Südabə Babazadə
YENİ ŞEİRLƏR
Çölçü qadın
Sürüm-sürüm sürünərsən, dağım-dağım dağılarsan
Xəzan dolu bu çöllərə qarışarsan...
Nə olsun başın üstən baxanın yox,
Gözü altdan gülənin yox
Rişxəndin yox, məzəmmətin ürək altda
Bir yarımçıq əlcəyin var, barmaqların da qanamış
Manikürün rəngindədir bütöv əlin
Gəl sarıyım çöl yaranı, xatırladım öz yaramı...
Çölçü qadın, ipini tut
Dur ayaqda belə möhkəm
İp də sənin, yer də sənin
Güc də sənin, tər də sənin
Bircə qalır əllərinin dözümü
Əllərinə fikir vermə, bur onları
Yapışsınlar kəndirinə
Tutdunmu, heç buraxma ilgəyini,
Və soyutma ürəyini ta ucuna yetişməmiş ...
Çək ipini, çölçü qadın!
Bir çək, iki çək... qollarına qədər dola kəndirini
Qoy qarışsın vücuduna
Və dolaşsın ayağına
Getməyincə, qaçmayınca
Sahmana sal addımını
Yerişini, yürüşünü...
Kəndirini boyun qədər bir dolaşdır
Yavaş-yavaş bürün ona ta ucadək
Yaxşı dinlə, kəndirinin uclarını özün saxla
İpini yox, əllərini düyün saxla
Təslim etmə bir kimsəyə heç bir qarış kəndirindən
İp ucunu əlində tut toxunmasın özgələri
Öz ipini özün saxla!
Sən dartışdır, dartışılma, əldən-ələ ötürülmə
Sən süründür və sürünmə, eldən-elə dolaşılma
Çək özünə ipin boyu gələcəyi,
At arxaya çiyin dolu yüklərini
Dart üzündətəbəssümlü dodaqları
Aç gözündə tor çəkilmiş bəbəkləri...
Çölçü qadın, boyun qədər dikələrsən,
Saçlarının harayında yellənərsən
Ürəyini küləklərə, yağışlara da açarsan
Təbiətin öz hökmü var- danışdırar buludları,
Daşa dönmüş hər nə varsa birər-birər isladar
Beləliklə, Yer üzünün hər varlığı yumşalar...
Evini qur, çölçü qadın, divarları daş olmasın
Damını da tax səmadan
Günəşin hər şəfəqləri , hilalın hər boylantısı
Başın üstdənömür boyu kəm olmasın!..
At ipini çölçü qadın, sular üstdən, səngər üstən körpü salsın
Bütövləşsin elimiz
Yığ ipini, çölçü qadın, bələd etmə yabançını
Bu diyardan sapdır onu, qoy həm azsın düşmənimiz
Aç ipini, çölçü qadın! Laxta- laxta tuluqlardan damarlara
Axın etsin qırmızı qan
Könül boyu yol açılsınyanaqlara, dodaqlara
O bulanıq gözlərin də cana gəlib cıvıl etsin üzü soyuq dönüklərə...
İpini qoy, çölçü qadın, səndən sonra calaq olsun kövrəklərin addımları
Torpağa şəkillər salmış izlərinə...
İçəridə nə çox gözlər varmış, səni görən özgələrmiş
Gözəl qadın, üzünü çək aynalardan, çıx çölünə gör özünü!..
14 noyabr 2016-cı il
Buna da bax: Sevgi elə bir hissdir ki...
.
Çıxıb gəzməli havadı…
Çıxıb gəzməli havadı…
Yerlə Göyün arasında
Çətir təki əğyar olan ağacları
Cərgələyib bitirməli havadı…
Günəşin endirdiyi iti qılınc
Və buludun hər nə varsa axıtdığı
xeyirliyə, bərəkətə yozulası havadı…
Çiçəklərə mehman olmuş,
Yaşıllıqdan əlin üzmüş
Xəzəl xalı salınıbdır, üzərində
Duyğuların ssenarisi yazılası havadı…
O motoru dayandırın, təkərləri tərk edirəm
Sükanını burax sən də
Gəl bir düşək, sağı-solu önümüzə qarışdıraq,
Gəl bir qalxaq, şaquli kilometrlər cızaq,
Buludların qayaları öpən yerdə yaxalandığı havadı…
Qocalıq baş döndürən, guya səni də ucaldan
Dağ başından göyə deyil, Yerə doğru ümidlənən,
Yer sevdalı bu canların göydən ürküb aldanıldığı havadı…
İndi enək, qoy yer görsün ayağımız,
Şəhər boyu salamlayaq gəlmələri, qoy üz görsün qonağımız…
Çat-ha-çatda sahman edək evimizi
Sükut ikən dinlədiyin ağız deyil, könül olsun
Dərdlərini saptır ondan,
Bu minvalla öz ömrünə gözəl günlər calanası havadı…
Gedim qoşum planşeti, hərflənmiş düymələri sığallayım,
Əziz dostum, nə gizlədim, təbim gəlmiş, şeir yazılası havadı.
21 oktyabr 2016-cı il
Buna da bax: Ya rok olsun, ya da ki cazz, ya kamança, ya da ki saz
.
Bir aslanı yaraladım
Bir aslanı yaraladım
Bilə-bilə, görə-görə,
deyib-gülə…
Gülüşləri sağı-solu başımıza toparlardı
Baxışları o qədər şux, üfüqləri də yarardı…
Gur saçları şəmsiyətək şəfəqlərin qənimi
Sevincindən o saçların küləklərdi darağı
Yerdən qopmuş o bir qaya,
Göydən enmiş ildırımdı.
Yolum üstdə daşa dönər mən gəlincə
Gözlərindən şimşək çaxar mən baxınca…
Bir aslanı yaraladım…
Sözlərimin gücü yetməz,
Sükutumun anı bitməz…
Bu nə qəhər boğazımı parçalayır
Qaranlıq aynalarım üzlərimə
Ulduzları ələyir…
Ürəyimdən asılan daş ağırlaşır,
Yerə dəyib ovun-ovun tozaq olur,
Başım üstdən, yan-yörəmi
Sarıb-sarıb, burulğana qərq eyləyir…
Boğuluram…
Göz açmağa macalım yox,
Dilə gəlləm…
Dinlətməyə gümanım yox
Mən bir aslan yaraladım
Çoxdan olmuş boynu bükük,
Çiyinləri yumaq kimi heç açılmaz
Gözəl üzü bir də gülməz…
Toxunmağa qorxarsınız yanar qəlbi buza dönmüş
Bir kimsəni isitməz…
Təbiətdə hər qanunun
Vardır bir yox, iki üzü
Sevən ürək ya gülüstan, ya biyaban,
Könüllərin alacağı ya bir məlhəm, ya bir yara,
Arzuları, xəyalları çağırıb da qovuşarıq,
Ya gizlicə niyyət edib və sonunda toqquşarıq…
İndi nədir, necə olsun diləklərim
Bu gözləri hara dikim,
Əllərimin düyününü necə açım
Ah!.. Pərişandı mənim halım…
Qəlbi böyük, ömrü kiçik neçə aslan yaraladım!..
15 oktyabr 2016-cı il