Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:59

Andrey Platonov. Ölümsüz qocanın başına gələnlər (hekayə)


Andrey Platonov
Andrey Platonov

-

(Araz Gündüzün tərcüməsində)

Babalı qobusu deyilən bu kəndin adamları hamılıqla geriyə, Rusiyanın içərilərinə, qarğaşadan uzaq yerlərə köçüb getdilər, üstlərinə alman-faşist yağıları gəldiyi üçün başqa yol qalmamışdı.

Kənddə ancaq acığından dişi bağırsağını kəsən çəlimsiz qoca, Tişka baba qaldı. O, doğma ocağından ayrılıb getmək istəmədi, necə olsa da, onun bütün ömrü bu kənddə keçmişdi, buradakı kilsə məzarlığında onun ata-anası uyuyurdu, bundan başqa da, kimisini körpəykən, kimisini də yaşlıykən torpağa tapşırdığı uşaqlarının, onların anasının məzarları da burada idi.

Boş kəndlərdə əsgərlər
Boş kəndlərdə əsgərlər

Ölümünə az qaldığı ürəyinə daman Tişka baba doğmalarından ayrılmaq istəmirdi: yerin üstündə birgə yaşadığı bu insanlarla yerin altında da bir yerdə uyumaq istəyirdi.

Kəndçiləri qocanı savaşdan uzaq yerlərə çıxıb getmək üçün çox dilə tutdular, yağıları buralardan qovub çıxardandan sonra yenidən birlikdə buralara qayıdacaqlarına inandırmağa çalışdılar.

Ancaq Tişka onlara qulaq asmaq istəmədi.

–Bu hansı almanlardır? O üzünü çil basmış iyrənc yaratıqlar olmasın?—o, hörmə çəpərin arasından yol üçün yır-yığış eləyən qonşusundan soruşurdu.—Tanıyıram onları! Mən onları çox görmüşəm: görməmiş, hamısı bir bezin qırağı olan xalqdırlar; hamısı da arxasında çanta gəzdirir, əlinə keçəni qamarlayıb ona yığır—taxtadan düzəlmə düymə olsun, şüşə qırığı, nə varsa, ver gəlsin!.. Onlar elə faşistdirlər, evlərinə çatmağa yarım kilometr qalmış, altı sürütülüb getməsin deyə, ayaqqabılarını çıxarıb ayaqyalın gedərlər! Onlar gözdən tük qapan xalqdırlar—hörümçək torundan sicim toxuyurlar, toyuğun beynini də çıxarıb tıxışdırırlar, mən onları əlimin içi kimi tanıyıram: onların ürəkləri qarınlarında, bağırsaqlarına sarınmış olur. Bunlar belə xalqdır. Yüz il üzünü görməsən də darıxmazsan. İnsan deyillər ha!..

–Gəl bizimlə gedək, Tişka baba, onsuz da bir azdan qayıdacağıq,–qonşusu ona dedi.—Bunlar elə alçaqdırlar, sənin sür-sümüyünü sındırarlar.

Ancaq Tişka baba heç nədən qorxmurdu.

–Mən burada qalacağam,–o, dilləndi.—Çox ola bilsin, təkbaşına bu almanların ağzından vurub, hamısını buradan qovdum getdilər.

Beləliklə də Babalı qobusunun bütün kəndliləri əllərinə keçən nə vardısa, lap toyuq tükünə kimi, yığışdırıb apardılar, su quyularını da torpaqlayıb yerlə bir elədilər.

Tişka təkbaşına qaldı; o, damdan süzüləcək yağış sularını yığmaq üçün, evin böyrünə bir çəllək qoydu, sonra artırmada oturub qapıda dənlənən sərçələri saymağa başladı: vur-tut yeddi baş idilər; ancaq qabaqlar burada sərçələr çox olardı, görünür onlar da kəndçilərə qoşulub Rusiyanın dərinliklərinə uçub getmişdilər, işə bax ha, sərçələr də buradakı yiyəsizliyə dözə bilmədilər.

İllüstrasiya
İllüstrasiya

Kəndin yan-yörəsinə, elə uzaqdakı çöllərə də qatı bir səssizlik çökmüşdü, elə bil savaş çoxdan bitmiş, yer üzünə yenidən barış gəlmişdi. İsti havada, öz torundan sallanmış hörümçək uçurdu, həyətdəki otluqda çəyirtkələrin çatırtıları, başqa kiçik böcəklərin varlığını andıran xışıltıları eşidilirdi, göydə isə ağappaq, günəş işığında parıldayan bir bulud dayanmışdı, sonradan bu bulud da isti havada, iz buraxmadan əriyib getdi, göy üzünün maviliyinə qarışıb yox oldu.

Haradasa çox uzaqlarda, çöllərin səssizliyini pozan bir kəndli arabası keçib gedirdi, bir azdan o da çökməkdə olan alatoranlıqda gözdən itdi, evinin yanında oturmuş Tişka baba, bu susqunlaşmış torpaqlarda təkbaşına qaldı. O, səssizcə oturmuşdu, ancaq düşdüyü bu təklikdən nə darıxır, nə də qorxurdu.

Onun yan yörəsində kəndin boşalmış evlərindən, yiyəsiz taxıl tarlalarından başqa heç nə olmasa da, ancaq qocaya elə gəlirdi, çıxıb getmiş kəndlilərin düşüncələri, ürəkləri, uzun illər burada yaşamış bu insanların hənirləri, hələ də buralarda qalmaqda, qocanın yaxınlığında gəzib dolaşmaqdadır. O, yan-yörəyə göz gəzdirdi, tanış üzləri görüb onlarla danışmağa başladı.

–Hə, Marya, de görək, kişin yenə Çelyabinsk yaxınlığından yazırmı, yoxsa daha səni unudub?

–Yazır, Tişka baba,–Marya dilləndi.—Bu yaxında poçtla mənə yüz manat pul da göndərib. Sağdır, yazmağına görə qarnı toxdur, mənə elə gəlir, çox keçməz bizim kənddə də hamı bolluq içində yaşamağa başlayar. Qoy hələ bir gəlib çıxsın evə, öz qapı-bacamızda girələnsin, buralarda işləsin: bu qoca yaşında onu uzaqlara dülgərlik eləməyə buraxmaram daha! Öz ocağından uzaqlarda, özbaşına yaşamağa öyrəşdi, indi görürsən, bax elə buna görə də, yaman güclər ona ilişib, ora-bura sürüyüb başına oyun açırlar!

–Gəlib çıxacaq!—Tişka baba qadına dedi.—Bir də gördün, sappasağ, əli-ayağı yerində, sınıxıb eləməmiş qayıdıb gəldi...

–Tişka baba!—o biri qonşunun hörmə çəpərinin arxasından, gözə görünməyən yeniyetmə Petruşkanın səsi gəldi.—Bu qarışqalar da insandılarmı?

–Elədir,–Tişka ona səsləndi.—Hərə özü üçün bir insandır da.

–Onda belə çıxır, mən də qarışqayam!—Petruşka özünün iti ağıllığı ilə öyünmək istədi.

–Düzdür, sən də elə qarışqasan,–Tişka baba onunla razılaşdı.

Ancaq Petruşkaya cavab verəndə, Tişka baba səsinin üzbəüzdəki sarayda əks-səda verdiyini, elə bil, indicə dediyi sözləri kiminsə alaqaranlıqda yenidən mızıldandığını eşitdi; bu, yan-yörənin yiyəsizliyindən doğan əks-səda idi. Çıxıb gedən insanların hamısının yerini boşluq tutmuşdu, Tişka baba bir anlıq öz kəndçilərinin düşdüyü bu duruma ürəkdən acıdı.

O, yerindən qalxıb küçəyə çıxdı, bayırda hansısa tanış, canlı bir varlıqla üzləşməyi ürəyindən keçirdi, ola bilsin, tutub aparmağı unutduqları toyuqmu, pişikmi qalıb burda, ya da uçub getməyən sərçələrdən qalanı olar birdən.

Küçə bomboş idi; kənddə qalan çöl heyvanları, çöl quşları da görünür insansız yerdə, belə səssizlikdə yaşamağa alışmadıqlarından, ürkmüş- perikmişdilər: ya gizlənmiş, ya da insanların arxasınca çıxıb getmişdilər.

Ancaq, heyvanların belə baş götürüb qaçdıqları bu yerdə, qoca kişi duruş gətirmişdi. Ürəyi bu yaşamdan qopmaq istəməyən qoca, çıxıb gedən insanları, burada darıxa-darıxa, haçanacan desən dözüb gözləyə bilərdi, təki onlar günün birində qayıdıb gələydilər.

Gecə səssizlik içində keçib getməkdə idi, ancaq rus torpağının o biri başında alovlanan yanğının işığı get-gedə artır, addım-addım buralara yaxınlaşırdı.

“Bu yağılardır, dörd bir yandan üstümə gəlir, məni çevrələmək istəyirlər,–Tişka düşündü.—Qoy gəlsinlər, bir az da yaxına buraxıb sonra onlara qarşı ölcü götürəcəyəm”.

Sözün düzü, yağılar gəlib çatanda onlara qarşı hansı ölçü götürəcəyini Tişka baba bilmirdi, ancaq onun düşüncəsinə görə, yağılar bura çatanda, əlüstü olaraq, onlarla necə davranacağını axtarıb tapacaqdı, artıq yağıların qarşısını kəsib onları dayandırmaq çağı gəlib yetişmişdi, üstü çörəklə, bərəkətlə dolu bu torpağı onlara vermək olmazdı.

Yoxsa sonra kənd adamı nə buraya qayıda, nə də burada yaşayıb dolana bilərdi. Yağıları qarşılamaq üçün Tişka kəndin qırağına çıxdı, faşistlərin gələ biləcəyi yolun üstündə uzandı.

Gecə yarısı Tişkanın başı üstündə, çox ucalarda ulduzlar sayrışmağa başladı; qoca onlara baxıb düşündü: bax onlar dinclik içində yaşayırlar, onların nə qayğısı var?—necə olsa da bizdən yaxşı dolandıqlarına söz ola bilməz; düz eləyirlər, qoy elə bizdən uzaq dolanıb işıqlarını saçsınlar—belədə, nə yaralanar, nə parçalanarlar; yoxsa əlçatan yerdə olsaydılar, bu faşistlər onları da topa tutub işıqlarını söndürərdilər, ya da dırmaşıb oraları da yaman günə qoyardılar; yox, yaxşısı elə qoy onlar yerdən uzaq gəzsinlər, özləri üçün işıqlarını saçsınlar, kimsənin onlara əli çatmasın!”

Ulduzlara heç nə olmayacağına arxayın olandan sonra, qoca Tişka boş qalmış kəndə sarı baxmağa başladı, kəndin dörd bir yanında uzanıb gedən çöllüyə göz gəzdirdi, bərk darıxmağa başladı, bir azdan onu yuxu apardı.

Yatan kimi, yuxu görməyə başladı: tanımadığı yad bir evdə, stolun üzərində uzanmışdı, özü də ölmüşdü, tanımadığı adamlar başının üstündə dayanıb ona yas tutur, ağlaşırdılar. Yuxuda duyduğu qorxudan, qüssədən, Tişka diksinib ayıldı.

İllüstrasiya
İllüstrasiya

“Bu ölüb gedən adamlardır, məni də öz yanlarına çağırırlar,–qoca Tişka gördüyü yuxunu belə yozdu.—İndi gör nə qədər adam gənc yaşında ölüb gedir, görünür, onlar mən yaşda qocanı ölmədiyi üçün qısqanırlar, mən özüm-özümü öldürümmü indi?—ölmək sırası hələ gəlib mənə çatmayıbsa nə etməliyəm!”

Dan yeri yenicə söküləndə Tişka ayağa qalxıb yağıları qarşılamağa çıxdı. Yan-yörədə yenə səssizlik idi, ancaq düşməni qabaqlamaq gərəkdi, ölüm, yanğın saçan bu yaramazları kəndə buraxmaq olmazdı.

Tişka yolda kiminsə haçansa atıb getdiyi bir əlağacı tapdı, onunla yaraqlanıb yağıların qabağını kəsmək, onları qırıb çatmaq üçün yolu tutub getməyə başladı.

Qoca yetişmiş taxıl tarlalarının arası ilə gedir, acıqla mızıldanırdı:

–Bax bir, bərəkət yetişib, qalıb ortalıqda: gəlib yığanı gözləyir! Çörək keçmişdə də, indi də müqəddəs sayılıb, ona əl qaldırmayıblar. Bu gün isə o artıq bizim ürəyimizə çevrilibdir: onu necə yandırasan, necə yox eləyəsən? Ancaq onun bu yaramaz yağıların əlinə keçməsinə də yol vermək omaz: güc çörəkdən doğursa, onları gücdən salmağa çalışmalıyıq. Ah ay ana, sənə kim demişdi, soruşub-eləməmiş məni doğasan!..

Uzaqdan, gecənin alatoranlığında, Tişka babaya sarı addımlayan, qaramtıl kölgəyə oxşar, səssiz-səmirsiz bir adam gəlirdi.

Tişka dönüb kəndə sarı baxdı; obaşdan çağının yarıqaranlığında tanış evlər görünürdü, kəndin üstünə örtük çəkibmiş kimi yayılan sis, evlərin damının üstündən asılıb qalmışdı, sanasan kənddə, bayram günlərində olduğu kimi, sobaların hamısnı birdən qalamışdılar.

Kənd boş olsa da, kəndçilərin ruhu ilə yaddaşı hələ də buralarda: evərin, taxıl tarlalarının yan-yörəsində dolaşmaqda idi; insanlar burada yüzillər boyunca, bir az acgözlük, bir az da umacaqlarla dolu olan bir istəklə yaşamış, onların ömrü burada yetişən çörəklə, gecə-gündüz üstündə əlləşdikləri torpaqla, ara vermədən çalışaraq bəslədikləri bərəkətlə büsbütün qaynayıb qarışmışdı,–ona görə də, burada nəyisə yandırmağa, dağıtmağa qoca Tişkanın əli gəlmirdi, bu eləcə: ruhu buradakı gerçəklərlə qovuşaraq bir olan xalqın özünü öldürmək demək olardı.

Kölgələr
Kölgələr

Tişka bir az duruxub irəliyə addımladı. Alaqaranlıqda ona sarı artıq bir yox, bir yığın kölgəyə oxşar adamlar gəlməkdə idi. Onlar çox yeyin yeriyirdilər, ona görə də, çox keçmədən gəlib Tişkaya çatdılar.

Onlardan ikisi avtomat tüfənglərini qocaya sarı tuşladılar, ancaq qoca hələ onlar gəlib yetişməmişdən elə acıqlanmışdı, gözünə heç nə görünmürdü; Tişka əlindəki ağacla torpağı döyəcləyərək, ən yaxında dayanan yağının üstünə qışqırdı:

–Dayan, yaramazın biri! Korsan, görmürsən qarşında kim dayanıb?..

Gödək boylu, topa saqqallı, acıqlı, incik Tişka baba yağının qarşısında dirənib dayanmışdı, onun duruşunda özünün haqlı olduğuna inamdan doğan bir arxayınlıq vardı.

–İtlib gedin burdan!—Tişka qışqırdı.—Sən bir bu sırtıqlara bax a, gör nəyə əl atırlar! Bu nə gündür düşdük, bir işə baxın ha: indi bunlar durub gəliblər bizim xalqımızı yer üzündən silsinlər! Sizin başınız işləmir, indi mən sizin başınıza ağıl qoyaram!.. Sənə deyirəm tüfəngi o yana çək, ay kökün kəsilsin!

Öfkələnmək, elə bil, Tişka babanı gəncləşdirmiş, qorxmaz eləmişdi, o bir az da ürəklənib əlağacı ilə yaxınlıqdakı almanları vurmağa başladı, onlar çox idilər, ancaq qoca onları saymağın hayında deyildi.

–Necə gəlmisiniz eləcə də qayıdın geri, ay şalvarı düşüklər! Nə qədər qol-qabırğanızı qırmamışam, çıxın gedin.

Qoca bu sözləri deyib özünü yağı qoşununa vurdu: o, pis adamların qorxaq olduqlarını yaxşı bilirdi, xalq üstlərinə yeridimi, onlar həsdəyəcəklər; Tişka yaramaz adamın ruhca zəif, ürəksiz olduğunu da bilirdi. Ona görə də Tişka baba yağının üstünə qorxmadan yeriyirdi, elə biləsən, qarşısındakı ayaqlayıb keçəcəyi kol-kosluq idi. O, öncə, bir az tələsdiyindən almanların üstünə ağacla yeriyib, qarşısına kim çıxdısa başını-gözünü ağaca doladı, sonra ağacı qırağa tullayıb, əliyalın onların üstünə yeridi; qoca onlarla əlbəyaxa savaşa girməyi kəsdirmişdi.

–Sizlər, dəmirsiz, tanksız, hay-küy qoparmadan, fırıldaq gəlmədən savaşa bilmirsiniz!—cılız boy-buxunlu Tişka baba qışqırmağa başladı.—Ancaq mən sizi ağacsız da, yalın əllə də əzişdirə bilərəm,–mən sizi yaxşı tanıyıram, ağcaqanad yığını! İşə baxın, bunlar bizi qorxutmağa gəliblər! Bizi qırıb-çatmağa gəliblər!.. Haydı, hamınız dala çəkilib torpağa baş endirin!

Tişka hayqıraraq, yaxınlıqdakı almanın boynuna bərk bir yumruq vurdu, guppultu səsi eşidildi, qocanın əli uyuşdu.

Alman döyüşçülərindən birinə qocanın davranışı çox ilginc görünmüşdü, o gözlərini qırpmadan qocanı izləyirdi; bu alman özlüyündə belə düşünürdü: ola bilsin, bu kişi buralarda çox sayğılı kimsələrdən biridir, ona görə də belə acıqlı, yekə-yekə danışır, boydan gödək olsa da, görünür, böyük çini olan dövlət qulluqçusudur.

Tişkanın boynuna yumruq vurduğu alman isə, tüfəngini qaldırıb qocanı güllə ilə vurdu, Tişka baba yerə yıxıldı. Adamların hamısında olduğu kimi, Tişka da haçansa ölə biləcəyi düşüncəsini özünə yaxın buraxmırdı; qocanın inamına görə, ölüm onu aparmağa gələndə bir yol tapıb canını onun əlindən quratara biləcəkdi. Ölümü onun üstünə hansısa kafir yadellinin gətirə biləcəyinə isə heç inanmazdı.

–Sən məni öldürə bilməzsən, heyvanın biri!—Tişka belə dedi, yoxsa belə demək istədi, bunu demək çətindir, sonra bayılıb yerə sərildi.

Ağır çəkili alman döyüşçüləri onu tapdalayıb üstündən keçirdilər, o isə bunu duymurdu. Onun duyduğu ancaq bədənini köz kimi yandıran nə isə bir yad cismin köksündə ilişib qalması idi, bu köz kimi qızmar nəsnə yavaş-yavaş soyuyurdu, bu ölüm gülləsini sonacan soyuda bilmək üçün Tişka babanın bədəni də buz kimi oldu.

–Mən ölümə yenilməyəcəyəm,–deyə Tişka baba düşünürdü, ancaq bədəni getdikcə gücdən düşürdü, dözülməz heysizlik onu yuxuya dalmağa sürükləyəndə qoca öz ölümünü düşünməyə başladı: “Boş-boşuna ölürəm: mənim ölməyə vaxtımmı var, yenə vaxtım yetişəndə olsaydı!”

Qoca, gecə yarıdan keçmiş, hava işıqlanmağa başlayanda ayıldı, ehtiyatla, diqqətlə yan-yörəyə göz gəzdirdi: heç nə dəyişməmişdi, necə var elə də qalmışdı,–torpaq həminki idi, onun üstü ilə yol uzanıb gedirdi, yolun qırağında biçilməmiş çovdar tarlası vardı, uzaqdan yiyəsiz evlərin qaraltıları görünürdü.

Sonra o özü haqqında düşünməyə başladı; köksündə ilişib qalmış dəmir qırığının ağırlığını duymağa başladı, dəmir qırığı onun nəfəsini darıxdırırdı, nəfəs aldıqca bu dəmir qırığı da yerindən oynayıb nəfəsinin yolunu bağlayırdı; o öncələr necə nəfəs alıb-verdiyini bilməzdi, indi isə hər nəfəs alıb verəndə bu dəmir qırığı öz varlığını andırırdı.

Ancaq yaşamda öz yerini yenidən bərkidəndən sonra, Tişka artıq bu alman dəmirindən qorxub eləmirdi: “Bir azdan öz yerini tutar, piylə qaynayıb qarışar, sonra mən özüm də elə onu unudaram, varlığı ilə yoxluğu bilinməz”.

O, qalxıb kəndə sarı getməyə başladı.

Kitab
Kitab

Kəndin girəcəyindəki hörmə çəpərin yanında bir alman gözətçisi keşik çəkib var-gəl eləyirdi. Alman Tişka babanı yaxına buraxdı; qocanı, gödək boyuna görə, uşaq sanmışdı.

Tişka yağıya lap yaxınlaşanda, onun, boynuna yumruq ilişdirdiyi alman olduğunu gördü. Deyəsən elə onu bu alman güllə ilə vurub öldürmüşdü.

Alman öncə Tişkaya baxdı, nəsə eləmək istədi, ancaq yerindən tərpənə bilmədi, özünü itirib çəpərin üstünə yıxılıb qaldı. Gecənin qaranlığında, yad ölkədə, öz əli ilə öldürdüyü adamın dirilib üstünə gəldiyini görən faşist bərk qorxmuşdu. Tişka yağının gücdən düşdüyünü anladı, yaxınlaşıb ona əli ilə toxundu:

–Ölüdən qorxursunuz, dirilərlə savaşmağa gəlmisiniz! Ancaq nə yelbeyin adamlarsınız siz!

Qoca kəndin içərilərinə doğru addımladı. Demək olar, bütün evlərdə almanlar yatışmışdılar, hamısı da yuxuda xoruldayırdılar. Tişka düşünməyə başladı: “Bax, bunlar da elə bizim kimi xoruldayırlar, istəsəydilər bunlar da elə bizim kimi əkin-biçinlə dolanışıqlarını qura bilərdilər, ancaq bunlar əməyə qatlaşmaq istəməyiblər: axı quldurluq çox qazanclı işdir”.

İndi yağıların sayı, qoca kəndin yaxınlığında onların üstünə cumanda olduğundan, qat-qat çox idi, yan-yörədəki kəndləri tutan almanlar da hamısı yeyib-içmək, dincəlmək üçün buraya yığışmışdılar. Ancaq istəkləri gözlərində qalmışdı, kəndçilər bütün azuqlarını, mal-qaralarını yığıb apardığından, hələ desən su quyularını da torpaqladıqlarından, faşistlər ac-susuz yatmalı olmuşdular.

Hava işıqlanan kimi almanlar onu tanıyıb yenidən öldürəcəkdilər, Tişka bunu bilirdi.

–Eh ölüm, səni də tanıdıq!—qoca birdən duruxdu, belə düşüncələrə qapıldığı üçün özünü qınadı.—Ölümün hamısı ağır, yaşamın hamısı yaxşı olmur!

Tişka köynəyinin üstündən yarasını qaşıdı: güllə bədəninə qaynayıb qarışmışdı, toxunanda daha ağrımırdı.

–Bu faşistlər də güllələrini boşuna işlədirlər mənim üçün!—qoca beləcə, başqasının gəlir-çıxarını hesablaya-hesablaya, dəmirçixananın yaxınlığındakı təpənin üstünə qalxdı.

İllüstrasiya
İllüstrasiya

Təpənin üstünə çıxan Tişka baba diz çöküb, üzünü kəndin evlərinə sarı tutdu, onlara baş endirib sağollaşdı.

Onun üçün artıq hər şey bitmişdi—baxmayaraq o, hələ də özünü sağlam, diribaş hiss eləyirdi—ancaq ömür bitmişsə, deməli artıq yaşamdan olan umacaqları da tükənmişdi.

–Hə, indi sən artıq mənsiz yaşamalı olacaqsan, çalış doğrucul, ağıllı olasan! Mənim sənə daha köməyim dəyməyəcək!—Tişka bu sözləri bərkdən: bütün ömrü boyu sevdiyi, ancaq heç vaxt üzünü görmədiyi bir insana deyirdi.

Tişka burada lap çoxdan bir yerə qalaqlanmış saman topasının yanına gəldi. Bu samanı artıq üç il olardı çıxdaş eləyib bura tökmüşdülər, keçənlərdə Tişka baba kolxozun idarə heyətini qınayıb bu samanı burada saxlamağın düzgün olmadığını demiş, onu işlətmək üçün düşünüb nəsə bir yol tapmağın gərəkliyindən danışıb deyinmişdi.

İndi isə buraya bir yanlışlıq ucbatından yığılmış saman topası, onun işinə yarayacaqdı, qoca saman topasına yaxınlaşıb dayandı, nə edəcəyini kəsdirməyə başladı. Tişka küləyin hansı yöndən əsdiyini ayırd eləmək istəyirdi, gərək biləsən bu saman topasına hansı tərəfdən od vursan, bütün kəndi yanğın bürüyə bilər.

O, dalda bir yer tapıb, çaxmaq-qovla samanı alışdırdı; onun ölçü-biçisinə görə, yanğın buradan başlayıb bütün kəndi bürüyəcəkdi: evlər bura yaxın idi, hörmə çəpərlərin bir-ikisi gəlib saman topasına dirənmişdi, lap yaxınlıqda isə kolxozun tövləsi dayanmışdı.

Kəndin bütün quyularını torpaqla doldurmuşdular, yağılar isə yatırlar, deməli yanğın kənddə işəyarar nə varsa hamısını yandırıb qurtaracaq, yerdə ancaq qaralmış torpaq qalacaqdı.

Ağacdan tikilmiş evlərin quru taxtaları, damları, hörmə çəpərləri bir andaca alışıb yanmağa başladı, alov get-gedə artıb göyə sarı ucalmağa başladı, kəndin üstü ilə süzməyə başlayan tüstü qarışıq işıq saçan bulud, yağıların üstünə yeriyib bütün kəndi işıqlandırdı, elə bil alovun işığı, yer üzündə baş verən acıların üstünə ışıq salmağa çalışırdı.

Tişka kənddən uzaqlaşıb çöllüyə sarı yollandı, oradan baxıb alovun kəndin evlərini bürüyüb necə yandırdığına, alovun tüstüsündən boğulmaqdan canını qurtara bilən faşistlərin evlərdən qaçıb çıxaraq bir yerə yığışdığına, sonra isə üz tutub gəldikləri yolla geriyə qayıtdıqlarına baxmağa başladı.

Dərddən, yorğunluqdan üzülmüş Tişka çovdarlığın qırağında uzanıb yuxuladı, kənd isə od tutub yanaraq, özü öz külünün altına gömüldü.

Günortaya yaxın Tişka yuxudan ayılanda, kəndin yerində yanıb qaralmış torpağın qaldığını gördü. Tişkaya elə gəldi, yoxa çıxmış kəndlə birgə onun ruhu da harasa çıxıb gedibdir, o, birdən ürəyinin də təpərdən düşdüyünü duymağa başladı. Yerindən tərpənməyə heyi qalmamışdı, elə bil damarlarındakı qanı donaraq dərin bir qüssəyə çevrilib ürəyini doldurmağa başlamışdı.

Tişka kəndə sarı addımladı, qabaqlar küçə olan yerdə almanların salıb itirdikləri bir qazmaçı beli tapdı, özü üçün yeraltı sığınacaq qazmağa girişdi; o bu sığınacağı öz evinin dayandığı yerdə qazmağa başlamışdı. Torpaq hələ soyumamışdı, ondan, bir az öncə sönmüş yanğının həniri duyulmaqda idi.

Torpağı bir az qazıb, Tişka öncə bir beşqəpiklik tapdı, sonra isə qalaydan düzəlmə iki sırğa da tapdı, bu sırğaları, çoxdan ölüb getmiş arvadı, gəncliyində taxardı, qoca sırğaları görəndə arvadını anıb uzun-uzadı ağladı.

Qoca birdən kiminsə yavaşca ona yaxınlaşdığını sezib başını qaldırdı. Tişka gələn adamı tanımışdı, baxmayaraq üzü hisdən qaralmış, arıqlamış, tanınmaz olmuşdu, ancaq onun, dünən Tişka babanı öldürən alman olduğu bilinirdi.

–Niyə itilib getmirsən, buralarda veyillənirsən, ay kafir?—qoca almanın üstünə qışqırdı.

Alman bir anlığına dayanıb, bəbəklərinin qarası gedib ancaq ağı qalmış gözləriylə, qorxa-qorxa qocaya baxdı, sonra uzaqlaşıb gözdən itdi.

“Bu çilli alçaq deyəsən lap başını itirib,–Tişka düşündü.—Yaramazlıqları, acgözlükləri aşıb daşır, gücləri isə yoxdur, yoxdur-yox! Bunların axı haradan gücləri olsun? Ola da bilməz: yer üzündə bir canlı tapa bilməzsən, bunların gördüyü işlər onun ürəyincə olsun, bunların gördüyü işlər kimin könlünə yata bilər axı?!..”

Gün batana yaxınTişka sığınacağını qazıb qurtardı, sonra burada insanca yaşaya bilmək üçün qazmanı otla döşədi, işini qurtarandan sonra birdən birə itirdiyi gücü özünə qayıtdı, ürəyi yenidən bütün gücü ilə döyünməyə başladı, artıq onun yaşamaq üçün sığınacağı vardı, doğma ocağında özünə yer eləyən qoca, dözülməz qüssələrin bitəcəyinə, kəndçilərinin qayıdacağına, yenidən burada yaşamın qaynayıb coşacağına inanmaya bilməzdi, bu inam qocanın bütün gücünü yenidən özünə qaytarmışdı.

–Demişdim, yağını buradan qovacağam, qovdum da!—Tişka baba özü-özünə dedi.—Hanı o özünü dişli-dırnaqlı bilib üstümüzə ayaq alan yağı? Yoxdur, ancaq görürsünüz mən varam, yenə burada, öz torpağımdayam!..

O gündən başlayaraq, Tişka baba özünün qazmasında yaşamağa başladı, ancaq sözün düzü, kəndçilərinin burada olmadığına görə qoca bərk darıxırdı.

İllüstrasiya
İllüstrasiya

Ancaq o, bunu da bilirdi: xalqın torpağı əlindən çıxmayıbsa, Tişka baba bu torpağı yağıdan qoruya bilibsə, deməli, itirilənlərin hamısını torpaq yenidən onlara qaytaracaqdır—çörəyi də, evləri də, bütün başqa bərəkətləri də,–torpağına qovuşan kəndlinin qüssəsi ötüşəcək, onun küskün kəndli ruhu yenidən dirçələcəkdir. Ancaq adamlar Tişka babanın gözlədiyindən də tez qayıtmağa başladılar.

Tişka babanın öz qazmasında gecələdiyi üçüncü gün, dan yeri yenicə sökülən çağı, uzaq kəndlərin birindən onun yanına iki kəndli gəldi, onlar özlərinin partizan olduğunu deyib, qocanın sorağını tutuqladıqları bir almandan aldıqlarını bildirdilər, ağlında çaşqınlıq yaranmış bu alman, burada “ölü qocanın oylağı” adlanan bir yer olduğundan danışırmış, onun deməsinə görə, bir ölmüş qoca burada bütöv bir alman bölüyünə qarşı təkbaşına döyüşüb onları kənddən qovub çıxarıbmış, ona görə də, indi bu xalq ordusunun döyüşçüləri buraya işin gerçəyini öyrənmək üçün gəlmişdilər, istəyirdilər ölmüş qocanın ruhu hələ diridirsə onunla danışsınlar.

Tişka bu iki yaşlı kəndlinin uzun-uzadı danışıqlarına dinməzcə qulaq asıb, dilləndi:

–Nə olar, onda oralarda nə qədər döyüşçü varsa hamınız yığışın gəlin bura, mən sizə başçılıq eləyəcəyəm! Mən ölmüş qocayamsa, demək artıq məni nə öldürmək, nə də yenmək olar! Sizin işinizə yarayaram, təklikdən də darıxmaram...

“Bu ölmüş qoca deyil, çoxbilmiş, igid bir döyüşçüdür,–partizanlar düşündülər,–düzdür çəlimsizdir, ancaq ürəyində təpər çoxdur”. Sonra onlar qocaya üz tutub dedilər: elə biz də özümüzə belə bir bacarıqlı, qorxmaz, bilikli bir başçı axtarırdıq,–indilikdə üç nəfərlik bölüklə də döyüşmək olar, sonradan xalqın hamısı bizim başımıza toplaşacaq, axı onun daha getməyə yeri qalmayıb, xalqın indi yalnız bir gedəsi yeri var, o da öz evi, doğma ocağı, onu yedizdirib doyuran torpağı, bu torpaqda uyuyan doğmalarının məzarıdır.

Tişka baba indilikdə döyüşçülərinin belə az olmasına görə köks ötürdü, sonra qazmadan dışarı çıxdı. O, yağıların yerləşdiyi uzaq çöllərə sarı baxdı; oralarda yollarda toz qopduğu görünürdü, görünür almanlar yenə də buralara sarı gəlirdilər.

–Siz ölümdən qorxmursunuz?—Tişka qazmada oturub ayaqqabılarını geyinən döyüşçülərindən soruşdu.

–Yox, ay baba, hər gün qorxub yaşamaq çox darıxdırıcıdır,–döyüşçülərdən biri belə cavab verdi, o biri isə dinməyib köksünü ötürdü.

–Yox, bu düz deyil, yersiz danışırsınız!—Tişka baba belə deyib sonra uca səslə onlara buyurdu:–Ölməkdən çəkinəcəksiniz, ölməməyə çalışacaqsınız! Döyüşçü ölməməlidir, o, yağını qovandan sonra da yaşamalıdır, yoxsa biz kimin üçün vuruşuruq? Qoşun ölümə inanmamağı ilə güclü olur, ölüm ancaq yağı üçündür, bizə ölmək olmaz! Bu andan başlayaraq savaşdayıq, haydı döyüşə, yağını qovmağa gedirik!

XS
SM
MD
LG