-
Moskvada avqustun 24-də Citibankda 4 nəfəri girov götürmüş və sonra təslim olmuş Aram Petrosyanın həbsi məsləsinə baxılacaq. Müstəntiqlər onun həbsi barədə vəsatət qaldıracaq.
Bununla belə, paytaxtın İstintaq İdarəsinin rəis müavini Yuliya İvanova RİA Novosti agentliyinə deyib ki, Petrosyanın verdiyi ifadəyə görə, o heç kimi öldürmək istəməyib, yalnız ictimai diqqəti cəlb eləmək istəyib.
Müflis olan iş adamı Petrosyan bankın ofisində 4 nəfəri girov götürmüşdü və ona televiziya kanalına çıxış verilməsini tələb edirdi. Sonra o, girovları azad etdi, özü də təslim oldu.
Petrosyan iş adamıdır, onun son zamanlar problemləri yaranıb və borclara girib. İstintaq Petrosyanın sosial mediada videosunu tapıb. Orda o deyir ki, iş adamlarının müflıisliyi məsələsini yoluna qoyan qanunvericilik yaradılmalıdır və müflisliyi öyrənən dövlət qurumu olmalıdır. Onun başqa tələbləri yoxdur.
France24.com saytı yazır ki, adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə o içkiliymiş və bankı partladacağını deyirmiş. Sonra o təslim olub, əlindəki partlayıcı maddənin isə saxta olduğu ortaya çıxıb.
Petrosyan məqsədinin Rusiyada müflis olmuş şirkət və şəxslərə diqqət çəkmək olduğunu deyib. O videoda öz probleminə diqqət çəkmək və biznesdəki müflisi bir bəla kimi görməyin lazım olduğunu bildirib. Və müflis olmuş biznesmenlər üçün reabilitasiya mərkəzinin olmasını istəyib. Onun ictimai tələblərinin Rusiyada bu növdən olan məsələlərə yanaşmada hansısa dəyişiklər yaradıb-yaratmayacağı sual altındadır.