Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:53

Əmanətçilər bankları məhkəməyə verir


Qaz stansiyası
Qaz stansiyası

-

Rəsmi qəzetlər öz səhifələrində Macarıstan baş naziri Viktor Orban-ın, BMT Dünya Turizm Təşkilatı baş katibinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri haqda yazılara yer veriblər.

Müstəqil media isə sosial vəziyyəti, dollarla götürülən kreditlər mövzusunu gündəmdə saxlayırlar.

AZƏRBAYCAN DÜNYADA SÖZ SAHİBİNƏ ÇEVRİLİR

«Azərbaycan» qəzetində ölkənin dünyadakı yeri və enerji təhlükəsizliyindəki rolundan bəhs edən bir məqalə dərc olunub. Məqalədə oxuyuruq: «Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi enerji məsələlərində Azərbaycanın mühüm siyasi-diplomatik uğurudur. Bu uğur Azərbaycanın enerji təhlükəsizliyində söz sahibinə çevrilməsindən, əməkdaşlıq əlaqələrində etibarlı tərəfdaş olmasından və beynəlxalq birlikdə yüksək nüfuz sahibinə çevrilməsindən irəli gəlir».

İŞDƏN ÇIXARILAN İCRA BAŞÇILARI HƏBS EDİLƏ BİLƏR

«İşdən çıxarılan icra başçıları həbs oluna bilərlər və onların fəaliyyətinin yoxlanılmasına başlanılıb».

Bu fikir Cəbrayıl, Laçın və Salyan rayon icra başçılarının işdən çıxarılması ilə bağlı «Azadlıq» qəzetində dərc olunmuş bir məqalədə əks olunub: «İşdən çıxarılan icra başçılarının məsuliyyətə cəlb ediləcəkləri haqda da iddialar var. Mahmud Quliyevin, Akif Səlimovun və Tahir Kərimovun fəaliyyətinin yoxlanılmasına tapşırıq verilib».

Məqalədə qeyd edilir ki, keçmiş icra başçıları heç də bu illər ərzində şəffaf, düzgün fəaliyyət göstərməyiblər. Bəzilərinin müxtəlif obyektləri var.

DOLLAR KREDİTLƏRİ SAHİBKARLARA DA PROBLEMDİR

«Əhalinin dollarla götürdüyü kreditlərin qaytarılmasında problemlər var. Hökumət güzəştə getmir, borclular da ödəmir».

«Yeni Müsavat» qəzeti problemli kreditlər mövzusunu belə dəyərləndirir. Məqalədə deputat Vahid Əhmədovun fikirlərinə də yer verilib: «Artıq insanlar bu problemdən beziblər. Bu məsələ birdəfəlik həll olunmalıdır. Bununla bağlı dəfələrlə biz müvafiq orqanlarla danışıqlar aparmışıq. Artıq Mərkəzi Bank, ya da hökumət məsələni həll etməlidir».

Azərbaycan Mikromaliyyə Assosiasiyasının sədri Süleyman Kələşov isə qəzetə deyib ki, bu kreditlər sahibkarlar üçün də problem yaradır: «Odur ki, bu məsələ ilə bağlı müəyyən qərar qəbul edilməsi vacibdir». Onun fikrincə, indiki halda kreditlərin dollarla 30, manatla 70 faizinin verilməsi daha məqsədəuyğundur.

Məqalədə qeyd edilir ki, atıq əhali də bu məsələdə fəallaşıb. Dollarla kredit borcu olan 27 şəxs birləşərək müştərisi olduqları bankı məhkəməyə veriblər: «Manatın devalvasiyasından sonra bankdan götürdüyü dollar kreditlərini ödəməkdə çətinlik çəkən onlarla adam «Antikollektor» şirkətinə üz tutub və biz bu məhkəmələri ictimailəşdirəcəyik». Bunu isə qəzetə əmanətçilərə hüquqi məsləhətlər verən Əkrəm Həsənov deyib.

8 MARTDA GÜLLƏR BAHALAŞIR

«Sakinlər Bakıda yerləşən bir çox məşhur gül mağazalarına öncədən gələrək sifarişlərini və qiymətin müəyyən bir hissəsini verirlər».

Musavat.com-un əməkdaşı 8 Mart qadınlar bayramı münasibəti ilə Bakının gül mağazalarına baş çəkib.

Məqalədə qeyd edilir ki, həmin insanlar martın 8-də gəlib pulun qalan qismini də ödəməklə hazır olan gül buketini götürəcəklər: «Bunun səbəbi isə satıcıların müştərilərə, 8 martda güllərin qiymətinin arta biləcəyi anonsunu vermələridir».

Bakıdakı gül mağazalarından birinin satıcısı Rəşad alıcıların daha çox qızılgül almağa üstünlük verdiyini deyib: «Elə ona görə də 5 ədəd qızılgül olan buketlər hazırlamışıq. Bunların isə qiyməti hələ ki, 25-30 manatadır. Ancaq tələbatdan asılı olaraq, 8 mart günündə qiymət arta da bilər. Sadə bazar prinsiplərinə görə, tələbat artdıqca qiymət də artır».

Məqalədə bildirilir ki, qızılgül tək-tək 4-5 manata satılır. Hazırda bir ədəd qızılgülün qiyməti 4 manatadır. Satıcı deyib ki, alıcılar tülpan gülünə də maraq göstərirlər: «Qızılgüldən sonra tülpan alanlar çoxdur. Onların da qiyməti yuxarıda söylədiyim kimidir. Ən bahalı güllər pionlar, qartenzalar və liliyalardır. Bunların da bir ədədinin qiyməti 5-8 manatadır. Adi günlərdə insanlar gül almırlar, elə gün olur ki, bir ədəd də olsun, gül satmırıq. Bizim də işlədiyimiz gün bircə 8 martdır. Devalvasiya ilə bağlı xərclərimiz artsa da, güllərin qiymətində elə də dəyişiklik etməmişik. Yəni ötən illərdə də 5 ədəd güldən ibarət buket 25-30 manata idi, indi də bu, belədir. Alıcı yoxdur, son zamanlar gülləri alan olmur, atırıq gedir. Ona görə də devalvasiyadan sonra qiymət artımına getmədik».

XS
SM
MD
LG