Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:59

'Birinci kurs tələbələrinə də güzəşt olmalıdır' - ödənişlə bağlı


Illüstrasiya
Illüstrasiya

►Ödənişli ixtisaslara qəbul olunan tələbələr arasında təhsil haqqını ödəmək problem ilə üzləşənlər var

Avqustun 25-də ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin qeydiyyat prosesi başa çatır.

“Saat 5-də qeydiyyat yekunlaşır, bundan sonra siyahı bizə göndəriləcək ki, tələbələrin qəbulu ilə bağlı əmr verilsin”, Tələbə Qəbulu Dövlət Komissiyasının (ilin əvvəlindən Dövlət Qulluğuna Qəbul Məsələləri komissiyası ilə birlikdə Dövlət İmtahan Mərkəzi adlı qurumun tərkibinə keçib – red.) sözçüsü Xanlar Xanlarzadə deyir.

Onun sözlərinə görə, TQDK ehtiyac yarandığı təqdirdə qeydiyyat prosesini uzada bilər: “Bu, yalnız sabah bilinəcək”.

Mingəçevir Turizm Kollecinə daxil olan Günay Məmmədova üçün bəlkə də vaxtın uzadılması bir çıxış yolu ola bilər. Çünki ödənişli ixtisasa qəbul olunan Günay hələ də ödəməli olduğu 500 manatı tapıb kollecə verə bilmir:

Günay Məmmədova: Problem odur ki, pulu əvvəlcədən istəyirlər
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00
Direct-ə keçid

“Atam işləmir, anam da uşaq bağçasında çalışır. Ailəmizin aylıq gəliri heç 500 manat deyil”.

“İndi kimsə kimsəyə 5 manat vermir”

Göygöl rayonunun Mərkəzi Kitabxanasında çalışan Günay Məmmədova 130 manat maaş alır:

“İşləyə-işləyə 2 ay içində hazırlaşdım. Oxumağı çox istəyirəm, qardaşım da ödənişli təhsildədir deyə ailəyə ikiqat ağırdır”, o deyir. Günay söyləyir ki, bankdan da bu məbləği götürmək ona sərf etmir, çünki ona manatla 35 faizlik kredit təklif edirlər, az faizlə təklif olunan kredit dollarladır. Buna isə o, risk edə bilmir. Qohum-əqrəbadan, dost-tanışa da ümidi yoxdur, “indi kimsə kimsəyə 5 manat da borc vermir”, tələbə adını qazanan, amma hələ bu adın onda qalıb-qalmayacağını bilməyən Günay əlavə edir.

“Pulu ödəməsə…”

O, Mingəçevir Turizm Kollecinə illik təhsil haqqının bir qismini ödəməyi təklif edib, ancaq Kollec bu təklifi qəbul etməyib.

Kollecdən AzadlıqRadiosuna bunu təsdiqlədilər, dedilər ki, tələbə kimi qeydiyyatdan keçməkdən ötrü birinci kursda tam ödəniş etmək lazımdır, sonrakı kurslarda hissə-hissə ödəniş aparmaq mümkündür: “Əgər illik təhsil haqqını gətirməsə, biz onun qeydiyyatını aparmayacağıq”, Kollecdən bildirdilər.

Buna da bax: Məleykə Abbaszadənin pullu test təklifi tənqid edilir

“Şans sonrakı kurslarda veriləcək”

Dövlət təhsil müəssisələrində illik təhsil haqqının daha yüksək olduğu Tibb Universitetinin tədris hissə müdiri Nəsimi Qasımov AzadlıqRadiosuna deyir ki, bu, ümumi qaydadır. Yəni birinci kursda mütləq illik təhsil haqqı tam ödənilməlidir, sonrakı kurslarda isə tələbələrin imkanlarına görə ödəniş müddəti müəyyənləşdirilir. Tədris hissə müdirinin sözlərinə görə, Tibb Universitetində ödənişli ixtisasa qəbul olunanların qeydiyyatında ödənişlə bağlı problemlə rastlaşmayıblar:

Nəsimi Qasımov: Bu biz heç vaxt problem olmayıb ki, kimsə ödəniş edə bilməsin
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00
Direct-ə keçid

“Prezidentin tələbənin təhsil haqqından azad edilməsi ilə bağlı 4 fərmanı var. Bu fərmanlara görə, bu gün bizdə 93 tələbə təhsil haqqından azad olunub”.

Tibb Universitetinə qəbul olunan tələbələrin isə heç də hamısı, hələ ki, qeydiyyatdan keçməyib:

“Siz ödənişli deyirsiz, ancaq heç ödənişsiz ixtisasa düşənlərin bəziləri də qeydiyyata düşməyib, gözləyirik”, Nəsimi Qasımov deyir və əlavə edir ki, onlarda tibb təhsilinin illik ödəniş haqqı dünya universitetləri ilə müqayisədə çox aşağıdır. Tibb Universitetində illik təhsil haqqı ixtisasa görə 2 min – 3 min manat arasında dəyişir: “Dollara çevirəndə 1200-1800 edir, biz məbləği qaldırmadıq”.

Özəl universitet çıxış yolu tapıb

Ödənişli təhsil verən “Azərbaycan” Universiteti isə qəbul olunan tələbələrlə dil tapmağa çalışıb. “Bizdə təhsil haqqı ixtisasa görə 2 min 500-3 min civarındadır. Tələbə istəyərsə, illik təhsil haqqının 50 faizini qabaqcadan, yerdə qalan məbləği də ilin sonuna qədər ödəyə bilər”, universitetdən deyirlər. Onu da əlavə edirlər ki, hətta bir tələbəyə illik təhsil haqqını hər ay ödəməyə şərait yaradıblar:

“Bizə gələn tələbə bilir ki, burda təhsil ödənişlidir. İmkanlarını götür-qoy edib qərar verir”.

Kredit Fonduna ümid yoxdur

Birinci kurs tələbələri tələbə kreditindən də yararlana bilmirlər. 10-dan çox ali təhsil müəssisəsinin birgə yaratdığı “Maarifçi” Tələbə Kredit Fondunun kredit şərti yalnız II və yuxarı kurslara aiddir. Çünki tələbənin təhsil göstəriciləri güzəştli və girovsuz kredit götürmək üçün şərtlərdən sayılır.

Fonddan AzadlıqRadiosuna bildirdilər ki, yuxarı kurslarda təhsil alan tələbələrin kredit götürməsi ilə bağlı yaxın vaxtlarda elan verəcəklər.

Dövlət sifarişində pullu təhsil olmamalıdır. İqtisadçı Qadir İbrahimli belə hesab edir. Məsələni kifayət qədər ciddi sayan iqtisadçı vurğulayır ki, dövlət sifariş etdiyi ixtisas üzrə tələbədən pul ala bilməz:

Qadir İbrahimli: Dövlət sifarişi olan ixtisaslarda ödənişli təhsil ola bilməz
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00
Direct-ə keçid

“Azərbaycanda isə dövlət ali təhsil müəssisələrində təhsil alan tələbələrin 70 faizi ödənişli əsaslarla oxuyur. Məsələn, dövlətə hüquqşünas lazımdırsa, bu kadrı yetişdirməyin xərcini özü çəkməlidir, amma bizdə dövlət vətəndaşa deyir ki, “uşağını özün oxut””.

Buna da bax: Xaricə oxumağa niyə gedirlər?

“İndi bu mənbə də “quruyub””

Qadir İbrahimli hesab edir ki, manatın devalvasiyasından sonra yaranmış maliyyə problemləri ödənişli ixtisasa düşmüş bir çox tələbəni qapı ağzında qoya bilər:

“Əvvəllər yenə bank kreditləri ilə vəziyyətdən çıxırdılar. İndi bu mənbə də xeyli "quruyub". Ümid dost-tanışın mərhəmətinə qalıb. Qeydiyyatdan keçmə qaydaları çox sərtdir, tələbə qəbul olunan kimi avqustun 25-nə kimi illik təhsil haqqını ödəməlidir. Ancaq yuxarı kurs tələbələrinə şans verilir ki, onlar illik təhsil haqqını il ərzində büdcələrinə uyğun ödəsinlər”.

İqtisadçının fikrincə, dövlət sifarişli ödənişli təhsil ləğv edilməlidir. Amma o, indiki halda mərhələli ödəniş şansının yeni qəbul olunan tələbələrə də verilməsini istəyir.

Bu il ali məktəblərə qəbul olunan 34 mindən çox tələbənin 22 mini ödənişli əsaslarla təhsil almaq hüququnu qazanıb.

Onların neçəsinin qəbul olunduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçdiyi yaxın günlərdə bilinəcək, TQDK-dan AzadlıqRadiosuna belə deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG