"Zaman" Erdoganın fotoları ilə çıxdı
Bazar günü, martın 6-da Türkiyənin “Zaman” qəzeti hökumətyönlü məqalələrlə çapdan çıxıb. Bu, qəzetin hökumət qüvvələri tərəfindən tutulmasından sonra ilk buraxılışı idi. Qəzetin ilk səhifəsində Prezident Recep Tayyip Erdoganın şəkli və onun barəsində iki məqalə yer alıb.
Martın 4-də polis qəzetin ofisini zəbt edib. Belə ki, məhkəmə qəzetin inzibatçılar tərəfindən idarə olunması barədə qərar çıxarıb.“Zaman” Erdogan-ın düşməni sayılan, ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gulen-lə əlaqələndirilir.
İdman yarışlarına az qala yarım milyard xərclənəcək
«Bu ilin büdcəsində beynəlxalq idman tədbirlərinin keçirilməsi xərcləri elm xərclərindən 3 dəfə çox nəzərdə tutulub».
Bunu iqtisadçı Qubad İbadoğlu yazıb. O qeyd edir ki, 2016-cı ilin yenilənən büdcəsində yalnız beynəlxalq idman tədbirlərinin keçirilməsi, hazırlıq və digər təşkilati işlərə 403.87 milyon manat vəsait ayrılıb. O yazır ki, bu büdcədən "böhran iyi" gəlmir.
"İşdən çıxarılan icra başçıları həbs oluna bilər"
«İşdən çıxarılan icra başçıları həbs oluna bilərlər və onların fəaliyyətinin yoxlanılmasına başlanılıb».
Bu fikir Cəbrayıl, Laçın və Salyan rayon icra başçılarının işdən çıxarılması ilə bağlı «Azadlıq» qəzetində dərc olunmuş məqalədə əks olunub: «İşdən çıxarılan icra başçılarının məsuliyyətə cəlb ediləcəkləri haqda da iddialar var. Mahmud Quliyevin, Akif Səlimovun və Tahir Kərimovun fəaliyyətinin yoxlanılmasına tapşırıq verilib».
Məqalədə qeyd edilir ki, keçmiş icra başçıları heç də bu illər ərzində şəffaf, düzgün fəaliyyət göstərməyiblər. Bəzilərinin müxtəlif obyektləri var. Media icmalı