Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:24

Aleksandr Qrin. Od və su (hekayə)


Rus yazıçısı Aleksandr Qrin.
Rus yazıçısı Aleksandr Qrin.

-

"Yuxular çox vaxt aydın olur, bunu bilirsiniz. Əlbəttə, bu mənim arvadım deyil. Onda gərək bunun yanında uşaqlar da olaydı. Mən indi sakitləşmişəm; düşünürəm ki, çox keçmədən bu yuxudan ayılaram".

Aleksandr Qrin

OD VƏ SU

Rus dilindən Araz Gündüz çevirib

I

Leon Ştrix vilayətin diktatoruna qarşı çoxdan başladığı müxalifətçiliyin uğurlu sonluqla bitəcəyi ümidi ilə, sərhədin yaxınlığında, ancaq diktatorun əlinin ona çatmayacağı bir məntəqədə yerləşmişdi. İndi o ailəsinin yaşadığı evinin otuz kilometrliyində yaşayırdı. Tanınmış və əlində səlahiyyət olan adamlar Ştrixin vətənə qayıda bilməsi üçün hakimiyyət dairələrinin razılığını almağa çalışırdılar. Bu çox çətin və çoxları üçün ağır yükə çevrilmiş məsələ addım-addım irəli gedirdi və artıq onun uğurlu bir sonluqla bitəcəyinə inanmaq olardı. Ailəsinə tükənməz bir sevgi ilə bağlı olan Ştrixin öz dözülməz və ağır əzablarını ovutmaq üçün indilikdə yalnız bir əlacı qalmışdı: nə vaxt ətrafdakı bataqlıqların üzərindən duman çəkilib hava açılırdısa, onda o Dəmir Paz adlanan təpənin üstünə qalxır, körfəzin üzərindən görünən uzaq və doğma Zurbaqanın dumanlı qaraltısına gözünü dikib, saatlarla baxırdı.

Şəhərin konturuna diqqət yetirib xəyalən öz evinin harada yerləşdiyini tapandan sonra, Ştrix təxəyyülünün gücü ilə evinin mərtəbələrini gəzib dolanar, uşaqları və arvadı ilə birlikdə olar, sonra ürəyini isidən bu təmasdan az da olsa rahatlanıb kəndin qırağında, Dəmir Paz təpəsinin ətəyində və dənizin iki addımlığında olan, daldalandığı balaca balıqçı komasına qayıdardı.

Bir il olardı ki, o öz doğma şəhərinin yaxınlığını duya bildiyi bu kənddə yaşayırdı. Arvadı ilə uşaqları ona tez-tez məktub yazırdılar. Aldığı məktubu açar, fikri heç yerə dağılmasın deyə otağın pərdələrini salar və məktubu yorulub üzülənə kimi dönə-dönə oxuyardı, bununla da o, məktubdakı ifadələri və sətirlərarası əlaqələri araşdırmaqla məktub yazanların o anlarda hansı duyğuları yaşadıqlarını müəyyən etməyə çalışardı. Bəzən dayanıb ayrı-ayrı hərflərə diqqət yetirib düşünər, onların tələsik, yoxsa səylə yazılması üzərində baş sındırardı; vergül və nöqtələri də beləcə araşdırar, bunu ən çox arvadından aldığı məktublarla eləyərdi. Məktub yığcam yazılanda o, yazının ortasında dayanıb düşünərdi: “Yazmağa söz tapmayıb, görünür, bərk darıxır”, – sonra isə xəyalında arvadının bu, kədərli halını göz önünə gətirər və ürəyi sıxılardı. Ancaq bəzən arvadı ona kiçik hərflərlə yazılmış geniş məktub göndərərdi, sözü çox olduğundan, sətirlərin arasını, kağızın yan tərəflərini də yazıb doldurardı və onda Ştrix sevindiyindən özünə yer tapa bilməzdi. Arvadının iyirmi dörd, oğlunun səkkiz, qızının beş yaşı vardı. İndi o yalnız ailəsinin fikri ilə yaşayırdı və bu məşğuliyyətinə elə bərk bağlanmışdı ki, yatmağa sərf etdiyi vaxtda öz doğmaları barədə düşünə bilmədiyinə görə təəsüflənirdi; çox vaxt, bərk dalğınlığa qapılan çağlarında, özünü unudub ailəsinin gözünün önündə deyil, öz yanında olduğunu təsəvvür eləyər və onlarla danışmağa başlardı. Bəzən də, siyasətə qoşulduğuna görə özünü söyərdi və bunu elə qızğınlıqla eləyərdi ki, çox güman, heç rəqibləri də onu belə bir qəzəblə söyə bilməzdilər. Kənddə yaşayan balıqçılar tədricən ondan kənar gəzməyə başlamışdılar. O suallara könülsüz cavab verər, onlar nədənsə şikayətlənəndə isə gülümsəyərdi; kimsə onunla sevincini bölüşəndə isə, üz-gözünü qırışırardı; çox vaxt, danışılan mövzuya aid olmayan sözlər deyər, sonra da sözünü yarımçıq kəsib sağollaşardı.

Buna da bax: "A.Platonov. İş burasında idi... (hekayə)"

O heç bir iş görmədən yaşayır, bütün günü sahil qayalqılarında, günəşli və küləkli havada gəzişir, adamlardan qaçır, onlarla qarşılaşanda isə, öz iradəsinin ziddinə olaraq yad adamların maraqları, əzabları, ümidləri, yalanları ilə tanış olması onda ağrılı bir həsəd duyğusu yaradırdı.

Yaşadığı evin yiyəsi olan dəmirçi də qaradinməz bir adam olduğundan, həm də ancaq ikilikdə içməyi və tütün çəkməyi sevdiyindən, Ştrixin dözüb ünsiyyət yarada bildiyi yeganə adam o idi.

Dəmirçi evə gecə qayıdıb gələrdi. Ştrix stolun üstünə çaxır butulkası və papiros qoyub özününkülərdən danışmağa başalayardı. ...Onun oğlu və qızı var. Bəzən əzabla düşünür ki, onlardan hansınısa o birindən çox istəyir, ancaq bunun hansı olduğunu aydınlaşdıra bilmir. Oğlunun adı özününkü kimi Leondur, ancaq onu “Avara” ayaması ilə də çağırırlar. Dörd yaşından oxumağa başlamışdı. Çox yaxşı kiçik qayıqlar düzəldə bilir və musiqini çox sevir. Qızına arvadının adını veriblər: Zella, ancaq onun da ayaması var: “Mumu”. Qızcığaz balaca olanda dodağını büzüb anasını çağıranda “mama” əvəzinə “mumu” deyərdi, elə buna görə də ona “Mumu” ayaması vermişdilər. İkisi də qarasaçlı, çox tərbiyəli uşaqlardır. Bərk dəcəldirlər. Hər ikisi çox gözəldir. Hayıf ki, dəmirçi onları görməyib. Mumu həyətlərindəki qurdbasan itin belinə minib gəzməyi çox sevir. Bir dəfə balaca vaxtı o barmağını boş dərman şüşəsinə salıb çıxara bilməmişdi (onda qızcığazın üç yaşı vardı), ancaq sonra başını işlətmiş, dərman şüşəsini sındırıb barmağnı çıxara bilmişdi, özü də bu vaxt əlini kəsməmişdi.

Dəmirçi onun danışığına səbirlə qulaq asar, başını yırğalayıb, iri qaşlarını oynadardı. Bu vaxt onun göz qapaqları da qırpılardı. O həmişə, özü üçün tökülmüş çaxırı tələsmədən içər, dodaqlarını əli ilə silər, qonaqlıq üçün təşəkkür eləyər, sonra papirosunu tüstülədər, üstünə dağılan külü çırpmadan çıxıb gedərdi. Öz danışığından həyəcanlanmış Ştrix yalqız qalandan sonra da, xeyli müddət otaqda var-gəl eləyərdi. Gəzindikcə, aradabir, divardakı güzgüdə darıxmaqdan solmuş üzünə və parıldayan gərgin gözlərinə diqqət yetirərdi. Nəhayət, otağı bürümüş mavi duman onu halsızlaşdırar və dartıb yatağa salardı.

Hər səhər başında eyni fikirləri dolandırar, əsəbi və qüssəli bir gərginlik içində oturub arvadına uzun məktublar yazardı, yazısında öz doğmaları haqqında bitib-tükənmək bilməyən mehriban sözlər yazar, xüsusilə arvadına ən mərhəm sözlərini çatdırmğa çalışardı, bütün bu ürəyiaçıqlıq, nə baş verirsə-versin özünü əxlaqca korlanmaqdan qoruya bilən bir fərdin, sevdiyi insana heyranlığından doğan duyğuların izharı idi. Məktubun sonunda uşaqlara yönəlik uzun müraciət olardı. Özünün ovqatından, arzularından, planlarından, ümidlərindən yazar, yaşadığı yerin mənzərəsini, gəzintilərini, balıqqulaqlarını, ağacları, günün batmasını, dənizin küləkdən necə çalxalanmasını təsvir eləyər, bezginlik içində keçən gününü bütün detallarına kimi danışar, məsləhətlər verər, oradakı işinin nə yerdə olduğunu soruşardı; sonra uşaqlarından, bu və ya başqa kitabları oxumağı xahiş eləyərdi. Daha sonra o, xatırlatdığımız təpəliyə gəzməyə çıxar, doğma şəhəri Zurbaqanı çox uzaqdan da olsa seyr edərdi.

Bu vaxt artıq dostları da onun yanına gəlib-getməyə başlamışdılar – onların danışığı getdikcə daha aydın şəkil alırdı – belə çıxırdı ki, onun işində yaxşılığa doğru dönüş yaranmışdır. Daha iki-üç nəfərlə görüşmək və bəzi formal işləri yerinə yetirmək qalırdı (bir nəfərlə danışıb onun vasitəsi ilə bir başqasına rüşvət vermək lazım idi). Ştrix artıq, azad olacağı vaxtın yaxınlaşdığını duyurdu. O indi daha az yatır, təpənin başında daha çox dayanır, bəzən yerli adamlarla da danışır, onları tütünə qonaq eləyirdi. Onu basıb əzən böyük bir yük yerindən tərpənib sürüşmüş, onun uzaq küncündən hansısa bir işıq süzülməyə başlamışdı.

II

Bazar günü, səhər saat dördə işləmiş Ştrix gözlənilmədən, anlaşılmaz bir həyəcan içində yuxudan ayıldı. Həyəcanı elə güclü idi ki, Ştrix əsən əlləri ilə yandırdığı kibrit çöpünü uzun müddət şamın fitilinə toxundura bilmədi. Güclə özünü toplayıb şalvarını və jiletini geyindi. Gündüz yağan yağışın yaratdığı gölməçələrə düşüb şappıldayan at ayaqlarının səsi eşidilirdi. Səs getdikcə yaxınlaşırdı; at nalları onun pəncərəsinin qarşısındakı daş yola çırpılıb səsləndi və bir an sonra kəsildi. Ştrix gözləməyə başladı.

Buna da bax: "Aleksandr Qrin. Üçüncü mərtəbə (hekayə)"

Həyət qapısının arxasından səslər eşidilməyə başladı; onlardan biri, qapının cəftəsini açan dəmirçinin səsi idi, ikincisi də, ona çox tanış gələn bir kişi səsi idi. Birazdan onun qapısını üç dəfə ucadan döydülər və o qışqırdı:

–Hə, hə, mən buradayam; gəlin, nə olub belə?

Ştrixin dostu, müəllim Mort təngnəfəs içəri girdi. Onlar bir ildən çox idi ki, görüşməmişdilər. Mortun üstü-başı palçığa bulaşmışdı, rəngi solğun, hərəkətləri qəribə idi; onun üzündəki dözülməz dərəcədə qüssəli ifadəni görən Ştrixin nəfəsi darıxmağa başladı. Baxışlarından anlaşılmaz bir sirlilik yağan Mort qapının ağzında dayanıb dostuna baxırdı. Ştrix yumruqlarını düyünləyib, salamlaşmadan ona yaxınlaşdı, ürəyinə dammışdı ki, bu görüşün arxasında qorxunc bir sarsıntı gizlənir.

–Mən məzuniyyət və at götürüb, təcili sənin yanına çapmışam. – Mort tələsik danışıb ürəyini boşaltmağa çalışdı, ancaq Ştrix yaxınlaşıb əli ilə onun boğazından yapışanda bir anlıq duruxdu: – Yoxsa, sən bilirsən? Ürəyinə damıb? Mən sənin gecikmədən Zurbaqana gəlməyinə icazə vermələrini xahiş elədim, yalvardım, ancaq bu heyvanlar tərsliyə salıb qoymadılar... Teleqram vursaydım, bu səni öldürərdi. Boynuma alıram ki, mən uzaqdan başlamaq istəyirdim, ancaq görürəm sən dəhşət içindəsən, ona görə də sözümü birbaşa deyirəm. Qulaq as, odeyalı götür, dişlərinin arasında bərk-bərk sıx, ya da, bu dəqiqə bacardıqca çoxlu araq içib beynini keyləşdir. Sənin evin yandı, Ştrix; yanğın birinci mərtəbədən başlayıb, ev taxtadan olduğundan tez bir zamanda alov hər yanı bürüyüb, uşaqların... Başa düşürsən? Arvadın xəstəxanadadır; bir sutka olmaz heç...

O danışıb qurtaranda Ştrix bütün gücünü toplayıb özünü qapıya atdı, Mort onun qarşısını kəsib var gücü ilə saxlamağa çalışırdı; Mort nə isə qışqırıb onu dayandırmaq istəyirdi, ancaq Ştrix onu başa düşəcək halda deyildi. Dostu şiddətlə ağlayır, Ştrixin əllərindən tutub saxlamağa çalışır, onu yola gətirib sakitləşdərəcək bir söz axtarırdı. Ancaq belə bir söz ola bilməzdi.

Ştrix yumruğu ilə Mortun qapını tutub saxlayan əlini vurub aşağı saldı və qapıdan çıxıb özünü qaranlığın içinə atdı. Mort otağa girəndə o, başı açıq və ayaqyalın idi, bayıra da elə bu görkəmdə qaçmışdı. Torpağın üzərinə çökmüş yağışqarışıq qaranlıq hava özünün boğucu-rütubətli nəfəsi ilə küləyə dönüb onun üzünə çırpılırdı. Evin yanından burulan Ştrix bir lunatik dəqiqliyi ilə, düzxətt boyunca Zurbaqandakı evinin xarabalığına sarı götürüldü, onun bu hərəkətini aerostatdan buraxılan göyərçinin o dəqiqə daş kimi başıaşağı düşərək lazım olan səmtə yönəlməsinə bənzətmək olardı.

Ştrix yarımadanı keçib gedirdi. Ətrafında baş verənlər onun şüuruna yarımçıq şəkildə çatırdı. Tikanlı kolluqlar, yarğanlar, qaranit qayaların ətəyindən keçən: bir yerlərdə yağışın yuyub təmizlədiyi, başqa yerlərdə qumla örtülü yolların keçdiyi ərazi çox kələ-kötür idi – o buranı çox tez, yuxuda olduğu kimi, çox asanlıqla ötüb keçdi. Büdrəyir, yıxılır, qalxır, heç nə anlamadan və duymadan, ancaq irəliyə can atırdı. Onun hərəkətlərini məqamlara bölüb baxanda, sanki quduz bir sürətlə gedən karetanın içindəki adamın aramsız silkələnməsinə bənzətmək olardı. Ağlagəlməz dərəcədə güclü olan sarsıntı onu ani ölümün sərhəddinə gətirib çıxarmışdı. Əsəb burulğanına düşmüş Ştrix çaşmadan getdiyi yolda, nə qana bələnmiş yalın ayaqlarının ağrısını, nə yorğunluğunu, nə də təngnəfəsliyini duyurdu. Yalnız bunu anlayırdı ki, özünün də bilmədiyi bir yolla gedib, bir neçə qorxunc məqamı adlayandan sonra, lazım olduğu, vaxtında çata bilmədiyi və ola bilsin, nəyisə hələ də yoluna qoymağı bacaracağı bir yerdə olacaqdır.

Ətraf qatı qaranlıq içində idi; ancaq yaxınlığında dolaşan, onunla yanaşı gedən obrazların parıltısı üz-gözünün yaxınlığında süzür, beyninin gərginliyindən yaranan bu işıq ətrafını aydınladırdı, bütün bunlar necəsə, fosforlu tüstü ilə dolub üzərində əcayib konturlu buludlar toplaşan işıqlı çökəklərə bənzəyirdi. Ştrix tüstünün içinə düşdüyünü hiss eləyirdi. Tüstünün boğucu havasını duyur, alov dillərinin sürüşərək onu öz içinə aldığını görürdü. Alovun işıqlandırdığı pəncərələr uzaqdan görünüb, sonra yox olurdular. Ştrix aradabir, nəfəsini dərib ucadan deyirdi:

–Hə, onlar boğulublar!..

Oğlu ilə qızı, dayanmadan gözünə görünür, sonra tüstünün içində yox olurdular; onlar gah, yumruqları ilə tüstüdən acışan gözlərini ovuşdurub ona sarı qaçırdılar, gah da qaranlığın sirli bir bucağında yoxa çıxır, oradan onların boğuq qışqırıqları eşidilirdi; ya da onların döşəmədə uzanıb hər tərəfi bürümüş qatı tüstünün içərisində çabaladıqları gözünün önünə gəlirdi. Bəzən də arvadının huşunu itirib araxaya əyilmiş başı, od tutmuş saçları gözləri önündə canlanırdı və bu mənzərə o qədər yaxınlaşırdı ki, o, əlini uzadıb arvadını xilas eləməyə çalışır və bu vaxt, güllə yarası almış adam kimi qışqırırdı.

–Bax belə, – o bərkdən danışır və baş verənləri anlamağa çalışırdı, – onlar boğulublar. Ancaq bu birdən-birə olmayıb, uzun çəkib. Mən buna dözə bilməzdim.

Baş verən qorxunc hadisəni bütün aydınlığı ilə təsəvvür elədiyi anlarda, gözü önünə gətirdiyi mənzərə onu elə sarsıdırdı ki, bu məqamda o bütün havanı, yerin btün atmosferini sinəsinə çəkib, sonra öz ağrılarını eşidilməmiş bir acı fəryada çevirmək istəyirdi. Ancaq bunun əvəzində o, dişləri ilə dodağını gəmirib boğuq bir səslə nərildəyir və sürətini daha da artırırdı.

Artıq hava işıqlanırdı; öz gücünü itirən qaranlıq tədricən geri çəkilib uzaqlaşırdı. Yağış da kəsilmişdi. Ştrix sinəsi bərabərində ucalan seyrək dumanın içərisindən boylanıb uzaqdan cılız bir bitkiyə oxşayan ağacın başından ucalmağa başlayan və gözləri önündəki qarabasmaları qovub aparan günəşin solğun işıq saçan bir parçasını görməyə başladı və bu anda ayaqları altındakı düzənliyin qəribə bir görünüşdə olduğunu duydu. Hər yan eyni bir rəngdə idi – ətrafı bürüyən dumanın fonunda, addımladığı düzənliyin solğun-yaşıl, bulanıq şəffaf rəngi və qırışıb açılan səthi var idi. Qalxan xəfif külək Ştrixin qarşısında dayanan dumanı qovub dağıtdı, günəş də nədənsə görünməz oldu və Ştrix yaranmış bu yeni işıqda ayağının altındakı yerin öz yaşıl rəngini dəyişib mavi və göy rəngə çevrildiyini gördü, özü də göz uzağa işlədikcə bu mavilik daha da qatılaşırdı. Görməyə başlayandan sonra, onun şüurunun ətrafı dəyərləndirib nəzarət eləyən hissəsi özünə qayıtmışdı. Üzəri ilə yeridiyi yaşıllıq titrəşir, ayağı altında yırğalanır, üzərində ləpələr yaranırdı; biraz öndə yaranan qırışlar və şırımlar ritmik olaraq biri-birini izləyir, suyun dalğalanmasını xatırladırdı.

–Bu zəlzələdir, – Ştrix bərkdən dedi, bu anda o ümid eləyirdi ki, indicə bu zəlzələ güclənəcək, yerin üstünü altına çevirib, onun özünü də torpağın altına gömərək, bu dözülməz ağrılarına son qoyacaqdır. O yuxuda olduğu kimi, çox yüngüllüklə, cəld və qarşısıalınmaz bir şəkildə sürüşüb getməyə başladı, onun bu hərəkəti dumanın öz çevrəsini böyüdüb, ən uzaq sərhədlərə doğru yayılmasını xatırladırdı. Birdən qəfil qalxan və uzun sürən isti külək, ətrafdakı dumanı tamamilə dağıtdı və səhərin sakitliyində uyuyan körfəz bütün gözəlliyi ilə onun qamaşan gözlərinin qarşısında canlandı. Ştrixin ayağının altında su çalxalanırdı. O təəcüblənmədi və qorxmadı.

–Mən indi yuxuda olduğumu anlamağa başlayıram, – o dilləndi, ancaq bununla Zurbaqanda faciənin baş verməsinə olan inamı zərrəcə də olsa azalmadı. Onun düşüncələrində gerçəkliklə yuxu qoşalaşmışdı və şüurunda yuxugörmə ilə gerçəkliyin beləcə biri-birinə qarışması ona qəribə gəlmirdi.

Gecənin qaranlığını qovan günəşin parlaq şüaları yenidən onun təsəvvüründə amansız bir alovu canlandırmağa başlamışdı. Ştrix baxışlarını kənara dikməklə bu dəhşətli xəyalı dağıtmağa çalışdı. Yüz addım uzaqlıqda bütün yelkənlərini qaldırmış böyük bir yük gəmisi sürətlə üzüb keçirdi; gəminin tüccar ciddiyyəti yağan ağır yüklənmiş korpusu yelkənlərin ağappaq çələngi ilə bəzənmişdi; onların nazik, hava dolmuş cizgiləri göyərtədən başlamış, dor ağacının başına sarı uzanır, sıralanıb uçan ağ quşları xatırladırdı. Matrosların cingiltili səsləri Ştrixin qulağına gəlib çatırdı. O yumruğu ilə köksünü döyəcləyib onları lənətləməyə başladı. Özü hər şeyini itirdiyi halda bu yük gəmisinin belə gümrah bir şəkildə öz məqsədinə doğru üzməsinə, onun sevinc yağan görünüşünə baxmaq onun üçün çox dözülməz idi. Yadına gəlmir, sonra necə oldusa o özünü çiçəklərin, kəpənəklərin və meşənin əhatəsində gördü; günəşin yanakı düşən şüaları altında bitkilərdən tüstülü bir işıq saçılırdı və birdən qarşısında rəngi qaçmış bir adamın anlaşılmaz fiquru canlandı. Bu gömrükçü əsgər idi; əsgər qışqırmadı və yaxınlığından qaçıb keçən adamı dayandırmaq üçün atəş də açmadı – o Ştrixi görmüşdü və bu onun qorxudan donub öz yerində qalması üçün bəs eləmişdi.

Meşəliyin ardında içindən şose yolu keçən geniş düzənlik və dərin bir yarğanın içərisi ilə axan çay göründü – bu artıq Zurbaqanın şəhərətrafı mənzərəsi idi. Ştrix yola çıxıb qaçmağa davam etdi...

III

Səhər saat səkkizdə, şəhər xəstəxanasının palatasına, dartınıb xəstəxana qulluqçularının əlindən çıxmağa çalışan – kirli, qan içində və yarımçılpaq olan bir nəfəri gətirdilər. O yorğunluqdan səntirləyərək çarpayıya yaxınlaşdı. Çarpayıda üstü yorğanla örtülümüş, başı bütünlüklə sarınmış bir qadın uzanmışdı; tənzif sarıqlarının arasından qadının yalnız kipriksiz və şişmiş gözləri görünürdü; can verməkdə olan qadının həyatının sönməkdə olan son qığılcamlarının işığı, hələ də gözlərində parıldamaqda davam eləyirdi; o sakit bir səslə inildəyirdi.

Baxışlarından vəhşi bir sevinc saçılan Ştrix dayanıb sakitcə baxırdı.

–Zella! – o yavaşca qadını səslədi.

Şişmiş göz qapaqlarının güclə sezilən tərpənişi onun çağırışına cavab verdi – bu, şüurun bir anlığına qayıdışı, yoxsa ölümqabağı sayıqlamanın əlaməti idi? – bunu heç kim dəqiqliyi ilə bilmirdi.

–Mən qabaqlar ağır yuxu görəndə vaxtında ayılmağı bacarırdım –Ştrix üzünü həyəcan içində ona baxan həkimə tutub danışmağa başladı. – Yuxular çox vaxt aydın olur, bunu bilirsiniz. Əlbəttə, bu mənim arvadım deyil. Onda gərək bunun yanında uşaqlar da olaydı. Mən indi sakitləşmişəm; düşünürəm ki, çox keçmədən bu yuxudan ayılaram.

Ancaq o yalnız ilyarım sonra, onun kimi, başına gələnlərin reallığına inanmaq istəməyən adamlar üçün olan xəstəxanada yuxudan ayıldı. Onu bu yuxudan ürək iflici ilə baş verən ölümü ayıltmışdı.

Mort sonradan iddia eləyirdi ki, Ştrix, – özünün əyri forması ilə dəstəyi materikə birləşmiş orağa bənzəyən, – yarımadanı, gecə saat dörddən səhər saat səkkizə kimi piyada keçib, şəhərə gəlib çata bilməzdi. Burada yollar o qədər pis və təmirsizdir ki, o özü Ştrixə xəbər aparanda necə tələssə də, atını dayanmadan çapıb, yalnız beş saat yarımdan sonra onun olduğu kəndə çata bilmişdi. Ancaq həkim (elə başqaları da), təkidlə Ştrixin səhər saat səkkizdə xəstəxanaya gəlib çatdığıı deyirdilər. Deyilənə görə, Zurbaqanın saat ustaları öz işlərini heç də pis bacarmırlar. Bizim fikrimizcə, hər bir mübahisədə həqiqətin nədə olduğu mübahisə eləyən tərəflərin istəyindən asılı olmur, yoxsa, onlar qızışıb özlərindən çıxmazdılar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG