Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:12

"Azdrama"nın zəbti və Elçin Əfəndiyev


Günel Əhmədova
Günel Əhmədova
-
Günel Əhmədova


"AZDRAMA"NIN ZƏBTİ VƏ ELÇİN ƏFƏNDİYEV


Çoxdandır teatra getmirəm, bəlkə də, min ildir. Bizi teatrdan küsdürüblərmi? Yox, sualın cavabı bu deyil. Sadəcə, mənə çox maraqlı deyildi bilet alıb gedib 2 saatlıq vaxtımı sərf edib oturmaq. Hə... Mənə maraqlı deyil nə deməkdir?

Bu ölkənin az-çox özünü ziyalı hesab edənləri belə deyəndə, onda, gör vəziyyət necə dəhşətlidir.

Ya da məsələ bizim tənbəlliyimizdədir, sadəcə. TV proqramlardan yazı yazmaq, analiz aparmaq istəyən insan üçün nə fərqi var televiziyada hansı veriliş gedir? Mirşahinin sözü olmasın “bəyəm, biz sizin yazıları oxuyanda bu yaxşıdır, bunu oxuyaq, bu pisdir, buna baxmayaqmı deyirik? Oxuyanda, izləyəndə heç birini seçmirik”.

Ziyalı dediyin qisim teatra getməlidir, qəzet alıb oxumalıdır, yeri gəlsə, meyxana proqramını da izləməlidir. Nəysə, sözüm onda deyil.

Cümə günü xəbər tutdum ki, sən demə, “Azdrama”da Şekspirin tamaşası varmış. Bu, mənim üçün sürpriz oldu, bayaq dedim axı çoxdandır getmirəm.

Tamaşaya bir beş dəqiqə də gecikmək şərtilə ordaydıq. Yerlərimiz də əvvəlcədən ayrılmışdı.

Budur tamaşa artıq başlayıb. Nə əcəbsə, vaxtında başlamışdı. İlk başda, doğrudan da, hansı tamaşaya getdiyimin fərqində deyildim.

Şekspir deyəndə elə bilmişdim ki, Vilyam Şekspirin hansısa pyesini tamaşaya qoyublar. Heç beş dəqiqə keçməmişdi, yanımdakılardan soruşdum ki, bu Şekspirin hansı tamaşasıdır, tanış gəlmir axı?

Vallah gülməyin, amma arada belə şeylər də olur. Dedilər Elçin Əfəndiyevin “Şekspir”idir. İndisə bu haqda bir qədər sonra.

Teatrlarımızı vaxtı ötmüş köhnə tamaşalar, çeynənmiş söz zəbt edib.
Əvvəla, onu deyim ki, tamaşada musiqi seçimi, dekorasiya elə quraşdırılıb ki, ilk başda yerli tamaşa olduğuna inanmaq çətindir. Və məlum oldu ki, həqiqətən də, quruluşçu rejissor moldavandır və bu, özünü əhəmiyyətli dərəcədə bəlli etdirirdi. Hətta tamaşanın ruhunu tam anlamadan rejissorun bəzi məqamları nəzərdən qaçırdığını deyənlər də az deyildi. Keçən dəfə də teatrlarımızda yabancı rejissorların at oynatması ilə bağlı bir yazı yazılmışdı.

Bəndənizin fikrini bilmək istəsəniz, mən aktyorların rollarını ifasından yetərincə razı qaldım. Rejissor özü də qeyd edib ki, Azərbaycan aktyorlarının kifayət qədər potensialı var. Aktyorlar səhnədə oynadıqca, eyni zamanda, sağ və sol sütunlarda rus, ingilis dillərində pyesin tərcüməsi gedirdi. Bu da bir yenilikdir. Artıq Azərbaycanda tamaşaların ingilis dilində təqdim edilməsi bir yana, istənilən xarici vətəndaş həmin tamaşaya öz orijinaldakı dilində baxmaqla ifadə edilənləri də anlaya bilər. Aktyorların rolları ilə bağlı ayrı-ayrılıqda yazmaq istəmirəm, pyesin məzmunu barədə də yazmaq çox maraqlı olmaz. Bu haqda sənətşünaslarımız yetərincə yazıblar. Mən, əsasən, tamaşaya bir tamaşaçı kimi qiymət verməyin tərəfindəyəm. Çünki biz nə qədər desək də, danışsaq da, bir qədər də adi tamaşaçının gözü ilə baxmalı və düşünməliyik. Mənim diqqətimi çəkən əsas bir məsələ vardı. Düzdür, hər şey öz yerində idi; Aktyorların ifası, jestlər, mimiklər, tərtibat, səhnənin dekorasiyası, fondakı musiqi. Bunlar hamısı deyəcəklərimin müsbət tərəfləridir.

Yenə də çatmayan bir şey vardı... Bir qədər düşünəndən sonra... axır ki tapdım! Axı pyes Sovet dövründə yazılmışdır. Çatışmayan yeni söz, nəfəs idi! Eyni mövzu o qədər çeynənmişdi ki... Artıq aktyorların işi də peşəkarlığın ötəsində bir şey idi. Yəni,
peşəkarlıq öz yerində, amma “Şekspir” tamaşası, bəlkə də, yüz dəfələrlə oynanıldığından hər nöqtə, vergül əzbərlənmişdi, bir qədər də təbiilik itmişdi aktyorlarda, sevinc, həyəcan, səmimilik yox idi. Bircə tamaşa sona çatanda aktyorlar daha çox sevindilər, sanki. Elçin Əfəndiyevin pyesdəki Sara Bernarın dilindən bir fikri həmin pyesin taleyinə öz möhürünü vurdu. Təxminən belə idi: Teatrda aktyorlar həyatdakı kimi oynamamalıdır. Yəni, teatr səhnəsində həyatdakı kimi səmimi olmağa nə hacət? Teatr elə teatrdır. O, xəyallar aləmindəkini ifadə etməlidir.

Ola bilsin, insanlarımızda səmimilik çatmır. Amma onlar ona möhtacdırlar. Hər şeydə olduğu kimi, teatrda da o səmimiliyi axtarırıq. Əgər o yoxdursa, o tamaşanın taleyi mənim yuxarıda qeyd etdiyim kimi öz həllini tapır. O səmimilik o zaman olar ki, qoyulan mövzu bugünkü reallığı əks etdirsin.

Ümumilikdə, biz teatra niyə gedirik, vaxtımız boldur deyə? Mən, sən, biz hamımız o tamaşaya baxanda orada həyatdakı özümüzü görmək istəyirik, o olmasa belə, istəyərik nəsə bir şey öyrənək, şüurumuzun altqatına sirayət etsin, bizi düşündürsün. Yoxsa “Şekspiri oxumaq lazımdır”, “Stalin çoxlu günahsız qanlar tökmüşdür” fikri yumşaq ifadə etsək, cəmiyyət üçün yeni fikir deyil. Teatrlarımızı vaxtı ötmüş köhnə tamaşalar, çeynənmiş söz zəbt edib. Kim deyir ki, Elçin Əfəndiyevin pyesini tamaşaya qoymasınlar? Amma başqalarına da imkan yaratmaq lazımdır.

Razıyam, köhnə tamaşaları bu cür yeni tərtibatda vermək də olar. Köhnə pyesi yeni tərtibatda təkrar-təkrar verirlərsə, dəyişən nədir axı? Nəticə etibarilə teatr tamaşaçısını itirmirmi? Nəysə, sonda demək istədiyim odur ki, bizim teatrlarda yeni sözə, nəfəsə ehtiyac var. Yeni yazıda yeni sözlə görüşmək ümidilə...

Qafqazinfo

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG