Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 09:54

Azərbaycanda tanınan yapon filmləri


"Departures" filminin rəsmi siması
"Departures" filminin rəsmi siması

-

Bakıda keçirilən "Yapon filmləri həftəsi" sona çatdı. Dar çevrədə "Söz bağçası", "Kikinin çatdırılma xidməti", "Nabinin sevgisi", "Yay gecəsində yuxu" və "Xoşbəxtlik çörəyi" filmləri nümayiş etdirildi.

Azərbaycanda daha geniş tanınmış yapon filmləri isə bunlardır:

Yeddi samuray (1954)

Yeddi samuray
Yeddi samuray

Akira Kurosawa'nın “Yeddi samuray” filmi həm texniki, həm süjet, həm nəqletmə elementlərinə görə, kino tarixinin misilsiz filmlərindən biri hesab olunur.

Gecikmiş bahar (1949)

Bu klassik filmi xüsusi edən orada artıq 1600-cü illərin tarixi hadisələrinin deyil, işə gedib–gələn günümüzün orta təbəqə insanların real həyatının əks olunmasıdır. Yazıçı Kazuo Kirotsu'nun “Ata və qızı” romanı əsasında çəkilib.

Dul professorun 27 yaşlı bir subay qız var. O, atasının qulluğunu tutur. Bir gün dükana gedəndə yolda atasının dostunu görür. Bununla da filmdə evlilik probleminin müzakirəsi başlanır.

Atasına baxmaq istəyən, ərə getmək istəməyən qız nəhayət, ərə gedir. Ata evə tək qayıdır.

Rashomon (1950)

Kino tarixinin vacib filmlərindən biri hesab olunan "Rashomon" insan zəifliyi üzərində qurulmuş bir dramdır. Burada bir cinayətə müxtəlif baxış bucaqlarından, çoxşahidli bir şəkildə baxılır. Ryuneske Akutagava'nın eyniadlı hekayəsi əsasında çəkilib.

Arvadıyla birlikdə meşədən keçən bir samuraya bir qarətçi hücum edir, özü öldürülür, arvadı zorlanır. Qarətçi tutulur, amma onun ifadəsi ilə arvadın ifadəsi bir-birinə ziddir.

Bir falçı vasitəsilə ölmüş samurayla əlaqə saxlayırlar. Ölmüş samuray eyni hadisənin tamam başqa cür nəql edir. Meşədə cəsədi tapan odunçunun ifadəsi isə heç birinkinə bənzəmir.

Eyni cinayətin dörd müxtəlif, amma inandırıcı şəkildə danışılması hər kəsin "həqiqət"inin fərqli olmasını, həqiqətin çox olduğunu göstərir. Buradan həm də insanın pis bir hadisəni unutmaq üçün özünə də yalan danışması kimi nəticələr çıxır.

Ugetsu (1953)

Bu ağ-qara film "Roshomon" ilə yanaşı, yapon filminin Qərbdə tanınmasında müstəsna rol oynayıb.

16-cı yüzil, vətəndaş müharibəsi dövrüdür. Filmin qəhrəmanları iki cütlükdür. Onlar öz əl işlərini satıb varlanmaq istəyirlər. Gecə əsgərlər onların yaşadığı kəndə hücum edəndə onlar meşədə gizlənirlər.

Cütlüklər göldən keçməlidirlər ki, əl işlərini başqa bazara aparsınlar. Hava dumanlıdır. Bir yolçu can verə-verə onlara deyir ki, onu yolda qarət ediblər, yolda qarərçtilər var, yaxşısı budur, geri qayıtsınlar. Kişilər arvadlarını orada qoyub yola davam etmək niyyətindədirlər..

Bu uzun yolda onların başına müxtəlif macəralar gəlir. Bazarda onların əl işləri yaxşı satılır, məqsədlərinə çatırlar, amma bir-birlərindəna ayrı düşürlər.

Harakiri (1962)

1600-cü illərin əvvəllərində Tsugumo Hanshiro məşhur malikanəyə gəlir və deyir ki, intihar etmək istəyir.

Sülalə nə qədər nüfuzludursa, onun malikanəsində intihar etmək bir o qədər nüfuzlu sayılır. Kasıblayan samuraylar belə malikanələrdən xahiş edirdilər ki, onlara intihar etmək üçün yer ayırsınlar. Əslində isə onlara intihar yeri əvəzinə iş və pul veriləcəyinə ümid edirlər.

Hanshiro-ya deyirlər, bax a, Motome də bir neçə ay əvvəl eyni istəklə bu malikanəyə gəlmişdi, amma mərasim vaxtı onun qılıncının bambukdan olduğu üzə çıxdı, əsl qılıncını satıbmış, bambuk qılıncla özünü öldürməyi təqlid etmək istəyirmiş. Amma ona rəhm edilmədi, bambuk qılıncla qarnını deşməli, böyük əzab üçün ölməli oldu.

Hanshiro isə deyir ki, bunun ona dəxli yoxdur, fikrində qətidir, malikanəni ölmədən tərk etmək fikri yoxdur.

İntihar pavilyonu qurulur. O, intiharqabağı öz həyat hekayəsini danışır. Danışdığı hekayət vəziri əsəbləşdirir, vəzir vassallara əmr edir ki, Hanshiro-nu öldürsünlər. Dava düşür, o, bir neçə nəfəri öldürür, onun özünü də öldürürlər… Rəsmi xəbər isə başqa cür yayılır, malikanənin imici üçün.

Yolasalma (2008)

"Yolasalma" ("Departures") “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə Oscar Akademiya Mükafatını alan ilk yapon filmidir. Yazıçı Shinmon Aoki’nin “Coffinman” memuarı əsasında çəkilib. Filmdə yaponlara, ümumiyyətlə, bütün insanlara məxsus ölüm xofunu nəzərdən keçirir.

Süjet xətti belədir: Bir kişi, skripkaçı kimi uğursuz karyerasının sonunda vətəninə qayıdır. O, işsizdir. Öz şəhərində dəfn bürosunda ölüləri son mənzilə yola salarkən skripka çalmaq işi tapır. Bir qədər tərəddüd edəndən sonra bu işə başlamağa razılaşır, amma tanışları, xüsusən arvadı bunu çox pis qarşılayırlar. Çünki onlarda ölülərlə əlaqəli işlər görən adamlara qarşı xof var.

Skripkaçı bu işdə cəmiyyətin hörmətinə nail olmaq istəyir.

Kral döyüşü (2000)

“Battle Royale” filmində hadisələr xəyali bir ölkədə - Böyük Şərqi Asiya Respublikasında baş verir.

“Öyrənmək məqsədilə səfər” adıyla bir qrup yuxarı sinif şagirdi avtobusa doldurulub, bir adaya aparılır. Məktəblilər bir də görürlər ki, kimsəsiz bir yerdədirlər, boyunlarında metal boyunluq var.

Proqram haqda qısa məlumat veriləndən sonra şagirdlərə kiçik yemək-ləvazimat bağlaması və bir silah verilir, onlar bir-bir adaya buraxılır. Verilən silahların bəziləri tüfəng, bəziləri isə yabadır.

Qaydaya görə, onlar bir-birlərini öldürməlidirlər. Nəzarətçilər şagirdləri metal boyunluqlar vasitəsilə nəzarətdə saxlayırlar. Ərazini tərk etsələr və ya boyunluğu çıxarsalar, mərkəz xəbər tutur. Mərkəz şagirdlərin söhbətlərini də eşidə bilir. Əgər şagird bir gün ərzində heç kəsi öldürməsə, boyunluğu partlayır.

Filmdə tez-tez “Mərhəmət etmə” nidası səslənir.

Atəşfəşanlıq (1997)

“Hana-bi” adıyla tanınan bu film həm döyüş, həm də ailə filmidir. Nishi – zalım, ələkeçməz polis detektividir. Qızı ölüb. Arvadı qəza keçirib əlil arabasında oturmağa məhkum olandan sonra Nishi işini atır, istefaya çıxır.

Vaxtının çoxunu xəstə arvadına qulluq etməklə keçirir. Nishi yapon cinayət sindikatından arvadının ehtiyaclarını qarşılamaq üçün pul götürür. Pulu qaytarmaqda çətinlik çəkir. Arvadı bütün bu müddətdə sürreal rəsmlər çəkməkdədir. ​

Kimsə bilmir (2004)

1980-ci illərdə Yaponiyada olmuş bir hadisə əsasında çəkilib. 5-12 yaşlı dörd uşağı anaları evdə qoyub, gedib. Uşaqlar evdəki cüzi pulla uzun müddət bir-birlərinə kömək edərək yaşayıblar.

Bir gün uşaqlardan biri stuldan yıxılıb ölür. Uşaqlar əllərində qalan son pula konfetlər alır, ölmüş uşağın sevimli dovşan oyuncağıyla birlikdə onun çantasına qoyurlar. Belə bir ürəkparçalama filmi.

XS
SM
MD
LG