Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:20

Rasim Qaraca: 'Guya bizdə də teatr var, guya biz də mədəni ölkəyik'


Rasim Qaraca/
Rasim Qaraca/

"Azərbaycanda 26 teatr, 56 xalq teatrı var, son bir-iki ildə 873 tamaşa səhnələşdirilib. Teatrlar 28 xarici ölkədə, 83 dəfə qastrolda olublar. Lap sovet dövrünün pambıq planına bənzədi. Axı şişirdilmiş rəqəmlər nəyə lazımdır."

Rasim Qaraca

Musiqisiz Komediya

Bu günlərdə Bakıda IV Beynəlxal Teatr Konfransı öz işini tamamlayıb.

“Dostunu göstər deyim kimsən” deyimini teatrşünaslar dəyişdirərək bu cürə ifadə edirlər: “Teatrını göstər, deyim kimsən”. Bu deyimi bir az da yuvarlaqlaşdırıb belə də demək olar, “Hansı tamaşaya baxdığını söylə, deyim kimsən”. Yarı zarafat, yarı ciddi, teatr millətin simasıdır, lakin teatrda hansı tamaşanın göstərilməsi də elə son nəticədə millətin üzüdür. Vaxtı keçmiş əsərlər, köhnə repertuarlar Azərbaycan teatrlarını zəbt edib, sovet dövründə yazılmış, bu gün heç bir aktuallığı olmayan əsərlər hansı yollarlasa teatrlarımızın səhnəsindən düşmür, nəticədə tez-tez eşidirik, görüb şahidi oluruq, tamaşalara biletlər məcburi şəkildə məktəblilərə, tələbələrə və ya hansısa dövlət idarəsinin qulluqçularına satılır. Bu onu göstərir ki, Azərbaycanda teatr funksionallığı olmayan, öz gücünə tamaşaçı toplaya bilməyən bir qurumdur. Bu məsələlərdən cavabdeh olan adamlardan soruşsan deyəcəklər, bütün dünyada teatrlar problem yaşayır, tamaşaçını cəlb etmək hər yerdə çətin məsələdir. Lakin bütün dünyada teatrlar yaşayır, həm də təkcə dövlət büdcəsindən maliyyələşərək deyil, yaşamaq uğrunda mübarizə aparırlar, tamaşaçını cəlb etməkdən ötrü yaradıcı manevrlər edirlər, mümkün qədər yeni olmağa və bu günlə səsləşməyə çalışırlar, daha bizdə olduğu kimi, solaxay üsullara əl atmırlar. Bütün bunlara ötəri bir nəzər saldıqda belə Azərbaycan teatrı söz birləşməsinin qarşısında bir “guya” kəlməsi qoymaq məcburiyyətində qalırsan. Yəni, teatr öz əsl mahiyyətindən çıxıb, ölkənin mədəni həyatının bir parçası olmaq özəlliyi qalıb bir kənarda və ümumi teatr fəaliyyətinə sanki belə bir ideya hakimdir: “zahirən mədəni görünmək!” Guya bizdə də teatr var, guya biz də mədəni ölkəyik.

Buna da bax: Musiqili Teatrın səhnəsində sovet abu-havası

Musiqili teatrda tamaşa.
Musiqili teatrda tamaşa.

Aktyorların, teatr xadimlərinin fədakar əməyini əsla kiçiltmək istəmirəm, onlar verilmiş dar çərçivələrdə zatən mümkün olanın ən yaxşısını yaradırlar. Üstəlik, hesabatlara nəsər salsaq, Azərbaycanda 26 teatr, 56 xalq teatrı var, son bir-iki ildə 873 tamaşa səhnələşdirilib. Teatrlar 28 xarici ölkədə, 83 dəfə qastrolda olublar. Lap sovet dövrünün pambıq planına bənzədi. Axı şişirdilmiş rəqəmlər nəyə lazımdır, başqalarının rəyi nə üçün bizim üçün bu qədər önəmlidir? Yaxşı olardı ki, 4-5 teatrımız olaydı, amma onlar məzmun etibarilə səviyyəli olaydı. Azərbaycanda yetəri qədər tamaşaçı var, insanlarımızda teatr mədəniyyəti ənənəsi formalaşıb, səviyyəli tamaşalar göstərilərsə teatrların anşlaqla işləyəcəyinə şübhə yoxdur, lakin zamanı keçmiş əsərlərlə tamaşaçını küsdürüb teatrdan uzaq salmaqla anşlaq gözləmək mümkün deyil. Ən qəribəsi, bəlkə də gülməlisi, öz daxilində teatr problemlərini həll edə bilməyən, büdcə vəsaitiylə onu ayaq üstə güclə saxlayan, teatr adına yalnız dekorativ nələrinsə olduğu bir ölkədə IV Beynəlxal Teatr Konfransı keçirilir. Bu günlərdə işini tamamlayan konfransda 40 ölkədən gəlmiş 100-dən artıq teatr xadimi iştirak edirdi. Musiqili Komediya teatrının binasında gerçəkləşən bu konfransın özü məncə əsl komediya olub, məkanı da təsadüfən düz seçiblər, təkcə musiqisi əksik idi bu komediyanın.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG