Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:51

Nərmin Kamal. Neft bitəndə yaradıcılıq


Nərmin Kamal
Nərmin Kamal

- "Həmin kitabda deyir ki, yaradıcı iqtisadiyyatın əsasında "3 T" prinsipi dayanır: texnologiya, talant və tolerantlıq."

Nərmin Kamal

Yaradıcı sənaye nədir?

20 il əvvəl ölkənin sosial gündəmini təşkil edən sözlər bunlar idi: qaçqınlara sosial yardım, humanitar yardım, faciə yaşayan ailələrə, tənha analara kömək…

Bugünsə imkansızlara yardım etmək əvəzinə imkansızlarla bərabər işləmək və onlar haqqında film çəkmək kimi sözlər deyirik.

Faciəli ailə hekayələrini sənətə çevirmək, kitaba, filmə çevirmək, dünyaya çıxarmaq kimi mədəni-sosial qayğılar çəkirik.

O zaman Azərbaycanın siyasi lobbiçiliyindən danışırdıq, indi isə daha çox etnoqrafik və fenomenal hekayəmizi tapıb tanıtmaq haqda danışırıq.

Neft iqtisadiyyatından yaradıcı iqtisadiyyat termininə də belə keçəcəyik bir gün.

Ədəbiyyat, kino, musiqi, teatr, arxitektura, əl sənətləri, reklam, dizayn, dəb, oyunlar və oyuncaqlar, tele-radio, kompüter, video sənətlər... - bunlar yaradıcı iqtisadiyyatın tərkib hissələridir.

Tony Blair'in sənədi

Tony Blair
Tony Blair

İngiltərədə 1990-cı illərin sonlarında yaşanmış iqtisadi tənəzzül zamanı vəziyyətdən necə çıxmaq haqda müzakirələr gedirmiş.

Həmin vaxt Tony Blair “Yaradıcı Sənayelər Planı” adlı bir sənəd qəbul edir. Yaradıcı sənaye üçün hüquqi, siyasi, strateji sənədlər, qanunvericilik hazırlanır. Bu addım əmək islahatına bərabər effekt verir, iqtisadiyyatın böyüməsinə liderlik edir.

İnsan yaradıcılığı ən son iqtisadi resursdur.

Necə ki, kapitalist iqtisadiyyatı maddi bərabərsizliyə vurğu salır, yaradıcı iqtisadiyyat da insanlar arasındakı təbii bərabərsizliyə vurğu salır. Adamların biri istedadlıdır, o biri yox. Biri qabiliyyətlidir, o biri yox.

Amma insanların yaradıcı qabiliyyətlərindən pul qazanmağa başladığı dövrdə yaradıcılığın pul gətirdiyini görən başqa insanlar da yaradıcı olmağa həvəs göstərirlər.

Çoxdur yaradıcı iqtisadiyyatın üstünlükləri; insanların öz işlərindən sosial həzz alması da güclənir, sosial aktivlik də artır.

John Howkins
John Howkins

John Howkins adlı bir çağdaş filosof var. Yaradıcı iqtisadiyyat haqda çox yazıb.

“İnsanlar ideyalardan necə pul qazanırlar” kimi kitabları var.

Onun verdiyi bir tərifə görə, yaradıcı iqtisadiyyat mənşəyini ayrı-ayrı fərdlərin yaradıcılığından, qabiliyyət və istedadlarından götürən iş yerləri, pul gətirmək potensialıdır.

Maurizio Lazzarato
Maurizio Lazzarato

Maurizio Lazzarato adlı bir müasir filosof da var. İtalyandır. Sosial nəzəriyyələr yazır. Onun maddi olmayan əmək, qeyri-maddi əmək haqda yaxşı məqalələri var.

O, bir məqaləsində artıq iqtisadiyytın ekranlar, hekayələr və bilik ətrafında dövr etdiyini deyir.

Yaradıcı sənaye nəzəri layihə deyil. Britaniyada olduğu kimi, onu iqtisadiyyatının əsas profilinə çevirmiş ölkələr çoxdur.

Bəzi ölkələr yaradıcı sənayenin upcycling sahəsində uğurludurlar. Tutalım, Tayvanda, Cənubi Afrikanın bir kəndində köhnə saplardan, işlənmiş sellofan torbalardan oyuncaq pişik düzəldirlər. Bu oyuncağa dünya bazarında tələb var.

Bəzi ölkələrsə poeziyanı, kitabı, ekran əsərini öz yaradıcı sənayeləri üçün əsas profil seçiblər.

Yaradıcı sənayedə ənənəvi sənaye dövründə olduğu kimi konkret standart, şablonlar olmur.

Bu sənayenin yaratdığı məhsulların hər biri unikal olur, incəsənət xatirinə incəsənət olur, işçilərin yeganə qayğısı orijinallıq, harmoniya olur.

Richard Florida
Richard Florida

Amerikalı filosof Richard Florida "Yaradıcı sinif: Gələcəyi dəyişdirən insanlar" kitabını yaradıcı insanların iqtisadiyyatı necə irəli aparması məsələlərinə həsr edib.

Həmin kitabda deyir ki, yaradıcı iqtisadiyyatın əsasında "3 T" prinsipi dayanır: texnologiya, talant və tolerantlıq.

Qabaqcıl ölkələr yaradıcı iqtisadiyyatın rolunu, gücünü yaxşı anlayırlar. Azərbaycan böhranla qarşılaşsa da, yaxşı cəhət odur ki, biz iqtisadi böhran təhlükəsilə üz-üzə qalan ilk dövlət deyilik, əlimizdə böhran keçmiş dövlətlərin təcrübəsi var. Götür, tətbiq et. Yetər ki, istək olsun.

Azərbaycanda

Bizdə yaradıcı sənaye xarabalıq, yaradıcı insanlar isə müdrik xarabalıq bayquşlarının vəziyyətindədir.

YAP-ın da, müxalifətin də siyasətçiləri mədəni siyasətdən danışanda həmişə bu ikisini qarışdırırlar: Mədəni sənaye ilə Yaradıcı sənayeni.

Mədəni sənaye ayrı şeydir. Yaradıcı sənaye ayrı şey. Onları bir-birinə qatıb seçki proqramının bir səhifəsinə sığdırmaq lazım deyil.

Mədəni sənaye - təşkilatlardır, muzeylərdir, kitabxanalardır, turizmdir və s. Yaradıcı sənaye isə müstəqil yaradıcı insanların (zənbil düzəldənlərdən tutmuş) nə dərəcədə azad və keyfiyyətli yarada və yaratdığını sata bilmək sahəsidir.

Bizdə yaradıcı sənayenin inkişafı üçün nə təhsil, strategiya var, nə Tony Blair var, nə də filosofun dediyi kimi, talanta tolerantlıq mühiti.

Üstəlik, hökumət ölkədə yaradıcı sənayeni inkişaf etdirmək əvəzinə ən asan yolu tutur, olan-qalan pulları xarici rejissorlara, yazıçılara verib onları müəllim kimi yox, Azərbaycan haqda yazmaq, çəkmək üçün bura gətirir.

İlin əvvəli Fransadan 11 yazıçı gətirmişdilər Bakıya. Rəsmi xəbər belə idi: “Səfər nəticəsində yazıçılar Azərbaycana aid novellalar yazacaq və novellalar Fransada fransız dilində çap olunacaq.

Qonaqlar Şamaxı, Qəbələ, Şəki, Gəncə və Mingəçevir şəhərlərinə səfərləri də təşkil olunacaq. Bir ay və bir həftə Azərbaycanda qalandan sonra iyulun 15-də gedəcəklər.”

İndi yenə bir qrup yazıçı gətirirlər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG