Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 15:09

Teatrlar gənc dramaturqların üzünə niyə bağlıdır... [sorğu]


Gənc tamaşaçılar teatrının səhnəsində bir tamaşa.

Tənqidçilərin fikrincə müstəqillik dövrü Azərbaycan ədəbiyyatında ən çox geriləyən sahə dramaturgiya olub. Gənc yazarlar arasında bu sahəyə maraq olduqca zəifdir. Bunu dramaturgiyanın ciddi və həm də dəbdən düşmdüş bir sahə olması ilə də izah edilir. Halbuki Azərbaycanda yerləşən onlarca teatrın əksəriyyəti ya sovet dövründən qalma, ya da hal-hazırda yaşayan ancaq yaşlı yazarların əsərlərinin monopoliyası altındadır. Teatrlar gənc dramaturqların üzünə bağlıdır. Oxu Zalı bu mövzuda aparılmış sorğunu təqdim edir.

Firuz Mustafa: "Hansı ciddi janra böyük maraq var ki? Bizdə bircə şeirə maraq çoxdur. Amma bu yazılan nümunələrin böyük əksəriyyəti qafiyəpərdazlıqdan irəli getmir. Yəni bu sahədə ciddi ədəbi nümunələri mikroskop altında axtarmaq lazımdır".

Elmin Bədəlov: "Bunun da əsas səbəblərindən biri teatrların gənc dramaturqlara üstünlük verməməsidir. Axı teatr bir labaratoriyadır həm də. Əgər dramaturqun pyesi səhnələşdirilməyəcəksə o niyə yazmalıdır?!"

Cavid Zeynallı: "Son illərdə hər hansı gənc müəllifin sanballı dram əsəri yazdığını və onun haqqında müsbət fikirlər deyildiyini xatırlamıram. Əgər olsaydı, yəqin ki, tapıb oxuyardım".

Sevinc Elsəvər: Bizdə vəziyyət budur ki, adətən vəzifədə çalışan yazarların əsərləri səhnədə oynanılır. Əsərin nə qədər güclü olub-olmamağı, aktuallığı deyil, kimin yazdığı önəmlidir.

Dramaturq Firuz Mustafa:

Dramaturq Firuz Mustafa.
Dramaturq Firuz Mustafa.

Azərbaycan dramaturgiyasının hazırki vəziyyəti məni əsasən qane edir. Bizdə təəssüf ki, dram əsərlərini nəşr edən xüsusi dərgilər yoxdur. Mənim təsis etdiyim “Teatr” jurnalınınsa cəmi bir sayı çap edilib. Jurnal buraxmaq üçün vəsait lazımdır. Hələlik belə bir imkan yoxdur. Amma buna baxmayaraq, AYB-nin nəşri olan “qalın” jurnallarda dram əsərləri nəşr olunur. Məsələn, Elçin, Əli Əmirli, Elçin Hüseynbəyli, İlqar Fəhmi və digər yazıçılarımızın həmin nəşrlərdə pyesləri nəşr edilib. Son zamanlar elə mənim özümün də “Ulduz”, “Qobustan”, “Azərbaycan”, “Literaturnıy Azerbaydjan” jurnallarının səhifələrində pyeslərim işıq üzü görüb. Əlbəttə, istərdim ki, bu sahəyə aid ayrıca bir jurnal nəşr edilsin. Mənə bəzi gənclər müraciət edir, öz əsərlərini təqdim edir. Mən də imkan daxilində onların yazdıqlarına öz münasibətimi bildirirəm. Həmişə demişəm yenə də deyirəm: bizdə şeir yazan gənclərin sayı həndəsi silsilə ilə ölçülə bilər. Amma təəssüf ki, nəsr və dram əsərləri yazanların sayı barmaqla sayılacaq qədər azdır. Bunun da öz obyektiv və subyektiv səbəbləri var ki, mən zaman-zaman öz yazılarımda bu səbəbləri çözmək, aramaq, təhlil etmək istəmişəm.

Hansı ciddi janra böyük maraq var ki? Bizdə bircə şeirə maraq çoxdur. Amma bu yazılan nümunələrin böyük əksəriyyəti qafiyəpərdazlıqdan irəli getmir. Yəni bu sahədə ciddi ədəbi nümunələri mikroskop altında axtarmaq lazımdır. O ki qaldı dram janrına, bütün dünyada dram az oxunur, dramaturq da çox azdır. Məsələn, soruşsam ki, siz hansı rus dramaturqlarını tanıyırsız və zəngin rus ədəbiyyatından hansı pyesləri oxumusuz, çox güman ki, on nəfər dramaturqun adını zorla çəkə bilərsiz. Halbu ki, sizli-bizli onlarla rus şair və yazıçısının adını sadalaya bilərik. Eləcə də zəngin fransız ədəbiyyatında Molyerdən üzü bəri uzaqbaşı iki-üç nəfər dramaturq adı xatırlamaq olar. Dram əsərləri az oxunsa da, çox tamaşaçı cəlb edir. Bu, janrın öz xüsusiyyəti ilə bağlıdır.

Buna da bax: 'Azdramada əfəndiyevlərin, mirələmovların pyesləri oynanılırsa, biz kimik ki'

Müstəqil "ADO" teatrının rəhbəri Elmin Bədəlov:

ADO teatrının rəhbəri Elmin Bədəlov.
ADO teatrının rəhbəri Elmin Bədəlov.

Bir dəfə demişdim ki, klassiklərdən bir müddətlik imtina etmək lazımdır. Yəni teatrlar müəyyən zaman kəsiyində klassiklərə müraciət etməsinlər. Amalya Pənahova buna etiraz etmişdi verlişdə. Dedi ki, guya mən provakasiya edirəm. Halbuki, mən bunun yeni dramaturqların yetişməsi üçün bir yol olduğunu düşünərək demişdim. Bəli, razıyam ki, hazırda yeni dramaturqlar yetişmir. Bunun da əsas səbəblərindən biri teatrların gənc dramaturqlara üstünlük verməməsidir. Axı teatr bir labaratoriyadır həm də. Əgər dramaturqun pyesi səhnələşdirilməyəcəksə o niyə yazmalıdır?! Düzdür, onunla da razıyam ki, bizdə güclü gənc dramaturqlar yoxdur. Amma onlara şərait yaratsaq yeni dramaturqlar üzə çıxacaq. Əvvəlcə onların əsərləri zəif olsa da sonradan onlarda stimul yaranacaq və inkişaf edəcəklər. Hətta teatrlar modern xarici gənc yazarların da pyesini səhnələşdirə bilərlər. Onda bizim gənclər həmin xaricinin pyesi ilə teatrda tanış olacaq və xarici bir dramaturqdan yaxşı mənada bəhrələnə biləcək.

Yeni dramaturqların yetişməməsinə səbəblərdən biri də teatrlara marağın az olmasıdır. Teatra marağın az olmasının səbəblərindən biri də bütün teatrların klassiklərdən əl çəkməməsidir. Mən demirəm ki, klassiklərə müraciət olunmasın. Sadəcə gənclərədə üstünlük verilməlidir. Yaxşı, gənc dramaturqu həm də teatr yetişdirməlidir. Bu qarşılıqlı olmalıdır. Onunla razıyam ki, bizim yazarlar hekayə yazmağa qaçırlar, nəinki pyes. Onlar başa düşürlər ki, pyes yazmaq çətindir. Çünki biz teatrlar qapımızı dramaturqların üzünə bağlamışıq. Halbuki gənc yazarların maraqlı hekayələri var. Həmin hekayəni də tamaşaya çevirmək olar. Sadəcə bizim rejissorların çoxu özünü əziyyətə vermək istəmir. Hazır pyes gözləyirlər. Halbuki bir yazarın bir hekayəsini tamaşaya çevirsən o sonra özü pyes yazmağa can atacaq. Və burdan o nəticəyə gəlinir ki rejissorlar asan yola qaçır, hazır pyes istəyir və onu olduğu kimi səhnəyə köçürürlər. Buna görə də teatrlarımız inkişafdan qalır məncə. Ancaq rejissor müəllifin pyesindən istifadə edib öz tamaşasını yarada bilsə buradan inkişaf başlayacaq. Həm teatrlar inkişaf edəcək, həm də güclü dramaturqlar yetişəcək.

Başqa bir problem də Azərbaycanda müstəqil teatrların azlığıdır. Çünki dövlət teatrları gənc dramaturqa müraciət etmək istəmir. Hətta onlar güclü yazsalar belə. Bəlkədə bu eqodan irəli gəlir. Bilmirəm. Niyəsə onlar gənclərlə iş birliyində maraqlı olmurlar. Bunun üçün də müstəqil teatrların sayı artmalıdır ki, dramaturqlar yetişsin. Çünki müstəqil teatrda baryer, sərhəd, senzura problemi olmur.

Bütün bunlar mənim şəxsi fikirlərimdi. Mənə görə dediyim bu məsələlərə üstünlük verilsə inkişaf olacaq. Amma yenədə mənə görə.. Gözləməkdənsə bütün yolları sınaqdan keçirməliyik. Yaxşısını tapana kimi. Çox geri qalmışıq, dayanmaq olmaz:

Buna da bax: Qolumuzu kəsməsələr – ƏSA Teatrının hesabatı

Yazıçı Cavid Zeynallı:

Yazıçı Cavid Zeynallı.
Yazıçı Cavid Zeynallı.

Düzünü deyim, bəzi istisnaları nəzərə almasaq, son illərdə yazılan, xüsusən gənclərin yazdığı dram əsərləri ilə tanış deyiləm. Ona görə hər hansı fikir söyləsəm doğru olmaz. Son illərdə hər hansı gənc müəllifin sanballı dram əsəri yazdığını və onun haqqında müsbət fikirlər deyildiyini xatırlamıram. Əgər olsaydı, yəqin ki, tapıb oxuyardım. Amma bildiyim qədər bizim gənc həmkarlar ara-sıra dramaturgiyaya müraciət edirlər. Məsələn, Qan Turalı "Füzulinin qayıdışı" pyesini yazıb, Sevinc Elsevərin pyesi qalib əsər kimi Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub. Şəbnəm Xeyrulla dram əsərləri yazmağa meyllidir, bir, yoxsa iki pyes yazıb və hətta xaricdə çap olunub. Bu, əlbəttə, yaxşı haldır və davamının gəlməsini arzu edirəm. Dramaturgiya çətin sahədir, üstəgəl, oxunmaq üçün yox, tamaşaya qoyulmaq üçün yazılır. Ona görə də şəxsən öz adıma deyirəm ki, yazılan dram əsərlərindən çox vaxt xəbərdar olmuruq.

Buna da bax: "Qarnınızın ağrısı nədir?" Elçin Hüseynbəylidən "Azdrama"ya sual

Yazıçı və dramaturq Sevinc Elsevər:

Sevinc Elsever
Sevinc Elsever

Gənc yazarın pyesinin səhnəyə çıxması möcuzə məsələsidir. Mənim bir pyesim səhnələşdirilib. O da “Anamın Kitabı” pyes müsabiqəsinin qalibi olduğu üçün qəbul edildi. Bu müsabiqə olmasaydı, istəyirsə, lap yüz dənə pyes yazaydım, onun səhnəyə çıxması qeyri-adi bir şey idi. Bizdə vəziyyət budur ki, adətən vəzifədə çalışan yazarların əsərləri səhnədə oynanılır. Əsərin nə qədər güclü olub-olmamağı, aktuallığı deyil, kimin yazdığı önəmlidir. Məsələn, mən həmin pyesdən sonra daha ikisini yazmışam. Bu pyesləri Oxu Zalında çap etdirmişəm. Ancaq heç kim maraqlanmır. Hətta bir teatra da müraciət etmişdim, ancaq ordan da qəbul etmədilər. Ümumiyyətlə yaradıcı adam üçün stimul lazımdır. Ancaq Azərbaycanda bu stimul yoxdur. Mənim qalib pyesim özü də cəmi üç dəfə səhnələşdirildi. O da teatr öz vəsaiti hesabına gerçəkləşdirdi. Ancaq Mədəniyyət və Turizm Nazirliyi o tamaşanı almadı. Bunun da səbəbləri hər kəsə məlumdur, bu barədə danışmağa dəyməz.

XS
SM
MD
LG