Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:19

Frankfurt kitab sərgisi Azərbaycanlı yazarın gözü ilə


Frankfurt kitab sərgisində Azərbaycan stendi. 2016-cı il.
Frankfurt kitab sərgisində Azərbaycan stendi. 2016-cı il.

-

Vüqar Dəmirbəyli

FRANKFURT KİTAB SƏRGİSİNİN ƏSAS MƏQAMLARI

68-ci Frankfurt Kitab sərgisi də başa çatdı. Bu dəfə diqqəti ən çox cəlb edən məsələlərdən biri də təhlükəsizlıik tədbirlərinin gücləndirilməsi, sərgi müddətində Kalaşnikov avtomatları ilə silahlanmış polis patrulunun təyin edilməsi idi. O cümlədən bu il əsas ölkə olmasa da, Türkiyə sərginin ən mərkəzi mövzularından biri idi.

Buna da bax: Frankfurt kitab yarmarkası türk yazıçısının məktubu ilə açılıb

Açlış mərasimində ilk çıxışı Frankfurt Kitab sərgisinin direktoru Jürgen Boos etdi. Bu ilki əsas ölkələrdən – Hollandiya və Flandriyadan gəlmiş nümayəndə heyətini və ayrıca olaraq görüşdə iştirak edən Niderland kralı Willem-Alexanderi, Belçika kralı Philippi və onun xanımı kraliça Mathildeni və görüş iştirakçılarını salamlayandan sonra Boos dedi:

Frankfurt kitab sərgisinin açılış mərasimi.
Frankfurt kitab sərgisinin açılış mərasimi.

“Məzmununa görə ən böyük beynəlxalq sərgi olan Frankfurt Kitab sərgisi elə bir yerdir ki, burada getdikcə daha yaxın əlaqələr quran dünyanın mürəkkəbliyi də, onu ayrı-ayrı fraqmentləri də, o cümlədən çoxtərəfliliyi də aydın əks olunmuşdur”.

Timothy Garton Ash, Mathias Énard, Ian Kershaw, Herfried Münkler, Boualem SansalElif Şafak kimi yazıçıların bu sərgidə iştirak etdiyini deyən Boos, bu müəlliflərin aparıcı mövzularından da bəhs etdi: Qərbi Avropada miqrasiya və inteqrasiya problemləri, Avropa tarixinin müasir dövrə göstərdiyi təsirlər, bir çox ölkələrdə söz azadlığı üçün yaranmış olan təhlükə, Avropa ilə müsəlman ölkələri arasındakı münasibət. “Onların əsərləri bizə müasir dövrü nizama salmağa imkan verir”, dedi sonra Boos.

Ondan sonra çıxış edən Alman Kitab Ticarəti Birjaları Birliyinin sədri Heinrich Riethmüller bu gün münaqişələr və qarşıdurmaların parçaladığı dünya üçün kitabların nə qədər mühüm rol oynadığını deyəndən sonra diqqəti mürəkkəb beynəlxalq vəziyyətə, ilk növbədə isə Türkiyədə baş vermiş son hadisələrə yönəltdi. “Türkiyədə, Avropa Birliyinə nə daxil olmağın kandarında dayanan demokratik bir ölkədə bu gün baş verənlər olduqca təəssüfedicidir. Bizim siyasətçilər bu qədər ciddi problemə çox vaxt göz yumurlar, Türkiyədə baş verən siyasi həbslərə reaksiya vermirlər. Ona görə ki, Türkiyə ilə Almaniya arasında qaçqınlar probleminin nizamlanması haqqında razılaşma var? Amma insan hüquqlarının Türkiyədə bu qədər kobud şəkildə pozulmasına göz yummaq doğru deyil”.

Frankfurt kitab sərgisində Erdoğan əleyhinə poster.
Frankfurt kitab sərgisində Erdoğan əleyhinə poster.

Frankfurtun baş bələdiyyə rəisi Peter Feldmann isə diqqəti Almaniyanın daxili problemlərinə yönəltməyə çalışdı. “Biz irqi ayrı seçkilik və əcnəbi düşmənçiliyi təbliğ edən kitabların çap olunub yayılmasına imkan verməməliyik”, dedi natiq çıxışında.

Şübhəsiz ki, Feldmann son vaxtlar Şərqi Almaniyada baş verən millətçi, irqçi çıxışlara və həmin bölgədə güclənməkdə olan əcnəbi düşmənçiliyinə işarə edirdi.

Buna da bax: Mədəniyyət Nazirliyi Frankfurt kitab sərgisinə yenə də əliboşmu gedir? [sorğu]

Avropa parlamentinin prezidenti Martin Schulz da çıxışına Türkiyə ilə başladı. “Mən Türkiyə hökumətini 150-dən artıq siyasi məhbusu azad etməyə çağırıram”, deyə siyasətçi bildirdi.

Sərginin bu ilki əsas ölkələrinin nümayəndə heyətlərindən olan natiqlərin çıxışlarından ən çox yadda qalanı Belçika ölkəsi daxilindəki Flamandriya hökumətinin başçısı, Flamandriyanın xarici işlər və mədəni irs naziri Geert Bourgeois – in çıxışı oldu. Bourgeois Avropa üçün Yaxın Şərqlə münasibətlərin çox mühüm olduğundan bəhs edəndən sonra Qərb ictimaiyyətini islamda təkcə qadağalar sistemi yox, həm də gözəllik və intizam görməyə çağırdı.

Elif Şafak Frankfurt kitab sərgisində, 2016-cı il.
Elif Şafak Frankfurt kitab sərgisində, 2016-cı il.

Kitab sərgisinin keçirildiyi günlərdə də Türkiyədə baş verənlər olduqca mühüm olaraq qalırdı. Bir çox alman nəşriyyatları Türkiyə prezidenti Erdoğanı, avtoritar rejim, hətta diktatura qurmaq istəyində suçlayan kitablar və plakatlar çap edib nümayiş etdirməkdə idilər. Türkiyənin bu baş verənlərdən sonra Avropa Biriliyinə qəbul oluna biləcəyinin mümkün olub-olmaması da müxtəlif forumlarda keçirilən tədbirlərdə mühüm müzakirə mövzusu idi. Tanınmış türk yazıçısı Elif Şafak alman televiyası ilə translasiya olunan çıxışında Türkiyənin çətin günlər yaşadığını dedi. Onun sözlərinə görə Türkiyənin ən böyük problemi orada yaşayan qadın və kişilərin öz potensiallarını realizə edə bilməməsidir. Şafak Erdoğan hökümətinin son günlərdəki həbs tədbirlərini tənqid etməkdən də qalmadı.

FRANKFURT SƏRGİSİNDƏ AZƏRBAYCAN – ERMƏNİSTAN QARŞIDURMASI

Oktyabrın 19-dan 23-dək keçirilən 68-ci Frankfurt Kitab sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi öz stendi, Ermənistan isə öz nəşriyyatlarının birgə stendi ilə təmsil olunmuşdu.

Sərginin 2-ci günü, yəni oktyabrın 20-də məlum oldu ki, polis işçiləri Azərbaycan stendindən Azərbaycanın Qarabağ bölgəsi haqqında 5-6 broşüra götürüb. Bundan sonra Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində şöbə müdiri kimi fəaliyyət göstərən Aslan Cəfərov Ermənistan stendində Qarabağı Ermənistan ərazisi kimi göstərən xəritənin asılması ilə bağlı Frankfurt Kitab sərgisinin rəhbərliyinə müraciət etdi. Sərgi rəhbərliyindən Beynəlxalq bazarlar şöbəsinin direktor müavini Tobias Voss bununla bağlı həmin gün Azərbaycan stendinə gəldi. Cənab Voss əvvəlcə yaxasını qırağa çəkir, deyirdi ki, Ermənistana “bu xəritəni asma” deməyə sərgi rəhbərliyinin ixtiyarı yoxdur. Voss bunu bir neçə dəfə təkrar eləyəndən sonra Cəfərov onun yadına Qarabağ bölgəsi haqqında 5-6 broşüranın polis işçiləri tərəfindən götürüldüyünü də saldı. Cənab Voss ona polisə ərizə ilə müraciət etməyin, sonra da vəkil tutmağın mümkün olduğunu dedi, amma sonra bunu özü də tövsiyə etmədi. Dedi ki, alman hüququna görə hər kəs öz fikrini yaya bilər. Amma Cəfərov möhkəm dayanmışdı.

Frankfurt kitab sərgisində Ermənistanın stendi, 2016.
Frankfurt kitab sərgisində Ermənistanın stendi, 2016.

“Biz də öz stendimizdə ölkəmizin xəritəsini asmışıq”, deyə o bildirdi. “Bu amma bizim dövlətin rəsmi xəritəsidir. Ermənistan stendində asılan qondarma xəritə də erməni dövlətinin rəsmi mövqeyidir, bu şəxsi təşəbbüs kimi qiymətləndirilə bilməz. Əgər o xəritəni oradan götürməsələr, Azərbaycan nümayəndəliyi bu gün kitablarını da yığışdırıb Bakıya geriyə dönəcək”.

Buna da bax: Frankfurt kitab yarmarkasının builki ulduzları kimlərdir...

Aslan müəllimin bu qətiyyətini görən cənab Voss bir daha erməni tərəfi ilə danışıqlar aparacağını bildirib getdi. Bir azdan Ermənistan stendindən o xəritə yığışdırıldı və daha asılmadı, polis işçilərinin aparmış olduğu Qarabağ bölgəsi haqqında broşüralar da geriyə qaytarıldı. Amma Azərbaycan stendində gərginlik son günə kimi davam etdi.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG