Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:18

Alov İnanna. Çoxpaltarlı bəxtəvər (Alleqorik hekayə)


Buqələmun.
Buqələmun.

-

Alov İnanna

ÇOXPALTARLI BƏXTƏVƏR

Hər üçünün eyni anda bir-birinə rast gəlməsi az-az olurdu, bu gün belə günlərdən biriydi. Qayanın üstündə uzanıb özünü günə verən İlan yem axtarışına çıxan Kərtənkələ və Koramalı söhbət edə-edə ona tərəf gələrkən gördü. İlan dikəlib köhnə dostlarını salamladı.

Hamıdan çevik olan Kərtənkələ həmişəki kimi söhbətə birinci başladı. Onların yaşadığı yerə yeni sakin köçmüşdü, forsu yerə-göyə sığmayan Buqələmun xanım. Qeybət üçün bundan ideal mövzu ola bilməzdi.

Buna da bax: "Milçək və Ağcaqanad"

Adi vaxtlarda qohumu Timsahın cah-cəlalı ilə öyünüb onun yemək-içməyindən ağızsulandıran söhbətlər edən Kərtənkələ, indi özünü Buqələmunla müqayisə edir, kasıbçılıqdan şikayətlənirdi:

– Mən ömrümdə bunun kimi varlı birisinə rast gəlməmişəm. Təsəvvür edirsiniz, o gün kolluqda qabağıma çıxıb, beş-altı kəlmə danışana kimi altı-yeddi paltar dəyişdi! Eh. Biz də yaşayırıq? Bizimki sürünməkdir, yaşamaq deyil!

– Hə, Koramal Kərtənkələnin sözlərini təsdiqlədi, mən də görmüşəm. Otluqda dayanmışdı, əynində otluqla eyni rəngdə yaşıl rəngli paltarı vardı. Sonra ağacın üstünə çıxanda artıq qəhvəyi paltara keçmişdi.

Söhbət İlana da bərk yer eləmişdi. Gör, işin harası idi ki, özgə vaxtı qızılı dərisi ilə öyünüb Koramalla Kərtənkələyə yuxarıdan aşağı baxan İlan da etiraf etməyə nəsə tapdı:

– Hmm... Bu qədər paltarı hardan tapır bu? Mən yazıq il boyu demək olar eyni dərinin içində qalıram, paltarımı ildə bir dəfə dəyişəm, ya dəyişməyəm.

– Mən elə bilirdim həyatın mənası yemək-içməkdədir. Elə deyilmiş... Ürəyin istəyən kimi geyinib-kecinmədinsə, camaat hardan biləcək sən necə yaşayırsan, – Kərtənkələ depressiv səslə sanki öz-özü ilə danışırdı.

Söhbət İlanın qanını bərk qaraltdı, ürəyində dedi ki, bu Buqələmun deyilən zat qabağına çıxsa, mütləq onu sancacaq.

***

Növbəti dəfə rəfiqələr rastlaşanda Kərtənkələnin üzü gülürdü:

– Qızlar, bu farmazonun bütün cikini-bikini öyrənmişəm. Acından günorta duranın biri imiş. Deyirdim bəs, bunun yediyi ancaq kürü olar, ha, ha, ha... – Kərtənkələ uğunub getdi, bir təhər gülməyini dayandırıb cümləsini tamamladı, sən demə, eləcə bör-böcək, çəyirtkə-məyirtkəynən dolanırmış. Yəqin bu külbaş əlinə nə keçirsə, verir özünə cır-cındır alır. Hələ bir mənə baxın ey, mən də bunu Timsah dayımla müqayisə edirdim.

İlanla Koramal üstlərindən dağ götürülübmüş kimi rahatca nəfəs aldılar.

Yazıçı Alov İnanna.
Yazıçı Alov İnanna.

21.06.2016, Almaniya

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG