Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:29

Türkiyədə kürdlərlə gərginlik artır


Türkiyə polisi Diyarbəkirdə müəllimi saxlayır – 9 sentyabr 2016
Türkiyə polisi Diyarbəkirdə müəllimi saxlayır – 9 sentyabr 2016

Türkiyədə çevriliş cəhdindən sonrakı təmizləmə əməliyyatı kürdlərlə gərginliyin artmasına səbəb olub. Hər halda, sülh danışıqlarına cəhd görünmür. «The Wall Street Journal» belə yazır.

Türkiyənin Təhsil Nazirliyi sentyabr ayı ərzində 11 min 285 müəllimi kürd separatçılarını dəstəkləməkdə günahlandıraraq işdən çıxarıb. 24 seçilmiş bələdiyyə rəisi də Kürd Fəhlə Partiyasına (PKK) yardımda ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb. Prezident Recep Tayyip Erdoğan bunların kürd terror qruplarına qarşı əməliyyatın bir hissəsi olduğunu deyib. Amma həm Qərbdəki müttəfiqləri, həm də Türkiyənin daxilindəkilər bu siyasətin etnik münaqişəni qızışdıracağından narahatdırlar.

VƏTƏNDAŞ MÜHARİBƏSİ HƏDƏSİ

«The Wall Street Journal» yazır ki, iyulun 15-də Türkiyədə çevriliş cəhdindən sonra kürd mənşəli deputatlar digərləriylə həmrəyliklərini bildirmiş, demokratiyanı müdafiə qətnaməsinin qəbulu zamanı parlamentin növbədənkənar iclasına qatılmışdılar: «Amma Erdoğan müxalif partiyalarla münasibətlərini yaxşılaşdırdığı halda, kürdlərə məhəl qoymadı, sülh danışıqlarını isə rədd etdi».

Qəzet müxalifətdən olan deputatların prezidenti təhqir etməkdə günahlandırılaraq məhkəməyə çəkildiyi halda, Xalqların Demokratik Partiyasından (HDP) deputatların terror ittihamlarıyla üzləşdiyini vurğulayır. Baş nazir Binali Yıldırım bu yaxında HDP-nin PKK ilə əməkdaşlıq etdiyini deyib. Amma HDP ittihamları rədd edir, kürd silahlılarının hücumlarını dəfələrlə pislədiyini bildirir. Partiyanın həmsədri Figen Yüksekdağ isə HDP-nin təqibinin vətəndaş müharibəsinə səbəb ola biləcəyini deyib.

İstanbulda kürdlərin Novruz şənliyi - 2013
İstanbulda kürdlərin Novruz şənliyi - 2013

«HÖKUMƏT BİLƏRƏKDƏN GƏRGİNLİYİ ARTIRIR»

«The Wall Street Journal» yazır ki, 2 il davam edən atəşkəs 2015-ci ildə pozuldu və o vaxtdan bu yana Türkiyədə kürd silahlılar ilə toqquşmalarda ölənlərin sayı 2 mini keçib. Ölkənin cənub-şərqində – kürdlər yaşayan bölgələrdə hücumlar və terror əleyhinə əməliyyatlar 350 minədək adamı evindən-eşiyindən didərgin salıb.

Kürd mənşəli siyasətçilər və Diyarbəkir (kürdlərin yaşadığı bölgənin mərkəzi) sakinləri hesab edirlər ki, hökumət gərginliyi bilərəkdən artırır. Bəzilərinin fikrincə, Erdoğan 1999-cu ildən həbsdə olan PKK lideri Abdullah Öcalan-la danışıqlara gedərsə, münaqişəyə son qoya bilər. Sentyabrda son iki ildə ilk dəfə olaraq Öcalan-ın ailəsiylə görüşünə icazə verilib. Görüşdən sonra qardaşı Öcalan adından ismarış göndərərək, hökuməti sülh danışıqlarının bərpasına çağırıb. Hökumət danışıqlara cavab verməyib. Sadəcə, sentyabrda Diyarbəkirə səfəri zamanı Binali Yıldırım sülh danışıqlarının bərpası ehtimalını rədd edib.

DANIŞIQLAR KİMİNLƏ APARILACAQ?

«The Wall Street Journal» yazır ki, Recep Tayyip Erdoğan baş nazir olanda, HDP-dən kürdlərlə atəşkəs danışıqlarında vasitəçi kimi istifadə edirdi. Hazırda HDP Erdoğan-ın ofisi ilə rəsmi kontaktı olmadığını bildirir.

Müəllifin fikrincə, Türkiyənin Suriyada «İslam Dövləti» qruplaşmasıyla (İŞİD) mübarizəsi, kürdlərin qarşısını almağa çalışması da vəziyyəti qarışdırır. Türkiyə Suriyadakı kürdlərin PKK ilə birləşərək qiyama səbəb ola biləcəyindən narahatdır.

Əslində, «Suriyada baş verənləri nəzərə almadan nə Türkiyə, nə də PKK-nın addım atması mümkündür», - bunu İstanbulda Sabancı Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Fuat Keyman deyib. O bildirib ki, hökumət danışıqlar barədə fikrini dəyişsə belə, kiminlə danışacağı sual altındadır.

XS
SM
MD
LG