Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:14

-

"Bu daha mənlik deyil, allah amanında olsun..."

"Eh, ata, ata! Gör bu yaşında necə danışırsan, hələ müharibədə də olmusan..."

Andrey Platonov

QAYIDIŞ

(Araz Gündüzün tərcüməsi)

Andrey Platonov

Andrey Platonov

Qvardiyaçı kapitan Aleksey Alekseyeviç İvanov, ordudakı qulluğunu bitirib, evinə buraxılmışdı.

Bütün müharibə boyu qulluq elədiyi hərbi hissədə onu dərin təəsüflə – başqa cür ola da bilməzdi – sevgi ilə, sayğı ilə, musiqi ilə, içki ilə yola saldılar. Ən yaxın dostları, tanışları İvanovu dəmiryol vağzalına kimi yola saldılar, sağollaşdılar, sonra onu burada yalqız qoyub getdilər.

İvanovun gözlədiyi qatar isə gecikdikcə kecikir, qatarın gəlməli olduğu deyilən ən sonuncu vaxt da çatanda, bu gecikmələr yenidən başlayır, acı bağırsaq kimi uzanıb gedirdi.

Payız olduğu üçün, axşamüstü hava çox soyudu; dəmiryolu vağzalı müharibə vaxtı dağıldığından gecələməyə bir yer də yox idi, ona görə də İvanov yol keçən maşınlardan birinə oturub yenidən hərbi hissəyə qayıtmalı oldu.

Ertəsi gün İvanovun qulluq yoldaşları onu yenidən yola saldılar; yenə də birlikdə mahnı oxudular, dostluqlarının unudulmaz olacağını bildirmək üçün bərk-bərk qucaqlaşdılar, ancaq bu dəfə yola salanlar gözəçarpacaq qədər az idi, həm də onlar artıq dünənki kimi coşqulu da deyildilər.

İvanov ikinci dəfə vağzala gəldi; burada isə onun gözlədiyi qatarın indiyə kimi də gəlib keçmədiyini dedilər, bu durumda ən yaxşısı, yenidən keçmiş hərbi hissəsinə qayıdıb orada gecələmək olardı. Ancaq üçüncü dəfə yola salınmağa, dostlarını bunun üçün rahatsız etməyə İvanovun üzü gəlmədiyindən o, asfalt perronun üstündə gəzişərək darıxmağa üstünlük verdi.

Vağzalın qatarları qarşılamaq üçün olan meydançasındakı keşikçi köşkündən müharibənin dağıntıları yan keçmişdi. Köşkün yanındakı oturacaqda sırıqlı gödəkcə geyinib, başına qalın yaylıq bağlamış bir qadın oturmuşdu; İvanov bu qadını dünən də, bütün günü bu oturacaqda, yük bağlamalarının yanında oturub qatar gözləyən görmüşdü.

Dünən gecələməyə gedəndə İvanov bu qadını da çağırıb, özü ilə hərbi hissədə gecələməyə aparmaq istəmişdi, düşünmüşdü, qadın burada yalqız qalıb bütün gecəni soyuqdan titrəməkdənsə, qoy tibb bacılarının yanında, isti otaqda gecələsin, burada qalarsa, çox ola bilsin, onu qızınmaq üçün heç keşikçi köşkünə də buraxmasınlar. Ancaq dünən hərbi hissəyə sarı gedən maşın axtaranda, başı qarışdığından, qadını çağırmağı unutmuşdu.

Qadın yenə də dünənki yerində, tərpənmədən oturub qalmışdı. Onun bu dayanıqlığı ilə dözümlüyü, qadın ürəyinə xas olan sədaqətlə dönməzlikdən soraq verirdi – indiki durumda bu duyğular özünü, qadının qayıdıb getdiyi evinə bağlılığında, öz evi üçün daşıyıb apardığı yükləri göz bəbəyi kimi qorumağa çalışmasında üzə çıxmışdı. İvanov qadına yaxınlaşdı, düşündü, ola bilsin, qadın da təklikdən bezibdir, onunla baş-başa verib yalqızlığın daşını atsalar darıxmazlar.

Qadın üzünü ona sarı çevirəndə İvanov onu tanıdı. Bu gənc bir qız idi, ona “hamamçı qızı Maşa” deyərdilər, deyilənə görə bu söz qızın öz ağzından çıxdığından onu belə çağırırdılar, demə, doğrudan da onun anası vaxtilə hamamda işləyirmiş, işinin adı da yuyunmağa gələnlərə dəyişək ağları paylamaq imiş.

Müharibənin gedişində İvanov aradabir bu qızı görərdi, Maşa onda İvanovun ara-sıra getdiyi aerodromların birindəki yeməkxanada günəmuzd aşpaz köməkçisi işləyirdi.

Təbiəti saraldıb solduran payız yan-yörədə olduqca darıxdırıcı, qüssəli bir görüntü yaratmışdı. İvanovla Maşanı buradan aparmalı olan qatar, haradasa çox uzaqlardakı bir boşluğun içində itib batmışdı, gəlib çıxmaq bilmirdi. Belə bir duruma düşən insan ürəyini ancaq başqa bir ürəklə isnişmək ovuda bilərdi.

İvanov Maşa ilə danışmağa başlayan kimi ürəyi açılmağa başladı. Maşanın gözəl üzü, sadə ürəyi var idi, onun işləməkdən kobudlaşmış əlləri ilə iri gövdəsi də gənc qızın yaraşığını pozmurdu.

O da buradan həmişəlik ayrılıb öz evinə qayıdırdı, buçağacan işlədiyi hərbi hissəyə çox bərk bağlandığından, bundan sonrakı mülki həyatını necə yaşayacağından baş aça bilmirdi; gənc qız özünün hərbi qulluqda olan rəfiqələrinə alışmışdı, elə onu böyük bacıları kimi sevən, gündəlik şokolad bağışlayan, iri gövdəsinə, uca boyuna, həm də onların hamısına qızırğanmadan göstərdiyi bacılıq sevgisinə görə, qızı “qocaman Maşa” deyə çağıran hərbi təyyarəçilərə də üzü-gözü öyrəşmişdi.

İndi isə artıq çoxdan yadırğadığı doğmalarının yanına qayıtmaq onun üçün qəribə, anlaşılmaz, bir az da qorxunc görünürdü.

İvanovla Maşa ikisi də ordudan ayrılmaqla, elə bil yetim qalmışdılar; ancaq İvanov belə qüssəli-üzüntülü duruma düşməyi heç sevmirdi; belə durumunda ona elə gəlirdi, kimsə uzaqdan onun bu qara gününə baxıb gülür, onun kədərinə sevinir, onu maymaq sayır. Ona görə də İvanov belə bir sıxıntılı duruma düşəndə bundan qurtulmaq üçün tez-tələsik bir yol arayıb tapmağa çalışırdı – özü üçün, əlüstü, sevinc gətirəcək bir məşğuliyyət düşünüb tapır, yazıq kimi görünməkdən canını qurtarmağa çalışırdı.

O, oturacaqda özünü sürüşdürüb, Maşaya qısıldı, sonra isə ondan yanağından öpmək üçün icazə istədi.

–Mən elə-belə, kiçik bir öpüş istəyirəm, – İvanov dedi, – yoxsa bu qatarın gecikməyindən lap ürəyim sıxılır.

–Ancaq elə qatarın gecikməsinə görəmi bunu istəyirsiniz? – Maşa soruşub, diqqətlə İvanovun üzünə baxdı.

Qatar

Qatar

Keçmiş kapitana üzdən otuz beş yaş vermək olardı; onun – küləyin qarsdığı, gün işığının qaraltdığı üzü tünd qəhvəyi rəngə çalırdı; İvanovun Maşaya baxan gözlərindən bir az ciddiyyət, bir az da utancaqlıq yağırdı, o, açıq danışsa da, səsindən nəvaziş və sayğı duyulurdu.

Onun yaşlı kişiyə xas olan batıq və xırıltılı səsi, bir yandan güclü olduğunu gözə çarpdıran, başqa yandan yardıma gərək duyduğu sezilən kobud, qarabuğdayı üzü Maşanın xoşuna gəlmişdi.

İvanov tütün çəkdiyi çubuğun odunu baş barmağı ilə söndürdü, belə görünürdü, bu barmağı artıq öyrəncəli olduğu üçün istini duymurdu, sonra köks ötürüb sual dolu baxışlarını qıza dikdi. Maşa oturacaqda bir az qırağa çəkildi.

Keçmiş kapitanın üst-başından çox güclü tənbəki iyi, qızardılmış çörək iyinə qarışmış içki qoxusu gəlirdi, – bunların hamısı oddan törəyən nəsnələr olduğundan, özləri də insanın ehtirasını alovlandıra bilərdilər. Görünür, İvanov son günlər ara vermədən tütün çəkmiş, yemək-içməyi isə: suxarı, pivə və çaxır olmuşdu.

İvanov bir də xahiş elədi.

–Mən lap yavaşcadan, eləcə üzdən öpəcəyəm, Maşa... Elə bilin, mən sizin əminizəm.

–Təsəvvür eləyirəm... Ancaq nədənsə mənə elə gəlir, siz mənim atamsınız, əmim yox.

–Belə de... Onda icazə versəniz...

–Atalar qızlarını öpəndə icazə istəməzlər, – Maşa bunu deyib, ürəkdən güldü.

Çox sonralar İvanov hər dəfə özlüyündə, heç vaxt unuda bilmədiyi bu anları xatırlayanda, Maşanın saçlarından payız meşəsindən duyulan xəzəl qoxusunun gəldiyini düşünərdi... Dəmir yolundan bir az aralıda İvanov kiçik bir tonqal qalayıb, Maşa ilə özü üçün şam yeməyinə qayğanaq bişirdi.

Gecə qatar gəlib çıxdı, İvanovla Maşanı götürüb doğma yerlərə sarı apardı. İki sutka birlikdə yol getdilər, üçüncü sutkada qatar Maşanın iyirmi il öncə doğulduğu şəhərə gəlib çatdı. Maşa bağlamalarından əlinə yerləşənləri götürüb yerdə qalan kisəni kürəyinə qaldırıb sarımağı İvanovdan xahiş eləyəndə, keçmiş kapitanın öz şəhərinə çatmağa bir sutkadan artıq qalmasına baxmayaraq, o, kisəni də götürüb, Maşanı ardınca vaqondan düşdü.

Maşa İvanovun bu hərəkətindən həm təəccüblənmiş, həm də bir az kövrəlmişdi. O, doğulub boya başa çatdığı, indi isə onun üçün qürbətə çevrilmiş doğma şəhərində yalqız qalmaqdan qorxurdu. Maşanın atası ilə anasını almanlar buradan qovub aparmışdılar, onlar haradasa, çox uzaqlarda ölüb getmişdilər, burada Maşanın ancaq qanının qaynamadığı yaxınları: bir əmsisi qızı, iki xalası qalmışdı.

İvanov dəmiryolu komendantlığına gedib bu şəhərdə müvəqqəti dayanmaq üçün adını yazdıraraq, Maşa ilə qaldı. Əslində ona təcili öz evinə, orada dörd ildir yolunu gözləyən arvadı ilə iki uşağının yanına getmək lazım idi. Ancaq İvanov ailəsi ilə görüşün sevinclə həyacan dolu anlarını yaşamağı bir az sonraya saxlamağı kəsdirdi. O özü də niyə belə elədiyini anlaya bilmirdi, ola bilsin, könlündən hələ bir az da ailə qayğılarından uzaq olaraq gəzib dolanmaq keçirdi.

Maşa İvanovun evli olub-olmadığını bilmirdi, həm də utandığından bu barədə İvanovdan nəsə soruşmurdu. Qız özünə xas ürəyiaçıqlıqla, heç nə düşünmədən, İvanova güvənmişdi.

İki gün sonra İvanov öz doğma yerlərinə sarı yola düşdü. Maşa onu vağzaldan yola saldı. İvanov Maşanı öpüb, bütün qalan ömrü boyunca onu unutmayacağını dedi.

Maşa onun bu sözünü eşidəndə gülümsünüb dedi:

–Məni həmişəlik xatırlamaq nə üçün? Buna gərək yoxdur, onsuz da siz məni gec-tez unudacaqsınız... Mən axı sizdən heç nə ummuram, yaxşısı, məni unudun getsin.

–Əzizim Maşa! Sən buçağacan haralarda idin, niyə mən səninlə çox-çox qabaqlar görüşməmişəm?

–Müharibədən qabaq mən orta məktəbdə oxuyurdum, çox-çox qabaqlar isə hələ dünyaya gəlməmişdim.

Qatar gəlib çıxdı, onlar sağollaşıb ayrıldılar. Qatarla uzaqlaşıb gedən İvanov yalqız qalan Maşanın necə hönkürüb ağaladığını görə bilməzdi, iş burasında idi, Maşa istər rəfiqələri, istər yaxın yoldaşları olsun, taleyin onunla haçansa doğmalaşdırdığı heç kimi unutmağı bacarmırdı.

İvanov qatarın pəncərəsindən bir də ola bilsin heç vaxt görməyəcəyi bu şəhərin ötüb keçən evlərinə baxır, düşünürdü: bax başqa bir şəhərdə, bunlara oxşar bir evdə onun arvadı Lyuba uşaqları Petya və Nastya ilə birgə yaşayır, indi onlar orada onun yolunu gözləyirlər; o, hərbi hissəni tərk etməzdən öncə, arvadına göndərdiyi teleqramda, yola düşüb gecikmədən evə gəldiyini, onu və uşaqları öpəcəyi günü səbirsizliklə gözlədiyini yazmışdı.

İvanovun arvadı Lyubov Vasiliyevna üç gün dalbadal vağzala gəlib, qərb tərəfdən gələn bütün qatarları qarşılamışdı. Bu günlərdə o, işdən icazə aldığı üçün, öz əmək normasını da yerinə yetirə bilməmişdi, gecələr isə çox yavaş və laqeydliklə işləyən divar saatının kəfkirinin səsinə qulaq asaraq, bitib tükənməyən düşüncələrə dalır, yata bilmirdi.

Dördüncü günü Lyubov Vasiliyevna özü işə gedib, vağzala Pyotrla Nastyanı göndərdi, birdən qatar gündüz gəlib çıxsa atalarını qarşılasınlar, axşam isə onları evdə qoyub özü vağzala getdi.

İvanov ancaq altıncı gün gəlib çıxdı. Onu oğlu Pyotr qarşıladı; Petruşkanın indi on iki yaşı vardı, ancaq atası – ciddi görünüşlü, yaşından böyük görünən yeniyetmə oğlunu çətinliklə tanıya bildi. Pyotr balacaboy və arıq olsa da, başının iriliyi, alnının genişliyi ilə seçilirdi, onun üzü, həyatın qayğılarına alışmış insanlarda olduğu kimi sakit idi, ancaq kiçik qonur gözlərində sanki baxdığı hər yerdə ucdantutma səliqəsizlik görən insanlara xas olan bir tutqunluqla narazılıq vardı.

Petruşka səliqəli geyinib-kecinmişdi: ayaqqabıları köhnə olsa da ancaq hələ geyiləsi idi, atasının köhnə paltarlarından biçilmiş şalvarı ilə gödəkçəsi köhə idi, ancaq əyninə kip otururdu – gərəkən yerlərdən büzmələnmiş, yamaqlar vurulmuşdu, bu geyimi ilə Petruşka balaca, yoxsul, ancaq işləri yoluna düşmüş bir kişiyə oxşayırdı. Atası onu görəndə təəcübləndi, köksünü ötürməkdən özünü saxlaya bilmədi.

–Ata, bu sənsənmi? – İvanov gözlənilmədən Petruşkaya yaxınlaşıb, onu qucaqlayıb, ayaqların yerdən üzərək, öpməyə başlayanda yeniyetmə həyəcanlanla səsləndi. – Səni tanımaq olmur!

–Mənəm, atanam... Salam, Pyotr Alekseyeviç!

–Salam... Gəlməyin nə uzun çəkdi? Biz də neçə gündür yolunu gözləyirik.

–Qatar gecikdirdi, Pyotr, çox yavaş sürürlər... Ananla Nastya necədirlər, sağ-salamatdırlarmı?

–Yaxşıdırlar, – Pyotr cavab verdi. – Neçə orden ala bilmisən?

–İki ordenim, üç medalım var.

–Biz də burada anamla düşünürük, yəqin sənin köksündə orden-medaldan yer olmaz. Anamın da iki medalı var, ona da yaxşı işlədiyinə görə veriblər... Şeylərin niyə belə azdır, vur-tut bir çantan var!

–Bundan artığı mənə gərək deyildi.

–Kim özüylə sandıq gəzdirirsə, yəqin onlar üçün döyüşmək çətin olar? – oğlu soruşdu.

–Elədir, çətin olar, – atası razılaşdı. – Bir dənə çantan olsa döyüşmək də asan olur. Ancaq oralarda heç kim yanınca sandıq gəzdirmir.

–Mən elə bilirdim döyüşçülərin sandıqları da olur. Məndən olsa, müharibədə də yanımca sandıq gəzdirərdim – yoxsa çox şey vardır, çantaya yığırsan ya əzilir, ya da sınır.

O atasının yük çantasını götürüb evə sarı yollandı, atası da onun arxasınca addımladı.

Lyubov Vasiliyevna onları evin artırmasında qarşıladı; o bu gün də işdən icazə alıb gəlmişdi, elə bil ərinin bu gün gələcəyi onun ürəyinə dammışdı. Zavoddan çıxıb evə gəlmiş, buradan da vağzala getmək istəyirdi.

Qadın birdən, gözlənilmədən Semyon Yevseyeviçin onlara gəlib çıxacağından qorxurdu: axı onun aradabir onlara gündüzlər gəlməyi də olurdu; onun belə bir öyrəncəsi vardı – günün günorta çağı gələr, beş yaşlı Nastya ilə, Petruşka ilə orurub başını qarışdırardı.

Düzdür, Semyon Yevseyeviç heç vaxt əliboş gəlməzdi, hər dəfə gələndə uşaqlar üçün nəsə gətirərdi – konfet, qənd, ağ bulka, ya da görərdin, sənaye mağazasından nəsə almaq üçün talon gətirərdi. Lyubov Vasiliyevna onun evlərinə ayaq açamasında pis heç nə görmürdü; tanış olduqları son iki ildə Semyon Yevseyeviç ona çox yaxşılıqlar eləmiş, uşaqlarla isə, doğma ataları kimi, lap desən bir az da artıq davranmağa çalışmışdı. Ancaq bu gün Lyubov Vasiliyevna ərinin Semyon Yevseyeviçi görməsini istəmirdi; o, işdən qayıdan kimi, otaqlarda, mətbəxdə yır-yığış eləmişdi, gərək əri gəlib evdə bir təmizlik, doğmalıq görəydi. Sonra, sabah-birisigün, o özü ərinə hər şeyi yerli-yataqlı danışacaqdı. Xoşbəxtlikdən bu gün Semyon Yevseyeviç onlara gəlməmişdi.

İvanov yaxınlaşıb arvadını qucaqladı, onu uzun müddət qollarının arasında saxlayıb, doğma bir insanın bədəninin tanış gələn, ancaq yadırğadığı hənirini duymağa çalışdı.

Balaca Nastya da evdən artırmaya çıxmışdı, o öncə atasının ayaqlarından tutub dartmağa, onu anasından ayırmağa çalışdı, sonra isə hönkürüb ağlamağa başladı. Petruşka, çiynində atasının çantası, dinməzcə atası ilə anasının yanında dayanmışdı; bir az gözləyəndən sonra dilləndi:

–Bəsdirin daha, görürsünüz, Nastya nə baş verdiyini anlamadığından ağlayır.

İvanov arvadından ayrıldı, qorxusundan ağlayan Nastyanı qucağına götürüb ovutmağa çalışdı.

–Nastya! – Petruşka onu səslədi. – Özünə gəl, – mən kimə deyirəm! Bu bizim atamızdır, özgəsi deyil!..

vanov evə keçib yuyundu, stolun arxasında oturdu. O, ayaqlarını uzadıb gözlərini yumdu və ürəyində xəfif bir sevinc, bədənində isə bir toxtaqlıq duymağa başladı. Müharibə qurtarmışdı. Bu illər ərzində o, ayaqları ilə minlərlə kilometr yol keçmişdi, üzünə, üzücü yorğunluğun saldığı izlər – qırışlar düşümüşdü, yumulu gözlərində bir göynərti vardı – gözləri də indi, alatoranlıqda, qaranlıqda dincəlməyə, ovunmağa can atırdı.

O oturduğu müddətdə ev adamları mətbəxlə ona bitişik otağın arasında vurnuxur, onun gəlişini bayram eləmək üçün açacaqları bayram süfrəsinə hazırlıq görürdülər. İvanov evə göz gəzdirib, avadanlıqların necə yerləşdiyini seyr eləməyə başladı – divar saatları, qab-qaşıq yığmaq üçün dolab, divara vurulmuş termometr, stullar, pəncərənin önünə düzülmüş gül dibçəkləri, həm evi isidən, həm də yemək bişirmək üçün olan rus sobası...

Bu ev avadanlıqları da uzun illər onu görməmiş, onun üçün darıxmışdılar. İndi o qayıdandan sonra, onların hər biri ilə hal-əhval tutur, onlara da özündən ayrı, yoxsulluqla kədər içində yaşamış doğmaları kimi yanaşırdı.

O, evə çökmüş doğma qoxu ilə ciyərdolusu nəfəs alırdı – odun yanığının qoxusunu, öz uşaqlarının hənirini, peçin qarşısındakı közdən qalxan his iyini duyurdu. Bu qoxular, dörd il bundan qabaqkından seçilmirdi, onlar bu uzun müddətdə uçub getməmiş, dəyişməmişdilər. İvanov müharibə illərində neçə-neçə ölkələrdə, yüzlərlə evlərdə olsa da, bu qoxunu heç yerdə duymamışdı; oralardan – ruhuna doğma gəlməyən, ona öz evini andıra bilməyən qoxular gəlirdi.

Bu yerdə İvanov Maşanın saçlarının qoxusunu da xatırladı; ancaq onun saçlarından meşə xəzəlinin qoxusu gəlirdi, bu yenə də, öz evində duyduğu qoxunun yerini verə bilməzdi, o qoxuda – insanı öz dincliyindən ayırıb, uzaq mənzillərə sarı aparan bir yolun qırağında bitən bir ağacın qoxusu vardı.

Görəsən, indi Maşa – “hamamçı qızı” mülki həyatda necə yaşayır, yeni həyata alışa bilirmi? Bu daha mənlik deyil, allah amanında olsun...

Evdə hamıdan çox Petruşkanın diribaşlığı gözə çarpırdı. Təkcə özü işləməklə qalmayıb, o həm də anası ilə Nastayaya da tapşırıqlar verir, onlara – nəyi eləyib-eləməməyi başa salır, görəcəkləri işləri necə düzgün yerinə yetirməyi öyrədirdi.

Petruşkanın dediklərini sözsüz yerinə yetirən Nastya daha atasından qorxmur, ona isnişməyə başlayırdı; Nastyanın ciddiyyətlə doğruculluq oxunan üzündən həm də bir ürəyigenişlik də duyulurdu – bunu onun, üstünə səsini qaldıran Petruşkadan inciməməsindən bilmək olurdu.

–Nastka, dolçadan kartof qabığını boşalt, mənə qab gərəkdir...

Nastya dinməz-söyləməz dolçanı boşaltdı, yuyub Petruşkaya verdi. Anaları isə tez-tələsik, acıtmasız xamırdan tezbişən piroq hazırlamaqda idi, Petruşka isə piroqu bişirmək üçün artıq sobanı qalamışdı.

–Kündəni yeyin yay, ana, diribaş ol! – Petruşka buyururdu. – Görürsən, artıq sobanı qalamışam. Qurdalanıb vaxt itirməyə öyrəşmisiniz!

–Bu dəqiqə, Petruşka, indi qurtrarıram, – anası üzüyolalıqla dilləndi. – Qoy biraz kişmiş də qoyum, atan çoxdandır kişmiş dadmayıb yəqin. Bunu neçə vaxtdır, onun üçün qoruyub saxlamışam.

–O, kişmişin görməmişi deyil, – Petruşka dedi. – Bizim ordu əsgərlərinə kişmişinəcən verir. Görmürsən bizim döyüşçülər necə cüssəlidirlər, onlar gündəlik ət də yeyirlər... Nastka, sən niyə oturmusan, yoxsa bura qonaq gəlmisən? Bir az da kartof soy, günorta yeməyinə qızardarıq... Təkcə piroqla qarın doyurmaq olmaz!

Anası piroqu hazırlayana kimi, Petruşka od boş-boşuna yanmasın deyə, böyük maşa ilə boyat sup ilə dolu qazanı götürüb, ocağın üstünə qoydu, sonra da sobanın üstünə çımxırmağa başladı:

İllüstrasiya

İllüstrasiya

–Bu nədir belə, dağınıq yanırsan, alovunu ora-bura yayırsan? Özünü topla! Yeməyi qızdır, meşədən odunu havayı vermirlər bizə... Sən, Nastya, bu nədir talaşaları necə gəldi qoymusan bu sobaya, mən səni neçə dəfə öyrətməliyəm? Bu necə kartof soymaqdır hə? – yenə də qabığını qalın soyursan, nazik soysana, kartofun özəyini qabığa qatıb soymazlar: gör hələ nə qədər yeməyimizi çölə atırıq... Adama neçə dəfə deyərlər, sonuncu dəfə deyirəm, bir də belə eləsən, qapaz yeyəcəksən!

–Nə olub, yenə də düşmüsən Nastyanın üstünə, ay Petruşka, – anası işə qarışdı. – Nə istəyirsən ondan? O sənin üçün üzqırxan parikmaxer deyil ha, kartofun qabığını özəyindən qatqısız ayıra... Neçə illərin ayrısı atamız gəlib çıxıb, sən yenə də deyinməyindən qalmırsan!

–Mən deyinmirəm, mən iş üstündə danışıram... Ata müharibədən qayıdıb, onu yedirib-içirmək gərəkdir, ancaq siz burada ərzağı korlayırsınız... Bizdə bu kartofun qabığını düzgün soymamaqdan bir ildə nə qədər yeməyimizi öz əlimizlə çölə atırıq?.. Yenə də donuzumuz olsaydı, onu bu kartof qabığı ilə bəsləyib sərgiyə göndərərdik, inanın, bizim donuza orada medal da verərdilər... Onda bilərdiniz ərzağa qənaət eləmək nədir, yoxsa sizi başa salmaq olmur!

İvanov oğlunun belə böyüyəcəyini gözləmirdi, indi oturub onun iti ağlına baxaraq təəcüblənirdi. Ancaq ona daha çox balaca, incə Nastyaya baxmaq xoş gəlirdi, onun artıq işə alışdığı duyulan əlləri ilə ev işlərinə əl yetirməsi adamın ürəyini açırdı. Belə çıxır, onlar iş görməyə çoxdan başlayıblar, yoxsa belə öyrəncəli olmazdılar.

–Lyuba, – İvanov arvadına üz tutdu, – sən niyə ağzına su alıb durmusan, heç danışmırsan, mənsiz necə yaşayırdınız, canın-başın necədir, harada işləyirsən?..

Lyubov Vasiliyevna ərindən nişanlı qız sayağı utanırdı: qadın öz kişisinə yadırğamışdı. Əri onunla danışanda qızarıb pörtürdü, lap gəncliyində olduğu kimi, üzündə utancaqlıq, çəkingənlik yaranırdı, onun bu görkəmi İvanovun çox xoşuna gəlirdi.

–Heç nə Alyoşa... Günümüzü yola verirdik də. Uşaqlar az xəstələnirdilər, onları böyüdüb boya-başa çatdıra bildim... Bir şey pisdir, mən onlarla ancaq gecələr bir yerdə oluram. Kərpic zavodunda presləyəci işləyirəm, evdən çox uzaqdır, gedib çıxmaq olmur...

–Harada işləyirsən? – İvanov onun dediyindən bir şey anlamayıb, bir də soruşdu.

–Kərpic zavodunda, presləyici işləyirəm. Mənim axı sənətim yox idi, öncə qara fəhlə işlədim, sonra məni öyrədib presləyici qurğuyla işləməyə göndərdilər. İşim yaxşıdır, ancaq uşaqlar tək qalırlar... Görürsənmi, necə böyüyüblər? Lap böyüklər kimi hər şeyi özləri eləyirlər, – Lyubov Vasiliyevna səsini alçaltdı. – Alyoşa, heç özüm də bilmirəm belə yaxşıdırmı?..

–Baxaq görək, sonrası nə olur, Lyuba... İndi hamımız bir yerdə yaşayacağıq, nəyin yaxşı, nəyin pis olduğunu sonra aydınlaşdırarıq...

–Səninlə hər şey yaxşı olacaq, mən təklikdə bacarmıram, bilmirəm nə yaxşıdır, nə düzgündür, sözün düzü yanılmaqdan çox qorxurdum. İndi sən yaxşı bilərsən, uşaqları necə böyütməliyik...

İvanov ayağa qalxıb, mətbəxin yanındakı otağa keçdi.

–Demək işləriniz pis deyilmiş burada, eləmi?

–Elədir, işlərimizi yola verə bildik, dözə bildik, yaman günlərimiz arxada qaldı. Darıxmağımız təkcə səndən ötəri idi, səndən yana çox qorxurduq, düşünürdük, birdən sən də – iraq olsun! – o qara kağızları gələnlər kimi ölüb gedərsən, qayıtmazsan...

Lyuba piroqu formalı qaba qoymuşdu, indi o danışdıqca ağlayır, göz yaşları xamırın üstünə tökülürdü. Bir az öncə kündələyib iki ədəd formalı qaba qoyduğu xamırlardan birinin üzünü yumurta ilə islatmışdı, indi də bu bayram piroqunu göz yaşları ilə isladırdı.

Nastya əlləri ilə anasının ayaqlarından tutaraq, üzünü onun donuna sıxdı, qaşlarının altından atasına acıqla baxmağa başladı.

Atası ona sarı əyildi.

–Nə oldu sənə?.. Nastya, bir mənə bax. Yoxsa məndən incimisən?

Nastyanı qucağına götürüb, saçlarını oxşamağa başladı.

–Sənə nə oldu, qızım? Sən deyəsən məni tamam unutmusan, mən axı müharibəyə gedəndə sən lap balacaydın...

Nastya başını atasının çiyinlərinə qoyub ağlamağa başladı.

–Nastya, bu nədir, niyə ağlayırsan, qızım?

–Anam ağlayır, mən də ağlayacağam.

Sobanın qarşısında dayanıb nə baş verdiyini yaxşı anlamayan Petruşka narazı görünürdü.

–Nə olub sizə? Hamınızın birdən kefi pozulub, burada isə soba soyuyur. Yenidənmi soba qalayasıyıq, odunu talonla alıdığımızı unutmusunuz yoxsa? Nə almışıqsa hamısını yandırmışıq, anbarda on dənəyəcən kötük qalıb yandırmağa, o da ağcaqovaqdır... Tez ol, ana, nə qədər ocaq soyumayıb, piroqu qoy bişsin.

Petruşka sobadan sup qazanını çıxarıb, közü bir yerə topladı, Lyubov Vasiliyevna, oğlunu acıqlandırmamaq üçün, tələsik, ikinci piroqu yumurta ilə islatmağı unudub, onların ikisini də sobaya qoydu.

Öz doğma evi İvanova yad və anlaşılmaz görünürdü. Arvadı yenə öncələrdəki kimiydi – gözəl, utancaq, ancaq onun gülər üzünə bərk bir tutqunluq çökmüşdü; uşaqlar da özününkülər idi, düzdür, bu keçən illərdə böyümüşdülər.

Ancaq, elə bil, nə isə İvanovu öz evinə qayıdışdan ürəkdolusu sevinməyə qoymurdu, – çox ola bilsin, o evdə ailəsi ilə yaşamağa çox yadırğadığından, buradakı doğma olan insanların davranışları ona anlaşılmaz görünürdü. O indi çox böyümüş, özünün ilki olan Petruşkaya baxırdı, onun anasına, kiçik bacısına iş buyurmağına, öyüd verməyinə göz yetirirdi, sonra isə özlüyündə oğluna bəslədiyi atalıq qayğısının yetərincə olmadığını düşünüb, utanırdı.

İvanov işin-gücün çoxluğundan üzgün görünən çəlimsiz Petruşkaya baxanda, öz oğluna qarşı belə soyuqluğu onu bir az da çox utandırırdı.

Bir də İvanov, özü burada olmayanda ailəsinin necə yaşadığını sonacan bilmədiyindən, indi Petruşkanın nədən belə bir xarakterdə olduğunu da heç cür anlaya bilmirdi.

Stolun arxasında, ailəsi başına yığışıb oturandan sonra, İvanov nə eləməli olduğunu anlamağa başladı. O gərək nə qədər bacarırsa tez işə düzəlsin, pul qazansın, bununla yanaşı, arvadına uşaqları düzgün böyütməkdə yardım eləsin – onda hər şey yavaş-yavaş yoluna düşəcək, yaxşılığa doğru gedəcək, Petruşka da daha sobanın yanında dayanıb, əlində maşa tutub, buyuruq verməyəcək, yaşıdları ilə oynamağa gedəcək, dərsləri ilə başını qarışdıracaqdı.

Petruşka stolun arxasında hamıdan az yedi, sonra qarşısındakı piroq qırıntılarını toplayıb ağzına atdı.

–Bu nədir, Pyotr? – atası ona üz tutdu, – qırıntıları yeyirsən, ancaq qabındakı piroqu sonacan yemirsən... Ye qurtar! Qoy anan sənin üçün bir az da piroq kəssin.

–Yeməyi nə qədər desən tıxmaq olar, – Petruşka qaşqabaqlı dilləndi, – ancaq mənə bu qədəri də yetir.

–O qorxur, birdən çox yesə, Nastya da ona baxıb çox yeyər, – Lyubov Vasiliyevna ürəyini açıb tökdü, – yeməyə qızırğanır.

–Sizin üçün heç nəyə qızırğanmıram, – Petruşka soyuqqanlıqla dilləndi. – Mən istəyirəm, sizlərə çox yemək çatsın.

Ata ilə ana duruxub, biri-birinin üzünə baxdılar, oğullarının sözü onları bərk kövrəltmişdi.

–Sən niyə belə az yeyirsən? – atası balaca Nastyadan soruşdu. – Sən Pyotra baxma, doyunca ye, yoxsa elə belə balaca qalarsan, böyüməzsən...

–Mən artıq böyümüşəm, – Nastya dilləndi.

Nastya piroqun kiçik bir parçasını yedi, qalan böyük parçanın üstünü salfetlə örtüb, boşqabı qırağa itələdi.

–Sən niyə belə eləyirsən? – anası ondan soruşdu. – İstəyirsən, sənin piroqunu bir az da yağlayım?

–İstəmirəm, mən doymuşam...

–Ye, görüm... Niyə qabını qırağa itələdin?

–Semyon dayı gələcək. Mən bunu onun üçün saxlamışam. Sizin piroqunuz deyil ha, nə qədər yeməyi mən özüm bilərəm. Mən indi aparıb onun üstünü yasdığımla basdıracağam, qoy soyumasın...

Nastya stolun arxasından qalxdı, salfetə bükdüyü piroq parçasını çarpayının yanına gətirib, yastığın altına qoydu.

Anasının 1May bayramı üçün bişirdiyi piroqu, Semyon Yevseyeviç gələnəcən soyumasın deyə, yastığın altına qoyduğunu xatırladı.

–Bu, Semyon dayı kimdir?–İvanov arvadından soruşdu.

Lyubov Vasiliyevna bunu necə anladacağını bilməyərək, dilləndi:

–Düzü, mən özüm də yaxşı tanımıram... İki il olar, bizə ayaq açıb. Uşaqlar tək olanda gəlib onlarla oturur, onun arvadı ilə uşaqlarını almanlar öldürüblər, indi bizim uşaqlara isnişib, aradabir gəlib onlarla oynayır.

–Necə yəni oynayır? – İvanov təəcübləndi. – Onlar burada nə oynayırlar belə? Onun neçə yaşı var?

Petruşka baxışlarını cəld anasına sarı döndərdi; anası dinmirdi, qüssə yağan gözləri ilə Nastyaya sarı baxıb susurdu, atası isə qaba bir tərzdə gülümsünərək, papiros yandırıb çəkməyə başladı.

–Bu Semyon dayı deyilənin sizinlə oynadığı oyuncaqları gətir bir baxım, – atası üzünü Petruşkaya tutdu.

Nastya stuldan düşdü, dolabın yanındakı stula dırmaşdı, oradan bir oyuncaq kitab götürüb atasına gətirdi.

–Bax, bu oyuncaq kitabdır, – Nastya atasına dedi, – Semyon dayı bu kitabı mənim üçün bərkdən oxuyur: burada çox gülməli bir Mişka var, o oyuncaqdır, özü də bu kitabın içində yaşayır...

İvanov qızının ona uzatdığı oyuncaq kitabı götürüb baxmağa başladı: burada ayı Mişkadan, oyuncaq topdan, nəvəsi ilə kətan toxuyan Domna nənədən danışılırdı.

Petruşka sobanın tüstüçəkən yolunun siyirməsini bağladı, yoxsa istilik evdən uçub gedirdi.

Siyirməni bağlayandan sonra atasına dedi:

–Semyon Yevseyeviç yaşda səndən böyükdür!.. O, bizə həmişə əlidolu gəlir, qoy gəlsin də, burada pis nə var?..

Petruşka birdən qayğılanıb pəncərədən bayıra boylandı, göy üzündə sentyabr ayına uyuşmayan buludlar üzürdü.

–Nəsə bu buludlar xoşuma gəlmir, – Petruşka dilləndi, – qurğuşun rənginə çalırlar – deyəsən, qar yağacaq! Bir də gördün, sabah qış gəldi, qapını kəsdirdi. Onda işimiz necə olacaq? – kartofu tarladan yığa bilməmişik, qışa bir tədarükümüz yox... Gör hələ nə gündəyik!..

İvanov oğluna sarı dönüb baxdı, onun sözlərinə qulaq asdıqca ailəsinin qarşısında bir utancaqlıq duymağa başladı. O indi arvadından Semyon Yevseyeviçin kimliyini bir az da geniş soruşub öyrənmək istəyirdi, onun bu son iki ildə bura niyə gəldiyini aydınlaşdırmaq istəyirdi – görəsən, o bura gözəl bir qadının görüşünə gəlir, yoxsa doğrudan da Nastya ilə oynamağa? – ancaq Petruşka artıq Lyubov Vasiliyevnanın başını təsərrüfatla bağlı sorğularla qatmışdı:

–Ana, sabahın çörək talonunu, elə o biri talonları da mənə ver. Kerosin talonunu da unutma – birisigün vaxtı çıxır, gərək kömürlə odunumuzu da götürəm, sən də bu yandan çuvalı itirmisən, oraya gərək öz qabınla gedəsən, bilmirəm, o çuvalı hara qoymusan, axtar tap, ya da köhnə-kürüşşdən başqasını tik, ver mənə, çuvalsız qala bilmərik, demək olar, hər gün gərəyimiz olur. Nastyaya da tapşır, sabah qapıya su üçün gələnləri geri qaytarsın, yoxsa quyunun suyunun daşıyıb qurudurlar: bir azdan qış gəlir, quyunun suyu aşağı düşsə, sənəklərimizi sallayan ip suya çatmayacaq, başqası da yoxumuzdur, su üçün qar əritmək də havayı deyil, gərək filan qədər odun yandırasan.

Petruşka danışdıqca sobanın yanında vurnuxur, mətbəx avadanlığını yığışıdırıb yerbəyer eləyirdi. Sonra o, sobadan sup dolu çuqun qazanı çıxardı.

–Bir az piroqla qəlyanaltı elədik, indi də çörəklə ətli sup yeyəcəyik, – Petruşka qazanı göstərib dedi. – Sən isə, ata, sabah ertədən dur, hərbi komissarıqla rayon sovetinə get, qeydiyyata düş – qoy sənin üçün də talon ala bilək.

–Gedərəm, – atası üzüyolalıqla dilləndi.

–Ertədən dur get, yoxsa yatıb yuxuya qalar, unudarsan.

–Yox, yox, unutmaram, – ata oğluna söz verdi.

Ailənin, müharibədən sonra hamılıqla bir yerə yığışıb yediyi ətli supdan ibarət günorta yeməyi səssizlik içində keçirdi, Petruşka da səssizcə yeməyini yeyir, o da elə ata-anası kimi, gözlənilməz bir sözlə bu susqunluğu pozmağa ürək eləmirdi.

Yeməkdən sonra İvanov arvadından soruşdu:

–Lyuba, paltar sarıdan işləriniz nə yerdədir – yəqin əyin-başınız tökülmüş olar?

–Köhnədən qalma nə vardısa onunla keçinirdik, sonra bir az əynimizi təzələdik, – Lyubov Vasiliyevna gülümsündü. – Mən sənin bütün geyimlərini kəsib-doğrayıb, onların əyninə təzə paltar biçmişəm, sənin iki kostyumunu, sonra iki şalvarını, alt paltarlarını da onların əyninə biçib düzəltmişəm. Bilirsən, artıq pulumuz yox idi, uşaqların geyimini də necəsə yola verməli idim...

–Düz eləmisən, – İvanov dilləndi, – uşaqlardan heç nə əsirgəmək olmaz.

–Mən də heç nə əsirgəməmişəm, sənin mənə aldığın paltonu da satmışam, indi sırıqlıda gəzirəm.

–Onun sırıqlısı çox qısadır, soyuqlamasa yaxşıdır, – Petruşka dilləndi. – Çalışıram, hamamda ocaqçı işinə düzələm, götürsələr, gərək ilk donluğumdan anama bir palto alam. Bazarda əldə satırlar, gedib baxmışam, anamın əyninə gələn birini də gözaltı eləmişəm artıq.

–Sənin pulun olmadan da bir təhər keçinərik, özünü darıxdırma, – atası dedi.

Günorta yeməyindən sonra Nastya burnunun üstünə iri bir gözlük taxıb, anasının indi işdə geyindiyi təkbarmaqlı əlcəyini yamamağa başladı – payız olduğundan tezliklə soyuqlar düşəcək, bu əlcək anasına gərək olacaqdı.

Petruşka bacısına baxıb, onun üstünə çımxırdı:

–Bu nə özbaşınalıqdır eləyirsən, niyə Semyon dayının gözlüyünü taxmısan?..

–Mən gözlüyün üstündən baxıram, şüşəsindən yox.

–Yalan danışma! Mən görürəm, sən necə baxırsan! Gözünü kor eləyərsən, sonra bütün ömrünü əlil kimi pensiyayla yaşayarsan. Bu dəqiqə gözlyü qoy yerinə, – səninlə deyiləm! Əlcək yamamaq da sənin işin deyil, qoy qırağa, ana özü yamayar, ya da mən vaxt tapıb baxaram. Get dəftərini götür, cızıq çəkməyi öyrən, – çoxdandır əlinə qələm almırsan!

–Nastya, məktəbə gedir? – atası soruşdu.

Anası Nastyanın məktəbə yaşının çatmadığını dedi, ancaq Petruşka ona dəftər-qələm alıb, o da hər gün cızıq çəkməyi öyrənir. Petruşka hər gün biraz, balqabaq tumları ilə, onu hesabdan çalışdırır, Lyubov Vasiliyevna da Nastayaya oxumağı öyrədir.

Nastya əlcəyi qırağa qoyub, dolabdan dəftər, bir də qələmlə mürəkkəbqabı çıxarıb, yazmağa başladı, hər şeyin öz dediyi kimi yoluna düşdüyündən razı qalan Petruşka anasının sırıqlısını geyinib həyətə, sabah sobanı qalamaq üçün odun doğramağa getdi; Petruşka doğradığı odunları gecə evə gətirib sobanın yanında qalaqlayardı, belə olanda odunlar səhərəcən quruyur, daha yaxşı yanıb istiliyi də çox verirdi.

Lyubov Vasilyevna şam yeməyini ortaya tez gətirdi. O, uşaqları tez yatırmaq, əri ilə təklikdə oturub danışmaq istəyirdi. Ancaq uşaqlar şam yeməyindən sonra yuxuya gec getdilər; taxta divanda uzanmış Nastya uzun uzadı yorğanın altından oğrunca atasına baxdı, həmişə olduğu kimi rus sobasının üstündə yatan Petruşka isə uzun müddət yerində qurdalandı, inildədi, nə isə mızıldandı, sonra yuxuya getdi. Gecədən xeyli keçmiş Nastya baxmaqdan yorulan gözlərini qapayıb uyudu, Petruşka isə, sobanın üstündə xoruldamağa başladı.

Petruşka gecələr çox ayıq və narahat yatardı: o həmişə yuxuda olanda, gecə nəsə bir gözlənilməz olayın baş verəcəyindən qorxardı–birdən ev yanar, qapıya oğru-quldur gələr, birdən anası qapının cəftəsini yaxşı bağlamaz, qapı açılar, ev soyuyar. Bu dəfə Petruşka mətbəxə bitişik otaqda oturub danışan ata-anasının qaldırdıqları səs-küyə ayıldı. Saat neçə olardı – gecə yarısı idi, yoxsa səhərə yaxın idi – o bunu anışdıra bilmədi, ancaq atası ilə anası buçağacan yatmamışdılar.

–Alyoşa, sən səs salma, uşaqlar oyanar, – anası toxdaq səslə danışırdı. – Onu burada söyməyə gərək yoxdur, o, sənin uşaqlarını ürəkdən sevir...

–Onun sevgisi bizə gərək deyil, – atası dedi. – Mən özüm öz uşaqlarımı sevirəm, onlara bu da yetər... Buna bax, özgəsinin uşaqlarını sevən tapılıbmış! Mən sənə oradan əsgər ailəsi kimi yardım almaq üçün arayış göndərmişdim, sən isə gedib özün də işləməyə başlamısan – bu Semyon Yevseyeviç sənin nəyinə gərək olmuşdu? Yoxsa qanın qaynayıb səni dinc oturmağa qoymurdu?.. Eh, Lyuba, Lyuba! Mən orada sənin haqında başqa cür düşünürdüm. Demək, sən məni axmaq yerinə qoymusan...

Atası susdu, sonra çubuğunu yandırmaq üçün kibrit alışdırdı.

–Sən nə danışırsan, Alyoşa! – anası bu dəfə kükrədi. – Mən uşaqları yaxşı dolandırmaq üçün işləməyə getmişəm, onları xəstələnməyə qoymamışam, özün də görürsən, görkəmləri heç də pis deyil...

–Nə olsun!.. – atası dedi. – Başqasının dörd uşağı arvadı ilə qalıb, hamısı da bizimkilərdən də yaxşı böyüyüblər. Sənin qayğınla böyüyən o Petruşkaya bax – qoca kişilər kimi danışır, oxumağı da buraxıb.

Petruşka köks ötürdü, sonra, onun oyaq olduğunu bilib danışığı kəsməsinlər deyə, yalandan xoruldamağa başladı. “Yaxşı, – yeniyetmə düşünürdü, – qoy mən lap qoca kişiyə oxşayım, sənin orada yemək-içməyin qarşına hazır gəlib, sən haradan biləsən, biz burada nə çəkmişik!”

–Bunun əvəzində o indi həyatda ən çətin, ən gərəkli nə varsa hamısından baş aça bilir! – anası dedi. – İşlər yoluna düşsün, oxumaqdan da qalmaz.

–Sənin bu Semyonun kimdir axı? Yetər mənə dişini qıcadın, – atası dedi.

–O, yaxşı insandır.

–Yoxsa, sən onu sevirsən?

–Alyoşa, mən sənin uşaqlarının anasıyam...

–Sonra! Mənə sözün düzünü de!

–Mən ancaq səni sevirəm, Alyoşa! Mən anayam, mən ancaq səninin qucağında özümü qadın saymışam, bu da elə çoxdan olub, indi lap unutmuşam.

Atası susub, qaranlıqda közərtisi görünən çubuğunu tüstülətməyə başladı.

–Mən səndən ötrü darıxmışam, Alyoşa... Düzdür, uşaqlar yanımda olub, ancaq onlar sənin yerini verə bilməzdilər, mən bu uzun illər boyunca səni gözləmişəm, səhərlər sənin yanımda olmadığını görməmək üçün yuxudan da ayılmaq istəmirdim.

–O, nə işdə olur?

–O, bizim zavodda təchizat işlərinə baxır.

–Aydındır. Demək fırıldaqçının biridir.

–O, fırıldaqçı deyil. Olsa da, mən onu belə tanımıram... Uşaqlarını Mogilyovda almanlar öldürüblər, üç uşağı varmış, qızı ərdə imiş.

–Bu vacib deyil, ancaq görürsən, gəlib burada özünə hazır uşaqlar tapıb – üstəlik də, gənc, gözəl bir arvad da ələ keçirib, özünü isti yuvaya təpə bilibdir.

Anası susdu. Otağa səssizlik çökdü, ancaq çox keçmədən Petruşka anasının hıçqırıq səslərini eşitdi.

–O, uşaqlara səndən danışırdı, Alyoşa, – anası belə deyəndə, Petruşka doluxsundu, iki damla iri göz yaşı gözlərində donub qaldı. – O, uşaqlara sənin müharibədə bizi qorumaq üçün necə igidliklə döyüşdüyündən danışırdı, sənin bu yolda necə böyük ağrı-acılar çəkdiyindən söz açırdı... Onlar sənin niyə belə elədiyini soruşanda o, deyirdi: axı, sizin atanız yaxşı insandır, ona görə...

Atası güldü, sonra çubuğunun külünü boşaltdı.

–Hə, deməli sizin o Semyon-Yevsey belə yaxşı insan imiş! Ömründə məni görmədən, yaxşılığıma danışırmış! Gör nə böyük insan imiş ha!

–Düzdür, o səni görməmişdi. Ancaq uşaqlar səni unutmasınlar, bir ata kimi sevsinlər deyə, bu sözləri özündən uydurub deyirdi.

–Bu onun nəyinə gərək idi? Səni ələ keçirmək üçünmü? Sən mənə de görüm, o bütün bunları nəyə görə eləyirdi?

–Mənə elə gəlir o, yaxşı insan olduğu üçün belə eləyirdi, Alyoşa. Yoxsa ona nə düşmüşdü, uşaqlarına səni öysün?

–Axmaqsan sən, Lyuba. Bu qabalığıma görə məni bağışla, ancaq heç kim qazanc güdmədən, elədiyinin qarşılğını istəmədən nəsə eləmir.

–Semyon Yevseyeviç hər gələndə uşaqlara nəsə bir pay gətirərdi, konfet, ağ un, qənd, bu yaxınlarda Nastya üçün keçə çəkmə gətirmişdi, ancaq ayağına kiçik oldu. Onun bizdən bir umacağı yoxdur. Bizə onun gətirdiyi bu pay-püş gərək deyildi, biz onsuz da keçinirdik, ancaq onun deməsinə görə, uşaqlara nəsə alıb gətirəndə ürəyi açılır, bununla, özünün öldürülmüş uşaqları üçün çəkdiyi acısını ovudur. Gələr, özün də görərsən – o, sən düşündüyün kimi deyil...

–Dediklərin hamısı boş-boş sözlərdir! – atası dedi. – Sən mənim başımı piyləmə... Səninlə qalmaq mənim üçün çox darıxdırıcı oldu, Lyuba, mən isə yaşamaq istəyirəm.

–Qal, bizimlə yaşa, Alyoşa...

–Mən sizinlə olum, sən də o Senka-Yevseyka ilə olasan, eləmi?

–Daha bir də Semyon Yevseyeviç olmayacaq, Alyoşa. O bir də bizə gəlməyəcək, mən ona deyərəm, daha bizə gəlməz.

–Deyirsən daha bir də Semyon Yevseyeviç olmayacaq, deməli, qabaqlar olub, indi daha olmayacaq, sənin deməyindən bu çıxmırmı?.. Eh, Lyuba, demə sən beləymişsən, siz qadınlar elə hamınız beləsiniz.

–Siz çoxmu yaxşısınız? – anası inciklik duyulan bir səslə soruşdu. – Siz hamınız beləsiniz nə deməkdir? Mən elə deyiləm... Mən gecə-gündüz yorulmaq bilmədən işləmişəm, biz paravozların ocaqları üçün odadavamlı kərpic düzəldirdik. Mən arıqlayıb bir dəri, bir sümük qalmışam, üzümə baxılası deyil, elə yazıq görkəmə düşmüşəm, dilənçilər də məni özlərindən bilir, məndən pay istəmirlər. Mənim üçün də ağır idi, uşaqlar evdə tək qalırdılar. İşdən yorğun-arğın qayıdıram, soba qalanmayıb, yemək bişirən yox, uşaqların evdə bağrı çatlayır, onlar sonradan, çıxılmaz qalıb, işə-gücə öyrəndilər, balaca idilər, iş bacarmırdılar, Petruşka da uşaq idi. Bax onda Semyon Yevseyeviç bizə ayaq açdı. Mən evdə olmayanda gəlir, uşaqlarla otururdu. “Olarmı, – məndən soruşur, – aradabir, sizə qonaq gəlim, bir az qızınım?” Mən ona deyirəm, evimiz soyuqdur, odun yaşdır, yaxşı yanmır, o isə mənə deyir: “Onsuz da mənim bütün ruhum buz bağlayıb, mənim soyuqdan qorxum yoxdur, qoyun mən uşaqlarınızın yanında oturum, sobanı qalamasanız da olar.” Mən də ona dedim: nə olar, gəlin, necə olsa uşaqlar sizin yanınızda qaranlıqdan qorxmazlar. Sonra mən də ona öyrəşdim, o bizə gələndə bizim hamımızın ürəyi açılırdı. Mən ona baxanda səni xatırlayırdım, düşünürdüm, bizim atamız var... Sənin olmamağın, bilsən necə kədərli, necə pis idi; qoy barı bir başqası evə gəlsin, fikrimiz dağılsın, vaxt tez ötüşsün. Sənin yanımızda olmadığın vaxtın bizim üçün dəyəri olmadığından, onun necəsə tez keçməyini istəyirdik!

–Sonra, sonra nə oldu? – atası onu tələsdirməyə başladı.

–Sonra heç nə. İndi də sən gəlib çıxmısan, Alyoşa.

–Yaxşı, tutalım, sən deyən kimidir, – atası dedi. – Daha gecdir, yatmaq gərəkdir.

Ancaq anası yenə də danışmaq istəyirdi:

–Yatmağa tələsmə. Gəl bir az da danışaq, sənin gəlişinə elə sevinirəm, özümə yer tapa bilmirəm.

“Bunlar toxdamaq bilmirlər deyəsən, – Petruşka sobanın üstündə öz-özünə düşündü, – ancaq deyəsən barışdılar; anaya ertədən işə getmək gərəkdir, ancaq o elə sevincək olub, hər şeyi unudub, indi heç olmasa ağlamır, bu yaxşıdır”.

–Bu Semyon səni sevirdimi? – atası soruşdu.

–Bir dəqiqə gözlə, gedim Nastyanın üstünü örtüm, gecə yorğanı üstündən sürüşdürüb salır, soyuqlayır.

Anası Nastyanın üstünü örtüb mətbəxə keçdi, sobanın yanında dayanıb, Petruşkanın yatıb-yatmadığını yoxladı. Petruşka duyuq düşüb, özünü yatmışlığa vurdu, xoruldamağa başladı. Sonra anası otağa qayıtdı, bir azdan onun səsi eşidildi:

–Ola bilsin, sevirdi. O mənə həmişə vurğunluqla baxardı, mən bunu duyurdum, ancaq mən indi nə gündəyəm – özün də görürsən, məndə sevməli bir görkəm qalıbmı? Onun ömrü ağrı-acılarla dolu idi, o gərək kimisə sevməklə özünü ovutmağa çalışaydı.

–Aranızda belə isnişmək vardısa, barı onu öpüb eləyirdinmi? – atası şuxluğa saldıb soruşdu.

–Sənin də, deyəsən, sözün qurtarıb! Düzdür, o məni iki dəfə öpmüşdü, ancaq mənim ürəyim bunu istəmirdi.

–Sən istəmirdinsə, onda o niyə belə eləyirdi?

–Bilmirəm. Onun deməyinə görə, mən biraz onun arvadına oxşayıram, onu xatırlamaq üçün məni öpmüşdü.

–Yoxsa sən də onu mənə oxşadırdın?

–Yox, o sənə oxşamır. Sən heç kimə oxşamırsan, səndən yoxdur, sən bir dənəsən, Alyoşa.

–Mən bir dənəyəm, deyirsən? Elə saymaq da birdən başlayır: öncə bir gəlir, sonra iki.

–O mənim dodağımdan öpməyib, ancaq yanağımdan öpüb.

–Bunun fərqi yoxdur, öpüş elə öpüşdür.

–Fərqi var, Alyoşa... Sən bizim həyatımızdan nə bilirsən axı?

–Necə yəni nə bilirəm? Mən müharibənin başlanğıcından sonuna kimi döyüşmüşəm, ölümü indi səni gördüyümdən daha yaxından görmüşəm...

–Sən orada ölümlə üz-üzə olmusan, mən də burada səndən ötrü ölmüşəm, keçirdiyim sarsıntılardan əlim əsməyə başlamışdı, ancaq uşaqları dolandırmaq üçün də, dövlətin almanlarla qarşı döyüşməsi üçün də, var gücü ilə işləmək gərəkirdi.

Anası toxdaqlıqla danışırdı, ancaq onun bu danışığından ürək ağrıları açıq-aydın duyulurdu, Petruşkanın anasına yazığı gəlirdi: o, anasının pinəçiyə pul verməsin deyə, onların ayaqqabılarını necə yamadığını da, biraz kartof alıb, qonşunun elektrik peçini düzəltdiyini də görmüşdü.

–Mən sənin ayrılığına, həyatın ağırlığına dözə bilmirdim, – anası davam elədi. – Mən bu ağrı-acılarla sona kimi dirəşsəydim, ölərdim, ancaq mən uşaqlara görə ölmək istəmirdim... bütün bunlara dözə bilmək üçün mən gərək nə iləsə fikrimi yayındıraydım, mən nəsə, azacıq da olsa belə, bir sevinc tapıb ovunmaq istəyirdim, Alyoşa. Bir nəfər vardı, o məni sevdiyini deyirdi, ötən çağlarda, lap çoxdan sən mənə necə incəliklə yanaşırdınsa, o da mənə elə yanaşırdı...

–Sən yenə bu Semyon-Yevseydənmi danışırsan?

–Yox. O başqasıdır. O bizim həmkarların rayon təşkilatında təlimatçı işləyir, köçgünlərdəndir...

–Onun kimliyi cəhənnəmə! Sən mənə de görüm, o necə, səni ovuda bilmişdimi?

Petruşka bu təlimatçı barədə heç nə bilmirdi, özünün belə çoxbilmişliyi ilə nə üçün bunu bilmədiyi ona qəribə gəldi. “Sən də ay ana, deyəsən az aşın duzu deyilmişsən”–Petruşka ürəyində deyinməyə başladı.

Anası sözünə davam elədi:

–Mən ona isnişə bilmədim, onunla ilişkilərimdən sevinc duya bilmədim, tərsinə, biraz da ağır oldu mənimçün. Mən ruhumu ölümdən qurtarmaq üçün ona sığınmışdım, ancaq o mənə lap yaxınlaşanda, mənimlə cinsi yaxınlıq eləyəndə, mən özümdə ona qarşı büsbütün yadlıq duydum, o mənimlə yaxınlıq eləyəndə mənim fikrim ev işlərinin yanında qalmışdı, bu anlarda onunla yaxınlıq elədiyimə görə özümə acığım tutmuşdu. Mən onda bir daha, ancaq səninlə yaxınlığımdan xoşbəxt ola biləcəyimi, ovuna biləcəyimi anladım. Sən olmasan mən batıb gedəcəyəm, uşaqlar da başsız qalacaqlar... Qal, bizimlə yaşa, Alyoşa, birlikdə yaşasaq hər şey yaxşı olacaq!

Petruşka atasının necə çarpayıdan qalxıb kətilin üstündə oturduğunu, çubuğunu doldurub, çəkməyə başladığını eşitdi.

–Sən dediyin o adamla, neçə dəfə yaxınlıq eləmisən?–atası soruşdu.

–Ancaq bircə dəfə, – anası dedi. Bundan sonra onunla görüşmədik. Səncə, hər şeyi anlaya bilməyim üçün bu azdır?

–Özün bilərsən, neçə dəfə istəyirsən, bu sənin öz işindir, – atası dilləndi. – Onda bayaqdan o nə sözdür mənə deyirsən, sənin uşaqlarının anasıyam, nə bilim özünü ancaq mənimlə yaxınlıq eləyəndə qadın sanırsan...

–Mən sənə doğrusunu deyirəm, Alyoşa...

–Sən hansı doğruluqdan danışırsan? Axı sən onunla yaxınlıq eləyəndə də özünü qadın sanmısan!

–Yox, sanmamaışam, düzdür, mən bunu istəyirdim. Ancaq ola bilmədim... Mən artıq sənsiz yaşaya bilmirdim, mən itib-batmamaq üçün kiminləsə özümü ovutmaq istəyirdim, mən büsbütün sarsılmışdım, ürəyimi qara-qura duyğular sarmışdı, mən artıq öz uşaqlarımı sevməyi bacarmırdım, sən bilirsən, mən onlardan ötrü nəyə desən dözərəm, öz varlığımdan da keçərəm, təki onlara bir şey olmasın!..

–Dayan bir görüm, – atası onun sözünü kəsdi. – Sən deyirsən, özünün bu yeni Senka-Yevseykana bağlanmaqda yanılmışdın, o səni ovundura bilmədi, onunla yaxınlıqdan sevinc duymadın, habelə belə sözlər, onda necə oldu itib-batmadın, ölmədin, sağ qaldın?

–Düzdür, mən sağ qaldım, yaşayıram, – anası pıçıldadı.

–Deməli, sən məni aldadırsan! Sənin dediklərin doğru deyil!

–Bilmirəm, – anası pıçıldadı. – Mən bu işlərdən baş aça bilmirəm.

–Yaxşı. Ancaq mən belə işlərdən çox yaxşı baş açıram, mən səndən qat-at çox ağrı-acılar yaşamışam, – atası dedi. – Mən səni belə bilməzdim, sən qancıq imişsən, qurtardı getdi.

Anası dinmirdi. Atasının tez-tez, çətinliklə nəfəs aldığı duyulurdu.

–Bax budur, mən qayıdıb evimə gəlmişəm, – atası dedi. – Müharibədən sağ çıxdım. Ancaq sən məni ürəyimdən yaraladın... Nə olar, bundan sonra da bu Senka ilə Yevseyka ilə yaşamağına davam elə! Sən məni ələ saldın, məni gülünc gününə qoydun, ancaq gərək biləydin, mən insanam, oyuncaq deyiləm...

İllüstrasiya

İllüstrasiya

Atası qaranlıqda paltarını geyinib, çəkmələrini ayağına keçirməyə başladı. Sonra o neft lampasını yandırıb, stolun arxasında oturdu, saatını qolundan açmadan qurmağa başladı.

–Saat dörddür, –o öz-özünə dilləndi. – Hələ qaranlıqdır. Düz deyirlərmiş, bu yer üzündə qadın çoxdur, ancaq evləniləsi biri yoxdur.

Evə səssizlik çökdü. Taxta divanda uyuyan Nastya mışıltı ilə yatmışdı. Petruşka yasdığı qucaqlayıb düşüncəyə dalmışdı, o artıq özünü yuxuluğa vurub, xoruldamalı olduğunu da unutmuşdu.

–Alyoşa! – anası yalvarış dolu bir səslə deyirdi. – Alyoşa, məni bağışla!

Petruşka öncə atasının iniltisini, sonra şüşə cingiltisini eşitdi; pərdənin arasındakı yarıqdan baxıb, ata-anasının olduğu otağa qaranlıq çökdüyünü gördü, ancaq lampanın fitili hələ yanırdı. “Atam, lampanın şüşəsini yumruğu ilə sındırdı,–Petruşka işin nə yerdə olduğunu anlamışdı, – indi heç yerdə lampa şüşəsi yoxdur.”

–Sən əlini kəsmisən, – anası dilləndi. – Qan axır, dolabdan dəsmal götür, qanı saxla.

–Səsini kəs! – atası anasının üstünə qışqırdı. – Mən sənin səsini də eşitmək istəmirəm... Uşaqları oyat, bu saat oyat!.. Sənə deyirəm, oyat! Mən istəyirəm, onlara necə anaları olduğunu danışam! Qoy onlar da sənin kim olduğunu bilsinlər!

Nastya səs-küydən dikisinib, yuxudan ayıldı.

–Ana! – deyə çağırdı. – Olar, mən sənin yanına gəlim?

Nastya gecələr oyanıb, anasının çarpayısına gələr, ona qısılıb qızınmağı sevərdi.

Petruşka qalxıb yatağında oturdu, ayaqlarını sobanın üstündən aşağı salladı, sonra hamıya eşitdirərək dedi:

–Gecə keçir, niyə yatmırsınız! Məni niyə oyatdınız? Hələ səhərin açılmağaına çox var, bayırda qaranlıqdır! İşığı niyə yandırmısınız?

–Nastya, yat, hələ səhərə çox var, mən indi özüm sənin yanına gələcəyəm, – anası Nastyaya səsləndi. – Sən də Petruşka uzan yat, danışığı kəs.

–Onda siz nə üçün danışırsınız? Atam nə istəyir? – Petruşka deyinməyə başladı.

–Sənin nə işinə qalıb, mən nə istəyirəm? – atası çımxırdı. – Burada sənin kimi serjantımız çatmırdı elə!

–Sən mənə de görüm, nə üçün lampanın şüşəsini sındırırsan? Anamı nə üçün qorxudursan? O onsuz da işləməkdən üzülüb, arıqlayıb bir dəri, bir sümük qalıb, evə də gəlir, kartofu yağsız yeyir, yağ payını Nastyaya verir.

–Sən bilirsənmi anan burada nə işlərlə məşğul olub? – atası, balaca uşaqlar kimi, şikayət dolu bir səslə qışqırdı.

–Alyoşa! – Lyubov Vasiliyevna qınaq dolu baxışlarla ərinə baxdı.

–Mən bilirəm, hamısını bilirəm! – Petruşka dilləndi. – Anam gecə-gündüz sənin üçün ağlayırdı, səni gözləyirdi, hamısı mənim gözümün qabağında olub, indi sən gəlmisən, o yenə ağlayır. Sən özün heç nə bilmirsən!

–Sən hələ belə şeyləri anlamazsan! – atası acıqlanıb özündən çıxdı. – Bunun boyuna bax, danışığına bax hələ.

–Mən hamısını çox gözəl anlayıram, – Petruşka sobanın üstündən dilləndi. – Sən başa düşmək istəmirsən. Bizim işimiz-gücümüz var, gərək yaşamaq üçün əlləşib vuruşaq, siz isə burada axmaqlar kimi ağız-ağıza verib dalaşırsınız...

Petruşka susdu; o başını yastığına sıxıb, gözlənilmədən, səssizcə ağlamağa başladı.

–Evin böyüklüyünü öz üzərinə götürmüsən, atanı saymırsan, –atası dilləndi. – Özün bilərsən, mənim üçün daha fərqi yoxdur, necə istəyirsən elə də yaşa...

Petruşka göz yaşlarını silib atasına dedi:

–Eh, ata, ata! Gör bu yaşında necə danışırsan, hələ müharibədə də olmusan... Sabah get əlillərin kooperativinə, orada Xariton dayı var, dükanda işləyir, talonla gələnlərə çörək doğrayıb verir, özü də çəkidə kimsəni aldatmır. O da müharibədə olub, sonra evinə qayıdıb gəlib. Get onun özündən soruş, o bunu kimsədən gizləmir də, özü hamıya danışır, mən özüm də onun dilindən eşitmişəm. Onun arvadı Anyuta, Xariton müharibədə olanda burada sürücülük öyrənmişdi, indi də çörək maşınında işləyir, yaxşı qadındır, çörək oğurlamır. O da əri davada olanda burada biri ilə dostluq eləyirdi, onun evinə gedirdi, bir yerdə yeyib-içirdilər. Onun tanışının çoxlu ordeni var, qolunun biri də yoxdur, ancaq dükanda işləyir, tək qolu ilə yük boşaldır...

–Sən nə orda boş-boş sözlər danışırsan, yaxşısı yıxıl yat, birazdan hava işıqlanacaq, – anası ona dedi.

–Qoyursunuz yatmağa... Hələ işıqlanmağa çox qalıb onsuz da. Hə, onu deyirdim, bu təkqol Anyuta ilə dostluq eləyirdi, günlərini xoş keçirirdilər. Xariton isə müharibədə idi. Xariton müharibədən gələndən sonra onların dostluğunu bilib, Anyuta ilə savaşmağa başlayır. Bütün günü dalaşır, axşamlar da çaxır içib yemək tıxır, Anyuta isə ağlayır, heç nə yemir. Savaşdı, söydü-söyləndi, sonunda toxdadı, Anyutanı incitməkdən əl çəkib ona dedi: mən olmayanda sənin bir dənə o tək qolun olub, ancaq bir bax gör, mən sənsiz olanda neçə dostlarım olub: Qlaşkam olub, Aproskam, Maruskam olub, sənin adaşın Anyuşkam da olub, hələ üstəlik Maqdalinkam da. Bunu deyib, ürəkdən gülür. Anyuta xala da ona qoşulub gülür, sonra da başqa qadınların yanında öyünüb deyir, mənim Xaritonumdan yaxşısı yoxdur bu yer üzündə, gedib almanları da öldürüb, neçə-neçə qadınlarla dostluq da eləyib, bugün də üz versə, qadınlar yaxasından qopmazlar. Xariton dayı, biz çörək almağa gedəndə, maşından çörək qəbul eləyəndə, özü bunları bizə danışır. İndi isə arvadı ilə barışıblar, yaxşı da yaşayırlar. Xariton dayı bilirsənmi bizə gülə-gülə nə deyir: “Anyutamı aldadırdım, mənim heç vaxt qadın dostum olmayıb, nə Qlaşka ilə, nə Anyuşka ilə, nə də üstəlik Maqdalinka ilə dostluğum olub, əsgər – yurdun döyüşən oğludur, onun əylənməyə, axmaq işlərə baş qoşmağa vaxtı nə gəzir? Onun çalışıb-vuruşmağı yağıları öz torpağından qovmaq üçündür. Mən qəsdən Anyutanı qorxudurdum...” Uzan yat, ata, işığı da söndür, lampanı şüşəsiz yandırıb evi hisə verirsiniz...

İvanov Petruşkanın danışdığı olaylara təəcüb içində qulaq asırdı. “Bax gör, bu köpək oğlu nə danışır hələ! – ata öz oğlu haqqında düşündü. – Elə bildim, indi mənim Maşa ilə dostluğumu da açıb qoyacaq ortaya...”

Petruşka susdu, bir az keçmiş onun xorultusu gəlməyə başladı; bu dəfə o doğrudan yatmışdı.

Petruşka yuxudan ayılanda hava tamam işıqlanmışdı, ona görə də yuxudan qanıqara oyandı – iş-güc tökülüb qalıb ortalıqda, o isə yatıb yuxuya qalmışdı.

Evdə təkcə Nastya idi. O, döşəmənin üstündə oturub, anasının çoxdan aldığı şəkilli kitabı vərəqləyirdi. Qızcığaz bu kitabı hər gün vərəqləyərdi, çünki bundan başqa bir kitabı yox idi, barmaqlarını da, sanasan kitabı oxuyurmuş kimi hərflərin üstü ilə sürüşdürərdi.

–Nə olub səhər çağı kitabı kirlədirsən? Qoy onu yerinə! – Petruşka bacısının üstünə çımxırdı. – Ana hanı, işə gedib?

–Hə, işə gedib, – Nastya yavaşca dedi, sonra kitabı bağlayıb yerinə qoydu.

–Ata hara getdi? – Petruşka mətbəxə, qonşu otağa göz gəzdirib soruşdu. – O, çantasını götürüb getdi?

–Hə, gedəndə çantasını götürüb getdi, – Nastya cavab verdi.

–Gedəndə sənə bir söz demədi?

–Yox, heç nə demədi, ancaq mənim dodağımla gözlərimdən öpdü.

–Demək belə, – Petruşka mızıldanıb, dalğınlaşdı. Sonra birdən başını qaldırıb bacısına dedi:

–Qalx ayağa, indi səni yuyundurub geyindirəcəyəm, sonra gəzməyə gedəcəyik...

Onların atası isə bu vaxt vağzalda oturmuşdu. O, indicə iki yüz qram araq içib, hələ də qüvvədə olan, evə buraxılmış hərbçilərə verilən yol talonu ilə qəlyanaltı eləmişdi. O hələ gecə ikən düşünüb daşınmış, Maşanı qoyub gəldiyi şəhərə getməyi, onu tapıb həmişəlik onunla yaşamağı kəsdirmişdi.

Ancaq, saçları meşə xəzəli qoxuyan bu hamamçı qızından yaşca çox böyük olması onun pisinə gəlirdi. Bunun necə qutaracağı birgə yaşayanda bilinər, indidən bununla başını ağrıtmağa dəyməz, deyə düşünmüşdü. Maşanın onu görəndə az da olsa sevinəcəyinə inanan İvanov, elə bunu da özü üçün indilikdə yetərli sayırdı; onun gözəl, şən, geniş ürəkli bir doğma adamı olacaqdı. Sonrasına isə baxarıq, görək nə olur!

İllüstrasiya

İllüstrasiya

Çox keçmədən, onun dünən Maşanı qoyub gəldiyi şəhərə sarı gedən qatar gəlib çıxdı. O, yük çantasını götürüb, qatara mindi.

“Maşa, sözsüz, mənim qayıdacağımı gözləmir, – İvanov düşündü. – O, mənim onsuz da onu unudacağımı, bir də heç vaxt görüşməyəcəyimizi deyirdi, mən isə indi həmişəlik onunla yaşamaq üçün gedirəm”.

O, vaqonun tamburuna keçib orada dayandı, müharibəyə qədər yaşadığı, uşaqlarının doğulduğu bu kiçik şəhərə sonuncu dəfə baxmaq istəyirdi... İndi həmişəlik atıb getdiyi öz evinə də sonuncu dəfə baxmaq istəyirdi, onun evi olan küçənin başında dəmiryolu keçidi vardı, getdiyi qatar da oradan keçib gedəcəkdi.

Qatar yerindən tərpənib, stansiyanın yol göstəricilərinin yanından keçərək, şəhərin qırağı ilə, payızın soldurduğu boş çöllüklə getməyə başladı. İvanov vaqonun tambura açılan qapısının dəstəyindən tutaraq ötüb keçən evlərə, binalara, ambarlara, yanğınsöndürənlərin keşikçi qülləsinə, bir sözlə şəhərin onun üçün çox doğma olan görüntülərinə baxırdı. İki çox hündür borunu görüb, onlardan birinin sabunbişirmə zavodunun, o birisinin isə indi Lyubanın press aparatında işlədiyi kərpic zavodunun olduğunu ayırd elədi; qoy indi o öz istədiyi kimi yaşasın, İvanov da öz bildiyi kimi yaşayacaqdı.

Ola bilsin, Lyubanı bağışlaya da bilərdi, ancaq buna gərək var idimi? Onsuz da indi ürəyində Lyubaya qarşı bir kin vardı, ərinin müharibədən gəlişinə qədər darıxmasın deyə, kişilərlə öpüşən, onların yatağına girən qadını bağışlamaq olmazdı. Qaldı, Lyubanın: həyatın ağırlığı, qəm-qüssə, ehtiyac onu bu Semyonla, nə bilim Yevseylə yaxınlaşdırdığını deməsi – bu onun elədiklərini doğrulda bilməzdi, bu yalnız onun ürəyində pozğun duyğularının olmasından soraq verirdi. Bütün sevgilər ehtiyac ilə darıxmaqdan törəyir; insana nəsə gərək olmasaydı, bir də darıxmağın nə olduğunu bilməsəydi, o heç vaxt başqa insanı sevə bilməzdi.

İvanov bir az düşünüb, vaqonun tambrundan getməyi kəsdirdi, düşünürdü, – uşaqlarını qoyub getdiyi evə baxıb qanını qaraltmaqdansa, gedib yatsa yaxşıdır; belə şeylərlə ürəyini ağrıtmağa dəyməzdi.

O bir anlığına irəli baxıb, dəmiryol keçidinə nə qədər qaldığını öyrənmək istəyəndə, keçidə lap az qaldığını gördü. Burada dəmir yolunu şəhərin içərisinə doğru uzanıb gedən torpaq yol kəsib keçirdi; bu torpaq yolda yük arabalarından düşüb qalmış ot-küləş qalıqları, quru söyüd çubuqları, at peyini olardı. Bu yol, şənbə-bazar günlərindən başqa, həmişə boş, gəl-getsiz olardı; başqa günlərdə, təkəmseyrək, şəhərə sarı otyüklü araba sürüb aparan bir kəndli görərdin, ya da kəndə sarı qayıdan tək-tük arabaçılar gözə çarpardı.

Bu gün iş günü olduğundan, kənd yolu bomboş idi; ancaq uzaqdan, şəhər tərəfdən bu yola bitişən başqa bir yolla iki uşağın dəmiryoluna sarı qaçdığı görünürdü; uşaqlardan biri böyük, o birisi isə çox balaca idi, böyüyü kiçiyin əlindən tutub onu öz arxasınca dartır, tələsdirirdi, ancaq kiçik uşaq, öz balaca ayaqları ilə necə ürəklə qaçmağa çalışsa da, böyüklə ayaqlaşa bilmirdi.

Böyük uşaq işi belə görüb, onu az qala öz ardınca sürüməyə başlamışdı. Onlar şəhərin qurtaracağındakı sonuncu evə çatanda dayandılar, dəmiryol vağzalına sarı baxmağa başladılar, davranışlarından ora gedib-getməməyi kəsdirə bilmədikləri duyulurdu. Sonra onlar dəmiryol keçidini ötüb keçən sərnişin qatarını görüb, ona sarı qaçdılar, elə bil, qaçıb arxadan ona çatmaq istəyirdilər.

İvanovun olduğu vaqon keçidi ötəndən sonra o, yük çantasını qaldırıb, içəri keçməyə başladı, istəyirdi – başqa sərnişinlər yerlərini bərkitməmiş, onların dincliyini pozmadan, tez yuxarı qatdakı yataqların birində uzanıb yatsın. Birdən onu maraq götürdü: görəsən, o iki uşaq sonuncu vaqona kimi qaçıb çata bildilərmi? İvanov başını tamburdan çıxarıb geriyə baxdı.

Əl-ələ tutan uşaqlar hələ də keçidə sarı qaçmaqda idilər. Birdən onların ikisi də yıxıldılar, yenə gecikmədən ayağa durub irəliyə qaçmağa başladılar. Onlardan böyüyü, qaça-qaça, bir əlini İvanovun getdiyi qatara sarı uzadıb, dayanmadan yelləməyə başladı, elə bil, kimisə geriyə, öz yanına qayıtmağa çağırırdı. O əli ilə kimisə geri dönmək üçün haraylamağa başlayanda, onlar yenə ikisi də birdən yerə yıxıldılar. İvanov diqqətlə baxanda uşaqlardan böyüyünün bir ayağında keçə çəkmə, o birində qaloş olduğunu gördü – elə buna görə də, o belə tez-tez yıxılır, balacanı da dartıb özü ilə yıxıdırdı.

İvanov gözlərini yumdu, o qaçmaqdan əldən düşmüş uşaqların yıxılmaqdan çəkdikləri ağrılarını görmək, duymaq istəmirdi, bu anda onun köksündən yandırıcı bir istilik keçdi, elə bil, buçağacan dustaq olub köksünə gömülən ürəyi bütün ömrü boyu boş-boşuna döyünmüşdü, indi isə ürəyi gözlənilmədən azadlığa çıxıb, onun bütün varlığını isti ilə sarmış, titrətməyə başlamışdı.

Ona elə gəlirdi, bu anlarında o, həyatda indiyəcən nə bilirdisə hamısnı, bir də yenidən oyrəndi, ancaq bu, artıq daha dəqiq, daha gerçək biliklər idi. Bundan öncələr o, başqalarının ömrünə özünün mənliyi ilə maraqlarının çərçivəsindən baxmışdı, indi isə bütün bu olub-keçənlərə, bu çərçivəni qırıb atmış ürəyinin bütün genişliyi ilə toxunmuşdu.

O, ayağını vaqonun asma pilləkəninə qoyub, qatarın sonuncu vaqonundan o yanda güclə görünməkdə olan uşaqlara sarı boylandı. Artıq bu uşaqların özününkülər, Petruşka ilə Nastya olduğunu anlamışdı.

Görünür, onun dayandığı vaqon keçiddən ötüşəndə uşaqlar onu görüb tanımışdılar, ona görə də Petruşka əl eləyib onu evə, anasının yanına qayıtmağa haraylayırdı, o isə dalğın olduğundan, onlara baxsa da, öz doğma uşaqlarını tanımamışdı.

İndi Petruşka ilə Nastya qatardan çox geridə qalsalar da, yenə də relslərin yanınca uzanan qumsal yolla qaçmaqda davam eləyirdilər; Petruşka yenə də balaca Nastyanın əlindən tutmuşdu, yorulmuş qızcığaz dayanmaq istəyəndə onu dartaraq, arxasınca sürüyürdü.

İvanov yük çantasını vaqondan yerə tulladı, vaqonun asma pilləkəni ilə aşağı düşərək uşaqlarının ona sarı qaçdığı qumsal yolun üstünə endi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG