenesin hekayətini. Massimo Troisi də həmin qızdırma xəstəliyinə yoluxur. Və həyatı bahasına filmi yekunlaşdırır. Qəribədi. Bir məcaz, bir şeir avam bir adamın həyatını süst, anlamsız və muti yaşamaqdan xilas edir. Ovqatını yaxşılaşdırır. Ruhunu gözəlləşdirir. Gözünü açır. Özünün və başqalarının haqqını müdafiə edir Mario. Həqiqət duyğusu ilə yaşayır və yaşadır.

Mario Jimenes deyir ki, “sözləri dadmaq lazımdı. İnsanın ağzına yayılmalıdır”. Əslində həyat da elədi. Vücuda və ruha yayılmalıdı. Yanan, qızdırmalı səbir də budur. Asta-asta, təmkinlə yaşamalı, duymalı. Şeir kimi. Axı şeir həyat barədə nəsihət vermir. Onu daha məzəli və gözəl qılır. Yaşamaq cana yayılmalı. Antonio Skarmeta da, Pablo Neruda da, poçtalyon da səbirlə həyatın hər anını dadmaq istəyirlər. Neruda şeirdə, yay istisitək qızdırmalı məşuqələri ilə macəralarda, Skarmeta ipisti və şəhvətliromanında, Mario Beatrisin bədənində. Köləcə vaxt öldürmək var olmaq deyil. Öz həyatını başqalarına görə tənzimləmək bir bəladı. Yaşamaq lazımdı. “Bir ağac kimi tək və hür, bir meşə kimi qardaşcasına”. Biraz da sərxoşca. Səbirlə, təmkinlə. Dada-dada. Xətərsiz. Faydalı. Qızdırmalı.

Ülvi Babasoy.
Ülvi Babasoy.

Müəllif: Ülvi Babasoy

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG