Rusiya prezidenti Vladimir Putin bu gün Ermənistanda olacaq. Kremldən verilən məlumata görə, prezident Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının oktyabrın 14-də keçirilən toplantısında iştirak edəcək.
Toplantıda KTMT zonasındakı vəziyyət, kollektiv təhlükəsizlik sisteminin inkişafı, beynəlxalq terrorla mübarizə məsələsi müzakirə ediləcək.
KTMT-in bundan əvvəlki toplantısı keçən ilin dekabrında Moskvada olub. Hazırda təşkilata sədrliyi Ermənistan etdiyinə görə toplantı Yerevanda keçirilir. Gələn sessiyanın Belarusda keçirilməsi planlanır.
KTMT-ə daxil olan ölkələr Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.