Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

Sevdiyim müğənninin YAP-a mahnı oxuması məni sarsıtdı


Tural Şahtaxtinski
Tural Şahtaxtinski

- "İnsanlar bu tip mahnıları dinləmir, sevmirlər, amma yenə də bunu oxuyanlar özlərini belə bir şeyə məcbur edirlər."

Tural Şahtaxtinski

Azərbaycan mədəniyyətinin durumu

Hərdən Azərbaycan telekanallarını izləyirəm, qarşıma müxtəlif verilişlər çıxır. Bunların arasında daha çox incəsənət adamlarının iştirak etdiyi verilişləri izləyirəm.

Ötən günlərdə tanıdığım istedadlı və gənc müğənninin telekanalların birində qonaq olduğunu gördüm. Həqiqətən də o insanın istedadına söz ola bilməz, amma şahidi olduğum hadisə məni çox sarsıtdı.

Bəlkə də mən onu o gün görməsəydim, yenə də sevə-sevə dinləyərdim. Amma daha onu dinləməyi bacarmıram.

Müğənni Elza Seyidcahan etiraz edir
Müğənni Elza Seyidcahan etiraz edir

Həmin gəncin YAP - ölkədə uzun illərdir hakim olan bir partiya haqqında oxuduğu mahnını eşitdim. Bu, dəhşət idi.

O səs, o ifa! O insan mahnıya canını qoymuşdu. Mahnın sözləri isə bir-birin ardınca düzülmüş söz yığını idi.

İnsana ikrah hissi duyduran, ifrat dərəcədə yaltaqlıq, qorxaqlıq yağan o mahnını əminəm ki, qonaq olduğu verilişdə heç kim dinləmədi.

Bəli, umumiyyətlə, ölkədə belə hallar insanlar tərəfindən qəbul olunmur, insanlar bu tip mahnıları dinləmir, sevmir, amma yenə də bunu oxuyanlar özlərini belə bir şeyə məcbur edirlər.

Söhbət həmin verilişdən düşmüşkən deyim ki, ora o müğənnidən başqa da dəyərli və kifayət qədər istedadlı müğənnilər qatılmışdı. Onlar həmin mahnını dinlədikdən sonra dörd dəqiqə alqışladılar. Amma simalarında bir ürəkbulanma ifadəsi var idi. Onların heç biri oxunan mahnını sevmədi, bu, açıq-aydın hiss olunurdu.

Verilişdə həmişə olduğu kimi lazımsız, bayağı, sənət adamına, xalqa lazım olmayan mövzular müzakirə olundu və bitdi....

Qismət Məmmədzadə
Qismət Məmmədzadə

...İki gün əvvəl müğənni Qismət Məmmədzadənin efirlərə buraxılmaması xəbərini eşitdim.

Səbəb Məhəmməd Əmin Rəsualzadə haqqında dediyi fikirləridir.

Qismət Məmmədzadə bilməlidir ki, bu hadisə ilə biz çoxdan tanışıq, bu hadisələr tək onun başına gəlməyib və bilməlidir ki, bu hadisələrdə qəhrəman sayılmır.

Əslində belə olmalıdır, o insan bayağılıqdan imtina edib, xalqın və hakimiyyətin zövqünə işləməkdən, telekanalların məhv etdiyi, bayağı bir obraz yaradıb xalqa təqdim etdiyi insanlardan çox-çox irəlidədir və fərqlidir.

Bu hadisədə nə qədər haqsızlıq da olsa, bir o qədər də müsbət tərəf var. Biz buna sevinirik.

Zamanla gözümüzün önündə məhv olmuş, sınmış, alçalmış, bayağılaşmış sənət adamlarını görüb necə üzülürüksə, eləcə də sizə olan bu cür qadağaları görüb, sevinirik.

Toy. İllüstrasiya
Toy. İllüstrasiya

Azərbaycan telekanalları kimləri efirə buraxır, kimləri sevir və kimlərin zövqünə uyğundur?!

Bir nəfər əməkdar artist adı almış xanım nə vaxtsa çıxıb efirdə bir söz demişdi:

“Biz bəzən toylarda məcbur qalıb heç bəyənmədiyimiz, bizə uyğun olmayan mahnıları da ifa edirik.”

Sonra o sözdən nə qədər peşman olduğunu hiss etdim, bəlkə də xalqdan üzr istəyib işlətdiyi ifadəyə görə. Bizim telekanallar xalqa sənət təqdim etmir, onlar xalqa toy qiyməti təqdim edirlər.

Bu gün efirlərdə olmayan müğənnilər eyni zamanda toylardan da xilas olmuş olur. Toydan xilas olmaq böyük uğurdur, artıq əsl işlə məşğul olmağa məcbur qalmaqdır.

Azərbaycan teatrının itib-batdığı bir dövrdə teatr aktyoru əlbəttə, məcbur qalıb toylara tamada kimi gedəcək. Çünki yaşamaqla sənət arasında bir uçurum yaranıb, onlar yaşamaq üçün bu yola əl atırlar.

Amma bu yolla öz peşələrinə xəyanət etdiklərinin fərqində deyillər, bir gün bütün sənət adamları bu yollardan çəkilsələr, bizim incəsətdə inqilab olacaq.

Burada yalnız istedadlı adamların efirlərdə bayağı bir don geyinməsindən danışdım, çünki ən ağrılısı budur.

Amma heç bir isdedadı olmayan, iki sözü bir-birininə qoşub cümlə qura bilməyən, ömründə bir dəfə kitab üzü açmayan “Toylar Kralı” adı almış və bu adla fəxr edənlər, eyni zamanda “Əməkdar artist”, “Xalq artisti” adı alan insanlar bu gün çıxıb xalqa tərbiyə verir, özünü xalqın xilaskarı kimi aparır, xalqa necə geyinmək, necə övlad böyütmək kimi məsləhətlər verirlər.

Efirlərdə heç bir mədəniyyətə sığmayan söhbətlər edir, oxuduğu mahnıların nə qədər dəyərsiz sözləri nə qədər mənasız müsiqisi olmasına baxmayaraq, elə həmin xalqın toylarında külli miqdarda pul qarşılığında iştirak edirlər...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG