Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:39

Nərmin Kamal. Siz əslində yoxsunuz


Nərmin Kamal
Nərmin Kamal

-

Arzu - istehsalçıdır

Nərmin Kamal

Azərbaycanda təşəbbüs qaldırmaq

Azərbaycanda üç istedadlı adam çay içə-içə bir-birinə deyir: Gəlin nəsə edək, nəsə açaq. Biri təklif edir ki, teatr yaradaq, o birilər deyirlər, çox yaxşı fikirdir. Bu, məsələnin arzu mərhələsidir.

Əgər bu söhbət bir Qərb ölkəsində olsa, onlara bu arzunu həyata keçirmək üçün nə edəcəkləri aydındır. Həmin ölkələrdə dövlət cəmiyyətin içində yaranan könüllü təşəbbüslərə dəstək verir.

Misal üçün, “Arts Council England” təşkilatı öz ölkəsində insanların könüllü gördükləri işləri, teatrdan tutmuş "rəqəmli incəsənətə", qiraətdən rəqsə, musiqidən ədəbiyyata, əl sənətlərindən kolleksiyaçılığa qədər hər cür incəsənət və mədəniyyət təşəbbüslərini dəstəkləyir. Pul verir, işlərinə qarışmır. Ona görə dəstəkləyir ki, bu könüllü təşəbbüslər də öz növbəsində ölkənin içində həyatı olduğundan daha maraqlı edir, onu zənginləşdirir.

Meşədə tamaşamız olacaq, baxmaq istəyən ora gəlsin

Bir neçə il əvvəl Belarusda beləcə bir neçə nəfər toplanıb öz təşəbbüslərilə bir müstəqil teatr yaratdı, adını qoydular Belarus Azad Teatrı (“Belarus Free Theatre”). Öz hökumətlərinə qeydiyyata alınmaq üçün müraciət etdilər. Rədd cavabı aldılar. Onlara deyiblər ki, bizdə kifayət qədər dövlət teatrı var, yeni müstəqil teatra ehtiyac yoxdur. Tamaşa göstərdikləri yerləri dağıtdılar, özlərini təqib etməyə başladılar. Axırda yazıqlar gizli elan yaydılar ki, meşədə tamaşamız olacaq, baxmaq istəyən ora gəlsin. Qərbdə diqqət çəkənə qədər, öz mövcudluqlarını davam etdirmək üçün gedib meşədə tamaşalarını göstərdilər.

Yuxarıda iki fərqli ölkədən misal var. Biri cəmiyyətin arzularına açıq olan nümunədir, o biri yalnız dövlətin öz arzularını icra edən nümunədir.

Azərbaycanda ilk müstəqil teatr ODA, ondan əvvəl ilk müstəqil ədəbiyyat təşkilatı AYO yarandı, ancaq Ədliyyə Nazirliyi bu arzuları tanımaqdan imtina etdi. Qeydiyyatı olmayan bir mədəni qurum isə heç bir beynəlxalq incəsənət fonduna layihə təqdim edə, bank hesabına malik ola, ictimai toplantılara təşkilatçılıq edə bilməz.

Azərbaycanın dövlət sənədlərində, rəsmi mətbuatında və məmurlarının dilində ən çox işlənən söz “icra” sözüdür.

Belarus Azad Teatrı. "Cəhənnəm mətbəxi" tamaşası
Belarus Azad Teatrı. "Cəhənnəm mətbəxi" tamaşası

Məsələn, filan adlı layihə icra olunmuşdur, dövlət büdcəsinin mədaxili filan faiz icra olunmuşdur, abadlaşdırma haqqında sərəncam icra olunmuşdur. Bu, hüquqi bir sözdür və bütün bizə tanış olan dillərdə var.

“İcra etmək” sözülə “etmək” sözü arasında fərq var. İcra etməyin mənası kənardan verilən əmri, qanunu, qərarı yerinə yetirməkdir. İcra sözündə könüllülük yoxdur, hazır verilmiş tapşırıq və tapşırığa əməl etmək var. İcra etmək bütün dövlət qulluqçuluğunun əsasında duran iş modelidir.

Buna qarşı duran vəziyyət isə nəyisə könüllü etmək, öz təşəbbüsünlə etməkdir. Necə ki, üç istedadlı adam birlikdə çay içdikləri yerdə deyirlər ki, gəlin nə isə bir iş görək, məsələn, gedək teatr açaq, tamaşa göstərək.

Qərbdə cəmiyyətdən gələn arzulara şərait yaradılması, onlara ciddi yanaşılmasının arxasında “Arzu istehsalçıdır” (desiring-production) anlayışı dayanır. Müasir Qərb fəlsəfəsində arzu fenomeninə çox ciddi yanaşılır və deyilir ki, arzunun soial mahiyyəti var. Arzu istehsalçı maşındır, ona görə ki, o, təkan verir, hərəkət etdirir, ayağa qaldırır. Bu düşüncənin sayəsində onlar cəmiyyətin içərisindən gələn qurmaq, yaratmaq arzuları ilə dövlətin yuxarılarından tətbiq olunan tapşırıq-icra-təhvil işlərinə bərabər imkanlar verirlər.

Azərbaycanda dövlətin yaradıcı insanlar haqda bəlli arzuları var: filan tamaşaları qoymaq lazımdır, filan ədəbiyyat tədbirlərini keçirmək lazımdır, bu cür filmlər çəkmək lazımdır.

Dövlət öz arzularını yerinə yetirir. Dövlət öz arzularını icra edir.

Amma axı yaradıcı insanların özlərinin də öz işləri haqda arzuları var.

Dövlət onların arzularını rədd edir. Yalnız o incəsənət və ədəbiyyat hərəkətləri maddi və mənəvi olaraq dəstəklənir ki, onları cəmiyyətin içindəki könüllü birliklər yox, dövlət təşkilatları özləri icra edəcəklər, onlara nəzarət edəcəklər. Qalanlarına isə deyilir: “Siz əslində yoxsunuz.”

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG