Keçid linkləri

2024, 26 May, bazar, Bakı vaxtı 16:55

Sevgi elə bir hissdir ki...


Nigar Yaqublu
Nigar Yaqublu

-

"Təcridxana. Tikanlı məftillər. Dəmir barmaqlıqlar...Sənin ora arxaya baxmadan, həvəsli keçidin məni ürküdürdü... Orda səni içəriyə qovanı görürdüm- o, Günəş idi".

Südabə Babazadə

Mən tariximizin Şükriyyələrini, Müşkinazlarını tək-tək tanımışam və unutmuram

Nigar Yaqubluya açıq məktub!

Bir xəbər yayıldı. Nigar xanım Yaqublunun ərə getməsi xəbəri. Mətbuatda bu hadisə evlilik və ya evlənmə deyə adlandırılır. Amma bilirik ki, Azərbaycanda xanımlar evlənir deməzlər, çünki evlənən kişilərdir, qadınlarsa ərə gedirlər. İnsanların cinsindən asılı olmayaraq evlənən və ərə gedən kəslər öz ailələrini qurarkən törəndikləri ailənin daşıyıcısı olaraq təqdim edilirlər, və ya qəbul olunurlar. Bu mənada məsələ mürəkkəbdir. Bəzən valideynlər istəməzlər ki, onların evladları həmin taleləri yaşasın. Və ya valideynlərinin həyat fəlsəfəsini bəyənməyən, ona etiraz edən gənclər tamam fərqli ailə prinsipləri seçməli olurlar.

Mən bundan da danışmayacam. Unutmayaq ki, insanlar öz ailələrini quranda öz həyatlarını dəyişməyi nəzərdə tutub bu addımı atırlar. Ailə dəyərləri və ənənələri məhz bununla yenilənə bilər. Amma indi ailə dəyərlərindən də danışmayacam. Qoy bu yazım Nigarın yeni həyatı, gəlinliyi ilə bağlı olsun. Qoy burda ona bol-bol səadət, ürək dolusu xoşbəxtlik arzuları sətraltında qalsın, axtarsanız xeyir-duanı burda da tapacaqsınız... Mənim könlümdəkilər başqadır... Və sözüm Nigarın özünədir...

Həbsxanada evlənmiş siyasi fəallar Nigar Yaqublu və Seymur Həzi.
Həbsxanada evlənmiş siyasi fəallar Nigar Yaqublu və Seymur Həzi.

...Nigar, siz gənc xanım olaraq öz dairənizi özünüz cızdınız. Rəfiqələr deyil, dostlarınızı qazandınız. Gəncliyin axınını özünüzə doğru yönəltdiniz. Siz bu axının mayakı oldunuz. Ola bilsin bunda atanızın və mərhum bacınızın da xidmətləri var. Amma sizin hər üçünüz tək-tək öz cığırlarınızı açdınız. Biri o birinə mane olmadan, biri o birinin yolunu kəsmədən öz ictimai həyatınızı qura bilmisiniz. Siz -üçlüyün yaxın və doğma qohumluq əlaqəsinə rəğmən eybəcər “ailəcanlılıq”, bir-birinizə qarşı ifrat qayğıkeşlik nümayiş etdirməyərək, peşəkar məsləkdaşlar olaraq çiyin-çiyinə, əl-ələ öz mübarizənizi aparırdınız.“Müəmmalı” baxış və rəylər saçan amorf cəmiyyətimizdə sizi birmənalı qarşılamaq, anlamaq müşkül olmadı. Qoy bu, ətrafınızın deyil, sizin nailiyyətiniz olsun. Axı siz “cəzanızı” tək çəkdiniz, insanların maddi deyil, məhz mənəvi dəstəyilə bütün olanlara tab gətirdiniz. Umacaqlarınız gizlində qalırdı, bütün gözləntiləri onlar deyil, siz təkbaşına ödəyirdiniz. Mübarizə bitdi!..İndi sınaq qarşısındasınız.

... (Sən deyə müraciət etsəm, səmimi qəbul edin).

Bilirsənmi söhbət hansı sınaqdan gedir?! Qadın səadəti, qadın xoşbəxtliyinin qazanılıb itirilməməsi sınağından. Bunu heç bir xanıma maddi, sosial durumundan asılı olmayaraq nə atası, nə qardaşı, nə də əri bəxş edə bilər. Qadının ürəyincə və gözüdolusu səadəti onun elə könlündən süzülüb gözlərindəcə işarar. Bu işartını doğan da, qovan da elə qadının özüdür.

Buna da bax: "Seymur Həzi ilə Nigar Yaqublu evləndi- [Video]"

Mətbuatdan sənin nigah hazırlıqlarının və onun gerçəkləşməsinin kadrlarını izləmişəm. İti və yeyin addımlarla bu izdivaca tələsirdin. Elə bil səni kimsə, nəsə qovurdu. Amma qovulduğun yer məlum idi...Təcridxana. Tikanlı məftillər. Dəmir barmaqlıqlar...Sənin ora arxaya baxmadan, həvəsli keçidin məni ürküdürdü...Orda səni içəriyə qovanı görürdüm- o, Günəş idi. Sən ondan üz çevirmişdin. Günəşi də, aydın səmanı da vecinə almırdın... Söylə, bu addımın sevgiyə səslənişmi?! Ona (sevgiyə) çoxmu inanırsan?! Bu sevgi sənin pənah yerin ola bilərmi?! Bəs sevgi arxadakıları sıfırlayıb, bir daha sinamaq və yenidən doğulmaq deyilmi?! Yola çıxarkən yükünü geriyə atıb əlin, könlün asudə yürüməyə hazırsanmı?.. Yoxsa öz dərdinə sədaqətindən həmdərd tapdığına, izlərinə oxşar izlər axtardığına görə bu seçimi etmisən?..Sevgi oxşarları deyil, fərqliləri səsləyir, eyni yolluları deyil, çarpazları cütləyir...Sən bu möcüzəyə inanmadınmı...Fərqli həyatını qurmaq istəmədinmi?..

Nigar Yaqublu etiraf edir
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Ar olsun əzizləri bir-birinə həsrət qoyanlara, ar olsun səs boğanlara, söz kəsənlərə! Və o arsızları öz yolunda niyə dikəldirsən?..Mən tariximizin Şükriyyələrini, Müşkinazlarını tək-tək tanımışam və unutmuram. O qadınlar ərlərilə birgə evləri dolusu və həyat yolları qədər xoşbəxtlik və səadət görə bilmişdilər. Ona görə də əzablarını da canla-başla, tox könüllə qarşılayıb yaşaya biliblər. Unutma ki, onlar tükənməz ləyaqətləri və ismətlərilə min bir əzaba təhrik olunurkən qatlandıqlarını heç vaxt könüllü seçməzdilər. Həyat eşqi qadına bu imkanı verməz! Səninsə seçimin könüllü gediş deyil, könüllü imtinadır...

Dərd üstünə dərd, yük üstünə yük calandığında vüqarına, qüruruna dayanacaqsan, bəs könlün fəraha həsrət qalmayacaqmı... Qərarınsevgiyə dayansa da, orda səadət və qadın xoşbəxtliyinə yer olacaqmı?..Bunların hamısı taleyindən asılı olmayaraq, hər bir qadının həyatına biçilmiş zinətlərdir. Sən də həyatını bu biçimdə qurmağa layiqsən. İndi yeni həyatının kərpiclərini bir-bir düzərkən mənim bəzi diləklərimi, istəklərimi nəzərə almağını xahiş edirəm. Onlar aşağıdakılardır:

  • Kütləyə mayak oldun, hədəf olma;
  • Ərinlə ikinizin dünyasını daşımağa deyil, bölüşməyə çalış;
  • Ailən alqışa layiq olacaqdır, amma onu alqışlardan uzaq tut;
  • Evlilik həyatın nümunəvi olacaqdır, amma onu gözlərdən və sözlərdən uzaq tut;
  • Ərin atan kimidir, amma sən anan kimi olma;
  • Uşaqlıqda qurduğun xəyallarını əlində tut. Həyat o yaşda düşündüyümüz kimidir deyərsənsə, heç bir zərbə, heç bir əzab səni yenə bilməz!
  • Səadətinə biganə qalma!

Gənc yazar Südabə Babazadə.
Gənc yazar Südabə Babazadə.

Hörmətləvə sevgilərlə Südabə Babazadə!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG