Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:34

Amerikada aktyorluğu belə öyrədirlər


"Mefisto" tamaşasından bir səhnə
"Mefisto" tamaşasından bir səhnə

-

Aktyor rol üzərində işləyərkən personajın əl hərərəkəti, yerişi kimi detalları avtomatikləşdirməlidir. Məqsəd: tamaşaçı gördüyü nəticənin necə böyük əziyyət bahasına başa gəldiyini anlamasın, təbii qəbul eləsin.

Lee Strasberg

Aktyor mətni yalnız ağlı ilə deyil, həm də vücudu ilə yaddaşına yazmalıdır – yəni əzələ yaddaşının üzərində işləməlidir.

Stella Adler

Aktyorun diqqəti obyektin özünə yönəlməlidir, onun sözlərinə yox. Aktyor öz tərəf müqabili ilə nə qədər yaxşı ünsiyyət qura bilsə, özü də o qədər bötüv olur​

Sanford Meisner

Aktyor, oynamağına yardım edəcək vasitələri öz içində axtarmalıdır. O öz instinktlərinə və duyğularına güvənməlidir. Aktyor öz individuallığını, unikallığını dərk etməli və onları rola gətirməyi bacarmalıdır.​

Uta Hagen

İnsan öz bədənini “dinləməklə” lazımi emosiyaları oyada bilər. Aktyor sənətini öyrənməyə ehtiyac yoxdur. Aktyor üçün sadəcə nə vaxtsa bildiklərini və bacardıqlarını xatırlamaq kifayətdir.​

Jerzy Grotowski

– Məkan, forma, zaman, emosiya, hərəkət, əhvalat. Aktyor bu altı “dildə” danışmağı bacarmalıdır. Aktyor tamaşaçını heç nəyə inandırmalı deyil. O, tamaşaçı ilə birlikdə araşdırmaçıya çevrilməlidir.​

Anne Bogart

Amerikada aktyorluğu belə öyrədirlər

Rus teatrının baniləri soldan-sağa L. Sobinov, A. Nejdanova, K. Stanislavski, 1933
Rus teatrının baniləri soldan-sağa L. Sobinov, A. Nejdanova, K. Stanislavski, 1933

Yəqin, əksəriyyətimiz hansısa tamaşanı, ya da filmi izləyəndə (söhbət yerli məhsullardan gedir) sanki köhnəlmiş bir şeyə baxırmışıq kimi hiss eləyirik. Bu təəssüratın yaranmasında bütün digər səbəblərlə yanaşı aktyorların ifası da böyük rol oynayır. Çox hallarda hətta gənc aktyorlar belə “köhnə” təsiri bağışlayırlar. Soruşsan, Stanislavsky sistemini əzbər danışarlar, tələblərinə nöqtə-vergülünə qədər əməl elədiklərini isbatlayarlar. Təkcə Stanislavsky sistemini... Ancaq hər şey kimi aktyorluq sənəti də inkişaf tələb eləyir. Məhz, bunun nəticəsidi ki, təkcə Amerikada bu sahə ilə bağlı xeyli nəzəriyyələr yaranıb. Əslində hamısı bir-birinin davamı, ya da daha təkmilləşmiş formasıdır və Konstantin Stanislavskynin sistemindən qidalanır. Onların arasında altı əsas metodu təqdim edirik.

Strasberg texnikası

Amerikalı aktyor, rejissor Lee Strasbergin nəzəriyyəsidir.

Lee Strasberg ABŞ-da aktyor sənətinin ilk nəzəriyyəçisi, Amerika teatr və kinematoqrafiyasına böyük təsir eləmiş inqilabçı hesab olunur. Strasberg şagirdləri arasında Dustin Hoffman, Merilin Monro, Paul NewmanAl Pacino kimi məşhurlar var. Strasbergin texnikası uzun müddət qısa şəkildə “metod”, ya da “aktyor sənəti metodu” adlandırılıb. L.Strasberg öz texnikasını yaradarkən Stanislavskydən çox şey götürüb. Məsələn, onun texnikasında ən ciddi elementlərdən biri imrovizasiya və emosional yaddaşdır. Strasberg insanın səhnədəki (kadrdakı) həyatı ilə real həyatını ayırmırdı. Əslində aktyor, həyatda da, işdə də təklif olunan vəziyyətlərə ani reaksiya verməyə məcburdur. Fərq yalnız ondadır ki, səhnədə bu vəziyyətlər uydurulmuş olur. Əlbəttə, adətən, həyatda bu tip reaksiyalar intuitiv yaranır, səhnədə isə müəyyən çətinliklər meydana çıxa bilər. Ən əsası odur ki, aktyor səhnədə baş verənlərin tamamilə real olduğuna inanmalıdır. Strasberg üçün aktyorun təkcə personajının həyatını mənimsəməsi yox, həm də pyesdə (filmdə) hadisələrin başladığı ana qədərki (əsərdə göstərilməyən) həyatı barədə də fikirləşməyi vacibdir. Aktyor maksimum konkret olmalıdır.

Lee Strasberg Al Paçinoyla birlikdə
Lee Strasberg Al Paçinoyla birlikdə

Strasberg hesab eləyirdi ki, emosional yaddaş – kreativlik anlayışını qavramaq üçün açardır. Çünki yaradıcı prosesə qoşulmuş insan şüuraltı olaraq öz xatirələrinin doğurduğu düşüncələrdən, hisslərdən, emosiyalardan istifadə edir. Bütün insanlar emosional yaddaşa sahibdir, lakin ondan necə istifadə etməli olduğunu hər kəs bilmir. Emosiyaları müxtəlif üsullarla oyatmaq mümkündür. Həmin üsullardan biri – musiqidir. Fərqli musiqi əsərləri fərqli emosiyalar doğurur – insan həmin musiqiləri beynində “səsləndirsə”, bu və ya digər duyğunu oyada bilər.

Strasberg rol üzərində hazırlıq işinə böyük əhəmiyyət verirdi. Məsələn, o deyirdi ki, aktyor rol üzərində işləyərkən personajın əl hərərəkəti, yerişi kimi detalları avtomatikləşdirməlidir. Məqsəd: tamaşaçı gördüyü nəticənin necə böyük əziyyət bahasına başa gəldiyini anlamasın, təbii qəbul eləsin.

Stella Adlerin metodikası

Adlerin nəzəriyyəsində rol üzərində işin başlanğıc nöqtəsi – təxəyyüldür. Adler, aktyoru həyata öz gözləriylə deyil, təxəyyülünün pəncərəsindən baxmağa səsləyir. Aktyor əsas aşağıdakı təməl elementlərin üzərində işləməlidir – özünəinam, dissiplin, öz vücuduna və emosiyalarına nəzarət. Aktyor mətni yalnız ağlı ilə deyil, həm də vücudu ilə yaddaşına yazmalıdır – yəni əzələ yaddaşının üzərində işləməlidir.

Hollywoodda Stella Adlerin yaratdığ teatr
Hollywoodda Stella Adlerin yaratdığ teatr

Adler texnikası – hərəkət texnikasıdır, buna görə də kino aktyorları arasında ona daha çox tələbat var. Mətn üzərində iş zamanı – aktyorun bütün diqqəti feillərə yönəlməlidir: əvvəl hərəkət, sonra söz. Öz hərəkətlərini düşünən aktyor nəyi niyə, harda, nə vaxt elədiyinə diqqət yetirməlidir. Necəsi vacib deyil. Necə - gözlənilməz, spontan olmalıdır.

Xarakter üzərində işə başlamazdan əvvəl qəhrəmanın düşdüyü vəziyyəti dəyərləndirmək lazımdır. Aktyorun axtardığı həqiqət təklif olunmuş şəraitin içindədir. Təxəyyül – kollektiv şüursuzluğa qərq olmaq, təklif edilən şəraitlə, vəziyyətlə işləməkdir. Şəraitin içində yaşamaq lazımdır, onun öz atmosferi, əhval-ruhiyyəsi olmalıdır. Şərait həmişə birinci yerdə gəlir. Bu mənada aktyora hər şey, hətta məkan da təsir eləyir. İnsan özünü kilsədə bir cür, barda, ya da xəstəxanada başqa cür aparır, hər yerin öz ab-havası var və onu tutmaq lazımdır.

Sanford Meisnerin nəzəriyyəsi

Hazırda ABŞ–da populyar olan metodlardan biri də Sanford Meisnerin nəzəriyyəsidir. Meisner həm özü aktyorluq edib, həm də Alex Baldwin, Jeff Bridjess, Gregory PeckSandra Bullockun müəllimi olub.

Aktyor və rejissor Sanford Meisner
Aktyor və rejissor Sanford Meisner

Meisnerin hədəfi – uydurulmuş vəziyyətdə aktyordan həqiqəti almaqdır. Bu nəzəriyyənin ən məşhur çalışmalarından biri belədir – iki tərəf müqabili, emaosiyalarında müəyyən dəyişiklik baş verənə qədər eyni şeyləri təkrar-təkrar bir-birinə deyirlər.

Meisnerə görə, iki tip aktyor var: personajın onlardan tələb etdiyini dərhal həyata keçirən aktyorlar (qışqırırlar, atılıb-düşürlər və s)

Və ikincilər – personajın “tələblərini” düşünmək üçün vasitə hesab eləyənlər.

Nəzəriyyənin mərkəzində - aktyorlar arasında dərhal yaranan ünsiyyət və həmin ünsiyyətin, uydurulmuş (təklif olunmuş- K. Stanislavsky) vəziyyətdə aktyorların həqiqətəuyğun davranışını formalaşdırması. Aktyorun diqqəti obyektin özünə yönəlməlidir, onun sözlərinə yox. Aktyor öz tərəf müqabili ilə nə qədər yaxşı ünsiyyət qura bilsə, özü də o qədər bötüv olur. Meisnerin dediyi kimi: “Bir qram hərəkət 100 funt sözə dəyər”.

Meisner rol üzərində iş prosesində təxəyyülü daha təsirli vasitə hesab eləyirdi, nəinki emosional yaddaşı. Məsələn, əgər kadrda insan qəzəbli olmalıdırsa, ssenaridə isə bu qəzəbin səbəbi göstərilməyibsə, aktyor özü fikirləşib həmin səbəbi tapmalıdır. Bununla da rola hazırlıq prosesi başa çatır – yerdə qalan hər şeyi aktyor yerində, dərhal həyata keçirməlidir. Meisnerin texnikasında aktyor hər zaman öz impulslarının arxasınca gedir. Meisner özü bu barədə “Əgər səndə heç nə alınmırsa, problem yoxdu, hər şey qaydasındadır. Problem, sən cəhd eləməsən, yaranacaq”.

Uta Hagenin nəzəriyyəsi

Marlon Brando, Whoopi Goldberg, Matthew Broderick kimi Hollywood ulduzlarının müəllimi olmuş, aktrisa Uta Hagenin nəzəriyyəsinə əsasən, aktyor, oynamağına yardım edəcək vasitələri öz içində axtarmalıdır. O öz instinktlərinə və duyğularına güvənməlidir. Aktyor öz individuallığını, unikallığını dərk etməli və onları rola gətirməyi bacarmalıdır.Başa düşmək lazımdır ki, aktyorun daxili görkəmi xarici görkəmiylə uzlaşmaya bilər.

Uta Hagen 'Otello' tamaşasında Desdomona rolunda
Uta Hagen 'Otello' tamaşasında Desdomona rolunda

Uta Hagenin nəzəriyyəsinin təməlində 5 əsas prinsip dayanır:

1. Qəhrəmanın əsas xüsusiyyətləri bizim içimizdədir.

2. Səs və nitq, ruh və şüur vücudumuzla harmoniyada yaşayır.

3. Hərəkət sözdən vacibdir.

4. Bizim bütün əməllərimiz gözləntilərimizin nəticəsidi.

5. Qoy, şərait sizinlə oynasın, siz isə ona yalnız uyğunlaşın.

Eyni zamanda rol üzərində işə başlayan aktyor 6 suala cavab tapmalıdır:

1. Mənim hazırkı vəziyyətim necədir?

2. Mən hazırda hansı şəraitdəyəm?

3. Mənim ona münasibətim necədir?

4. Mən nə istəyirəm?

5. Mənə nə əngəl olur?

6. Mən, istədiyimi əldə eləməkdən ötrü nələrə hazıram?

Jerzy Grotowskinin nəzəriyyəsi

Polyak teatr nəzəriyyəçisi Jerzy Grotowskinin heykəli
Polyak teatr nəzəriyyəçisi Jerzy Grotowskinin heykəli

Son vaxtlar amerikalı müəllimlər polyak rejissoru Jerzy Grotowskinin nəzəriyyəsinə daha çox müraciət eləyirlər. J. Grotowski xatirələrə böyük əhəmiyyət verirdi – o hesab eləyirdi ki, bütün xatirələr bu və ya digər şəkildə insanın vücudunda mövcuddur. İnsan öz bədənini “dinləməklə” lazımi emosiyaları oyada bilər. Grotowski yazırdı ki, aktyor sənətini öyrənməyə ehtiyac yoxdur. O iddia eləyirdi ki, aktyor üçün sadəcə nə vaxtsa bildiklərini və bacardıqlarını xatırlamaq kifayətdir. Uşaq superqəhrəmana, bədheybətə, ya da şahzadəyə “çevrilmək” üçün böyük səy göstərmir – bu, onda təbii alınır. Aktyorun vəzifəsi – həmin təbiiliyə qayıtmaqdır. Çünki uşaqlıq qabiliyyəti yoxa çıxmır, insanın daxilində yaşayır, sadəcə onun bayıra çıxmasına yardım etmək lazımdır. Burdan belə çıxır ki, aktyor sənəti irəliyə yox, geriyə gedən yoldur.

Grotowski tələbələrini – otaqda qaçarkən, pəncərədən baxarkən, ya da küncdə dayananda emosional həyatlarında baş verən dəyişikliklərə diqqət yetirməyə səsləyirdi. O deyirdi ki, müxtəlif hərəkətlərin bu və ya digər emosiyanı necə oyatdığını müşahidə eləmək üçün daim eksperiment aparmaq lazımdır. Grotowskinin təlimi həddindən artıq ağır fiziki məşqlərdən ibarətdir. Lakin onların hədəfi – fiziki gücün artırılması, aktyorun akrobatik fəndlərə hazırlığı yox, daxili enerjinin aktivləşdirilməsidir.

Anne Bogartın texnikası

Anne Bogart, Mari Overlinin “Altı baxış bucağı” nəzəriyyəsini (səhnədə improvizasiya və söz ehtiyatını təmin edən kompozisiya metodudur. İlk dəfə 1970-ci ildə xoreoqraf Mari Overli tərəfindən vücud üçün improvizasiya metodu kimi hazırlanıb –red.) təkmilləşdirib. Bu texnikanın əsasında 6 element dayanır – məkan, forma, zaman, emosiya, hərəkət, əhvalat. Aktyor bu altı “dildə” danışmağı bacarmalıdır. Bu nəzəriyyəyə əsasən, aktyor tamaşaçını heç nəyə inandırmalı deyil. O, tamaşaçı ilə birlikdə araşdırmaçıya çevrilməlidir.

Aktyor -ünsiyyətin iştirakçısıdır və sadalanan bütün elementlərdən asılıdır - məkan (arxitektura, tərəf müqabilləri arasındakı məsafə, dizayn), forma (məkanda vücudların vəziyyəti, qarşılıqlı münasibəti və arxitekturası) və zaman (temp, davamlılıq).

XS
SM
MD
LG