Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:44

'Qara bazar' alverçisi: 'Dollar da var, rubl da...'


Banklarda dolların satış kursu yazılsa da ancaq alış var.
Banklarda dolların satış kursu yazılsa da ancaq alış var.

Dekabrın 1-də bir neçə bank, limitlə də olsa, dollar satışını bərpa edib, ancaq əksər banklar, yenə əvvəlki kimi, xarici valyuta satmır...

"Neçə gündür dollar axtarıram, gəzmədiyim bank qalmayıb"

Tofiq Məmmədovun oğlu xaricdə təhsil alır. Təhsilhaqqını ödəmək üçün pula ehtiyacı olduğundan atasından yardım istəyib. Ata bir neçə gündür əlindəki manatı ABŞ dollarına çevirib oğluna yollaya bilmir. Çünki Bakıdakı banklar, günlərdir, dollar və avro satışını dayandırıb. Bu gün - dekabrın 1-də bir neçə bank, limitlə də olsa, dollar satışını bərpa edib, ancaq əksər banklar, yenə əvvəlki kimi, xarici valyuta satmır.

Buna da bax:​ Ekspert: 'Yeni bahalaşma dalğası gözlənir'

Ticarətçilər 15 gündür dollar ala bilmirlər

Dollar almağa ehtiyac duyanların bankları bir-bir gəzib-dolaşmaqdan başqa yolu qalmayıb. Xırda bizneslə məşğul olanlar daha çətin duruma düşüblər. Ticarətçi Nazim Məmmədov neçə gün olar təzə mal almadığını, durumun düzəlməsini gözlədiyini deyir:

Nazim Məmmədov: 'Fakt budur ki, indi banklarda dollar yoxdur. Mən, demək olar, son 15 gündə dollar ala bilmirəm'
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

"Hələ gözləyirik, mal almırıq. Gözləyirik ki, rəsmi banklarda satış olsun, sonra alaq. Fakt budur ki, indi banklarda dollar yoxdur. Mən, demək olar, son 15 gündə dollar ala bilmirəm. Banklara gedirəm, deyirlər, yoxdur. Təkcə birində dedilər ki, 100 dollar verə bilərik. Onunla da ticarətdə neyləmək olar? Xariclə alış-veriş etdiyimizdən, ancaq dollarla alırıq. Alver də ki hazırda yaralı yerimizdir. Beş nəfər baxır, bir nəfər alır. Ancaq əvvəl beş nəfər baxanda, dördü alırdı".

Buna da bax:​ 'Qara bazar' 'ağ gün'ə çıxıb...

Dollar qıtlığından başqa ticarətçilər də gileylidirlər:

- Dollar qalxır, hər şey bahalaşır. Aldığımızı baha alırıq. Qıt olanda da, beləcə, gözləyirik. Əslində, bundan sonra yenə bahalaşma olur.

Ticarətçi: 'Banklara gedirəm, deyirlər, yoxdur. Təkcə birində dedilər ki, 100 dollar verə bilərik'
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00

- İşlərimizə çox pis təsir edir. Satacağımız məhsul bahalaşır. Əlimdəki malı dünənədək 3 manat 50 qəpiyə satırdımsa, indi artıq 4 manat 50 qəpik olacaq. Bizə qalan da 20-30 qəpik olur.

Limiti 2 dəfə azaldan banklar var

Dekabrın 1-də Mərkəzi Bank dolların məzənnəsini, noyabrın 30-da olduğu kimi, 1,7318 manat səviyyəsində saxlayıb. ABŞ dolları, ard-arda, bir neçə gün bahalaşandan bəri kommersiya bankları alış qiymətini 1,80 manata qaldırıblar. Ancaq bəzi banklar dollar və avro satmır, yalnız alır.

Buna da bax:​ '1 dollar 3-4 manata bərabər olacaq'

Banklar dolların satış kursunu yazsalar da ancaq alış var
Banklar dolların satış kursunu yazsalar da ancaq alış var

Bəzi banklarsa valyuta satışına tətbiq etdiyi limiti iki dəfə azaldıb. Məsələn, "Expressbank"dan, "Turanbankdan" - 100 dollar, "Yapı Kredi Bank"dan 50 dollar almaq olur. "Bank Silk Way" ancaq hava limanındakı filialında limitlı dollar satır. Uçuş bileti təqdim edən şəxslərə maksimum 200 dollar satılır. Ən çox "Xalq Bank" satır - 500 dollar. Qalan banklar almır, yalnız satır.

"Qara bazar"da şıdırğı alver gedir

Qara bazar
Qara bazar

Yetərincə dollar almaq istəyib ala bilməyənlər "qara bazar"a üz tuturlar. Bakı Dəmiryolu Vağzalının həndəvərində dollar alıb-satanlar ikibir-üçbir gəzişirlər. "Qara bazar"da valyuta alqı-satqısı rəsmən yasaqlandığından, ərazidə polislər də gözə dəyir. Ancaq elə həmin polislərin bir neçə addımlığında şıdırğı alver gedir. Alverçilər yanlarından ötənlərə dollar və rubl alıb-satdıqlarını pıçıldayırlar. Müştərilər ayaq saxlayıb qiymətilə maraqlanandan sonra razılaşırlarsa, sövdələşmə baş tutur. Narazı olanlar eyni cavabı eşidirlər:

"Dollar da var, rubl da. Guya neyləyirik ki? Bizə hər 100 dollardan ya bir manat qalır, ya da qalmır".

'Qara bazar' alverçisi: 'Bizə hər 100 dollardan ya bir manat qalır, ya da qalmır...'
Gözlə

No media source currently available

0:00 0:00:08 0:00


Buna da bax:​ Ekspert: ‘Manatın taleyi Mərkəzi Bankın əlində deyil...’

"Qara bazar"da dolların alış-satış məzənnəsi Mərkəzi Bankın kursundan 8-10 qəpik yüksəkdir.

“Manat, faktik olaraq, bazarda dəyərini 13 faiz itirib”

Bəs hansı səbəblərdən dollar qıtlığı yaranır? İqtisadiyyat eksperti Rəşad Həsənov oktyabrın 18-dən bəri hökumətin məzənnə siyasətindəki dəyişikliyə diqqət çəkir:

Rəşad Həsənov: 'Hamı gözləmə mövqeyi tutmağa məcbur qalıb. Hamı almağa üstünlük verir, ancaq valyuta alır'
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00
Direct-ə keçid

"Sentyabrın 8-də hökumət manatın möhkəmlənməsi istiqamətində müəyyən addımların atılması qərarını vermişdisə, oktyabrın 18-dən sonra bunun əksi baş verdi. Həmin dövrdən manat, faktik olaraq, real bazarda dəyərini 13 faiz itirib. Qısa müddətdə bu qədər dəyər itirmək istər bank və biznesmenləri, istərsə vətəndaşları tərəddüdə salıb. Hamını gözləmə mövqeyi tutmağa məcbur qalıb. Hamı almağa üstünlük verir, ancaq valyuta alır. Son günlər dövlət rəsmilərinin açıqlamalarından da məlum olur ki, prosesi tam nəzarətdə saxlaya bilmir, manatın real məzənnəsini müəyyənləşdirməyə çətinlik çəkirlər. Təbii ki, bu durum, eyni zamanda qlobal fonda baş verən məsələlər tələbatı yetərincə yüksəldib. Bu tələbat fonunda Mərkəzi Bank, əslində, bazarlarda iştirak etmir. Fevraldan sonra Mərkəzi Bank cəmi iki dəfə bazara qatılıb və 200 milyon pul təklif edib. Bu yetərincə aşağı göstəricidir".

Buna da bax:​ Dollar ajiotajının səbəbi

Ekspert belə şəraitdə bankların bazarlardan gərəkən valyutanı ala bilmədiyini söyləyir. Dollar alışına tələbat artdığından, banklar da limitləşməyə getməyə məcbur qalıb.

Hökumət nə deyir?

Bəs mövcud durum nə vaxt dəyişəcək? Mərkəzi Bank mətbuat xidmətinin rəhbəri Namiq Əliyev AzadlıqRadiosu-nun bu sualını Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP-yə) yönəltməyi məsləhət gördü, cavabın onların səlahiyyətində olduğunu dedi. MBNP Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov belə cavab verir ki, bu qurum bankların xarici valyuta ilə mübadilə əməliyyatlarına müdaxilə etmir. Palata öz mandatı çərçivəsində xarici valyutanın alış-satış qiymətlərində tətbiq edilən 4 faizlik dəhlizə əməl olunmasına nəzarət yetirir və məsələ bununla bitir.

Buna da bax:​ İndi yollar 'Qara bazar'dan keçir

...Gün axşam olur. Tofiq Məmmədov digər banklar da bağlanmadan oğluna təhsilhaqqı göndərməyə pul dəyişmək üçün hələ neçə bank gəzməlidir...

Dollar axtaran ata: 'Neçə gündür əlimdəki manatı dollara çevirib oğluma yollaya bilmirəm'
Gözlə

No media source currently available

0:00 0:00:05 0:00

Mərkəzi Bankın dekabrın 2-nə olan məzənnəsinə görə, dollar bir az da bahalaşıb. Dekabrın 2-də bir dollar 1,7339 manata bərabər olacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG