Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:18

Dəhşətli yanğında pişiyin xilas etdiyi Binəqədi sakini


16-mərtəbəli bina yandı
Gözlə

No media source currently available

0:00 0:07:43 0:00

16-mərtəbəli bina yandı

►"Bir yanğınsöndürən maşının şlanqı çatışmırdı, birinin yuxarı mərtəbələrə çıxmaq üçün pilləkənləri yox idi. Vertolyotdan suyu binaya tökməkdənsə, həyətdə bizim başımıza tökürdülər”

"Məni pişiyim xilas elədi, amma özü evdə qalıb öldü..."

Bunu ötən il mayın 19-da Binəqədidəki 16 mərtəbəli binada yanğın zamanı evdə olmuş Elvira Manafova avqustun 9-da məhkəmədə ifadə verərkən deyib.

Zərərçəkmişin dediyinə görə, yanğın başlayarkən yatmış olub, pişik onu oyadıb:

"Oyandım ki, yanıq iyi gəlir. Elə bildim, qazın üstündə nə isə yanır. Ayağa qalxanda gördüm ki, bina yanır. Sonra huşumu itirmişəm. Qonşuların dediyinə görə, məni blokdan tapıb xəstəxanaya aparıblar".

“BİRİNİN ŞLANQI ÇATIŞMIRDI...”

Elvira Manafova deyir ki, bina 2012-ci ildə üzlənərkən də yanğın olmuşdu:

"Fəhlələr qaynaq işi apararkən üzlüklərin üstünə qığılcım düşmüşdü, ondan alışmışdı. Şəxsən mən özüm üzlük parçalarından birinin yana-yana yuxarıdan aşağı düşdüyünü gördüm. Ondan sonra şikayətlər oldu, təxminən bir il iş dayandı. Bu materialla üzlənmənin davam etməsinə sonra niyə yenidən icazə verdilər, bilmirəm".

Fövqəladə Hallar Nazirliyinin xilasedicisi olan Ruslan Əliyev də məhkəmədə zərərçəkmiş kimi ifadəsində deyib ki, bina sakinlərindən birini xilas edərkən özü tüstüdən zəhərlənib.

Buna da bax: 'Müharibəyə gedib şəhid olsaydı, məni belə yandırmazdı'

Bina sakini Anar Abdullayev isə hadisə zamanı FHN əməkdaşlarından narazılıq edib:

"Bir yanğınsöndürən maşının şlanqı çatışmırdı, birinin yuxarı mərtəbələrə çıxmağa pilləkənləri yox idi. Vertolyotdan suyu binaya tökməkdənsə, həyətdə bizim başımıza tökürdülər. O hadisədə ən operativ işləyən Təcili Yardım oldu. Təsəvvür edin, biz düşmüşük həyətə, sonra nə qədər "103"ə zəng eləmişik, yanğınsöndürən gəlib çıxmırdı".

“DEYİBLƏR Kİ, DAYAN”

Başqa bir zərərçəkmiş Orxan Sayilov da yanğınsöndürənlərdən şikayətlənib:

"Yanğınsöndürənlərdən biri "Ailə market"in yanında dayanmışdı. Camaat dedi ki, "burda niyə dayanmısan, söndürün də". Cavab verdi ki, "mən də istəyirəm, sönsün, amma deyiblər ki, “hələ dayan”, mən də dayanmışam".

Bundan sonra hakim məlumat verib ki, iş üzrə zərərçəkmiş qismində tanınan şəxslərin böyük əksəriyyəti artıq dindirilib. 27 nəfər qalıb ki, onları məhkəməyə gətirmək, hələlik, mümkün olmayıb. Amma onların gəlib dindirilməsindən ötrü məhkəmə gərəkən bütün hüquqi addımları atır. Hakim təklif edib ki, vaxtdan səmərəli istifadə məqsədilə zərərçəkmişlərin iştirakı təmin olunana qədər təqsirləndirilən şəxslər dindirilsin.

Təqsirləndirilənlərin əksəriyyəti bu gün ifadə verməyə hazır olmadığını deyib. Amma Ağacavad Məmmədov ifadə verməyə razılaşıb.

Buna da bax: 'Yanğınsöndürənlər gəlmişdi, amma su yox idi'

“ÇƏTİN YANAN MATERİAL HESAB OLUNUR”

Ağacavad Məmmədov iş materiallarında Dərnəgül Boru Zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrinin təyini laboratoriyasının rəhbəri kimi göstərilsə də, ifadəsində bildirib ki, əsas iş yeri Bakı Dövlət Universiteti olub:

"Mən müəlliməm. Sadəcə, müqavilə əsasında zavodun laboratoriyasının məsləhətçisi olmuşam".

A.Məmmədov ittihamı qəbul etmir: "Yazıblar ki, guya, mən bu adamlarla əlbir olmuşam. Mən onların heç birini tanımamışam".

Cinayət işinin materiallarına əsasən, A.Məmmədov binaya vurulan üzlüklərin materialı ilə bağlı mütəxəssis rəyi verib. Özü də bunu təsdiqləyib:

"Onu yoxlamaq üç gün tələb eləyirdi. Nə lazımdısa, elədim, yoxladım. Yəni gerçəkdən sınaq yoxlaması aparılıb. Materialı yandırdım, məlum oldu ki, özü-özünü söndürən materialdır. Yəni çətin yanan material hesab olunur. Yoxlamanın nəticəsi olaraq, 2010-2011-ci illərdə iki sınaq protokoluna imza atmışam".

“RESPUBLİKAYA QARŞI XƏYANƏTDİR”

Məhkəmədə dindirilən zərərçəkmişlər təxminən 5-10 dəqiqə ərzində bütün binanın alışdığını bildiriblər. A.Məmmədov deyir ki, yoxlamadan keçirtdiyi materiala görə bina bu cür sürətlə alışa bilməzdi:

"Bu, respublikamıza qarşı xəyanətdi. Bunların hamısı düşünülmüş qaydada həyata keçirilib. Burada yanğınsöndürənlər də yalan danışdılar".

Məhkəmə prosesi avqustun 11-də digər təqsirləndirilən şəxslərin ifadələrilə davam edəcək.

Xatırladaq ki, 15 nəfərin ölümüylə nəticələnmiş yanğına görə məhkəmə qarşısına "Global Construction" və "Global Stone" şirkətlərinin təsisçisi Miryusif Mahmudov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, "Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, "Dərnəgül Boru" zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov çıxarılıb. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG