Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:03

M.S.Ordubadi. Mənim ilk işim və ilk dərsim


M.S.Ordubadi
M.S.Ordubadi

-

"Ordubadda yalnız erməni uşaqlar oxuyurdu, türkcə məktəblər yox idi."

"Cümə axşamları uşaqların hər birisi 2 qəpik aparıb Mirzə Baxşı axunda verərdi. O, pulları şeirdə qalib gələn uşaqlara paylayırdı."

Məmməd Səid Ordubadi

MƏNİM İLK İŞLƏMƏYİM VƏ İLK DƏRSİM

İpək zavodlarının, xüsusilə kustar zavodlarının böyük bir xüsusiyyəti vardı ki, o da kiçik yaşlı uşaqların zəhmətindən istifadə edilməsi məsələsi idi. İpək zavodlarında yaşlılardan artıq gənclər və azyaşlılar çalışırdılar. İpək işinin quruluşu da bunu tələb edirdi. Bu, ipək zavodları sahibləri üçün də əlverişli idi. Çünki azyaşlıları az maaşla işlətmək mümkündür.

Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt 14 yaşım var idi. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim. Mövsümün altı ayını çalışıb, altı ayını dərs oxudum.

Şəhərdə rəsmi olaraq rus məktəbi 1839-cu ildə açılmışdı. Yalnız ermənilər oxuyurmuş. Türkcə məktəblər yox idi. Mövcud məktəbin bəzisində qadın, bəzisində isə kişilər dərs verirdi.

Mən dərs oxuduğum il (1886-cı ildə) şəhərdə aşağıdakı məktəblər var idi: 1. Mirzə Baxşı; 2. Kərbəlayı Əli; 3. Axund Sara (qadın); 4. Şəban Axund (qadın), yaxud Şəhrəbanu; 5. Molla Lütfəli; 6. Molla Kazım.

Bunlardan başqa mədrəsədə dərs verənlər çox idi: 1. Hacı Mirmahmud; 2. Hacı Molla Əli Kuhtami; 3. Molla Mə-həmmədhəsən; 4. Hacı Məmməd Tağı ağa və s. Bunlar ərəbcə dərs verən mollalar idi.

Mən əvvəlcə Şəhrəbanu xanımın, sonradan isə Mirzə Baxşının məktəbində oxudum. Məni şeir sənətinə təşviq edən həmin bu Mirzə Baxşı oldu. Mirzə Baxşı şeir maraqlısı idi. Ona görə də məktəbdə hər cümə axşamı şeirləşmə adət idi. Cümə axşamları uşaqların hər birisi 2 qəpik aparıb Mirzə Baxşı axunda verərdi. O, pulları şeirdə qalib gələn uşaqlara paylayırdı.

Uşaqlar sıra ilə düzülüb şeir oxuyardı. Əlifba sırası ilə oxunan şeirlərə qarşı cavab verə bilməyən uşaqlar məğlub hesab olunub, gətirdikləri 2 qəpik şeirdə qalib gələnlərə verilərdi. Bunun üçün də uşaqların şeir oxumağa çox böyük rəğbətləri var idi.

Mən 15 yaşında ikən Sədinin “Bustan”ını tamamilə əzbərləmişdim. Cümə axşamları şeirləşdiyimiz vaxt əsnaf və əyandan bir çoxları gəlib şeir oxumağımıza qulaq asardılar.

Mən şeirləşdiyim müddətdə bir kərə müşkülat qarşısında qaldım. Bir sıra baş hərfi “z”, axır hərfi “t” ilə qurtaran şeirləri oxuyurduq. Şeirləşmə axşam saat 6-ya çəkdi. Mən Nisab, Sədi və başqa kitablardan öytəndiyim bütün şeirləri oxuyub qurtarmışdım. Əvvəli “z”, axırı “t” hərfi ilə qurtaran beyt tapa bilmədim. Onda ilk dəfə özümdən farsca bir şeir inşa etdim:

Zənbəq məşam ruye tu dərbər neşidəst

Nəqqaş nəqşe-surətət əzbər keşidəst.

(Tərcüməsi belədir: Sənin zanbağa oxşar üzünə qonmuşdur,

Nəqqaş sənin surətinin rəsmini əzbər çəkmişdir.)

Uşaqlar etiraz etdilər. Şeirin hansı kitabda olduğunu göstərməyi tələb edirdilər. Mirzə Baxşı Axund bu etirazları qəbul etməyərək dedi: “Madam ki, şeirdə məzmun vardır, madam ki, qafiyə, ölçü vardır, madam ki, şeirə bədii şəkil verə bilmişdir, o halda şeirin bir kitabda olub-olmamasının əhəmiyyəti yoxdur”, - sözlərindən sonra mən qalib gəldim.

Mirzə Baxşı Axund şeir işində olan qabiliyyətimi görüb, mənə artıq dərəcədə əhəmiyyət verdi. Məndən dərs haqqı da almırdı. 15 yaşında ikən azsavadlıların dərsini mənə tapşırmışdı.

Mən şeir yazmaq və yazıçı olmağa heç də həvəslənmirdim. Atamın yazdığı şeirlərin palçıq içinə atılması heç də yadımdan çıxmırdı. Bir çox zamanlar anam da buna mane olurdu. Çünki atamın şeir sənətindən nə kimi fəlakətlər çəkdiyi onun gözünün qabağında idi. Lakin məktəb və şeirləşmə işi özüm hiss etmədiyim bir surətdə məni yazmağa öyrətdi.

Kitab
Kitab

Türkcə şeir yazmağa heç də rəğbətim yox idi. Çünki oxuduğumuz dərslərin hamısı farsca idi.

Əvvəldən yazdığım şeirlərin bir çoxu farsca idi. Türkcə şeir yazmağa heç də rəğbətim yox idi. Çünki oxuduğumuz dərslərin hamısı farsca idi. Şəhərdə türkcə məktub yazmağı belə heç kəs bacarmırdı. Türkcə kitab da yox idi.

İrandan gələn kitablar içərisində türkcə kitablar var idi. lakin bunlar mərsiyə kitabları idi. Raci, Dəxil, Pürqəm, Dilsuz və başqa-larının türkcə şeirləri də var idi. Bu kitablardan başqa, türkcə kitabların oxunmasına ixtiyar verilmirdi.

Mollalardan Hacı Molla Əli Kuhtami və başqa böyük mollalar türkcə əsərləri təkfir edirdilər. Türkiyədən gələn bəzi kitabları həm türkcə olduğu, həm də şiə tərəfindən yazılmadığı üçün oxumaq ol-mazdı. Hacı Hüseynqulu Hacı Əkbər oğlunda türk tarixçi-lərindən Məhəmməd Muradın bəzi əsərləri var idi. Bu kitabları xəlvətcə yığılıb oxuyurdular.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG