-
Avqustun 26-da müstəqil ADO teatrı “GOTT və ya cənnətin işğalı” adlı tamaşanın premyerası ilə növbəti mövsümünü açdı.
Teatrın rəhbəri və rejissoru Elmin Bədəlovun yazıb quruluş verdiyi "Cənnətin işğalı” Adəmlə Həvvanın cənnətdən qovulması haqqında əfsanəni yeni interpretasiyada təqdim edir.
E. Bədəlovun təqdimatında insanlar tanrının oyuncaqlarıdı, tanrı ipsiz marionetlər kimi onlarla oynayır, gah zamanın girdabına fırlanmağa, gah da ağrıdan qıvrılmağa məcbur eləyir. Adəmlə Həvva Tanrının dəhşətli sancılar içində doğduğu cənnət almasını yeyəndən sonra onu öldürür və cənnətdən qurtulurlar.
Maraqlı burasıdır ki, “Cənnətin işğalı”nda nə Tanrının qətli, nə də cənnətdən qaçış təəssüf doğurmur, çünki müəllif cənnəti də, Tanrını da şüurumuzda kök salmış ənənəvi qəliblərindən çıxardıb. Bu tamaşada Tanrı hər şeyə qadir, qüdrətli yaradan deyil, həm də iblisin və mələyin mücəssəməsidi. Üstəlik onun iblisanə cəhətləri daha çoxdu. Cənnət isə ilk xəyanətin, ilk alçalmanın və təhqirlərin baş verdiyi məkandı.
ADO-nun əvvəlki iki tamaşasında- “STOP” və “Ağ-qara”da olduğu kimi “GOTT”da da yaradıcı heyət interaktivliyə nail omağa, tamaşaçını da oyuna cəlb etməyə çalışıblar, ancaq əvvəlkilərdən fərqli olaraq burda tamaşaçının iştirakı qeyri-funksional qalır, heç bir əhəmiyyət daşımır (məsələn, “Ağ-qara”da tamaşaçı müdaxiləsi ideoloji mesaj səviyyəsində, hətta hadisələrin gedişatını dəyişmək iqtidarındadı).
Tamaşadan sonra keçirilən ənənəvi müzakirə zamanı qonaqlar yaradıcı heyətlə öz təəssüratlarını bölüşdülər. Yuğ teatrının baş rejissoru Gümrah Ömər aktyorları və müəllifi təbrik etdi: “Hamıya bəlli olan mövzunu, mətləbləri bu qədər canlı, eyni zamanda həm uzaq, həm də yaxın duyğularla qavradıq. Belə kiçik məkanda bu düşüncəni ortaya qoya bilmək, həqiqətən, böyük qəhrəmanlıqdı. Buna görə də sizi xüsusilə təbrik eləyirəm. İnanıram ki, bu tamaşa teatr mühitinə yeni bir rəng, yeni bir səs kimi qoşulacaq, buna haqqı da var”.
Yuğ teatrının direktoru Tərlan Rəsulov da “Sizi ilk növbədə mövcud olduğunuz üçün təbrik eləyirəm. Siz öz varlğınızla kimisə qıcıqlandırırsınız, kimdəsə paxıllıq hissi doğurursunuz, kiminsə rəğbətini qazanırsınız. Bu özü-özlüyündə çox yaxşı hadisədi. Ümid edirəm ki, siz, hər bir işinizə tamaşa edən gəncləri daha cürətli addımlara sövq edəcəksiniz” deyərək ürək sözlərini söylədi.
Aktyor İlqar Cahangir də cəsarətli tamaşa hazırlamaqları münasibətilə ADO-çuları təbrik etdi və “belə tamaşalar daha çox plastika tələb edir. Xaosun özünün də estetikası olmalıdı ki, tamaşaçını çəkindirməsin. Burda daha plastik və bir az da yumşaq yanaşma görmək istəyərdim. Zənnimcə, siz artıq peşəkar xoreoqrafla işləməyə başlamalısınız və peşəkarlığınızı artırmalısınız” deyərək yaradıcı heyətə tövsiyələrini verdi.
“GOTT və ya cənnətin işğalı” tamaçasında rolları Elza Furtado, Ceyhun Zabitli, Qədir Əsədov və Kamal Aken ifa edirlər.
“GOTT və ya cənnətin işğalı” tamaşası sentyabrın 3-ü saat 19:00-da yenidən göstəriləcək.
Fotoların müəllifi: İlkin Səlifov