Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:23

"Prezident hətta deyib ki, belə kateqoriya adamlara toxunmayın"


Sahibkarlıq hüququ olmayan fiziki şəxslərin hesabına büdcəyə ödənişlər artırılacaq. «Turan» xəbər verir ki, bunu vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib. Nazir müavini deyib ki, bu siyahıya özəl təmirçilər, dayələr, bərbərlər, hətta ev qulluqçuları da daxil ediləcək.«Yeni mexanizm əsasında onlar muzdlu kimi qeydiyyata alınacaq, patent veriləcək», - nazir müavini bildirib.

Başqa sözlə, qulluqçular, dayələr və s. vergiyə cəlb olunacaq.

Sual yaranır ki, əvvəla, bu adamlar indiyə kimi niyə vergi vermirdilər? Demək asandır, hökumət indi bunu edə biləcəkmi?

Ya bəlkə, indi ağır durumda belə xırda qazancı olanları, özləri-özlərini işlə təmin edənləri əksinə, vergidən azad etmək daha düzgün olardı?

“HƏMİN ŞƏXSLƏRİN GƏLİRİNƏ İNZİBATÇILIQ ÇƏTİNDİR”

Hüquqşünas Əkrəm Həsənov deyir ki, repetitorluq, ev təmiri və digər fərdi fəaliyyətlə məşğul olan şəxslər qanunvericiliyə görə bu günə qədər də vergi ödəməli idilər.

“Ümumən həmin şəxslər indiyə qədər də vergidən azad deyildilər. Çünki Azərbaycan qanunvericiliyinə görə gəliri olan hər bir şəxs gəlirindən vergi verməlidir.

Sadəcə həmin şəxslərin gəlirinə inzibatçılıq çətindir. Onların göstərdiyi bu fəaliyyətə dövlət nəzarətini həyata keçirmək çox çətindir. Buna görə də onlar vergini ödəmirdilər. Bununla da qanunu pozurdular. Dövlət orqanı da onları buna görə təqib etmirdi. Çünki onların gəlir götürdüyünü sübut etmək çətindir.

İndi dövlət belə bir sistem həyata keçirməlidir ki, əgər bu fəaliyyəti göstərirlərsə, onlar qeydiyyata dursunlar. Sadəcə bu fəaliyyətlə məşğul olmaları üzə çıxsa hətta dövlət artıq müəyyən etməyəcək ki, sənin orda gəlirin olub ya olmayıb. Qanunsuz fəaliyyət göstərməyə görə cəzalandıracaqlar...”(Ətraflı audioda...)

Əkrəm Həsənov: "həmin şəxslər indiyə qədər də vergidən azad deyildilər"
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00


“HƏMİN ŞƏXSLƏR ÜÇÜN İLLİK VERGİ MÜƏYYƏNLƏŞSİN”

İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə həmin şəxslər məlumatsız olduqları üçün vergi ödəmirlər. Vüqar Bayramov deyir ki, yaxşı olar ki, həmin şəxslər üçün simvolik vergilər tətbiq olunsun.

Vüqar Bayramov
Vüqar Bayramov

“Bizim apardığımız monitorinqlər göstərir ki, həmin şəxslərin vergi ödəməməsi və vergidən yayınmasının səbəbi heç də vergidən yayınmaq istəyi ilə bağlı deyil. Buna səbəb həmin şəxslərin məhz vergi ödəməklə bağlı və vergi ödəyicisi olması ilə bağlı məlumatsızlığı ilə əlaqədardır.

Əmək fəaliyyəti ilə məşğul olan çoxları vergi ödəyicisi olması, vergi öhdəliyi ilə bağlı məlumatı olmur. Eyni zamanda prosedurlarla bağlı məlumatsızdırlar. Həmin fəaliyyəti həyata keçirsələr belə, vergi biliklərinin aşağı olması səbəbindən qeydiyyata durmurlar, vergi ödəyicisi olmurlar. Fərqli ölkələrdə, fərqli praktikalar tətbiq edilir.

Biz təklif edirik ki, həmin şəxslər üçün simvolik vergilər tətbiq olunsun. Bir tərəfdən onların vergiyə cəlb edilməsi yaxşıdır, digər tərəfdən də vergi elə olmalıdır ki, onların gəlirlərini kəskin azaltmamalıdır. Bu da stimullaşdırmalıdır ki, vergi ödənişi həyata keçirilsin. O baxımdan daha məqsədəuyğundur ki, bu xidmətləri göstərən şəxslər üçün illik olaraq konkret vergi müəyyənləşsin...”(Ətraflı audioda...)

Vüqar Bayramov: "illik və simvolik vergi qoyulsun"
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00
Direct-ə keçid

“BU KATEQORİYADAN OLAN İNSANLARIN SAYI ÇOXDUR”

Digər iqtisadçı Oqtay Haqverdiyev isə həmin şəxslər nə iləsə məşğul olmadan yaşaya bilməzlər və onların gəliri olduqca azdır. Həm də onlar işssiz hesab olunurlar.

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

​“Azərbaycanda gizli məşğulluq da var. Yəni onlar guya ki, məşğul deyillər, amma kölgə iqtisadiyyatının özündə onlar müəyyən dərəcədə ümumdaxili məhsulun artırılmasında iştirak edirlər. Amma onlar statistikanın uçotuna düşə bilmirlər. Gizlədirlər, vergilərdən azad olurlar. Prezident hətta deyib ki, belə kateqoriya adamlara toxunmayın. Özləri özlərini idarə edirlər, vergiyə-zada cəlb etməyin.

Axtarırlar, hansısa fəaliyyətlə məşğul olurlar. Əslində, qeyri-qanuni də deyil. Bizim qanunvericilikdə fəaliyyətin özü var. Amma o fəaliyyəti gizlətmə məsələsi var.

Bu kateqoriyadan olan insanlar o qədər də zəngin deyillər ki, bu işlərlə məşğul olmadan yaşaya bilsinlər. Sadəcə gəliri o qədər aşağıdır ki, o çalışır bir növ gözə görünməsin. Bu kateqoriyadan olan insanların sayı çoxdur. Gizli də olsa məşğuldurlar.

Ekspertlər düz hesab edir ki, bunlar məşğul olmalarına baxmayaraq, işsizdirlər. İndi onu cəzalandırmaq, cərimə etməyin nə xeyri var? Heç olmasa nəsə iş görür....”(Ətraflı audioda...)

Oqtay Haqverdiyev:"Prezident hətta deyib ki, belə kateqoriya adamlara toxunmayın"
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG