Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:19

"Əsa" teatrının yaradıcılarından biri və rejissoru Nihad Qulamzadə teatrı qurarkən çəkdikləri çətinlikləri və teatrın ilk tamaşası haqda Oxu Zalına yazır.

Nihad Qulamzadə

Qolumuzu kəsməsələr – ƏSA Teatrının hesabatı



3 sentyabr ölkədə bir ilkin qədəmi qoyuldu. Bəli... bu elə bir ilk idi ki, hamıda “axx” effekti yaratdı. Ona görə yox ki, “axx, nə gözəl”, xeyr, bu “axx” başqa idi. “Axx! Axı bu bizim niyə ağlımıza gəlməyib?”. Bəli, məhz bu “axx”lardan. Bunu açıq-aşkar sezmək olurdu.

Əslində bu haqda mən də düşünmüşəm. Axı niyə bunu daha əvvəl etməyiblər, elə dövlətin özü... Nə əcəb etməyib? Ama etməyibsə, deməli bir bildiyi var. Bəlkə belə məsləhətdir? Dövlətimin məsləhəti mənim üçün ən böyük əmrlərə bərabərdir. Ama içimdən gələn əmr isə bir başqadır. Bu əmrə əsasən mən ƏSA Teatrının təməlini qoymaq üzrə işə başladım.

Asan gələn çətinliklər...

5 yaşımdan mütəmadi olaraq səhnəyə çıxıram. Gah xor üzvü kimi, gah skripka ifaçısı kimi, gah ŞHK üzvü kimi. Son 4 il isə sırf aktyor olaraq. Bunun 3 ili də Oda-ADO Teatrında baş verib. Oda Teatrında o qədər çətinliklər görmüşük ki, bəlkə də buna görə ƏSA Teatrının yükünü öz üzərimə götürməkdə tərəddüd etmədim. Biz öyrəşmişik çətinliyə. Ama hər nə qədər öyrəşsək də, ƏSA tamam ayrı məsuliyyət tələb edirdi. Bunu bacaracağammı? İlk addımım mən yox, biz olmaq oldu. Mən özümü bizləşdirdim. Biz bunu bacaracağıqmı? Adi qrammatik dəyişiklik bütün işləri, məsələləri köklü şəkildə dəyişdi. Və sadəcə bir düşüncə yarandı: BACARMALIYIQ!

Buna da bax: 'Əsa' ilk addımını atdı

Əvvəlcə Murad Məmmədov (Teatrın direktoru), ardınca da qardaşım – Nicat Qulam (Teatrın baş meneceri) qoşuldu mənə. Yəni mənimlə bərabər bu teatrı idarə etməyə razı oldular. Murad Məmmədov tək ona görə razı olmadı ki, bu teatr əlilliyi olan insanlardan ibarət olacaq. Murad, həm də teatr sevgisinə görə buna razı oldu. Elə Murad Məmmədovu Oda Teatrına tamaşaçı olaraq gəldiyi zamanlar tanımışam. Bəli, Oda-ADO bizə çox şey qazandırıb.

Qardaşım Nicat Qulam isə hər zaman deyir ki, sən ölümə də getsən səninlə gələrəm. Amma son zamanlar görürəm ki, o da teatr xəstəliyinə yoluxub. Yəni məsələ qardaşlıq məsələsindən çıxıb. Bu vəziyyət mənə necə təsir edir, hələ aydınlaşdıra bilmirəm. Bu yaxşıdır, yoxsa pis? Bilmirəm...

ƏSA yeni yarananda aktyor-rejissor Şamil İbrahimov mənə demişdi ki, qardaşın heyfdi, dəymə ona, qoy o öz işi ilə məşğul olsun, onu dərdə salma.

Amma artıq gec idi. Hətta teatrın adını da o qoymuşdu.

Niyyət yaxşıdır, əməl yaxşıdır... Bəs sonra nə edəcəksiz? Edə biləcəksinizmi?

Nihad Qulamzadə "Əsa" teatrının səhnəsində.

Nihad Qulamzadə "Əsa" teatrının səhnəsində.

DUMB!... 3 sentyabr ölkənin bir çox media orqanları, televiziyalar Azərbaycanda baş verən mədəni ilkdən – ƏSA Teatrından yazdı, danışdı. Bəli, bir neçə saat içində artıq demək olar ki, bütün ölkəyə səs salmışdıq. Ölkədə ilk dəfə əlilliyi olan insanlardan (artıq aktyorlar demək zamanıdır) ibarət müstəqil teatr yarandı. Hər şey yaxşıdır, ilk mərhələ uğurla başa çatdı, sözümüzü, niyyətimizi, insanlara, böyük bir kütləyə çatdırdıq. Amma və lakin...

Ustad Vaqif İbrahimoğlu demiş, amma və lakin, başqa suallar çıxdı ortaya.

Komandamız çox sevinirdi. Hər şey yaxşı irəliləyirdi. Çox saylı təbrik, dəstək mesajları alırdıq. Hətta küçədə gəzərkən tanımadığım insanlar yaxınlaşıb, təbrik edirdi məni. Hər gün ərzaq aldığım supermarketin işçiləri belə... Təbrik edənlərin arasında böyük narahatlıq keçirənlər də var idi. Bəs sonra? Bəli! Bəs sonra nə edəcəksiniz? Ortalığa hansı işlə çıxacaqsınız? Buna gücünüz çatacaqmı?

Nəzərə alsaq ki, bu teatrın yaradıcılıq yönündə bütün məsuliyyəti mənim, yəni 4 ildir peşəkar sənətlə məşğul olmağa çalışan, cəmiyyətin aktyor-fotoqraf kimi tanıdığı, daha əvvəl üzərində işlənilən ama başqalarının üzərində işləməyən təsisçi və bədii rəhbər Nihad Qulamzadənin üzərində idi.

Öz uğurlarım haqqında yazaraq bu yazını Nihad Qulamzadənin həyat hekayəsinə və yaxud uğur yoluna çevirmək istəmirəm. Ona görə də siz hələlik Nihadı məhz belə tanıyın. Xülasə!

Onu nəzərinizə çatdırmaq istədim ki, o sualları verən dostlarımızın narahatlığı haqlı yerə idi. Amma bəlkə də yerində, zamanında verilən suallar, keçirilən narahatlıqlar deyildi. Yəqin nə demək istədiyimi anladınız. Əksidirsə, eybiyox.

ƏSA necə edəcək?

Teatr yeni ortaya çıxanda, məlumat verdik ki, oktyabr ayının əvvəllərində ilk tamaşamız olacaq. Sözün açığı bilirdik ki, olmayacaq. Amma bu qədər uzun müddət çəkəcəyini də gözləmirdik. Əslinə qalsa, gözləyirdik. Lakin istəmirdik.

Gecikdik... ƏSA-nin üzərində olan diqqət də günü-gündən azalmağa başladı. Bizim ölkədə hər zaman belə olur. Anşlaqların, heyrətlərin, diqqətlərin, yox olması an məsələsidir. Biz isə buna yaxınlaşırdıq az qala.

Buna da bax: ƏSA teatrı "Dumb" tamaşası ilə işə başlayacaq

Gəlin açıq danışaq da. Mən heç kimi yükləmək istəmirəm ki, bu teatr belədir, elədir. Bu teatrda çox şeylər çətindir və s. Biz bütün bunları bilərək, göz önünə gətirərək bu işə qol qoymuşuq. Qolumuzu da çəkməyəcəyik, əgər kəsməsələr...

Ama gərək sizə qarşı səmimi olaq, öz mətbəximizi bölüşək. Şəxsən mən belə düşünürəm. Yazının davamında hətta gəlirlər haqqında da danışacağıq. Biləcəksiniz ki, ƏSA nələr “qazandı”.


ƏSA-ya məkan axtarmaq niyyətinə düşdük, ama sonra bu niyyətdən döndük. Çətindir cənablar. Bunu ən yaxşı bir mən bilirəm, bir də hörmətli Bədəlov. Bir də hansısa filankəs...
İdarə heyəti olaraq qərara gəldik ki, sadəcə olaraq tamaşa göstərmək üçün uyğun məkan seçək. Amma hara? Mahnı Teatrı, GTT, Aktyorlar evi, yoxsa AzDrama? Axı bunların bir günlük icarə haqqı... Allah haqqı çox bahadır. Bizim buna gücümüz çatmaz. Ona görə də bu yerlərə heç nəzər salmadıq. Çox axtardıq, bəzən ümidləndik, bəzən çarəsiz vəziyyətə düşdük. Bir tərəfdən tamaşa hazırlığı, o biri tərəfdən isə digər məsələlər...
Tamaşamızı isə öz evimizdə hazırlayırdıq. Daha doğrusu kirayə qaldığımız evdə. Teatrın direktoru Murad Məmmədov, meneceri Nicat Qulam və mən Torqovilikdə yerləşən bir evi kirayələmişdik. O evin otaqlarından birində edirdik məşqlərimizi. Jurnalistlər də reportaj üçün həmin evə gəlirdi. Şəraiti çox da yaxşı olmayan, darısqal otaqda məşq etmək bizim üçün həddən ziyadə xoş idi. Biz gördüyümüz işdən məmnun idik. Hər gün axşamlar yığlışır məşq edirdik. Bəzən qonşular da bu məşqə qoşulurdu. Ama yanlış yerdən girirdilər. Heç lazım olmayan anda “gum-gum” səs effekti yaradırdılar divarın o biri tərəfində. Bizə o səs effektləri lazım idi ama həmin an yox. Sona qədər də bu belə oldu. Həmişə yanlış hissədə giriş edirdilər. Biz isə bütün bunlara baxmayaraq işimizə davam edirdik.

Orxan Adıgözəl "Əsa" teatrında.

Orxan Adıgözəl "Əsa" teatrında.

Sonradan bu məşqlərə Elvin MirzəyevFərid Kazakov da qoşuldu. Onlar üçün əvvəl-əvvəl çox qəribə gəlirdi, Qulam qardaşlarının yatdığı, işlədiyi, yemək yediyi bir otaqda məşq etmək. Onlar gələnə qədər biz məşq zamanı heç otağı təmizləmirdik. Amma sonradan biz hər məşq günü otağı səliqəyə saldıq, məkan genişlənsin deyə hər dəfə yatağımızı digər otağa keçirdik. Bir neçə məşqdən sonra bu prosesə Elvin də qatıldı. O məşq günləri daha tez gəlib, otağı səliqə-səhmana salmaqda bizə kömək edirdi. Hətta bizim üçün xüsusi çay da dəmləyirdi.Təkcə Orxan Adıgözəl bizimlə birlikdə məşq edə bilmirdi hər dəfə. İmkanlar məhdud olduğu üçün mən Orxangilə gedirdim. Onunla uzun-uzun söhbətlər edirdik. Hər dəfəsində də sanki qonaqlığa getmişəmmiş kimi davranırdı Xədicə ana. Orxangilə hər iki mənada ac girib, tox çıxırdım. Orxanın enerjisi, səyləri, mənim aclığımın qarşısını alırdı. Doğrusu demək lazımdırsa, komanda da ən çox enerjini Orxan Adıgözəldə görürdüm. Hər gün deyirdi ki, gəl bizə Nihad, məşq etmək istəyirəm. Təbii ki, Orxan da qrup məşqlərinə qatılırdı, ama teatrın maddi imkanı olmadığına görə bunu tez-tez həyata keçirə bilmirdik. Şərait də buna imkan vermirdi heç.

Zaman az, görüləcək işlər isə çox idi. Pul lazım idi. Hə, axır-əvvəl yenə də maddiyyat problem yaradırdı. Nə qədər enerjimiz, sevgimiz olsa da bu reallıqdır. Mən uşaqlara demişdim ki, ilk tamaşanı necə olur-olsun göstərəcəyik. Heç kimdən bir qəpik almadan, kömək gözləmədən. Öz gücümüzə... Ama necə? Az-çox foto-videoqrafiyadan pul qazanırdım, ama bu işləri də saxlamışdım ki, rahat şəkildə məşğul ola bilim. Əvvəl-əvvəl paralel olaraq aparırdım işləri, ama vaxt azaldıqca aydın oldu ki, belə getməyəcək. Vaxtımız azalır... Gecikirik.

Bir gün qardaşım, teatrın baş meneceri Nicat Qulama dedim ki, vəziyyət belədir, heç yerə müraciət etmək istəmirik. Ama indi qalmışam belə, bilmirəm necə öhdəsindən gələk. Reklama, biletlərə, bannerə, rekvizitlərə, texniki məsələlərə və s. pul lazımdır. Bəlkə hələlik sənin maaşından istifadə edək? Tamaşadan sonra biletdən gələn gəlirlə (?) geri qaytararıq. Nicat kiçik pauza verdi, filmlərdəki kimi. Sonra dedi ki, sən sabah biletləri çıxarmağa get, mən də banner üçün gedəcəm.

Yəni ikinci bir söhbət belə olmadı. Nicat bunu qardaşına görə yox, adını qoyduğu teatra görə edirdi. Az keçmədi bayaqdan söhbətimizi eşidən Murad Məmmədov otağa daxil oldu. Dedi ki, məndə də biraz pul var. Mən də verim, rekvizitləri filan alaq. Həmin an içimdə baş verən enerji partlamasını təsəvvür edə bilmirəm. Direktor və menecerimiz sinələrini qabağa verdilər ki, qədeş, sən tək deyilsən e, bunu bərabər həll etməliyik!

Buna da bax: Azərbaycanda bir ilk. Əlilliyi olan aktyorlar teatr yaradıb


Anlaşılmayan teatr aktı

"Əsa" teatrında tamaşaçı qələbəliyi.

"Əsa" teatrında tamaşaçı qələbəliyi.

ƏSA ilk tamaşasına hazırlaşır. Hər kəsin diqqəti təbii olaraq bu fövqəladə teatrın üzərindədi. Mən çox yaxşı bilirdim ki, bizdən gözlənilən performans, birbaşa əlilliklə bağlı problemlərdir. Gözləyirdilər ki, biz səhnəyə çıxıb əllillikdən danışacağıq, bu mövzuya uyğun problemlər qoyacağıq ortaya.

Amma mən elə əvvəldən düşünürdüm ki, bu belə olmamalıdır. Murad Məmmədov da, Orxan Adıgözəl də, Elvin Mirzəyev də bu fikrimi tamamilə dəstəkləyirdi. Axı biz bu teatrı sosial aksiya kimi görmürük. Bizim hədəfimiz var. Və bu hədəf sosial aksiya deyil, sənətə birbaşa daxil olmaqdı. Səhnəyə çıxdınsa, bütün şəxsiyyətini pərdənin arxasında (kulisdə) qoymalısan. Hətta teatr binasının girişində. Fərqi yoxdur, sən real həyatda kimsən, nəçisən, dinin nədir, nə ilə məşğulsan, orientasiyan nədir... Səhnəyə çıxan anda sən sadəcə olaraq aktyor olursan. Bu fikir kiməsə məxsusdur, çoxları bu fikri səsləndirir, dəstəkləyir. Amma mən sonradan bu fikrə də bir qədər qarşı çıxdım. Sən səhnədə aktyorsan, lakin həm də özünsən. Fiziki yox, tamamilə mənəvi. Mən səhnədə Elvini (ƏSA Teatrının aktyoru) aktyor kimi görməkdən əlavə, həm də Elvin kimi də görməli idim. Amma Elvinin fiziki yox, mənəvi tərəflərini. Bu da mənəviyyat məsələsidir ki, bizim mənəviyyatımızın əlilliyi yoxdur.

Buna görə də biz tamaşada əlilliyimizdən istifadə edib, tamaşa mövzusu etməkdik. Bizdən gözlənilən bu deyildi, ama bizim istədiyimiz budur cənablar.

“DUMB Mərhələsinin Əsası” tamaşasının məşqləri ümumilikdə 15-20 gün çəkib. Bunun iki günü Xəzər Universitetində baş verib. Ki, bu iki gündə biz ümumilikdə 5 saat məşq edə bilmişik. Xəzər Universiteti bizə hər gün üçün 4 saat ayırmışdı. Biz bu vaxt ərzində səhnəni, işıqları, texniki məsələləri hazır etməli və “proqon” məşq etməli idik. O vaxta kimi əksik qalan çox məsələmiz var idi. İki gün bizim üçün gözlənilməz və çox az bir zaman oldu. Xəzər Universiteti əlindən gələn köməyi etmişdi bizim üçün. Nəzərə alsaq ki, həmin zalda hər gün məşqlər olur, tədbirlər keçirilir. Universitetin iki gün belə bizim üçün ayırması böyük minnətdarlığa səbəbdir.

Tamaşanı sözün açığı çatdırmamışdıq, əlverişsiz şərait, zaman azlığı buna mane olmuşdu. Buna görə də sizin belə fərqinə varmadığınız, bir çox problemlər baş verdi. Ama məni düşündürən əsas məsələ 200 tamaşaçı arasından az sayda insanın tamaşanın mövzusunu anlaması oldu. Gah dedilər, hər kəs öz həyatını danışır, gah dedilər hər kəsin öz qəhrəmanı var. Media nümayəndələri isə heç bizim fikrimizi belə almadan artıq ssenarimizi yazırdılar. Əslində öyrəşdiyimiz, məcburən alışdığımız haldır bu. Keçək əsas məsələyə.

Özümüzə qətiyyən haqq qazandırmaq istəmirik. Lakin tamaşada olan problemlərin hamısı bizə aydın idi, rejissor olaraq qurduğum ilk tamaşa idi. Və bütün problemləri, əksiklikləri tamaşa baş tutmamışdan qabaq bilirdim. Bilirdim ki, necə olacaq, hansı problemlərimiz, səhvlərimiz olacaq. Bunlar texniki və düzələ biləcək məsələlərdir.

Anlaşılmayan teatr aktı baş verdi çoxlarına görə. Çünki tamaşaçı özünü rahat buraxıb, tamaşanın axarı ilə getməkdənsə, elə yerindəcə təhlilə başlamışdı. Amma tamaşamızın mövzusu vermək istədiyimiz mesaj çox açıq-aşkar görünürdü. Biz cəmiyyətdə baş verən problemlərdən bəhs etmirdik. Qətiyyən. Bunlar bizim mənəvi tərəflərimiz idi ki, biz obrazdan çıxıb, özümüz olurduq və mənəvi olaraq bizi – Nihadı, Muradı, Orxanı, Elvini sıxan problemlərdən danışırdıq. Bu belə idi, belə də davam edəcək. Biz mənəvi olaraq hər zaman özümüzü göstərəcəyik.

Buna da bax: ADO-nun "Cənnətin işğalı" necə baş tutub? [Fotolar]

Əslində “DUMB Mərhələsinin Əsası” monotamaşadır. Lakin biz bunu mərhələlərə bölmüşük. Bunu dəfələrlə müsahibələrimdə də demişəm. Biz dörd aktyor bir insanı oynayırdıq. Lakin burada riskli və ilk olacaq bir şey etmişdik. Hadisələr sondan başlanğıca doğru irəliləyirdi. Məsələn tamaşanın ilk mərhələsi (Orxan Adıgözəlin çıxışı) əslində hekayəmizin sonu idi. Belə də davam edirdi. Sondan əvvələ doğru. Mövzu uşaq vaxtı travma almış bir insanın həyatında baş verən və verə biləcək hadisələr idi. Ki, uşaqlıqda aldığı travma daim onu izləyir, həyatına müdaxilə edir. Qəhrəmanımız isə bu travmadan xilas ola bilmir çünki yalnış istiqamətdədir. Son olaraq travmanı ona yaşadan insanı məhv etməklə hər şeyin düzələcəyini zənn edir ama bunun da bir faydası olmur.

Bu Azərbaycan teatrında sınanılmamış bir şey idi. Əslində çox rahat şəkildə başa düşülən bir quruluş idi. Məsələn teatra ilk dəfə gələn bir tamaşaçı mənimlə söhbət edərkən, aydın oldu ki, o tamaşanı tamamilə anlayıb. Xırda detalına kimi. Çünki o saf tamaşaçı idi, ilk dəfə gəlirdi və səhv axtarmaq kimi bir istəkdə olmayıb. Bir növ özünü tamaşanın axarına buraxıb.

Bu bizik, “DUMB” çoxları üçün anlaşılmayan teatr aktı olsa da, bizim üçün, teatrımızın xətti və məqsədidir. Növbəti tamaşalarımızda da biz bu cür yozumlara, quruluşlara, üstünlük verəcəyik. ƏSA Teatrının tamaşaçısı diqqətli olmalıdır. Burada sizin də üzərinizə böyük məsuliyyət düşür. Biz tamaşaçımızın analiz səviyyəsinin yüksək olmasını istəyirik.

Təbii ki, necəki, bu yeni xəttin teatrı, aktyorları, rejissorları formalaşır, eləcə də tamaşaçısı formalaşacaq. Zamanla...

ƏSA-nın qazandıqları

ƏSA Teatrı ilk tamaşasını heç bir şəxsdən və qurumdan maddi dəstək almadan həyata keçirtdi. 280 nəfərlik teatr zalının tamaşa günü 200-dən çox yeri dolmuşdu. Bunlardan 105-i bilet alanlar, digərləri isə dəvətlilər (teatrın dəvətliləri, komandamızın şəxsi dəvətliləri və əlilliyi olan insanlara ayrılan biletlər). 105 biletdən gələn ümumi gəlir 735 manat oldu. Bunun 250 manatı aktyorlara, 150 manat digər – texniki əməkdaşlarımıza, 113 manat çap işlərinə (buna bilet, dəvətnamə, banner və posterlər daxildir), 60 manat sosial şəbəkə də olan reklamlara, 60 manat nəqliyyata, 62 manat məşq və tamaşa zamanı alınan su və digər qidalara ayrıldı. Bütün bunları çıxdığımız zaman ƏSA Teatrının büdcəsinə ilk tamaşasından cəmi 40 manat qalır.

Heç bir maliyyə dəstəyi almadan bunu bacarmağımız bizim üçün böyük bir uğur oldu. Baxın, ƏSA-nın qazandıqlarından biri də elə məhz bu uğurdur. Daha sonra aktyorların sevinci və dəyərli tamaşaçılarımız alqışı. ƏSA Teatrı ilk tamaşası ilə çox şey qazandı!

Gələcək...

Hal-hazırda ƏSA Teatrı məşqlərin keçirilməsi və master-klassların təşkili üçün ödənişli əsaslarla uyğun bir məkan icarəyə götürüb. Həmin məkanda təmir işləri aparırıq ki, komandamız üçün tamamilə müəssər olsun. Məkanımız fəaliyyətə başladıqdan sonra ƏSA daha böyük işlərlə qarşısınızda olacaq.

Yarandığı ilk gündən ƏSA ilə bərabər olan və dəstəyini əsirgəməyən böyük tamaşaçılarımıza təşəkkür edirik. İncəsənət əngəl tanımır!

Hörmətlə, təsisçi və bədii rəhbər Nihad Qulamzadə

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG