Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:08

Ərəb filmində qadın rejissorlar kimlərdir...


Suriyalı rejissor Ruba Naddanın "Sabah" filmindən bir kadr
Suriyalı rejissor Ruba Naddanın "Sabah" filmindən bir kadr

-

ƏRƏB FİLMİNDƏ QADIN REJİSSORLAR

Son illər dünya kinosunda qadın rejissorların üzə çıxarılması, təbliği tendensiyası yaranıb. Az qala, nüfuzlu festivalların, beynəlxalq kino tədbirlərinin hamısında buna xüsusi diqqət ayrılır, qadın rejissorların işlərinin nümayişi üçün özəl bölümlər yaradılır, onların fəaliyyəti xüsusi vurğulanır. Bu baxımdan hazırda dünyanın ən qaynar, mübahisəli bölgəsi olan ərəb ölkələrində qadın kinorejissorların varlığı son dərəcə maraqlıdı.

FƏLƏSTİN

Fələstində kino sadəcə kino deyil. Bu kinoda baş rolları - müqavimət, müharibə, daşlar, sapandlar, tanklar, əsgərlər, dağılan evlər, ölən uşaqlar oynayır. Fələstin kinematoqrafiyasını üç kateqoriyaya bölmək mümkündü:

Müharibədən qaçmış mühacirlərin yaratdığı Fələstin diaspor kinosu;

Məhəmməd Bakrinin qaçqın düşərgəsindən bəhs edən "Cenin, Cenin" filminin posteri
Məhəmməd Bakrinin qaçqın düşərgəsindən bəhs edən "Cenin, Cenin" filminin posteri

Mühacir düşərgələrində yaranan Fələstin kinosu; Bu kateqoriyaya rejissor Mohammed Bakri-nin 2002-ci ildə çəkdiyi “Cenin Cenin” adlı sənədli filmi nümunə göstərmək olar. Cenin mühacir düşərgəsində baş vermiş qırğını ekranlara gətirən film şahidlərin xatirələri əsasında lentə alınıb.

İsrail vətəndaşı olub Fələstin kinematoqrafiyasını təmsil edənlərin yaratdığı Fələstin kinosu;

Mustafa Abu Ali-nin səyləriylə yaranan, Michel Khleiffin uğurları sayəsində tanınan Fələstin kinosu bü gün öz yoluna Elia SuleimanHany Abu-Assadın filmləriylə davam edir. Üstəlik burda qadın kinematoqrafçıların sayı da hər gün artır.

2013-cü ildə mühasirə vəziyyətində olan Qəzzada “Fələstində Qadın olmaq” adlı festival keçirilib. Qəzzada fəaliyyət göstərən Qadın İşləri Mərkəzi tərəfindən təşkil olunan festivalda əksəriyyəti fələstinli olan 23 qadın rejissorun filmləri təqdim olunub. Əksəriyyəti qısametraj olan bu filmlərdə Fələstində qadın olmağın çətinlikləri və qadın yaradıcılığı ön plana çəkilirdi.

Fələstinli qadın rejissor Annemarie Jacir
Fələstinli qadın rejissor Annemarie Jacir

Annemarie Jacir 1979-cu ildə anadan olub və ən çox tanınan fələstinli qadın rejissorlardan biridi. 1998-ci ildən müstəqil şəkildə filmlər çəkməyə başlayan Jacir “Filmmaker Magazine” tərəfindən müstəqil kinonun 25 yeni simasından biri seçilib. “Bu dənizin duzu” (“Milh Hadha al-bahar” 2008, ilk tammetrajlı filmi), “Səni görəndə” (“Lamma shoftak” 2012) adlı tammetrajlı filmlərin müəllifidir. “Səni görəndə” filmi 1967-ci il müharibəsindən sonra öz yurdlarını tərk eləməyə məcbur olmuş fələstinlilərin İordaniyadakı mühacir həyatlarından bəhs edir.

Annemarie Jacirin "Bu dənizin duzu" filminin traileri

SURİYA

Suriya vaxtilə bölgənin ən kinematoqrafik ölkələrindən biri olub. Dövlətin dəstəyi ilə yaşayan Suriya kinematoqrafiyasında rejissorların, demək olar ki, hamısı – Omar Amiralay istisna olmaqla - sovet kino məktəbinin yetirmələriydi. Beynəlxalq Şam Film Festivalı, ölkədə fəaliyyət göstərən əcnəbi mədəniyyət mərkəzlərinin təşkil etdiyi film günləri bu bölgənin kinematoqrafiyaya meylini gücləndirirdi. Lakin hazırda Suriya bədii oyun filmləriylə yox, insan ölümlərini göstərən real görüntülərlə gündəmdədi. Onun üçün kinematoqrafiya əlçatmaz olmasa da, xeyli uzaqlarda qalmış bir sənət növüdü. Bununla belə suriyalı kinematoqrafçılar çətin şəraitdə də olsa, işləməyə çalışırlar.

Ruba Naddanın mühacir həyatına bəhs edən "Sabah" filmindən bir kadr
Ruba Naddanın mühacir həyatına bəhs edən "Sabah" filmindən bir kadr

Kanadada yaşayan suriyalı Ruba Nadda Yaxın Şərqin izlərini daşıyan filmlər çəkir. Məsələn, 2005-ci ildə lentə aldığı “Sabah” filmi Kanadaya köçmüş ərəb qadınının fərqli mədəniyyətin daşıyıcısı olan kişi ilə çılğın sevgi macərasından bəhs edir.

MİSİR

Ərəb kinematoqrafiyasının lokomotivi hesab olunan Misir kinosu, əsasən, II Dünya Müharibəsi dövründə bölgənin ən böyük kinematoqrafiyası halına gəlib, qonşu ölkələrə film ixrac edən bir industriyaya çevrilib. O bölgədə yaşayan əhali, Amerika və Avropa filmləri ilə müqayisədə özlərinə bənzəyən aktyorların oynadığı, onların əhvalatlarını danışan Misir filmlərini daha çox bəyənirdilər. Bu dövrdə Misir kinosunda qadınlar daha çox aktrisa qismində fəal və məşhur idilər. Məsələn, Faten Hamama həmin dövrün ən populyar aktrisalarından biridi. 90-dan çox filmdə çəkilən Hamamanın karyerası 1940-ci ildə “Xoşbəxt bir gün” filmiylə başlayıb. 2015-ci ildə dünyasını dəyişən aktrisa uzun müddət Ömər Şərifin həyat yoldaşı olub.

O ki qaldı Misir kinosunun qadın rejissorlarına... 1953-cü ildə Qahirədə anadan olmuş İnas El-Degheidy-nin filmoqrafiyası daha çox dram və romantik filmlərdən ibarətdi. Kinoda fəaliyyətə 90-cı illərdə başlayan İnas, “Dantelle” (1993), “Al varda al Hamraa” (1999), “Mothakerat morahkah” (2001) və sair kommersiya filmlərinin rüjissorudu.

Sənədli filmlər rejissoru Jehane Noujaim-in 2013-cü ildə lentə aldığı “Meydan” filmi Tahrir meydanında baş verən hadisələrdən bəhs edir və Oskar mükafatına nominant olub.

Jehane Noujaimin Misir inqilabına həsr olunmuş "Meydan" filminin traileri

LİVAN

Fərqli mədəniyyətləri özündə birləşdirən Livan kinematoqrafiyası, əsasən, bölgənin siyasi və mədəni atmosferini əks etdirir. Son illər Livanda istehsal olunan filmlərin sayında artım nəzərə çarpsa da, hələ də yetərli sayılmır. Ölkənin maliyyə qaynaqlarının məhdudluğu rejissorları alternativ yollar axtarmağa məcbur edir. Livan rejissorlarının əksəriyyəti müştərək layihələrdə işləməyə üstünlük verirlər. Ölkədə ALBA və İESAV kimi kino məktəblərivə Ghassan Slahab, Jocelyn Saab, Randa Chahal-Sabbag, Philippe AractingiNadine Labaki kimi rejissorlar fəaliyyət göstərir.

Livanlı rejissor Jocelyne Saab
Livanlı rejissor Jocelyne Saab

Jocelyne Saab 1948-ci ildə Beyrutda anadan olub. Daha çox sənədli filmlər rejissoru kimi tanınan Saabın işləri Avropanın bir çox telekanallarında, o cümlədən, ABŞ-ın NBC, Yaponiyanın NHK kimi mühüm telekanallarında nümayiş olunub. Onların arasında ən çox səs gətirəni - 1995-ci ildə lentə aldığı “Bir zamanlar Beyrut” adlı filmində rejissor doğma şəhərini tanıtmaq üçün son dərəcə orijinal bir üsuldan istifadə edib. Saab şəhərin məruz qaldığı dəyişiklikləri əhvalatları Beyrutda cərəyan edən filmlər vasitəsilə göstərib. Nəticədə onlarla filmdən qurulmuş kollajlar sayəsində keçmişlə indininin bir birinə qarışdığı postmodern strukturlu bir film ərsəyə gəlib.

Nadine Labaki isə məşhur “Karamel” (Sukkar Banar -2007) filminin rejissorudu. Filmdəgözəllik salonunda işləyən beyrutlu beş qadından bəhs edilir. Rejissorun 2011-ci ildə çəkdiyi “Bəs indi hara?” (Et maintenant on va ou?”) filmində isə xirsitan və müsəlmanların birlikdə yaşadığı bir Livan kəndində qadınların həyatı təsvir olunub. Ölən övladlarının yasını gizli tutmağa məcbur olan qadınların simasında Labaki, bütün müharibələrdə itirənlərin ən birinci qadınlar olduğunu kino dili ilə göstərməyə çalışıb.

SƏUDİYYƏ ƏRƏBİSTANI

25 milyonluq əhalisi olan Səudiyyə Ərəbistanında daha çox Hollivud filmlərinə baxılır. Lakin kinoteatrlarda yox. Səudiyyə Ərəbistanında kinoteatr yoxdu. 2014-cü ildə bir biznesmen kinoteatr açmaq üçün müraciət edəndə də bu xəbər sensasiya kimi mətbuata düşüb. Bu ölkənin vətəndaşları, adətən, kinoya baxmaq üçün Bəhreyn və Dubay kimi qonşu ölkələrə üz tuturlar.

Səudi Ərəbistanlı rejissor Haifaa al-Mansour
Səudi Ərəbistanlı rejissor Haifaa al-Mansour

Haifaa Al Mansour Səudiyyə Ərəbistanının həm ilk qadın rejissoru, həm də bu ölkədə ilk tammetrajlı filmi çəkən rejissordu. Sözü gedən “Vecide” filmi İstanbul Kino Festivalında uğurla iştirak edib. Almaniya və Səudiyyə Ərəbistanının müştərək istehsalı olan filmdə rejissor, vətənində qadının yerini velosiped almağa çalışan balaca bir qızın gözüylə göstərir.

TUNİS

Qonşularına nisbətən daha liberal ölkə olan Tunis kinematoqrafiyasında hazırda adı ən çox hallanan qadın rejissor və ssenarist Leyla Bouziddir. Yaradıcılığına “Zakaria” (2013), “Gamine” (2013), “Mkhobbi fi Kobba” (2012), “Un ange passe” (2010) adlı qısametrajlı filmlərlə başlayan Leyla 2015-ci ildə Tunis gənclərinin həyatından bəhs edən “As I open my eyes” filmini çəkib. Bir qədər

Leila Bouzinin Tunis gənclərinin həyatından bəhs edən "Mən gözlərimi açanda" filminin posteri
Leila Bouzinin Tunis gənclərinin həyatından bəhs edən "Mən gözlərimi açanda" filminin posteri

avtobioqrafik xarakter daşıyan film Venesiya, Toronto, Stokholm və Kartaka Kino Festivallarında müxtəlif mükafatlar qazanıb, Dubay Beynəlxalq Kino Festivalında isə ərəb filmlərinə verilən “ən yaxşı möhür” mükafatına layiq görülüb.

Atası da rejissor olan Leyla Fransaya köçüb,yaradıcılıqla da orda məşğul olur.

ƏRƏB ƏMİRLİKLƏRİ

Birləşmiş Ərəb Əmirlikləri öz istehsal etdiyi filmlərdən çox, bütün Ərəbistan bölgəsində çəkilən filmlərin bir yerə toplanaraq bazara çıxarıldığı festivalları ilə tanınır. Abu Dabi və Dubay Kino Festivalları öz dəbdəbəsi ilə məşhurdu. Ərəb Əmirliklərində fəaliyyət göstərən rejissorların əksəriyyəti qısametrajlı filmlər çəkməyə üstünlük verir. Nujoom Al-Ghanem isə həm də sənədli filmləri ilə tanınır. ABŞ-ın Ohayo Universitetində TV rejissorluğu, Avstraliyanın Griffit Universitetində isə kino rejissorluğunu öyrənən Nujoom “Dondurma” (“İce Cream”, 1997), “Park” (“The Park” 1997) qısametrajlı bədii, “İki sahil arasında” (“Between Two Banks” 1999), “Al Mureed” ( 2008), "Hamama" (2010), “Dənizin səsləri” ("Sounds of the Sea" 2015), “Səmaya yaxın” ("Nearby Sky" 2014) və s. sənədli filmlərin rejissorudur.

Nujoom Al-Ghanem “Səmaya yaxın”​ filminin traileri.

Səhra həyatının vazkeçilməz parçası olan dəvələrdən bəhs edən “Səmaya yaxın” filmi Dubay Kino Festivalında “Ən yaxşı sənədli film” mükafatını qazanıb.

Nujoom Al-Ghanem həm də modern üslubda yazan şairə kimi məşhurdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG