Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:54

Gənc xanım intihara qərar verir


Yazar Tural Şahtaxtınski
Yazar Tural Şahtaxtınski

-

"O, inadla susurdu. Əlləri ilə boğazına keçirmək istədiyi kəndirdən bərk-bərk yapışmışdı. Hərdən ayaqları titrəyirdi. O anda nə düşündüyünü bilirdim. Bilirdim ki, intihar etmək üçün məndən icazə almaq istəyir. Ancaq buna əsla razı deyildim".

"Beş saat sonra isə elə onun qarşısında oturduğum stolda aşağıdan yuxarı baxıb, mənə yalvarmağını izləyirdim. Bəli, o, mənə yalvarırdı. Yalvarırdı ki, intihar etməsi üçün ona icazə verim".

Tural Şahtaxtinski

Hekayə

Gənc xanımın sürətlə qocalması

Yeni aldığım kompyuterimdə ilk hekayəmi yazmaq, köhnəlib əldən düşmüş kompyuterimdə yazmaqdan fərqli olaraq xeyli əyləncəli idi. Yeni kompyuterim öz brendində son model olmaqla bərabər, gücünə görə də ən üstündür. Bir sözlə, bu kompyuter texnologiyanın son uğurlarından biri sayılır.

İş elə gətirmişdi ki, hekayənin ən maraqlı yerində hadisələrin istiqaməti qəfil dəyişmişdi, mən isə buna mane olacaq gücdə deyildim. Bu isə mənə sanki köksümə bıçaq saplanırmış kimi, dəhşətli dərəcədə əzab verirdi.

***

Hekayəmin qəhrəmanı təxminən iyirmi beş yaşlı bir xanım idi. Gənc xanımın həyatı kimlərəsə inandırıcı gəlməyə bilərdi, amma yaşadığımız cəmiyyət üçün yad deyildi.

Hekayə uşaqlıqdan gənclik illərinə qədər qadağalar, təzyiqlər altında yaşamış, qorxularla böyümüş bu xanımın iyirmi beş yaşından sonrakı həyatından bəhs edirdi. Onu siz də tanısaydınız bu xanımda asanlıqla aşağıdakı davranışları müşahidə edə bilərdiniz: az qala atdığı hər addıma görə evdəkilərin izni olmalıdır, öz qərarları və seçimləri yoxdur, təkbaşına yaşamaq qorxusu altında əzilir, tanışlığımızın ilk günlərində isə, hətta yemək yeyərkən belə icazə istəyirdi...

Açığı, ilk günlər mən özüm də ondan qaçmaq istəyirdim, hekayəni hələ ilk cümlələrindən dayandırmaq qərarına da gəlmişdim. Onunla bir yerdə qalmaq mənim üçün dözülməz idi, iztirablı idi, qorxunc idi, amma sonda hekayəni sonacan yazmağa qərar verdim. Bəli, hekayəni yazmalı, ona həqiqəti çatdırmaq üçün tanışlığımızın ilk günlərindən döyüşə hazır olmalı idim. Çətinliklə də olsa, bunu bacarmış, gənc xanımın həyatını yazmaqdan imtina etməmişdim.

Əslində, qəhrəmanım real həyatda tanıdığım bir insan deyildi, onun həyatını öz beynimdə çizdiyim hadisələrlə yazacaqdım.

Belə baxanda, ilk günlərdə hekayə öz axarı ilə yazılmaqda idi, artıq qəhrəmanım öz istəklərinə uyğun yaşamağa başlamışdı. Bircə qüsuru vardı, bütün istəkləri üçün məndən icazə alırdı, onu azad edən mənim icazələrim olurdu. Çox şeyi çətinliklə olsa da dəyişə bilmişdim, bununla belə, hər addımda icazə almasını dəyişməli idim və bu da zaman tələb edirdi. Mən hekayədəki qəhrəmanımın azad olmasını, icazəsiz, qadağasız həyat yaşamasını təmin etməli idim.

Hekayəni yazdığım üçüncü günün gecəsi (saatı dəqiq xatırlamıram, bəlkə heç lazım da deyil...) amansız yuxu məni əməlli-başlı əldən salmışdı, artıq tab gətirməyib hekayəni yarımçıq qoyaraq yatmağa məcbur oldum, amma həmin gecə nədənsə kompyuterimi söndürmək bir yana, hekayə olan faylı bağlamağı belə unutmuşdum.

Səhər yuxudan oyananda ilk gözümə dəyən kompyuterimin açıq olması, hekayə olan faylın isə hələ də ekranda görünməsi oldu. Günün bu vaxtı yazmağı bacarmıram, bununla belə, kompyuterin açıq olması məni hekayəyə göz atmağa vadar etdi.

Hekayənin davamını yazmaq qərarına gəldim. Gecə kompyuter arxasından qalxarkən gənc xanım otaqda təkbaşına musiqi dinləyirdi, amma mən indi hekayəni yenidən oxuyanda nə otaqda musiqi dinləyən gənc xanımdan, nə də mənim yazdığım mətndən əsər-əlamət qalmışdı.

***

Səssizcə hekayəyə daxil olub, otaqdakı mənzərəni görəndə təəccübləndim, amma bunu ona hiss elətdirməmək üçün sakitcə pərdəni çəkib pəncərəni açdım. Sübh çağı yenicə doğmuş günəş şüaları otağı bir az da işıqlandırdı. Sonra otaqda boş qalmış yeganə stulu onun qarşısına çəkib əyləşdim. Ayaqlarının altında stul olduğuna görə onu yalnız başımı qaldırıb görə bilərdim, amma üzünə baxmaq istəmirdim.

Siqaret yandırdım. Ayaqlarımı bir az da uzatdım, əllərimi sinəmdə üst-üstə qoydum. Siqaretin tüstüsü günəş şüalarının arasından sızıb yuxarı - ona doğru qalxır və yoxa çıxırdı.

O, inadla susurdu. Əlləri ilə boğazına keçirmək istədiyi kəndirdən bərk-bərk yapışmışdı. Hərdən ayaqları titrəyirdi. O anda nə düşündüyünü bilirdim. Bilirdim ki, intihar etmək üçün məndən icazə almaq istəyir. Ancaq buna əsla razı deyildim.

Məni narahat edən hekayəmin tamamilə dəyişməsi, yazdığım mətnin beynimdəki qurğudan kənara çıxması idi. Onun intihar istəyi mənim üçün gözlənilməz olduğundan kompyuterimdə bu hissənin necə yazıldığını anlamağa çətinlik çəkirdim. Ancaq bu, heç nəyi dəyişmirdi, gənc xanım mən yatdıqdan sonra ölmək qərarına gəlmişdi. Üstəlik, gənc xanım bir gecədə sürətlə yaşlaşmışdı. Mənimsə nə onun intihar arzusuna düşməsindən, nə də bir neçə saatda ən azı on il yaşlaşmasından xəbərim vardı.

Hər ikimiz hələ də otaqda susqunluğumuzu saxlamışdıq, mən bu zaman içində başımı qaldırıb onun üzünə diqqətlə baxa bilməmişdim.

Ayağa durub, siqareti söndürdüm, pəncərəni bağladım. Pərdəni çəkəndə otaq daha da qaranlıqlaşdı.

Deyəsən, gözlədiyim an gəlmişdi...

- Mən ölmək istəyirəm!

Bu sözləri eşidəndə özümdən asılı olmayaraq, düz onun gözlərinə baxdım, sonra isə iki-üç dəqiqə baxışlarımı ondan çəkə bilmədim. Sürətlə yaşlaşan xanım gənclik illərindəki gözəlliyini qoruyub saxlaya bilmişdi.

Kəndirdən möhkəm yapışmışdı, sanki onu əlindən alacağımdan qorxurdu.

- Seçim sənindir, nə istəsən onu da edə bilərsən.

Bu sözləri içimdəki həyəcanı öldürüb, çox sakit tonda deməyimə səbəb gənc xanımın həqiqətən intihar etmək istədiyini, bunun üçün məndən icazə gözlədiyini yaxşı bilməyim idi. Onunla mülayim danışmaqdan başqa yolum yox idi.

Əslində, mənim üçün nə qədər gözlənilməz olsa da, hekayəmin qəhrəmanına ölmək üçün icazə verə bilərdim, amma bu, bir o qədər də asan deyildi. Axı mənim məqsədim başqa idi, mənim təxəyyülümdə onu qarşıda gözəl bir həyat gözləyirdi!

Digər tərəfdən isə özümü günahkar hesab edirdim, sanki onun intihar etmək fikrinə düşməsinə də, bir gecədə ən azı on il yaşlaşmasına da mən səbəb olmuşdum. Mənimsə məqsədim başqa idi, onu daha gözəl həyat gözləyirdi.

O, danışmağa başlamışdı:

- Mən səni tanıyana qədər fərqli bir insan idim. İndi isə tamamilə dəyişmişəm. Axı mənə azad olmağı sən öyrətmisən. Mən seçim etməyi, təkbaşına qərarlar qəbul etməyi səndən öyrənmişəm. Budur, indi mənim seçimim intihardır! İcazə ver, canıma qıyım!

Onu dinlədikcə sevinirdim, başa düşürdüm ki, onu dəyişə bilmişəm!

Ancaq o, hələ də mənim görmək istədiyim insan deyildi. Yalnız o vaxt mənim arzuladığım insan ola bilərdi ki, heç nə üçün məndən icazə almasın. Bunu ona öyrətməkdən ötrü əlimdən gələni edirdim, amma o qorxurdu. Həyatda nəyisə təkbaşına bacarmaq ona möcüzə kimi gəlirdi...

Hələliksə o, sürətlə yaşlaşmağa davam edirdi. Elə mən özüm otaqda olduğum bir saatda düz üç il qocalmışdı. Hə, cəmi bir saata üç il...

***

Beş saat sonra isə elə onun qarşısında oturduğum stolda aşağıdan yuxarı baxıb, mənə yalvarmağını izləyirdim. Bəli, o, mənə yalvarırdı. Yalvarırdı ki, intihar etməsi üçün ona icazə verim.

Bu beş saatda hardasa iyirmi il də yaşlaşmışdı. Artıq gözlərimin qarşısında təxminən altmış yaşlarında, titrək əlləri ilə kəndirdən bərk-bərk yapışmış və ağlaya-ağlaya mənə yalvaran yaşlı bir xanım var idi.

Vəziyyəti kökündən dəyişmək qərarına gəldim və hekayəni silib yenidən yazmağa başladım. Amma nəticə dəyişmədi: hadisələri hara çəkməyə çalışsam da, axırda hekayə gəlib intihar nöqtəsində dayanırdı.

Öncə bütün bu proses mənə maraqlı gəlirdi, amma sonradan əsəbiləşməyə başladım. Axı beynimdəki hekayə qurğusunda gənc xanım xoşbəxt olmalı, gözəl bir həyata qovuşmalı idi. Bəs necə olur, indi o, intihara sürüklənir?! Özü də bunun üçün məndən icazə istəyərək!

Nəhayət, bu vəziyyət qarşısında çarəsizliyimlə barışmalı oldum. Artıq mən razı idim ki, o, intihar etsin, ancaq bir şərtlə: canına qıyacaqsa qoy onda bunu məndən icazəsiz etsin!

Bəli, özümü və qəhrəmanımı məğlubiyyət hissindən xilas edə biləcək yeganə şey gənc xanımın məndən izn istəmədən özünü öldürməsi idi!

Beləcə, o, ömründə ilk dəfə öz həyatı ilə bağlı önəmli bir addımı başqasından icazə almadan, öz seçimi sayəsində atacaq, bununla da mənim ona bəxş etməyə çalışdığım azadlıq hissini dadacaq, beləcə, hekayəmin qəhrəmanı illər uzunu məhkum edildiyi buxovlardan, qadağalardan qurtulacaqdı. Bir sözlə, mən ona azadlığı öyrətmiş olacaqdım...

***

Artıq altı saat idi ki, onu seyr edirdim. Onunla birgə keçirdiyim bu altı saat mənə altmış il, yetmiş il kimi görünürdü.

Və o, hələ də dayanmadan yalvarırdı.

Nəhayət, bu vəziyyətdən yorulub, faylı bağladım, kompyuteri söndürdüm. Bayıra çıxıb bir siqaret yandırdım, məhəlləni dolaşıb, evə qayıtdım. Öncə çay içib, sonra da yaxın dostlardan birinə zəng vurub hal-əhval tutdum, iş-gücdən danışıb, sonra telefonumla sosial şəbəkələrdə gəzişməyə başladım. Amma bunların heç biri başıma gələn hadisəni – yazmağı çox istədiyim, amma heç cür yaza bilmədiyim hekayəni mənə unutdura bilmədi, fikrim daim sürətlə qocalan qəhrəmanımın yanında idi.

Kompyuteri yenidən açdım, hekayənin yazıldığı fayla daxil oldum. Aha! Hekayə yenə dəyişmişdi.

Otağa girəndə gənc xanımı əlindəki kəndirdən möhkəm yapışmış halda, amma dinməz-söyləməz və tərpənməz vəziyyətdə gördüm.

O ölmüşdü!

Əvvəlcə kompyuteri söndürdüyüm və onun ölümünə şahidlik etmədiyim üçün sevinmişdim. Sonra fikrimi dəyişdim: illərlə kəndirdən asılı qalıb, mənim qərarımı gözləyən insan intihar edə bilməmiş, yəqin ki, ürəyi partlamışdı.

Özümü qınayırdım: axı mən onu anlamalı idim! Axı mən başa düşməli idim ki, o, heç vaxt mən dediyim biri olmayacaqdı, bu heç mümkün də deyildi.

İndi mən ona intihar etməyə icazə vermədiyim üçün çox peşman idim.

Hə, artıq əlavə sözə ehtiyac qalmamışdı, ikimiz də məğlub olmuşduq.

Hekayənin yazıldığı faylı yerli-dibli silib, kompyuteri söndürdüm. Heç olmasa, bunu bacara bilməyim məni az da olsa sakitləşdirdi...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG