Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:56

E. Bədəlov: İndi də AzDramanı ölüxanaya çevirirlər


"ADO" teatrının direktoru Elmin Bədəlov

"ADO" teatrının direktoru Elmin Bədəlov

-

"Ən sonda aktyorlar üçbucaq formalı düzülərək kulisə doğru alqışlar etməyə başladılar. Öz-özümə dedim ki, axı bütün aktyorlar kulisdən səhnəyə gəlib, heç kim kulisdə qalmayıb. Sən demə bu quruluş rejissor üçün imiş. Və budur, Azərpaşa Nemətov kulisdən səhnəyə doğru, üçbucaq formalı düzülüşün ən başına gəlir".

"“Müfəttiş”in rejissoru Mikayıl Mikayılov tamaşanın sonunda sadə bir geyimdə, cins şalvarda, adi bir köynəkdə tamaşaçıların içindən səhnəyə qalxıb baş əyirdi, “Ölülər”in rejissoru Azərpaşa Nemətov isə kostyum və ütülü bir geyimdə, tamaşaçıların içindən yox, kulisdən özünə xüsusi bir çıxış hazırlamışdı. Çox maraqlı idi".

Elmin Bədəlov

AzDramaya niyə getdim?

Bir neçə gün bundan öncə Akademik Milli Dram Teatrında (AzDrama) tamaşaya baxırdım. Fasilə zamanı foyeyə çıxdım. Tamaşaçılar sırasında əyləşmiş bir xanım mənə yaxınlaşaraq salamlaşdı və böyük çaşqınlıqla belə bir sual verdi: “Siz burada neyləyirsiz?”. Gözləmədiyim anda verilən bu sual məndə də çaşqınlıq yaratdı. Bir anlıq özümü hansısa düzgün olmayan bir iş tutmuş kimi hiss etdim. Daha sonra nə mən bu suala cavab verdim, nə də xanım tamaşaçı bu mövzuda danışdı. Qəribəsi isə odur ki, bu sual xeyli vaxt beynimdə fırlandı. Axı mən oraya niyə getmişdim?

Azərpaşa Nemətovun Akademik Milli Dram Teatrına baş rejissor və direktor vəzifəsinə gətirilməmişdən öncə mən bu teatra ara-sıra gedirdim. Teatrın durumu və tamaşaları haqda mütəmadi məlumatlar bölüşürdüm. Bu teatrın fəaliyyətini də xeyli dərəcədə tənqid edirdim. Düşünürdüm ki, tənqid olan yerdə inkişaf da olacaq. Və bu inkişafın işartıları əvvəl daha çox görünürdü. Lakin günün birində

Azərpaşa Nemətov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru.

Azərpaşa Nemətov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru.

Azərpaşa Nemətov teatra baş rejissor və bədii rəhbər gətirildi. Qısa zaman sonra teatrın direktoru İsrafil İsrafilov vəzifəsindən uzaqlaşdırıldı və Azərpaşa Nemətova həm də direktorluq vəzifəsi verildi. Sanki Akademik Milli Dram Teatrını Azərpaşa Nemətova bağışladılar. Bundan əlavə 69 yaşlı bir insanın rəhbər vəzifəsinə gətirilməyi özü məndə bir anlaşılmazlıq və sanki bir ruh düşkünlüyü yaratdı. Mən hələ hörmətli rejissorun gördüyü işlər haqda danışmıram. Kimliyindən asılı olmayaraq 69 yaşlı bir insanın teatra rəhbər gətirilməsi, xüsusən də bütün yüksək vəzifələrin ona verilməsi məndə bir ruh düşkünlüyü yaratmışdı. Düşünürdüm, məgər bu ölkədə gənclər yoxdurmu? Məgər gənclər ölkənin gələcəyi deyil? Məgər gənclərə dəstəklə bağlı edilən çıxışlar yalan idi?.. Və yaxud hörmətli rejissor gənc olan zaman ona böyük vəzifələr niyə verilmirdi? Onun 69 yaşını gözləyirdilər? Bu kimi çoxsaylı suallar beynimi didirdi sanki. Və hər şeyin uçuruma getdiyini düşünüb gözləyirdim. Zaman keçdi, teatrda təmizləmə işləri adı altında əksər tamaşalar repertuardan çıxarıldı. Və mən onda anladım ki, hörmətli rejissoru buraya süstlük yaratmağa göndəriblər. Necə deyərlər, Teatr Xadimləri İttifaqını “ölüxanaya” çevirən hörmətli Nemətovun növbəti missiyası AzDrama idi. Çünki Nemətov AzDramaya gətirilməmişdən öncə teatr mühitində az da olsa müzakirələr var idi. Axı bu müzakirələr harasa aparıb çıxaracaqdı. Bəlkə də inkişafın özü bu müzakirələrdən keçəcəkdi. Xüsusən də AzDramanın aktyorları arasında baş qaldıran mübahisələrin qarşısını almaq lazım idi. Keçmiş direktor İsrafil İsrafilov bunların qarşısını ala bilmirdi. Nə etmək lazım idi? Təbii ki, bir ağsaqqala ehtiyac duyuldu. Hansı ki, o ağsaqqalın bu cür təcrübəsi var idi. Yuxarıda qeyd etdiyim kimi, sədr olandan sonra Teatr Xadimlər İttifaqını “ölüxanaya” çevirmişdi. Və eyni prosesə AzDramada da “ehtiyac” duyuldu...

Beləliklə qayıdıram AzDramaya getməyimə. Azərpaşa Nemətov rəhbərliyə gətiriləndən sonra bu teatra getməmişdim. Günlərin birində eşitdim ki, hörmətli rejissor rəhbər vəzifəsinə gətirilməmişdən öncə dövlət sifarişiylə bir tamaşa hazırlanmalı idi. Lakin uzun sürən hazırlıqdan sonra N.Qoqolun “Müfəttiş” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası oldu. Tamaşanın məşqləri 2015-ci ilin oktyabrından başlasa da premyera uzanmışdı. Tamaşa haqda xoş sözlər eşitdiyimdən adıçəkilən tamaşaya baxmaq qərarına gəldim. Rejissor Mikayıl Mikayılovun quruluş verdiyi “Müfəttiş” tamaşası həqiqətən də AzDrama meyarlarında səliqəli və maraqlı bir iş idi. Halbuki mən teatr tabularına qarşı çıxsam da klassik bir teatr üçün müəyyən çərçivələrdə və klassik baxış tərziylə “Müfəttiş”ə “yaxşı tamaşa” demək olardı. Düzdür tamaşanın müxtəlif qüsurları, aktyorların pafoslu çıxışları məni əsəsbiləşdirsə də qeyd etdiyim meyarlar baxımından tamaşa teatrın repertuarı içində önə çıxır və seçilirdi. Bu sanki məni sevindirirdi və hardasa ümidin olduğuna işarə verirdi. Tamaşanın ardınca teatrın “Ölülər” tamaşasına baxmaq dəvəti aldım. Adıçəkilən tamaşanı isə Azərpaşa Nemətov hazırlayıb. Nəhayət adıçəkilən tamaşaya baxmağa getdim və gənc bir tamaşaçıdan “siz burada neyləyirsiz” sualını eşitdim.

Suala vermədiyim cavablar məni çox yorurdu. Özümü günahkar hiss edirdim. Mən əslində bu yazını həmin gənc tamaşaçının sualına cavab olaraq yazıram. Bəlkə də bu yazını oxuyacaq deyə... Əziz tamaşaçı, mən artıq qərara almışam ki, bu teatrı daha dəqiq tənqid etmək üçün bu teatra getməliyəm. Necə ki, baxdığım “Ölülər” tamaşasındakı qüsurları daha yaxından gördüyüm üçün bunları sizlərlə bölüşə bilərəm deyə. Mən bu tamaşanı “şikəst” gördüm. Tamaşa başsız idi sanki. Aktyorların pafoslu oyunlarından çox danışmayacağam. Çünki bu teatrda işləyən aktyorların əksəriyyəti belədir. Ancaq, pafosu da ürəklə etmək olar və tamaşaçı sevgisini qazana bilər. Bu tamaşada isə pafosun da başı yox idi, pafos da şikəst olmuşdu. Bu tamaşa klassika kimi klassika, yenilik kimi yenilik deyildi. Bəs bu tamaşa nə idi? Bu tamaşa başsız insana bənzəyirdi...

Artıq anlamaq lazımdır ki, hər dəfə Nürəddin Mehdixanlını səhnədə qışqırdaraq, çığırdaraq tamaşaçıya əzab vermək olmaz. Sonra deyirsiniz ki, niyə tamaşaçı teatra getmir? Axı niyə getsin? Nürəddin Mehdixanlının bu tamaşada bəzən aydın olmayan, eşidilməyən sözlərindən darıxmaq üçün, qışqırmaqdan qulağının batmağı üçünmü? Yoxsa tamaşanın tempsiz yerlərində yatmaq üçün? Axı tamaşaçının yatmaq üçün AzDramadan daha yaxşı, daha komfortlu yatacağı var.

Azərbaycan Akademik Milli Dram Teatrında "Ölülər tamaşası". 2016.

Azərbaycan Akademik Milli Dram Teatrında "Ölülər tamaşası". 2016.

Sərt sözlərimə görə düşünməyin ki, mən teatr tabularına qarşı olduğum üçün klassik bir teatrı tənqid edirəm. Yox, ama klassik teatr dediyimiz AzDramanın “Müfəttiş” tamaşası da var. Niyə “Ölülər” “Müfəttiş”in heç yarısı da olmadı? Axı “Müfəttiş” tamaşası da AzDramada hazırlanıb, bu tamaşa da klassik üslubda qurulub. Buradan həm də aydın olur ki, tamaşada baş rolların seçimi də yanlış idi.

“Ölülər” tamaşasında Kefli İsgəndəri aktyor Anar Heybətov canlandırırdı. Anar Heybətovun oyunu hətta Nurəddin Mehdixanlının oyunundan da geri qalırdı. Tamaşaya baxanda bəzən insan qışqırmaq istəyirdi ki, “biraz keflən dəəə”. Xüsusən də Anar Heybətovun anlaşılmayan oyunu, baş rolun ona verilməyi sanki tamaşanın belini qırırdı. Görünür aktyor İsgəndəri araşdırmayıb, onun xarakterini özü üçün aça bilməyib. Bəlkə rejissor da ona kömək etməyib. Əgər aktyor və rejissor vacib obrazın kimliyini aça bilmirsə, tamaşaçı bu tamaşaya baxanda hansı zövqü qazansın?! Yoxsa tamaşaçını aktyorların məşhurluğu ilə aldatmaq istəyirlər? Əgər belə düşünürsünüzsə yanılırsınız. İndiki tamaşaçı hər şeyi anlayır. Məhz ona görədir ki, teatrın tamaşaçıları günügündən azalır. Məhz, ona görədir ki, teatra SOCAR-ın işçilərini, məktəb şagirdlərini məcburi bilet sataraq gətizdirirlər. Məni bağışlayın, ama bir daha demək istəyirəm, bu tamaşa başsız bədənə oxşayırdı.

Tamaşanın sıxıcı olmağının səbəblərdən biri də tamaşada ciddi konfliktin olmaması idi. Tamaşada istifadə olunan vulqar sözlər tamaşanın imicini sanki yerə vururdu. Mən demirəm ki, səhnə müqəddəsdir, səhnədə soyunmaq olmaz, səhnədə söyüş söymək olmaz və.s. Sadəcə bunları əsaslı yerə səhnəyə gətirmək lazım idi. Elə etmək lazımdır ki, bu tamaşaçını iyrəndirməsin. Tamaşada vulqar sözlər tamaşaçıda gülüş doğurmamalı idi, tamaşada qəhramanların düşdüyü situasiyalar gülüş doğurmalıydı. Məgər düşünürsünüzsə küçə sözlərini səhnəyə daşımaq müasirlikdir, onda yanılırsız. Küçə sözlərini də səhnəyə əsaslı daşımaq lazımdır. Hər bir işlədilən sözün söykəndiyi bir dayaq nöqtəsi olmalıdır. Sən səhnədə etdiklərinin niyəsini bilməlisən. Əgər qayıdıb desəniz ki, tamaşaya müasirlik gətirmək istəmisiniz, o zaman sual yaranır: Onda niyə bu bütün tamaşaya şamil olunmamışdı? Bağışlayın, ama mən ortada qalmağı sevmirəm. Ya o tərəfdən olacaqsan, ya bu təfdən. Heç tamaşaçı da ortada qalanları sevmir. Tamaşaçı həqiqəti sevir. Tamaşaçıya əsl “Ölülər”i göstərmək lazım idi. Axı o Cəlil Məmmədquluzadəni oxuyub və bu obrazları sevib. Yoxsa mən bilmirəm, burada məqsəd Cəlil Məmmədquluzadənin qəhrəmanlarını gözdən salmaq idisə bağışlayın. Onda belə çıxır ki, mən yanılmışam.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı.

Bu tamaşa haqda AzDramanın keçmiş direktoru İsrafil İsrafilov da “Axı o bizi deyib gəlmişdi” başlıqlı yazıyla mediada çıxış etmişdi. Adıçəkilən yazıda mən sadalamadığım məqamlardan da çoxu var idi. Mən İsrafil İsrafilovun tərəfini saxlamaq niyətində deyiləm. Çünki onun direktor olduğu müddətdə də AzDramanı tənqid etmişəm, indi də. Sadəcə düzü demək lazımdır ki, İsrafil İsrafilovun bu yazısı yaxşı mənada polemikaya yol aça və müzakirə yarada bilərdi. Bu müzakirə də inkişafa aparardı. Lakin keçmiş direktorun yazısına indiki rəhbər cavab vermədi. Bəlkə də indiki rəhbər köhnə direktorun yazısı ilə razı idi deyə ona cavab vermədi. Yaxud da yazılanların həqiqət olduğunu gördüyü üçün deməyə söz tapmadı. Bəlkədə elə polemikaya, oradan da inkişafa getməyin lazımsız olduğuna görəydi onun cavab verməməyi. Bilmirəm. Amma qarşılığında yazıçı Firuz Mustafaya İsrafil İsrafilovun qoyduğu mövqeyə qarşı yazı yazdırmaq çıxış yolu deyildi. Bağışlayın məni, Firuz Mustafanın yazısı İsrafil İsrafilovun yazısında korrektə səhvləri axtarmaqdan başqa bir şey olmadı...

Bütün bu yazdıqlarım bir yana, tamaşanın sonunda Azərpaşa Nemətovun özünə xüsusi “poklon” qurmağı bir yana. Tamaşanın sonunda bütün aktyorlar səhnəyə gəlir və tamaşaçı qarşısında baş əyirlər. Bütün hallarda mən də əksəriyyət kimi aktyorların və rejissorun vaxt itkisinə, çəkdiyi əziyyətlərə görə onları alqışlayırdım. Əvvəlcə aktyorlar səhnənin qarşısına gəlib baş əydilər. Daha sonra düşündüm ki, adi qaydayla baş rol ifaçılarından biri zala yaxınlaşıb rejissoru səhnəyə dəvət edəcək. Lakin yanılmışdım. Ən sonda aktyorlar üçbucaq formalı düzülərək kulisə doğru alqışlar etməyə başladılar. Öz-özümə dedim ki, axı bütün aktyorlar kulisdən səhnəyə gəlib, heç kim kulisdə qalmayıb. Sən demə bu quruluşçu rejissor üçün imiş. Və budur, Azərpaşa Nemətov kulisdən səhnəyə doğru, üçbucaq formalı düzülüşün ən başına gəlir. Çox üzr istəyirəm, amma bir rejissorun tamaşa sonunda özünə xüsusi çıxış üçün quruluş verməyi ən yüksək eqonun bariz göstəricisidir. Elə bu məqamda düşündüm ki, zalı tərk etməliyəm. Etdim də əziz tamaşaçı. Amma bu o demək deyil ki, mən bir də AzDramaya getməyəcəm. Yox, gedəcəm və sizi görməsəm də, nə vaxtsa mənə sual verdiyiniz kimi mənim bu yazılarımı da oxuyacağınıza, sizin rastınıza çıxacağına inanıram.

Evə qayıdırdım. İki gün ard-arda idi ki, AzDramada tamaşaya baxırdım. “Müfəttiş” və ardınca “Ölülər”. Tamaşaların müqayisəsi bir yana qalsın. “Müfəttiş”in rejissoru Mikayıl Mikayılov tamaşanın sonunda sadə bir geyimdə, cins şalvarda, adi bir köynəkdə tamaşaçıların içindən səhnəyə qalxıb baş əyirdi, “Ölülər”in rejissoru Azərpaşa Nemətov isə kostyum və ütülü bir geyimdə, tamaşaçıların içindən yox, kulisdən özünə xüsusi bir çıxış hazırlamışdı. Çox maraqlı idi. Hər iki tamaşa haqda düşüncələrə dalmışdım. Daha sonra bu düşüncələrdən qurtulmaq üçün telefonuma əl atdım. Birdən Facebook-da gözümə bir afişa sataşdı: İncəsənət Universitetinin tələbələrinin ifasında “Ölülər” tamaşası. Bu həmin günün səhərisi, saat 10:00-da olacaqdı. Səhər tez oyanmaqdan əziyyət çəksəm də, bir də baxdım ki, artıq Tədris teatrında tələbələrin ifasında olan “Ölülər”i izləyirəm. Bu tamaşanın detalları haqda yazmayacam. Ancaq onu qeyd edim ki, bu tamaşanın da xeyli sayda problemləri, xeyli sayda qüsurları var idi. Bəlkə də AzDramadakı “Ölülər”dən də çox buradakı “Ölülər”də qüsur varıydı. Amma tələbələrin ifasında olan eyni tamaşanın qəribə bir gənc ruhu, qəribə enerjisi var idi. Tələbələrin “Ölülər”ində cazibə var idi. Və ən əsası tələbələrin “Ölülər”ində Şeyx Nəsrullah, Kefli İsgəndər var idi. Məgər o gəncləri AzDramaya gətirib, onların üzərində çalışaraq, onları daha da təkminləşdirərək bu rolları onlara vermək olmaz? Əlbəttə olmaz. Çünki AzDramanı da “ölüxanaya” çevirmək lazımdır. Necə ki, bu proses başlayıb. Tələbələrin səhvini anlamaq olar. Bəs AzDramanın?!

Budur əziz tamaşaçı, budur sənin bir sualına mənim bir yazılıq cavabım. Bağışla məni AzDramaya getdiyim üçün. Bəlkə də sən haqlısan. Bəlkə də səni işlədiyin yerdən oraya məcburi gətirmişdilər, mən ki, çıxıb gedə bilərdim. Ama məni üzürlü bil. Mən AzDramaya yenə gedəcəm. Həm sənə təskinlik, həm də sənə yazmaq bəhanəm olsun deyə...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG