YENİ ƏDƏBİ CƏRƏYAN: ƏDƏBİ SUPREMATİZM BARƏDƏ QISA MƏLUMAT.
Suprematizm (lt. - ən yüksək, son) – təsviri sənətdə bir cərəyan olub, həndəsi fiqurların və anlayışların ( kvadrat, üçbucaq, dairə və s.) abstaksiyasından rəsm əsərlərində istifadə texnikasıdı və əsası 1910-cu ildə K. Maleviç (“Qara kvadrat” rəsm əsəri və s.) tərəfindən qoyulmuşdu.
Uzun illər həndəsi fiqurların, eyni zamanda digər populyar elmi anlayışların və elm sahələrinin (Ehtimal nəzəriyyəsi, Qeyri-səlis məntiq nəzəriyyəsi, Nisbilik nəzəriyyəsi və s.) fəlsəfəsindən istifadə edərək qələmə aldığımız intellektual təmayüllü bədii mətnlər artıq Ədəbi Suprematizm ədəbi cərəyanının yaranmasını zəruri edir.
Hörmətlə, Əli Şirin Şükürlü Sayad
Buna da bax: Əli Şirin Şükürlü. Əzab və həqiqət
.
ƏDƏBİ SUPERMATİZMƏ ÖRNƏK ÜÇ ŞEİR
Məkan cazibəsi və ya yeni qravitasiya qanunu
Bir iş var:
o, nə vaxtsa olduğu məkanlara
qayıtmağı çox sevir.
Hətta o məkanlarda
“darıxma anları” yaşansa da arabir.
Yaxşı ki,
zamandan fərqli, məkan boyu
gerçək səyahət edə bilir adamlar.
Yoxsa elə zaman kimi
məkan barədə də yalnız ehtimal və fəlsəfələrlə
dolub-daşardı “düşüncə sandıqları”.
Bir iş də var:
məkan kimidi adamlar da.
Çıxıb gedəsən hərdən, çıxıb gedəsən
təkcə məkanlardan yox,
elə adamlardan da.
Sonra yenidən qayıdasan
getdiyin məkanlara və getdiyin adamlara.
Daha bir iş də var:
nəsə qalır adamdan
getdiyi məkanlarda və getdiyi adamlarda,
nəsə qalır yoxluğundan savayı.
Nəsə qalır daima geriyə səsləyən, qravitasiya təsirini
uzaqlıqların belə zərrəcə azalda bilmədiyi nəsə –
dəqiq adını tapmaq çətin olur çox zaman.
Qayıtmağı sevdiyi şəhərlərin birində
otel bələdçisi gözəl xanım
nəzakətlə, amma yad adam kimi
qarşıladı onu əvvəlcə. Sonra
tanıyıb gülümsədi və rəfdəki kitabı göstərdi;
iki il əvvəl avtoqrafla otelə bağışladığı,
üz qabığının arxa hissəsində fotosu.
... – 15.11.2016
Buna da bax: "Qara kvadrat" rəsminin altından sürpriz çıxdı
.
Qara kvadrat
“Qara kvadrat” rəsm əsərinə istinad olunub
Düz bir əsrdən çox neçə-neçə heyranlıqla dolu baxışları
keçmişin qaranlıq uçurumuna yuvarladan rəsm əsəri:
Ağ kvadrat kətan üzərində qara kvadrat, ölçüsü – 79.6 x 79.5.
Tərəflər arasında fərq cəmi 0.1(sıfır bir) – fərq olmalı deyildi axı -
sıfır tam onda bir qədər fərq hardan ağlına gəldi, ustad Maleviç,
heç nə mütləq deyil yəni?
“Qara kvadrat” yazıb, xeyli susuram
baxışlarımı zilləyərək dördkünc vərəğin ağ hissəsinə.
Az sonra yazılan mətn tədricən
dördbucaqlıya bənzər fiqura tamamlanacaq yəqin...
Və ağ vərəq üzərində dördkünc həndəsi fiqur.
“Həyat kvadratdır” –
hər şey çərçivədə deməli, ustad Maleviç;
dördkünc pəncərələrdən boylanır, dördkünc qapılardan çıxıb,
dördkünc yollarla dördkünc qismətlərə, dördkünc qədərlərə
üz alır dördkünc adamlar.
Sonda, lap sonda isə dördkünc qeyri-müəyyənlik,
sondakı, lap sondakı qeyri-müəyyənliyi deyirəm - qapqara, -
bəmbəyaz dünya işığının itdiyi mək(z)an(r),
yeni başlanğıc bir adı.
Ki
təkcə həyat dördkünc deyil yəni.
Çərçivə
daha çox pəncərələri xatırladar adama,
bir də pəncərə şüşəsində
divardan asılmış rəsm əsərlərinə bənzəyən
tanış üzləri;
sevinc, kədər, heyrət, ümid, ümidsizlik boylanır
çərçivələrdən, bəzən də çəkinə-çəkinə intihar –
uçmaq ehtirasından doğulan qədər. bəzən də intihar...
və çiliklənmiş pəncərə şüşəsi çərçivəsindən qopub ayrılan, -
bu mənzərə isə
“Qara kvadrat”ın tərsini təsvir edən
rəsm əsərinə bənzədi deyəsən.
Nə qədər insan doğulur, nə qədər adam ölür,
ağ gündüzü qara gecəyə, qara gecəni ağ gündüzə daşıyan
sizif əzablı, sizif sevincli
dördkünc
ağ adamlar, qara adamlar, qırmızı, sarı adamlar,
doğulan-ölən adamlar,
hamısı eyni taleli – azacıq fərqlə,
fərq cəmi sıfır tam onda bir.
Ağ kvadrat kətan üzərində qara kvadrat;
anladı, ustad Maleviç, hamı anladı
hər şey çərçivədə və heç nə mütləq deyil yəni,
təkcə fonda təsviri verilmiş
ağappaq, bəmbəyaz və məna ilə dolu boşluqdan savayı -
o da çərçivədə.
O da çərçivədə!
O da çərçivədə?
... – 18.10.2016
Buna da bax: Düşündüm, düşündüm... və şeir yazdım
Üç fərziyyə
Bir neçə günlük yoxluğun
bir həqiqəti anlatdı mənə;
varlığın yox olması deyilmiş ölüm,
ölüm – yoxolmanın varlığı imiş.
Sonra üç fərziyyə gəlir ağlıma:
I fərziyyə: mən yoxam.
Sən gözləyirsən. Qadın daha çox gözləntidi axı.
Çox gözləyirsən dönüşümü, lap çox. Anlayanda dönüşüm
hər dəfə dönüşüdü yoxluğumun, uzun-uzadı şəkillərimə
baxmağa başlayırsan gözü yaşlı, sığal çəkirsən bəzən
paltarlarıma. Gecələr bağrına basıb yastığımı hönkürürsən, -
belə olur adətən. Sonra yavaş-yavaş yoxluğumla danışmağa,
dərdləşməyə alışırsan... hər nəsə.
Əməlli başlı öyrəşirsən Yoxluğuma.
II fərziyyə: sən yoxsan,
daha doğrusu, varsan yoxluq şəklində.
Qayıdıram hardansa, fərqi yox, işdən, gəzintidən
və sairə. Kişi də ki daha çox qayıdışdı axı – bunu
deməmişəm deyəsən. Açarı uzadıram qapının kilidinə...
yoxluğun açır qapını, əlimi uzadıram - yoxluğun yandırır işığı.
Masanın arxasına keçmirəm. Hələ bir müddət alışa bilmirəm
yad olan Yoxluğuna – isinişmək lazımdı görünür onunla.
Yatağıma uzanıram, qollarım çarpazlanır sinəmdə məsafə olmadığından
sinəmlə qollarım arasında; yoxluğunu qucaqlayıram hər gecə beləcə.
III fərziyyə: mən də yoxam, sən də.
Nə sən gözləyirsən dönüşünü yoxluğumun,
nə də mən qucaqlayıram yoxluğunu.
Ya əbədi itiririk bir-birimizi,
ya da əbədi qovuşur bir-birinə
varlığı yoxluğumuzun.
Hər üç fərziyyə bu qədər bəsit sadəcə;
bütün yoxluqlarla olduğu kimi. Amma
anladığım həqiqət çox dahiyanə idi, əzizlərim:
varlığın yox olması deyilmiş ölüm,
ölüm – yoxolmanın varlığı imiş.
... – 03.06.2016