Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:31

'Azdramada əfəndiyevlərin, mirələmovların pyesləri oynanılırsa, biz kimik ki'


Azərbaycan dövlət dram teatrı.
Azərbaycan dövlət dram teatrı.

Azad Qaradərəli

ABSURD TEATRIN ABSURD TAMAŞASINDAN ABSURD REPORTAJ

(Renessans həsrəti silsiləsindən)

Yazıçı Azad Qaradərəli.
Yazıçı Azad Qaradərəli.

Tarix amansızdır. Sənin miskinliyini, cılızlığını sənə elə göstərər ki, papağın başından düşər. Mən bunu yaşamışam: Bakının Sabunçu qəsəbəsində oturub İrəvanın Sabunçular məhləsindən bəhs edən pyes yazarkən... Bir şəhərin iki hökmdarının olduğunu (dünya tarixində belə şey olmayıb!) bilərkən – İrəvanın sonuncu hökmdarı Hüseyn xan qardaşı Həsən xanı da özü ilə bərabər şəhərin xanı elan etmişdi. Qardaş qardaşın, ata oğulun gözünü çıxardan o uğursuz illəri xatırlayaraq bu addımı atmışdı Hüseyn xan... Bu qədim şəhərin 9 məscidi, 9 mədrəsəsi, 9 hamamı, karvansarası... olduğunu duyarkən... Və bu qədim Azərbaycan şəhərini zorən yaradılan Ermənistan dövlətinə paytaxt verilərkən Bakıda irəvanlı türk parlamentarilərin oturub zülüm-zülüm ağladığını eşidərkən...

Buna da bax: E. Bədəlov: İndi də AzDramanı ölüxanaya çevirirlər

...Hər şey ondan başlamışdı ki, bir tarixçi dostun xahişi və belə demək mümkünsə, sifarişi ilə “İrəvan qalası” adlı pyes yazmalı olmuşdum. (Ziyalı bir adam olan dostum mənimlə bərabər pyesin üzərində çalışmış, xüsusilə az bələd olduğum bütün tarixi mənbələri, arxiv materiallarını qarşıma tökmüşdü.) Pyesi (bu, əslində faciədir) fikir bildirmələri üçünbir neçə ünlü teatr bilicisinə, o cümlədən Ramiz Həsənoğluna, Ədalət Vəliyevə, Camal Yusifzadəyə... verdim. Oxuyub yüksək fikir söylədilər. Eyni zamanda, dramaturji və tamaşa həlli baxımındandəyərli məsləhətlərini də verdilər. Hətta Mədəniyyət nazirinin müavini Ədalət Vəliyevin kabinetində qərar qəbul olundu ki, əsərhələlik İrəvan teatrında oynanılsın, sonra Azdaramaya da təqdim edilər...

(Mən bu qaçqın teatrın rəhbəri İftixar Pirverdiyevlə də orada tanış oldum. Ramiz Həsənoğlu, bir zamanlar televiziyada rejissor işləmiş Tofiq Zeynalov da – mərhum Eldəniz Zeynalovun qardaşı – orada idilər. Hətta Ramiz Həsənoğlu əsərin bu tetrda həlli üçün lazimi köməklikliklərini belə verəcəyini ürəklə bildirdi.)

İ. Pirverdiyevin xahişi və birbaşa müdaxiləsi ilə mən, nisbətən iri həcmli olan pyesi yarıbayarı ixtisar etdim. Və əsərin ana xəttinə, süjetinə və məzmununa toxunmamaq şərti ilə üstündə işləməyə başladıq. İş tamam yekunlaşmaq üzrə idi. Hətta bildiyim qədərilə səhnə üçün kostyumlar belə sifariş verilmişdi. (Əsər o zamanki İrəvan xanlığının, Güney və Quzey Azərbaycanın spesifik məişəti, geyim tərzi, etnoqrafiyası,habelə Rusiya-İran müharibələrinə aid bir sıra vizual məsələləri həll etməyi tələb edirdi. Bu, böyük vəsait istədiyindən, biz bu məsələləri müəyyən dərəcədədə olsa həll etməyin vacibliyini anlayırdıq.)

Fəqət... Əsər üzərində ciddi iş başlamaqda ikən... dostumu həbs etdilər. Həbs edənlər indi məhkəmələri gedən keçmiş MTN generaliteti idi. Əlbəttə, absurd insanlar ölkəsində absurd hadisələr baş verə bilər yalnız. Bəli, təxmin etdiyiniz kimi də oldu. Dostum həbs olunan kimi pyesin tamaşası söhbəti də bağlandı. Hə, axı mən Ejen İonesko, yaxud Samuel Bekket deyildim... Bura da Avropa deyildi... Azərbaycan özü absurd bir ölkədir. Burda absurd teatr olmasa da, absurd hadislər hər zaman var və nə yazıqlar ki, həmişə olacaq.

Buna da bax: "Azdrama"nın zəbti və Elçin Əfəndiyev

...Dostum 5, yoxsa 6 ay qanunsuz olaraq həbsxanada yatdı. (Mən bilərəkdən onun adını çəkmirəm - oğrunun yadına daş salmaq nəyə lazım? Hələ də “baş personaj” azadlıqda isə, “absurd teatrın” daha hansı dürlü-dürlü “tamaşalar” sərgiləyəcəyi bəlli deyil... ) Və mən pyesin çoxaldılmış nüsxələrinin aktyorlara, rejissorlara və bəzi dramaturqlarapaylanmasından narahat oldum. Daha bir absurd ovqat yaşamamaq üçün pyesin ilk variantını kitab kimi çap etdirib yenə həmin adamlara, məlum nazirliyə, məlum teatra və həbsxanaya göndərdim... (Burda bir məsələni də qeyd edim gərək: onsuz da mənimlə bərabər bu pyesin əziyyətlərini çəkmiş, az qala müəlliflik etmiş, artıq dediyim kimi əsərin yazılması ideyasının da müəllifi olmuş dostumun da adını həmmüəllif kimi kitabın üstünə yazdım – içəridə olan birinə bir balaca dəstək verəcəyimi sandım əslində).

...Dostum həbsxanadan əli ətəyindən uzun çıxdı. (O teatrın xərclərinin bir hissəsini önləməyə söz vermişdi). Və teatr da, nazirlik də, ünlü qələm sahibləri də əsəri xatırlamadılar belə...

AzDramanın səhnəsində "Ölülər" tamaşası.
AzDramanın səhnəsində "Ölülər" tamaşası.

Bir neçə il sonra mən həmin pyesi Azdramanın direktoru (keçmiş) İsrafil İsrafilova təqdim etdim. O da oxuyub pəh-pəhlə bir rəy də yazdı. Hətta pyesin tamaşaya hazırlanması üçün mənə tapşırıqlar da verdi. (İsrafil müəllimin yazdığı rəyi saxlayıram hələ də.) Bilmirəm, hansısa sehrli əlin təsiri ilə İsrafil müəllim də sonradan verdiyi sözün arxasından qaçdı... Və bir gün də elə teatrdan qaçırtdılar onu. Demişdim axı: absurd məsələsi...

...Mən dramaturq deyiləm və heç bu barədə düşünmürəm də. (Radioda çalışanda radio teatrı üçün bir neçə radiopyes yazdığımı nəzərə almasaq, özümü bu sahənin adamı sanmıram). Yuxarıda yazdıqlarımı da bir qan qaraldan yuxu kimi xatırlayıram hərdən. O şey ki, qan qaraldandır (nə yazıq ki, günümüzdə “qanağardan” – dilimizdə belə söz olmadığını bilirəm, amma unutmayın ki, bu reportaj absurd teatrdan yazılır – bir şey də yox) onu unutmaq gərək... Yəni, mən də buna cəhd etməyə çalışmışam...

Amma əfəndim, mən bir dərgi redaktoruyam və hərdən olur ki, o dərgiyə dram əsərləri də göndərirlər. Mən də o pyeslərin ən layiqlilərini seçib çap edirəm. Amma ürəyimdə bir zamanlar sevə-sevə tamaşasına getdiyimiz Mehdi Məmmədov, Tofiq Kazımov teatrlarının niskili dolaşa-dolaşa həmin əsərlərin xəyali tamaşasını da qururam. Hansı pyeslərdir onlar? Rüstəm İbrahimbəyovun “Ultimatum“ (tərcümə edən Araz Gündüzdür), Qanturalının “Füzulinin qayıdışı“ və Natiq Məmmədlinin “Dumana bürünmüş“ pyesləri...

Əslində bu sətirləri mənə yazdıran bu günlərdə “Yazı”nın 20-ci sayında çap etdiyim “Dumana bürünmüş“ (müəllif gənc yazar Natiq Məmmədlidir) absurd pyesi oldu. Mən xəyalımda o pyesi səhnələşdirmişəm. Rejissor gənc bir oğlandır, elə Natiqin özü kimi gənc. Aktyorlar da çox gəncdilər. Hətta o qədər gənc ki, yaşlı rolları belə oynamağa zorlanırlar. Amma bu axı absurd teatrdır. Burda hər şey absurd... Hətta tamaşa teatrda deyil, Azdramanın həyətində, Füzulinin heykəlinin qarşısında baş tutur. Hə də, absurd məsələsi... İçəridə, əfəndim, (biz kimik ki!) əfəndiyevlərin, mirələmovların pyesləri oynanılırsa... absurd... absurd...

Buna da bax: Musiqili Teatrın səhnəsində sovet abu-havası

Hə, hamı qalaya getməyi arzulayır. Ora yol isə bağlanıb. Bizim qalalarımız kimi, o qalaya da yol absurddan keçir. (Elə İrəvan qalası kimi, Şuşa qalası kimi!) Bu absurd tetrın absurd tamaşasından reportajı sizinçün yazdım...

Tamaşanın ən çox təkralanan replikaları bilirsiniz nədir?

“-Mən acam.”

“-Mən ac deyiləm.”

Və bu:

“-Sabahın xeyir...”

Biz acıq – renessans acı...

Sabahınız xeyir!

10 dekabr 2016

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG