«Moskvada bir araya gələn ATƏT-in Minsk Qrupu həmsədrlərinin nazir Sergey Lavrov ilə görüşü bir saat davam edib. Görüş zamanı nizamlanmanın müxtəlif variantları, bu prosesin irəliləməsi yolları müzakirə olunub. Rusiyalı nazir «təmas nöqtəsinin tapılması» məqsədi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyünə toxunub».
«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, bunları Moskva görüşü barədə danışarkən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
«Biz prezidentlərin yeni görüşünü istəyirik, ancaq, hələlik, görüşün vaxtı və məkanı məlum deyil», - Uorlik qeyd edib.
Buna da bax: Ceyms Uorlik: “Atəş dayandırılmalıdır”
Ceyms Uorlik: ‘Prezidentlər iki həftə sonra görüşə bilər’
O, bunun iki həftədən sonra BMT Baş Assambleyasının sessiyasında ola biləcəyini də istisna etməyib. «Ümid etmək istərdim ki, orada iki prezidentin görüşü də olacaq», - o bildirib.
Nizamlanmaya dair təkliflərin mahiyyəti barədə sualın cavabında Uorlik deyib ki, yeni heç nə yoxdur.
«Nizamlanma Dağlıq Qarabağın statusunun müqabilində ərazilərin bir hissəsinin Azərbaycanın nəzarətinə qaytarılmasını nəzərdə tutur. Bundan əlavə, bu, qaçqınların qayıtması, beynəlxalq sülhməramlı qüvvələrin iştirakıdır. Bütün bu elementlər dinc nizamlanmanın şərtləridir və bunlar hamıya məlumdur. Biz bu şərtləri birləşdirmək və dinc nizamlanmaya nail olmaq üçün tərəflərlə işləməliyik», - o vurğulayıb.
Uorlik qeyd edib ki, Qarabağ məsələsilə bağlı Rusiya və ABŞ arasında ziddiyyət yoxdur. O, münaqişədə «dondurulmuş» vəziyyətin kiməsə sərfəli olması barədə fikirlə razı olmadığını bildirib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 8-də Rusiya paytaxtı Moskvada görüşərək Qarabağ münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr keçirmişdilər.
Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak etmişdi.
Buna da bax: Prezidentin son çıxışında Qarabağla bağlı məqamlar
Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü isə bu il iyunun 20-də Sankt-Peterburqda olub. Həmin görüş də Rusiya prezidenti Vladimir Putinin bilavasitə iştirakı ilə gerçəkləşmişdi.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Separatçı Dağlıq Qarabağ və Ermənistan qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, bu bölgə ətrafında yerləşən daha 7 rayonu işğal ediblər.
Bu müharibədə hər iki tərəfdən ümumilikdə 30 minədək adamın öldüyü bildirilir.