Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:35

Türkiyədə kürdpərəst televiziya qapadılıb


TV
TV

Türkiyədə daha bir televiziya kanalı bağlanıb. Əsasən kürdlərin problemlərinə toxunan «IMC-TV»nin internet səhifəsində yayılan məlumata görə, oktyabrın 4-də polis televiziyanın İstanbuldakı qərargahında reyd keçirib, nəzarət otağını möhürləyərək yayımı dayandırıb.

«The New York Times» qəzeti yazır ki, «IMC-TV»nin bağlanması barədə göstəriş keçən həftədən verilib. Hakimiyyət kanalın yayımının təhlükəsizlik məqsədilə dayandırıldığını, kanalın «terrorçu təbliğatının» qarşısının alınmalı olduğunu bildirib.

«TƏKCƏ KÜRDLƏRDƏN DANIŞMIRDIQ»

«IMC-TV»nin jurnalisti Banu Güven «Al Jazeera» televiziyasına müsahibəsində deyib ki, televiziya Türkiyənin həssas problemlərinə toxunduğu üçün bağlanıb:

«Biz kürdlərdən danışırdıq, çünki bu, Türkiyənin ən böyük problemlərindən biridir... Amma «IMC-TV» təkcə kürdlərin məsələlərinə toxunmurdu, biz insan, qadın haqları, ölkədəki digər azlıqların hüquqları, cəmiyyətdəki qadağalar barədə materiallar hazırlayırdıq».

Türkiyədə fövqəladə vəziyyət rəsmilərə parlamentsiz qərarlar verməyə, o cümlədən «milli təhlükəsizliyə xələl gətirə biləcək» mətbuat orqanlarını bağlamağa imkan verir. Ötən bir həftə ərzində Türkiyədə 20-dən çox televiziya, radio yayımını dayandırmalı olub.

«Fövqəladə vəziyyətdə Türkiyədə heç bir qanun işləmir, ona görə də bu cür qanunsuz ittihamlara qarşı istifadə edə biləcəyimiz alət yoxdur», -Banu Güven «Al Jazeera»yə müsahibəsində belə deyib.

Buna da bax-Türkiyədə kürdlərlə gərginlik artır

Türk hökumətinin qərarı ilə ölkədə fövqəladə vəziyyət oktyabrın 19-dan başlayaraq daha 3 aylığına uzadılıb. Çevriliş cəhdindən sonra – iyulun 20-də elan olunan fövqəladə vəziyyət oktyabrın 18-i bitirdi.

«DÖZƏ BİLMƏRİK»

Hakim AKP-dən olan parlament üzvü Talip Küçükcan-ın sözlərinə görə, Türkiyə çətin dönəmdən keçir, fövqəladə vəziyyətdə görülən tədbirlər durumu normallaşdırmaqdan ötrü vacibdir: «Türkiyə çevriliş cəhdindən sonrakı problemlərlə, İŞİD və PKK silahlı qruplaşmalarının terror hücumlarıyla üz-üzədir. Qısa müddətə 500 əsgərini və yüzlərlə vətəndaşını itirən ölkə bu cinayətləri törədənləri tərifləyən şəxslərə, təşkilatlara, ya da mətbuat orqanlarına dözə bilməz».

Talib Küçükcan Fransada da fövqəladə vəziyyətin elan olunduğunu xatırladıb: «Fransanın terror nəticəsində üzləşdiyi itki Türkiyəninki ilə müqayisə olunası deyil, amma iki terror hücumundan sonra orda da fövqəladə vəziyyət elan olunub».

GÜLEN SIĞINACAQ İSTƏYƏ BİLƏR?

Türk hökuməti çevriliş cəhdinin arxasında Amerikaya sığınmış ilahiyyatçı Fethullah Gülen-in dayandığını bildirir. Hazırda Birləşmiş Ştatlarla Gülen-in ekstradisiyasıyla bağlı danışıqlar aparılır. Ankara Gülen-in təhvil verilənə qədər də Amerikada həbsdə saxlanmasını tələb edir. Türkiyənin ədliyyə naziri Bekir Bozdağ jurnalistlərlə söhbətində söyləyib ki, kəşfiyyat Gülen-in hazırda başqa sığınacaq axtardığını xəbər verib. Onun Belçika, Braziliya, ya da Kanadadan sığınacaq istəyəcəyi ehtimal olunur.

Türkiyədə fövqəladə vəziyyət elan olunandan bəri 100 minə qədər adam – ədliyyə, polis işçisi, hərbçilər, müəllim və həkimlər Gülen-lə əlaqədə günahlandırılaraq işdən qovulub, 32 min adam həbsdədir.

«Reuters» yazır ki, Erdoğan-ın təhlükəsizlik tədbirləri onun şəxsi hakimiyyətini gücləndirə bilər, amma bu tədbirlər iqtisadi fəsadlar da törədir. Türk lirəsi günü-gündən zəifləməkdədir. Baş nazir Binali Yıldırım 2016-cı ilin iqtisadi artımının 3.2% olduğunu deyib. Halbuki artımın 4.5%olacağı proqnozlaşdırılırdı. İllik inflyasiyanın 7.5%-ə çatacağı gözlənir.

XS
SM
MD
LG