-
Südabə Babazadə
Yeni şeirlər
Bütün mahnıları anlaya billəm
Dilim ölmüş, dişlərimin dişlək yolu itib-batmış
Dodaqlarım qıfıllanmış...
Gəl demirəm, get demirəm
Hərəkəti düşünmürəm
Gülərüzlər, xoş kəlmələr dinləmək də istəmirəm
Çox doyğunam, çox da bezar...
Ev içində gəzişirəm elə-belə, boş və bikar...
Küçə boyu dolaşıram yarım göydə, yarım yerdə...
Sinə dolu gərilmişəm,
Küləklər də vecə gəlməz...
Baxışlarım xeyli donuq
Günəşin al şəfəqləri gözlərimi qamaşdırmaz...
İstəmirəm hərarəti,
Və sakitəm...
Dişlərimi qıcamıram, bağırsaqlar ondan uzaq
Vücudumdan dolaşan qan dumdurudur, qaralmamış
Çox rahatam...
Bircə qulaqlarım şəkdə...
Yox-yox, nə telefon zəngi gəlsin, nə də qapı taqqıltısı
Yalnız-yalnız iniltilər, pıçıltılar
Zar-zar axan kükrəmələr, nəriltilər
Ya rok olsun, ya da ki cazz
Ya kamança, ya da ki saz
Qoy hamısı məni tapsın
Qulaq dolu dinləyərəm
Qucaq dolu saxlayaram
Çağırdığım şərqiləri...
Mən - sadəcə kədərliyəm
O qədər kədərliyəm
Bütün mahnıları anlaya billəm...
Buna da bax:
04 oktyabr 2016-cı il
.
Buna da bax: Sevgi elə bir hissdir ki...
.
Çəhrayı (aprel şəhidlərinə həsr edilir)
Çəhrayı ...
Gözəl rəngim,
Qaraları, bəyazları, bom-bozları əlvanlığa calayanım
əlbisələr, əllər, üzlər gül xatırlı görünənim
Könül rəngim...
Təbiətdən gah solğun, gah durusan
Gah ağaran, gah tündləşib qızaransan
Hər üzündə bir məna var...
Gözlərimdə ya ümidi, ya ulduzu doğuransan
Ümid də suya düşər, ulduzlar da yanıb sönər
Amma sənin öz hökmün var!..
Ya ötəri, olub-bitən, ya ləkəli, möhür salan
Əziz rəngim...
Nədən səni əzizlərəm, bilirsənmi?..
Sən onların can suyunu çiçəklərə ötürən
Hey dərilən, ləçək-ləçək hey sovrulan
Neçə-neçə könüllərin nişan rəngi!
Yolun qısa, ətrin fani...
Sən – çəhrayım
Şəhidlərin ömür rəngi!
07 oktyabr 2016-cı il
.
Buna da bax: Qoy qırım, məndə qalsın köynəyinin düyməsi
.
Yüküm də ağırdı, daşım da ağır
Yüküm də ağırdı, daşım da ağır
Sürünmək istəsəm tərpənə bilməm
Yıxılmaq olarsa, qalxmağım müşkül
Nə sına billəm, nə də əriyə
Nə ucala billəm, nə də əyilə
Bir sınıq qab ola töküləm ona
Yükümü axıda qara torpağa
Qoy görən olmasın boşaldığımı
Palçığa dönüşüb bulaşdığımı
Sonra bir şəfqətli quma dönərəm
Dəryalar, dənizlər hey coşmağında
Mənsə bir qumaş örtüyə dönüb
Sahilə namuslu sipər olaram
Görsəniz alınır əzişdirərsiz
Təmiz su qatıb yoğurarsınız
Qarışıq palçıqdan saf gil yaxşıdı
Məni də o saflardan uzaq tutmayın
Çox böyük şövq ilə dəyişdirərsiz
Və böyük zövq ilə quraşdırarsız
Sonra rəngimi də duruldarsınız
Üzümü sürməli, boyalı
cizgilərlədoldurarsınız
Olaram bir əndamlı bahalı dolça
Yox-yox heç qoymaram içim boş qala
Doldurun içimi boğaza qədər
Nə tapsaz yığın içimə
Ya daş atın ki, səsim duyulsun,
Ya çalxalanmaq üçün su qabı olum
Yetər ki, boş olmayım və əllərdəcə yüngülləşməyim
Şükür ki, daşım da ağırdı, yüküm də ağır
19 sentyabr 2016-cı il