Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:35

'Müharibəyə gedib şəhid olsaydı, məni belə yandırmazdı'


16-mərtəbəli bina yandı
Gözlə

No media source currently available

0:00 0:07:43 0:00

16-mərtəbəli bina yandı

►“Uşağı götürüb qapıdan çıxmaq istəyəndə bloku tüstü bürümüşdü. Evə qayıtdım. Binanın arxa tərəfi yanmırdı, o tərəfdəki otağa keçdim. Qışqırıb aşağıdan kömək istədim”

"Evim yıxılıb, tifağım dağılıb. Daha nə danışım? O cür savadlı, ağıllı balam əlimdən gedib. Elə vətənpərvər oğul idi ki... Müharibəyə gedib şəhid olsaydı, məni belə yandırmazdı".

Bunu ötən il mayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasındakı yanğın zamanı özünü pəncərədən atan Yaşar Nəcəfzadənin anası Kifayət Nəcəfova məhkəmədə ifadəsində deyib.

İyulun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmiş qismində dindirilən Kifayət Nəcəfova yanğınla əlaqədar həbs olunanlara qarşı heç bir şikayət-tələbinin olmadığını bildirib: "Onsuz da daha mənə olan olub".

“BİR HƏFTƏ SONRA BİLDİM Kİ, ÖLÜB”

Hadisə nəticəsində dünyasını dəyişmiş 1 yaş 9 aylıq Ömərin anası Şahnaz Qəniyeva da məhkəmədə həmin gün yaşadıqlarını danışıb:

"Yatmışdım, azyaşlı oğlum məni oyatdı. Gördüm ki, ev yanır. Uşağı götürüb qapıdan çıxmaq istəyəndə bloku tüstü bürümüşdü. Evə qayıtdım. Binanın arxa tərəfi yanmırdı, o tərəfdəki otağa keçdim. Qışqırıb aşağıdan kömək istədim. Saat 12-1 arası özümdən getdim. Saat 4-ün yarısında gözümü xəstəxanada açdım. Uşağı soruşdum, demədilər ki, ölüb. Dedilər ki, şüşənin altındadır. Bir həftə sonra bildim ki, ölüb".

Buna da bax: 'Oğlumu səhvən meyitlərin arasına qoyublar'

Zərərçəkmiş Hilal Rəsulov yanğın vaxtı binanın damına qalxmaq istəyib: "Blokdan dama açılan qapı bağlı idi. Yuxarı çıxanda Yaşarı gördüm. Yanında bir qadın və bir uşaq var idi. Deyəsən, o biri blokun sakinləri olan və hadisə nəticəsində ölən ana-bala idi. Tüstü idi, üzlərini görmürdüm. Yaşarın da üzünü görmədim. Soruşanda özü dedi ki, "mən Yaşaram"”.

Hilal Rəsulov ifadəsində təqsirləndirilən şəxslər sırasında olan "JEK" müdiri Nizami Orucovla heç bir problemlərinin olmadığını, bina və ətrafının təmiz saxlanıldığını bildirib: "Mən saat 7-də işə gedəndə Nizami müəllim həyəti gəzib baxırdı".

Amma ondan sonra dindirilən zərərçəkmiş Mənsurə Həmidli isə binanın təmiz saxlanılmadığını deyib.

“HƏBSDƏ MÜXTƏLİF XƏSTƏLİKLƏRƏ TUTULUB”

Prosesin gedişində təqsirləndirilən şəxslərdən Miryusif Mahmudovun vəziyyəti pisləşib və məhkəməyə Təcili Tibbi Yardım çağırılıb.

Bununla əlaqədar yaranmış fasilədən sonra Miryusif Mahmudovun vəkili İlhamə Həsənova onun Müalicə Müəssisəsinə köçürülməsi barədə vəsatət qaldırıb:

"Miryusif Mahmudov 2015-ci il mayın 19-dan həbsdədi. Həbsdə olduğu müddətdə o, müxtəlif xəstəliklərə düçar olub. Xüsusən ürəyi ilə bağlı ciddi problemlər var, tez-tez nəfəs tutulmaları olur. Son günlər vəziyyəti daha da kəskinləşib. Baxmayaraq ki, təcridxanada ambulator qaydada müalicə alır, amma nəticə yoxdur. O, mütləq stasionar qaydada müalicə olunmalıdır. Əks halda, bu, onun ölümü ilə nəticələnə bilər".

MƏKTUB GÖNDƏRİLƏCƏK

Hakim bildirib ki, məhkumun hara köçürülməsi məhkəmənin səlahiyyətinə aid məsələ deyil. Amma məhkəmə təcridxanaya təqsirləndirilən şəxsin səhhətilə bağlı məktub göndərə bilər və bu addım da atılacaq.

Məhkəmə prosesi avqustun 1-də davam edəcək.

Xatırladaq ki, 15 nəfərin ölümüylə nəticələnmiş yanğına görə məhkəmə qarşısına "Global Construction" və "Global Stone" şirkətlərinin təsisçisi Miryusif Mahmudov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, "Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, "Dərnəgül Boru" zavodunun polimlərin kimyəvi, fiziki-mexaniki xassələrin təyini laboratoriyasının rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov çıxarılıb. Onlara qarşı CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG