Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 04:01

"Yaza bilmirlər, deyirlər: Bakının ruhu yoxdur"


Bakıdan bir görüntü
Bakıdan bir görüntü

-

"Şəhərin romantikası, ruhu - dil kimi bir şeydir. Ağzını açıb danışırsansa, qələmi götürüb yazırsansa dil var, susanda dil də yoxdur."

Nərmin Kamal

"Bakının romantikası" mübahisəsi haqda üç kəlmə söz

Nərmin Kamal
Nərmin Kamal

Dünyada şəhər romanları çoxdur. Şəhər romanı var, içində min cür qeylü-qal baş verir, bütün bunların fonunda şəhər dəyişilir, şəhər romanı da var ki, bütün kitab boyu adam (qəhrəman) şəhəri gəzib-dolaşır, heç nə baş vermir.

Birincilərə misal çəksək, məsələn, Dickens'in bir neçə romanında London təsvirləri geniş yer tutur. Yaxud Sovet İttifaqının sevimli amerikan yazıçısı Th.Dreiser'in romanları modernliyin başlama nöqtəsində şəhər həyatını göstərir, 19-cu əsr mənəviyyat və dəyərlərini şəhər və kapitalist etikası fonunda açır. Bulgakov'un "Master və Margarita"sında Moskva bütün baş verənlərə çox fəal bir fondur.

Şəhəri lap önə çıxaran ikinci tip - modern şəhər romanlarına isə "Ulysses" birinci yada düşən nümunədir. J.Joyce deyirdi, bir gün Dublin yer üzündən silinsə, onu mənim əsərlərimlə bərpa etmək olar. Peter Ackroyd'un "Londonun bioqrafiyası" sənədli romanında da belədir. Andrey Beliy "Peterburq"-unda da.

Şəhərin sürətlə dəyişilməsi şəhər insanını o zaman narahat edir ki, o insan öz görünüşü, dünyagörüşü və mədəniyyəti ilə yeni şəhərdə kamuflyaj ola bilmədiyini bioloji sezgisi ilə duyur.

Təbiət göstərir ki, heyvan və bitkilər rənglərilə, dərilərindəki naxışlarla öz coğrafiyalarına kamuflyaj olurlar. Zadie Smith'in "NW" romanındakı insanlar Londonun şimal-qərbində necə də gözəl kamuflyaj olublar.

Şəhərin sürətlə dəyişilməsi şəhər insanını o zaman narahat edir ki, o insan öz görünüşü, dünyagörüşü və mədəniyyəti ilə yeni şəhərdə kamuflyaj ola bilmədiyini bioloji sezgisi ilə duyur. Elə bil yaşılca yarpaqlar arasında yaşayan yaşılca ilanı atmısan boz səhraya. Bu ilanın heç yeri xəstə deyil, heç bir yerinə bıçaq vurulmayıb, amma o, ağrıyır, çabalayır. Çünki ahəngi pozulub. Onun təbiətinə öz mühitinə həmahəng olmaq ehtiyacı xasdır.

Biz dünənin şəhər adamları da bugünkü şəhərdə belə narahatıq. Rəhmətlik babam Kamal "İskra" küçəsində böyük qara qır tiyanının yanında qollarını geniş açaraq, sevimli nəvəsini qarşılayardı. Uşaqlığımızın keçdiyi köhnə məhəllələrin sökülməsi şəhər ruhuna ciddi ziyan vurur, Bakı Kobo Abe'nin "Qumluqdakı qadın" əsərindəki qum uçqunları kimi fasiləsiz dəyişilir. Amma bunun özündə də bədii dəyər var.

John Lanchester'in "Capital" romanında Londonun cənubunda bir küçə, küçədə yaşayan iki-üç uğursuz adamdan danışılır, bu iki-üç londonlunun dəyişilən həyatı fonunda dövrümüzün maliyyə böhranı qəzet məqalələrindən də aydın görünür.

Istanbul
Istanbul

Bu və başqa şəhər romanlarında yazıçı öz şəhərinin ruhunu axtarıb taparaq, bizə göstərib. Şəhər romanları, musiqisi və incəsənəti olmasaydı, inanmaq çətindir ki, camaat məsələn, İstanbula gedəndə bu məsələyə bu qədər fikir verəcəkdi.

1990-cı illərin əvvəlində yollar açılanda İstanbula "kurtka" gətirməyə gedən onlarca adam heç bir romantika hiss etməzdi, əgər oradan alıb gətirdikləri "İstanbul" deyib nalə çəkən türk sənət musiqisi kassetləri olmasaydı.

Bugünsə Orxan Pamukun yardım əlini uzatmasıyla İstanbulda, Qarsda romantika görənlər deyirlər ki, Bakının romantikası, Bakının ruhu yoxdur. Belə cığallıq olmaz. Romantika materiya deyil ki, o, obyektiv gerçəklik olsun. Belə şeylər yüksək ortaq hissiyyat məkanımızda həll olunur. Yazıçı isə o hissiyyat məkanına yol xəritəsi çıxaran adamdır.

İstanbulun romantik obrazı hazır edilib artıq, onu taparaq, formaya salıb hazır məhsula çevirənlər incəsənət və ədəbiyyat adamları olublar. Bu işi görənlər həm də əyalətdən o şəhərə köç edənlər olub, "kənardan gələnə şəhər ruhu daha aydın görünür" məsələsi.

Bakının da güclü ruhu, güclü romantikası var. Ancaq biz Bakı ilə hansısa sarsaq memarın layihə verdiyi yeni görüntüləri, ağacsız parkları qarışdırsaq, heç nə, onda o ruhu hiss edə bilməyəcəyik.

Həmid Herisçinin "Nekroloq" romanı (bu roman 12 hissədən ibarətdir, hər hissə günəş şüaları sxemiylə sonsuz və sistemsiz uzanır) Bakının və insanlarının ruhunu hiss etmək üçün çox ciddi mənbədir.

Şəhərin romantikası, ruhu - dil kimi bir şeydir. Ağzını açıb danışırsansa, qələmi götürüb yazırsansa dil var, susanda dil də yoxdur. Ətrafa baxın, hanı Azərbaycan dili, hanı rus dili, hanı ingilis dili? Harada olacaq, danışan adamın dilində, yazan adamın yazısında, divardakı hərflərdə.

Eləcə də Bakının ruhu və romantikası.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG