Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:29

Erdoğan pis siyasətdən geri çəkilir


R.T.Erdoğan
R.T.Erdoğan

Bazar günü yuxudan oyanınca, adətim üzrə, səhər yeməyində Twitter-də xəbərlərə də göz gəzdirdim. Türk xəbər saytlarına və jurnalist həmkarlarımın sosial şəbəkələrdəki hesablarına baxdım.

Bu günlər, tez-tez olduğu kimi, «İslam Dövləti» (İD) qruplaşmasından, Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriyadakı qollarına qarşı hərbi və təhlükəsizlik kampaniyalarından yazırlar.

Yol qəzaları və insanların uzun Ramazan tətilindən qayıtması haqqında da çoxlu material vardı.

Prezidenti Recep Tayyip Erdoğan-ın Türkiyəyə pənah gətirmiş «Suriyalı bacı və qardaşlarımıza» vətəndaşlıq vermək fikri ətrafında da həddindən çox yazırlar.

Mən Erdoğan-ın iyulun 8-9-da Varşavada keçirilmiş NATO sammitində iştirakı barədə nə deyildiyi ilə maraqlandım, ancaq heç bir şey tapmadım.

Sammitə yola düşməzdən əvvəl Erdoğan NATO-dan xahiş etmişdi ki, Türkiyəni və onun İŞİD, PKK terroruna qarşı mübarizəsini unutmasın.

Bir yazıda deyilirdi ki, NATO baş katibi Jens Stoltenberg Türkiyəni Havadan Erkən Xəbərdarlıq və Nəzarət - AWACS təyyarələri ilə dəstəkləməyə söz verib. NATO baş katibi İŞİD-ə qarşı kampaniyanı gücləndirməkdən ötrü İraqa daha çox hərbi təlimatçı göndərəcəklərini də bildirib.

​Görünür, NATO sammitinin başı Rusiya, Ukrayna və Avropa məsələləri, o cümlədən «Brexit»ə o qədər qarışıb ki, Yaxın Şərqə çox vaxtı qalmayıb. Şimali Atlantik Bloku bu regiona onsuz da heç vaxtöncəlik verməyib.

İstər coğrafi, istərsə də siyasi baxımdan Türkiyə hər zaman həm Şərq, həm də Qərb kimi görünüb. Ancaq son 6 il boyunca Türkiyə daha çox Yaxın Şərq ölkəsinə çevrilib. Türkiyənin NATO-ya daxil olduğu 1952-ci ildən 2010-cu iləqədərki (Erdoğan-ın ölkəni yönəltməyə başlamasından 8 il sonrakı dövrədək) zaman kəsiyinə baxsaq, ölkə haqqında eyni şeyi deyə bilmərik.

Fethullah Gülen və R.T.Erdoğan
Fethullah Gülen və R.T.Erdoğan

ERDOĞAN-IN İLK İLLƏRİ

Erdoğan-ın hakimiyyətdə olduğu ilk illərdə onu Qərbdən üz döndərməyə meylləndirib-inandıran bir sıra hadisələr cərəyan edib.

O, hakimiyyətə xeyli uğursuz vaxtda - 2002-ci ildə gəlib. Axı ABŞ Türkiyənin qonşusu olan İraqa müdaxilə etməyə, orada rejimin dəyişdirilməsinə təsir göstərməyə hazırlaşırdı.

Türkiyə parlamenti ABŞ ordusunun İraqa müdaxilə zamanı Türkiyə ərazisindən istifadə xahişini rədd etdi. Beləcə, Qərblə Türkiyə arasında inamsızlıq dövrü başlandı. Bu inamsızlıq Erdoğan-ın islamyönümlü keçmişi və bəlağəti ilə daha da kəskinləşdi.

Ardından Erdoğan hökuməti həm İraqın işğalına, həm də Liviyanın bombalanmasına qarşı çıxdı. Hər iki əməliyyat yüz minlərlə həyatın itirilməsi, milyonlarla insanın qaçqın düşməsi və bu iki ölkədə infrastrukturun kütləvi məhvi ilə müşayiət edildi.

Sonradan aşkar olunmuş faktlar, o cümlədən Britaniyanın İraqa müdaxilədə iştirakına dair bu yaxınlarda dərc edilmiş Chilcot hesabatı göstərir ki, Erdoğan qoşulmamaqda haqlı olub.

Erdoğan-ın üzünü Şərqə tərəf çevirməsi «Ərəb baharı»ndan da qaynaqlana bilərdi. Ərəb ölkələrində insanlar sel olub küçələrə axışmış, ölkələrinin korrupsioner və avtoritar hökumətlərinə qarşı çıxmışdılar.

O zaman artıq İraqda Saddam Hussein devrilmiş, ölkəni xaos başına götürmüşdü. İndi Suriyada Bashar al-Assad və Misirdə Hosni Mubarak-ın taxtı laxlayırdı. Görünür, Erdoğan bu rejimlərin çöküşündə Türkiyə üçün dividentlər qazanmaq imkanı gördü.

Erdoğan-ın Osmanlı İmperiyasına xiffətlə rənglənmiş şəxsi, milli və dini romantizmini də bir amil kimi gözdən keçirə bilərik.

Erdoğan-ın düşüncəsinə təsir edə biləcək bir başqa amil də sonradan düşmənə çevrilmiş keçmiş müttəfiq Fethullah Gülen tərəfdarlarının Türkiyə daxilində yaratdığı çaxnaşmalar ola bilər. O və onun tərəfdarları Erdoğan hakimiyyətə gəlməzdən əvvəl də sakitcə Türkiyənin ordu, polis, təhsil və ədliyyə sistemlərinə, eləcə də mediasına nüfuz etmişdilər.

Bəlkə kürd üsyanı da Erdoğan-ın sözügedən yanaşmasınınformalaşmasında rol oynayıb. Ədalət naminə deyilməlidir ki, o, hakimiyyətinin ilk illərində türklərlə etnik kürdləri barışdırmağa çalışmış, hətta ilk təsirli addımlarını da atmışdı.

Ancaq bir çox kürd ziyalısı da etiraf edərdi ki, istər PKK, istərsə onun parlamentdə təmsil olunmuş siyasi qanadı - Xalq Demokrat Partiyası (HDP) PKK-nın 32 il Türkiyə dövləti və ordusuna qarşı həyata keçirdiyi, on minlərlə türk və kürd vətəndaşın həyatına son qoymuş terroru birmənalı şəkildə qınamağa çəkinib.

RELSDƏN ÇIXAN SİYASƏT

Di gəl, hansısa məqamda Erdoğan çox aydın görünən şəkildə yönünü dəyişdi. Opponentlərinə münasibətdə onun dili və tonu aqressivləşdi, hətta qabalaşdı. O, tənqidə qarşı, o cümlədən öz partiyası daxilində fərqli düşüncəyə qarşı dözümsüzləşdi.

Bu, təxminən 2010-2011-ci illərdə baş verdi. Erdoğan bəlkə də Qərbin aktiv dəstəyi ilə beynəlxalq trendi izlədiyini düşündü.

Bu, onun bir sıra qrup və hərəkatı dəstəkləyən alovlu çıxışlarından çox aydın sezilirdi. Sonradan bir çox belə qrupun zorakı islamçı ekstremist qruplar olduğu üzə çıxdı. Erdoğan könüllü şəkildə özünün köhnə dostları olan Assad və Mubarak-ın düşmənlərinə bütün mümkün, bəzən də nəzarətsiz dəstəyini vermək qərarına gəldi.

Onun xarici siyasətində fəlakətli dönüş baş verdi. Türkiyə qonşuları və regiondakı digər ölkələrlə ənənəvi yaxşı münasibətlərdən uzaqlaşdı.

Erdoğan 2010-cu ildə Fələstin məsələsinə görə İsrail prezidenti Shimon Peres-ə hücum çəkdi, İsraili «fələstinli gəncləri rəhmsizliklə, vəhşicəsinə qırmaqda» suçladı. Üstəlik, dedi ki, yəhudi dövləti «Hitler-dən yaxşı deyil».

O, sonralar - 2011-ci ildə Aralıq dənizindən keçmək və Qəzzaya gəmilərlə humanitar yardım aparmaqla bir sıra türk islamçı QHT-sinin Fələstinin blokadasını qırmaq cəhdini dolayı yolla dəstəklədi. İsrail əsgərləri dənizdə gəmilərə hücum çəkərək, 9 türk vətəndaşını öldürdülər və Qəzzaya yolu bağladılar. Türkiyə-İsrail münasibətləri son dərəcə pisləşdi və bu, hər iki tərəfin düşmənçi ritorikası ilə müşayiət olundu.

2011-ci ildən bəri Erdoğan hökuməti, açıq-aydın, Assad-ı devirmək məqsədilə Suriyada üsyançı qruplara hərtərəfli dəstəyi gücləndirdi. Türkiyə Assad-a, bir-birinə qarşı vuruşan hər cür silahlı suriyalı və qeyri-suriyalı qrupların təhlükəsiz yuvasına çevrildi.

Dəməşq rejimi, əsasən, Rusiya və İranın dəstəyi sayəsində ayaqda qalmağı bacardı.

Ekstremist qruplarsa yeni üzvlərin cəlbinə məkan, silah və pul mənbəyi kimi Türkiyədən faydalanmağa davam etdilər. Onlar Türkiyəyə qaçaqmalçılıq, müalicə və dincəlmək niyyəti ilə gəlirdilər.

R.T.Erdoğan və V.Putin
R.T.Erdoğan və V.Putin

ANKARA AXIR Kİ ANLADI...

Elə indi də ailəsi Türkiyə də olan, amma özü Suriyada vuruşan bir çox üsyançı var. Onların bəziləri suriyalıdır, bəziləri də digər ərəb dövlətlərindən, Orta Asiya və Şimali Qafqazdandır. Bu üsyançı qruplara «Əl-Nusra» cəbhəsi də daxildir. Onun «əl-Qaidə» və hətta İŞİD-lə əlaqəsi var. Bu qrup son zamanlar öz türk ev sahibinə qarşı çıxıb.

Əvvəlcə bu üsyançı qrupların sərhəd boyunca kürd üsyançılarına qarşı da vuruşacağına ümid bəsləyən Ankara, nəhayət, anladı ki, PKK və İŞİD indi onun sabitlik və mövcudluğuna ciddi təhlükədir.

Rusiyanın Assad-ı dəstəkləmək üçün fəal şəkildə Suriyadakı müharibəyə qoşulmasından sonra vəziyyət daha da pisləşdi. Hələ də «şəksiz qələbə» əhvalında olan Türkiyə noyabr ayında Suriya-Türkiyə sərhədində Rusiyanın «Su-24» döyüş təyyarəsini vuraraq yerə saldı. Təyyarəni katapultla tərk edib, paraşütlə enən pilotu isə Türkiyəyönümlü silahlılar vurub öldürdülər.

Bundan sonra Türkiyənin öz «köhnə qonşusu və dostu» Rusiya və onun prezidenti Vladimir Putin-lə münasibətləri soyuqlaşdı. Rusiya lideri, demək olar, bütün münasibətləri dondurdu və bütün cəza tədbirlərini gördü. Türk turizmi və türk malları boykot edildi. Putin Erdoğan-ın üzr istəməsini də tələb etdi. Türkiyədə heç kəs Erdoğan-ın bunu edəcəyini təsəvvürünə gətirmirdi. Ancaq iyunun 27-də nəsə «tərpəndi» və az qala, eyni zamanda həm İsrail, həm də Rusiya ilə münasibətlərdə becid və kəskin dönüş baş verdi.

İsraillə münasibətlər normallaşmağa başladı. Baş nazir Benjamin Netanyahu artıq donanma insidentindən iki il sonra Erdoğan-a üzrxahlıq məktubu göndərmişdi. Bir müddət idi ki, danışıqların getdiyi də bildirilirdi.

Rusiyaya gəlincə, Erdoğan Putin-ə üzrxahlıq məktubu göndərərək «Türkiyə Rusiya münasibətlərini mümkün qədər tez bərpa etmək» arzusunu dilə gətirdi.

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri Misirlə də münasibətlərin yaxşılaşdırılması istiqamətində iş görüldüyünə işarə edirlər. «Müsəlman Qardaşları» administrasiyasını hakimiyyətdən devirmiş hərbi hökumətə qarşı Erdoğan-ın kəskin tonunu nəzərə alsaq, bu, asan olmayacaq.

İndi Ankaradan sızan məlumatlarda Erdoğan-ın Assad-lı Suriya çözümünü də qəbul etməyə hazır olduğu bildirilir. Halbuki indiyədək özəlliklə Türkiyə və Qərb məhz bunu təkid və israrla tələb edirdilər.

BƏS BU «TƏRPƏNİŞ» NƏDƏN QAYNAQLANIR?

Əlbəttə, biz ancaq ehtimal edə bilərik, ancaq bir sıra səbəblər göstərilir. Göstərilən səbəblərdən biri odur ki, Türkiyədən ötrü son dərəcə vacib turizm sektorunun dirçəldilməsi üçün dərhal tədbirlər görülməli idi. Bu sahənin sürətli çöküşü Erdoğan-ın daim yüksək olan reytinqinə mənfi təsir göstərə bilərdi. İndi Ankara həm də ölkənin bir nömrəli probleminə qarşı regionda mümkün qədər çox dövlətlə birləşə bilər. Bir nömrəli problem isə kürd üsyanı və bir də son zamanlar İŞİD terrorunun Türkiyə torpaqlarına nüfuz etməsidir.

İndi Erdoğan doğrudanmı Türkiyə xarici siyasətinin «köhnə yaxşı günləri»nə qayıdır? Doğrudanmı daha qonşularının iç işlərinə qarışmayacaq?

Regionda 6 il boyunca ard-arda düşmənlər qazanan Erdoğan-ın onlarla yenidən dostlaşmağa çalışdığını görürük. İndi ümid edə bilərik ki, o öz opponentləri və elektoratın son 14 ildə ona səs verməmiş 50 faizi ilə də barışmağa başlayacaq. Gündəlik «Hürriyet» qəzetinin köşə yazarı Ertuğrul Özkök-ün təbirincə desək, «İnsanlarla yola getmək hələ heç kimə zərər verməyib».

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG