Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:31

Xırdalana şəhər statusu verilməsinin 10 ili, manatın ucuzlaşması, ərzaq məhsullarının bahalaşması, Tarif Şurasının təbii qazın və elektrikin qiymətinin qaldırılması ilə bağlı qərarı bu gün medianın aparıcı mövzusudur.

10 YAŞLI ŞƏHƏR, QƏDİM XIRDALAN

«Azərbaycan» qəzetində «Abad, müasir və modern şəhər» sərlövhəli məqalədə 10 il öncə şəhər statusu alan Xırdalanda quruculuq işlərindən bəhs edilir.

Müəllif yazır ki, aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində son illərdə ölkənin bütün bölgələri kimi, Abşeron rayonunun da hərtərəfli inkişafından ötrü böyük işlər görülüb.

Məqalədə 10 il bundan öncə rayonun inzibati mərkəzi olan Xırdalan qəsəbəsinə şəhər statusu verildiyi xatırladılır və dövlət başçısı İlham Əliyevin yerli sakinlərlə keçirdiyi görüşdəki çıxışından sitat da gətirilir: «İndi Xırdalan gözəl, abad şəhərdir və burada binalar tikilir, bərpa edilir. Eyni zamanda yollar salınır, sosial obyektlər inşa olunur, artıq Bayraq meydanı yaradılıb. Bir sözlə, son illərdə Xırdalanın inkişafı çox sürətli olub və rayonda çox böyük işlər görülüb. Yollar çəkilir, məktəblər, xəstəxanalar tikilir. Bir daha demək istəyirəm ki, bütün bunlar məni çox sevindirir».

Məqalədə vurğulanır ki, ötən 10 ildə şəhərin müasir mənzərəsinə əzəmətli görkəm verən bir-birindən yaraşıqlı binalar inşa edilib. «Abşeron gənclər şəhərciyi», «Abşeron Siti», «Kristal Abşeron», «AAAF Park» adlanan yaşayış kompleksləri Xırdalanın müasir görkəminə xüsusi zənginlik verib.

Müəllif yazır ki, ölkənin bütün şəhərləri kimi, Xırdalan da prezidentin diqqət və qayğılarından kənarda qalmayıb.

Əli Kərimli

Əli Kərimli

HAKİMİYYƏT XALQI SOYUR

Azadliq.info-da dərc edilən «Korrupsioner hakimiyyətin növbəti anti-xalq qərarı» sərlövhəli məqalədə Tarif Şurasının təbii qazın, elektrikin, soba yanacağının, reaktiv mühərrik yanacağının və bəzi dərmanların qiymətinin qaldırılması ilə bağlı qərarı dəyərləndirilir.

Yazıda AXCP sədri Əli Kərimlinin düşüncələrinə yer verib.

Ə.Kərimli hesab edir ki, Tarif Şurasının bu qərarı antixalq mahiyyətlidir: «Bəzi istisnalarla, qazın qiymətini 100 faiz, elektrik enerjisinin qiymətini 57 faiz qaldırdılar. Hökumətlə hər şey aydındır».

Partiya sədrinə görə, hakimiyyəti nəinki xalqın həyat səviyyəsini yüksəltmək maraqlandırmır, üstəlik, milyardları mənasız layihələrə xərcləmək, korrupsiya yolu ilə onu mənimsəmək qarşıya qoyulan əsas məqsəddir.

Ə.Kərimli yazır ki, baş verənlərin yalnız bir adı var - Hakimiyyət xalqı soyur.

AXCP sədri vurğulayır ki, əgər «Monarxiyaya yox! Talana son!» tələbi hamılıqla müdafiə olunsaydı, hökumət qazın, elektrikin qiymətini qaldıraraq oradan topladığı pulla «Formula 1» yarışları keçirməyə və Burkino-Fasoya investisiya qoymağa cəsarət etməzdi.

Manat

Manat

UCUZLAŞAN MANAT, YÜKSƏLƏN QİYMƏTLƏR...

«Novoye Vremya» qəzetində isə «Manat ucuzlaşır, əhali yoxsullaşır» sərlövhəli məqalə diqqəti cəlb edir.

Müəllif dolların 1.72 manatı keçməsini Mərkəzi Bankın milli valyutanın dayanıqlığını təmin edə bilməməsi kimi dəyərləndirir. Yazıda ölkədə əsl dollar qıtlığı yaşandığı vurğulanır: «Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb həmişə təklifi üstələyir. Sadəcə, dollar çatmır və əksər kommersiya bankları artıq neçə vaxtdır ki, xarici valyuta satmırlar».

Yazıda deyilir ki, bütün bu proseslər «qara bazarı» canlandırıb. Orada isə dollar 1.80-dən yuxarı alınıb, satılır. Müəllif hesab edir ki, baş verənlər gözlənilməz deyil: «Müstəqil ekspertlər xəbərdarlıq edirdilər ki, ilin sonuna dollara nisbətdə manatın məzənnəsi daha da enəcək. Hələlik, bu neqativ proqnozlar təsdiqini tapır. Buradan da istehlak bazarında qaçılmaz olan qiymət artımı baş verir və bu proses davam edəcək».

Yazıda qeyd edilir ki, ölkə iqtisadiyyatı neft üzərində qurulub. Neftin ucuzlaşması ilə iqtisadiyyat tənəzzülə uğrayıb.

Müəllif hesab edir ki, artıq ehtiyatlar hesabına manatı qorumaq da mümkün deyil: «Ölkənin nə qədər valyuta itirəcəyini hesablamaq mümkün deyil. Amma bütün baş verənlər onu göstərir ki, manat ucuzlaşmaqda davam edəcək, inflyasiya sürətlənəcək, əhali isə yoxsullaşacaq».

İnək

İnək

ƏT VƏ SÜD YENƏ BAHALAŞACAQ

«Bizim Yol» qəzetində «Ət, süd yenə bahalaşacaq» sərlövhəli məqalə oxumaq olar. Yazıda mövzu ekspert Vahid Məhərrəmovla müzakirə edilir.

V.Məhərrəmov deyib ki, ət və südün bahalaşacağını o, hələ iki il əvvəl proqnozlaşdırıb: «Hələ o zaman bildirmişdik ki, yem tədarükünün kifayət qədər olmaması, örüş sahələri və təbii biçənəklərin əkin üçün verilməsi, xüsusilə də mal-qaranın xaricdən gətirilməsi ciddi problemlər yaradacaq».

Ekspert bildirib ki, mal-qaranın baş sayı artdığı halda yem bazası artmadı, bu faktın ciddi problemlərə gətirəcəyi aydın idi. Nəticədə heyvanlar zəiflədi, xəstəliklər geniş yayıldı, məhsuldarlıq kəskin azaldı: «İndi ət istehsalında ciddi azalma var. Bu ilin 10 ayı ərzində ölkəyə idxal edilən ətin həcmi isə iki dəfə artıb».

Ekspert hesab edir ki, süd və süd məhsullarının qiymətində də kəskin bahalaşma olacaq: «Bu ilin 10 ayı ərzində süd və süd məhsullarının idxalı 60 faiz artıb. Onu da bildirim ki, bu yaxınlarda sahibkarlarla görüş zamanı südün alış qiymətinin 2 dəfə artdığını dedilər. Bu isə çox yaxın vaxtlarda südün qiymətinin ciddi şəkildə artacağını göstərir».

V.Məhərrəmovun düşüncəsinə görə, yaxın zamanlarda ətin qiyməti də yenidən artacaq. O, «bir neçə il əvvəl mal ətinin qiymətinin 6.50-7 manat olması anormal hal idi» tezisinə belə cavab verir: «Bir müddət əvvəl qiymətlər ona görə düşmüşdü ki, fermerlər mal-qaranı saxlaya bilmirdilər, məcburi kəsimə verirdilər. İndi biz nəyə görə ət çatışmazlığı ilə qarşılaşırıq? Ona görə ki, kifayət qədər mal-qara yoxdur».

Ekspertin fikrincə, yeni bahalaşma dalğası gözlənir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG