Azərbaycan xəbərləri
Azərbaycanın 7 milyard borcu var

-
Azərbaycanın 2015-ci ilin sonuna kimi olan xarici dövlət borcu açıqlanıb. Bu 6,894.3 milyon dollardır (10,751.0 milyon manat).
Bu haqda Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, xarici dövlət borcunun ümumi daxili məhsula olan nisbəti 19.8 faiz təşkil edir.
Xarici dövlət borcuna hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilən kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Maliyyə Nazirliyi bildirir ki, xarici borc vəsaitlərinin 58 faizi 10 ilə, 32 faizi 10 ildən 20 ilə, 8 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici borcların əsas hissəsi dollarladır - 66 faiz. Borcların 20 faizdən çoxu isə avro ilədir.
Xarici borcu yaradan vəsaitlər əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən cəlb edilib.
Maliyyə Nazirliyi bu vəsaitlərin iqtisadi islahatlar proqramlarının dəstəklənməsinə, infrastrukturun bərpası və yenidən qurulmasına yönəldildiyini bildirir. Bundan başqa borclar yol tikintisinə, regionların su təchizatının yaxşılaşdırılmasına və dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsinə sərf edilib.
2015-ci ilin 1 oktyabrı ilə müqayisədə xarici borc 163.4 milyon dollar artıb.
Bütün xəbərləri izləyin
AŞPA həmməruzəçiləri Azərbaycan rəsmiləri ilə görüşüb

İyunun 5-də Azərbaycan baş prokuroru Kamran Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, tərəflər arasında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı qərarlarının icra vəziyyəti müzakirə edilərək, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Yeri gəlmişkən Azərbaycanda bir sıra hüquq müdafiəçiləri və fəallar zaman-zaman AİHM-nin qərarlarının yerinə yetirilməməsi ilə bağlı şikayətlər səsləndirirlər.
AŞPA-dan gələn qonaqlar iyunun 5-də habelə Azərbaycanın xarici işlər və daxili işlər nazirləri ilə də görüşüblər.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Ceyhun Bayramovla görüşdə tərəflər arasında əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə isə müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun təşkil edildiyi, hökumət, eləcə də qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərin orada sərbəst və məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şərait yaradıldığı diqqətə çatdırılıb.
Azərbaycanda bir sıra fəallar bəzən müvəqqəti saxlanma yerlərindən də şikayətlər dilə gətirirlər. Şikayətlər həm qida, həm də hüquqlarla bağlı olur.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen iyunun 4-də Azərbaycana gəliblər.
Onların səfərləri iyunun 7-nə kimi davam etməlidir. AŞPA həmmərüzçiləri iyunun 6-da vətəndaş cəmiyyətinin təmsilçiləri və jurnalistlərlə görüşməlidirlər.
Azərbaycan 2001-ci ildən AŞPA üzvüdür. Ölkə bu quruma üzv olarkən insan haqları və bir çox başqa sahələrlə bağlı üzərinə çoxsaylı öhdəliklər götürüb. Azərbaycan, hələ də monitorinq altındadır.
İran Azərbaycanın səfər xəbərdarlığına münasibət bildirib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Azərbaycan XİN-in Azərbaycan vətəndaşlarına İrana səfərlər barədə xəbərdarlığına cavab olaraq Twitter-də yazıb.
O Bakının bu addımını İsrail prezidenti İsxaq Hersoqun bu yaxınlarda Azərbaycana səfəri ilə bağlayıb:
“Azərbaycanın Xarici İşlər Nazirliyi vətəndaşlarını İrana səfər etməməyə çağırıb. Bu, saxta, uşaq qatili və işğalçı rejimin prezidentinin bu yaxınlarda Bakıya səfəri zamanı qəbul olunmuş eyni siyasətdir”.
İsrail prezidenti mayın 30-da Bakıya səfəri zamanı İran təhlükəsi barədə xəbərdarlıq etmiş və Azərbaycanı ölkəsinin yaxın müttəfiqi adlandırmışdı.
Kənani bu barədə yazıb:
“Azərbaycan xalqını mədəni və İslami İranla yox, sionist rejimi (İsrail-red) ilə qorxutmaq lazımdır”.
İranın Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş rejiminə sadiq qaldığını təsdiq edən sözçü əlavə edib ki, İran davamlı qonşuluq siyasətini “qarşılıqlı hörmət və qonşuluq etiketinə riayət çərçivəsində” davam etdirir.
Xəbərdarlıqda nə deyilirdi
Azərbaycanın Xarici İşlər Nazirliyinin iyunun 3-də yaydığı "səyahət xəbərdalığı"nda qeyd olunurdu ki, Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçilik nəzərə alınmalı və zərurət olmadığı halda İrana səfər edilməməlidir.
"...səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur." -nazirliyin xəbərdarlığında deyilir.
XİN hazırda İranda olan Azərbaycan vətəndaşlarından da tələb edir ki, mühafizə və təhlükəsizlik qaydalarına riayət etsinlər.
Nazir İranda səfirliyin işinin bərpası üçün gözləntilərindən danışıb
"Diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı İran tərəfindən bizə bir neçə dəfə müraciət daxil olub". AZƏRTAC-ın xəbərinə görə, bunu iyunun 5-də xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.
Ceyhun Bayramovn sözlərinə görə, cinayətin istintaqının tezliklə başa çatdırılması və günahkarların, bunu sifariş edənlərin məsuliyyətə cəlb olunmasını gözləyirlər:
"Diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı İran tərəfindən bizə bir neçə dəfə müraciət daxil olub. Ancaq bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb ediləcək, sərt şəkildə cəzalandırılacaq. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir".
Hələlik, bu açıqlamaya İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.
Şuşada kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Azərbaycan ərazilərində daha bir kütləvi məzarlıq tapılıb. Azərtac-ın məlumatına görə, bu dəfəki kütləvi məzarlıq Şuşa şəhərindəki həbsxananın ərazisində üzə çıxarılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədovun dediyinə görə, yeni kütləvi məzarlığın yeri birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş insanların ifadələri əsasında müəyyən edilib.
“Biz həmin əsir, girovların ifadələrinə uyğun olaraq növbəti kütləvi məzarlığı Şuşa həbsxanasının həyətində aşkarlamışıq. İlkin rəyə görə, burada dörd nəfərin fərdi olaraq basdırıldığı müəyyən edilib. Şuşa şəhərinin ermənilər tərəfindən işğalından sonra Şuşa həbsxanası azərbaycanlı əsir və girovların saxlanması, onlara qarşı çoxsaylı cinayətlərin törədildiyi bir məkan olub”, - Eldar Səmədov bildirib.
Şuşa həbsxanasında ümumilikdə 360 azərbaycanlının saxlanıldığını deyən Eldar Səmədovun sözlərinə görə, onlardan 216-sı azad olunsa da digərlərinin taleyindən bu günə qədər bir xəbər yoxdur.
Məlumatda o da vurğulanır ki, tapılan insan qalıqları həbsxanada qalan şəxslərə qarşı qəddarlıq və qeyri-insani əməllərin törədilməsindən xəbər verir.
Şuşada kütləvi məzarlıqlarla bağlı axtarışların davam etdiriləcəyi bildirilir.
Şuşa şəhəri 28 il işğal altında olub. 1992-ci il mayın 8-də erməni hərbi birləşmələri tərəfindən işğal edilən şəhəri 2020-ci il noyabrın 8-də Azərbaycan ordusu azad edib.
İkinci Qarabağ müharibəsinin bitməsindən sonra işğaldan azad olunan ərazilərdə birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən bir neçə kütləvi məzarlıq aşkarlanıb.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 2021-ci ilin avqustunda açıqladığı məlumata görə, birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 171 nəfərin hərbçi, 719 nəfərinsə mülki şəxslər olduğu bildirilir.
Rəsmi məlumatlara görə, ikinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən hərbçilərin sayı 6 nəfərdir.
Xatırlatma
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Son illər Azərbaycan və Ermənistan arasında fasilələrlə sülh danışıqları aparılır.
Bakı İrana gedənlərə xəbərdarlıq edir

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana səfərlə bağlı xəbərdarlıq edir.
Nazirliyinin iyunun 3-də yaydığı "səyahət xəbərdalığı"nda qeyd olunur ki, Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçilik nəzərə almalı və zərurət olmadığı halda İrana səfər edilməməlidir.
"...səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur." -nazirliyin xəbərdarlığında deyilir.
XİN hazırda İranda olan Azərbaycan vətəndaşlarından da tələb edir ki, mühafizə və təhlükəsizlik qaydalarına riayət etsinlər.
Xatırlatma
Hazırda İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər var.
Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb.
Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.
Amma Azərbaycanın İrandakı konsullugu fəaliyyətini davam etdirir.
Moskvada üçtərəfli işçi qrupun iclası keçirilib

Moskvada uyunun 2-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə üçtərəfli İşçi Qrupun iclası keçirilib.
Rusiya hökumətinin saytında dərc olunan məlumata görə, “görüş konstruktiv atmosferdə keçib”.
Bildirildiyinə görə, Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.
Habelə vurğulanır ki, dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı “ümumi anlaşma” əldə olunub.
Açıqlamaya görə, danışıqların nəticələri barədə Azərbaycan , Ermənistan və Rusiya rəhbərlərinə məlumat veriləcək.
“Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər”, məlumatın yekununda bildirilir.
Bundan əvvəl
Bundan əvvəl, mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olmuşdu.
Orada yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşü ilə bağlı razılıq əldə edildiyi açıqlanmışdı.
Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
25 nəfər Almaniyadan Azərbaycana qaytarılıb
Mayın 31-də 25 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkələrinə geri qəbul edilib.
Bu barədə iyunun 2-də Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Məlumatda bu, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişlə izah edilib.
Readmissiya dedikdə saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olan şəxslərin (mənşə dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) geri qaytarılması nəzərdə tutulur.
Avropa İttifaqı ilə readmissiya ilə bağlı saziş imzalanan 2014-cü ildən indiyə kimi ümumilikdə həmin qaydada 2.5 minə yaxın şəxsin Azərbaycana qaytarıldığı bildirilir. Azərbaycanda belə iddialar var ki, son illər ölkəyə readmissiya edilən şəxslərdən bəziləri əvvəlki siyasi fəaliyyətlərinə görə şərlənərək həbs edilir. Amma rəsmilər belə iddialarla razılaşmırlar.
Xatırlatma
Son iki ildə Almaniyadan readmissiya edilən şəxslərdən azı altı nəfərin həbs olunduğu açıqlanmışdı. Onlardan dördünə narkotik, qalan iksindən birinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini…qərəzli olaraq icra etməmə, digərinə isə bədənə xəsarət yetirmə ittihamı verilmişdi . Həmin şəxslərin yaxınları ittihamları qəbul etmir və bunu siyasi sayırdılar. Onlardan bəzisi artıq buraxılıb.
Azərbaycan rəsmiləri ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.
Fərid Səfərlinin İranda casusluqda ittiham olunduğu deyilir

Almaniyada təhsil alan və martın əvvəlindən İranda itkin düşdüyü güman edilən Azərbaycan vətəndaşı Fərid Səfərliyə casusluq ittihamı verildiyi bildirilir.
Bu barədə “Turan”a tələbənin anası Dilarə Əsgərova məlumat verib.
Onun sözlərinə görə, İran tərəfi bu barədə Azərbaycan Xarici Nazirliyinə rəsmi məktub göndərib:
“Bildirilir ki, oğlum İranda casusluq ittihamı ilə həbs edilib. İttiham saxtadır, oğlum casusluq etməyib. Biz verilən ittihamları qəbul etmirik".
Əsgərova qeyd edib ki, Azərbaycanın İrandakı konsulluğunun əməkdaşlarının Fərid Səfərli ilə telefon danışığı olub:
“Biz Fəridlə görüş tələb edirik. Konsulluğumuz bu barədə İranın aidiyyati qurumlarına müraciət edib".
Rəsmi açıqlama yoxdur
Hələlik, bu açıqlamaya İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.
Yaxınları deyirlər ki, Almaniyada təhsil alan Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuduğu qızın dəvəti ilə Tehrana gedib.
Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən isə bundan əvvəl bildirilmişdi ki, qeyd edilən məsələ ilə bağlı müraciət onlara martın 9-da daxil olub:
“Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə, Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir.”
Xatırlatma
Hazırda İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər var.
Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb.
Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.
Amma Azərbaycanın İrandakı konsullugu fəaliyyətini davam etdirir.
Abid Qafarov azadlığa çıxıb

"KİM" internet televiziyasının əməkdaşı Abid Qafarov bu gün, iyunun 1-də azadlığa buraxılıb.
Bu barədə onun vəkili Aqil Layıc AzadlıqRadiosuna məlumat verib. Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə A.Qafarova qarşı ittihamların birinə xitam verilib: "Böhtan maddəsinə məhkəmə tərəfindən bəraət verildi. Digər maddəsi - təhqirə görə isə həbs müddəti bitdi deyə, Abid Qafarov azadlığa buraxıldı".
Vəkil hesab edir ki, təhqir maddəsi ilə də A.Qafarova bəraət verilməlidir: "O, günahsızdır və biz ədaləti bərpa etmək üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik".
A.Qafarov 2022-ci il iyulun 13-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 il müddətə azadlıqdan məhrum edilmişdi. O, çıxışlarında müharibə veteranlarına qarşı böhtan və təhqirdə günahlandırılırdı.
Müdafiə tərəfinə görə, Qafarov internetdəki çıxışında veteranları təhqir etməyib, sadəcə ad çəkmədən öz hüquqları uğurunda mübarizə aparmadıqlarına görə onları qınayıb. Qafarov da özünü təqsirli bilmir və "Tərtər işi"ni araşdırdığına görə sifarişlə həbs olunduğunu bildirirdi.
Xatırlatma
2017-ci ildə başlanan və "Tərtər işi" kimi tanınan istintaqda bir çox hərbi qulluqçular dövlətə xəyanətdə günahlandırılıblar. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. Buna görə əlavə həbs edilənlərin də olduğu açıqlanıb.
Hazırda yenilənən istintaqın davam etdiyi, buraxılanların olduğu və zərərçəkənlərin sayının artdığı deyilir. Amma ölən (sayları rəsmən dəqiq açıqlanmır) və sonradan bəraət alan (bəraət almayanlar da var) hərbi qulluqçuların yaxınları iddia edirlər ki, işgəncələrdə əsas məsuliyyət daşıyanlar cəzadan kənarda qalıb.
Zamin Salayevin aclığı dayandırdığı deyilir
AXCP Salyan rayon şöbəsinin həbsdə olan sədri Zamin (Əlizamin) Salayevin 114 gün öncə elan etdiyi aclıq aksiyasını dayandırdığı bildirilir.
AXCP-dən Ceyhun Novruzov AzadlıqRadiosuna deyib ki, Z.Salayev bu gün, iyunun 1-də ona zəng vuraraq aclıq aksiyasını dayandırdığını söyləyib: "Dedi ki, ona apellyasiya məhkəməsində işinə ədalətli baxacaqlarına söz veriblər. Ona görə aksiyanı müvəqqəti dayandırıb".
C.Novruzovun sözlərinə görə, Z.Salayev amma ad çəkməyib. Onun vurğulamasına görə, Z.Salayev ona səhhətinin də çox ağırlaşdığını söyləyib: "Mənə dedi ki, çəkisi artıq 68 kilodur. O, 50 kilo arıqlayıb. Yalnız həkimlərin köçürdüyü sistemlərin nəticəsində sağ qalmışdı. Vurğulamasına görə, dünən, mayın 31-də həkimlər ona deyib ki, bədəni artıq sistem də qəbul etmir".
Amma bu məlumatlara, hələlik, rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Müdafiə tərəfi bundan öncə isə Z.Salayevin artıq yeriyə bilmədiyini, başqalarının köməyi ilə hərəkət etdiyini açıqlamışdı.
Təqribən 10 gün öncə, mayın 22-də Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlovun verdiyi hökmlə Z.Salayev 4 il həbs cəzası alıb. O, fevralın 7-dən həbsdədir. AXCP fəalı Cinayət Məcəlləsinin (CM) 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunurdu.
Z.Salayev özünü təqsirli bilmirdi və həbsinin səhərisi aclıq aksiyasına başladığını açıqlamışdı.
Salayev bundan öncə dəfələrlə polisin qanuni tələbinə tabe olmama və başqa ittihamlarla bir neçə dəfə inzibati qaydada həbsdə olub. O, 2020-ci ilin aprelində isə Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə 2 il 3 ay azadlıqdan məhrum edilmişdi. Salayev onda da ittihamı qəbul etmirdi.
'İslahatlar apardığınız müddətcə ABŞ Azərbaycanın yanında olacaq'

"Qanunun aliliyinə təkan verəcək və Azərbaycan xalqı üçün imkanlar yaradacaq islahatlar apardığınız müddətcə ABŞ Azərbaycanın yanında olacaq". Bu fikir Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb.
Mayın 31-də Bakıda Enerji Həftəsi çərçivəsində Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı olub.
Baydenin məktubunu ABŞ Dövlət katibinin köməkçisi Cefri Payat oxuyub.
Məktubda vurğulanıb ki, 30 ildən artıqdır Azərbaycan və Birləşmiş Ştatlar transmilli təhdidlərə qarşı mübarizədən tutmuş, inklüziv iqtisadi artımın təşviqinə qədər möhkəm tərəfdaşlıq qurublar.
Müraciətdə Azərbaycanla enerji sahəsində əməkdaşlıqdan bəhs edilir: "Bu istiqamətlərdə iş gördüyünüz, o cümlədən qanunun aliliyinə təkan verəcək və Azərbaycan xalqı üçün imkanlar yaradacaq islahatlar apardığınız müddətcə ABŞ Azərbaycanın yanında olacaq".
İyunun 4-nə kimi davam edəcək Enerji Həftəsində Bakıda enerji məsələlərinə dair bir sıra beynəlxalq tədbirlər keçiriləcək.
Büdcə xərcləri 3.2 milyard manat artırılır
Azərbaycan Maliyyə Nazirliyi 2023-cü il dövlət büdcəsinə dəyişikliklərin olunmasını təklif edib. Layihədə 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 5 milyon manat (9.8 faiz) çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 52.5 faizi neft sektorunun, 47.5 faizi qeyri-neft sektorunun payına düşür.
Yeni büdcəsinin xərcləri isə 36 milyard 568 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 215 milyon manat (9.6 faiz) artıqdır.
Artan xərclərin böyük bir hissəsi (2 milyard 260 milyon manat) işğaldan azad olunmuş Qarabağ, Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlıdır.
Artımın qalan hissəsi də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi dəstək mahiyyəti daşımalıdır.
İlin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dollar götürüləcək. Mövcud sənəddə bu, 50 dollardır. Nazirlik bildirir ki, bu ilin dörd aylında Azərbaycan neftin bir barelinin orta ixrac qiyməti 85.8 ABŞ dolları təşkil edib.
Azərbaycan ilə İsrail səhiyyə sahəsində əməkdaşlıq edəcək

Mayın 30-da "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı" imzalanıb.
Əməkdaşlıq planının detalları, hələlik, açıqlanmır.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq da iştirak edib. İsrail prezidenti elə bu gün, mayın 30-da Azərbaycana gəlib.
Azərbaycan Qarabağda ‘mühəndis işləri’nin qarşısını aldığını deyir

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Qarabağda “mühəndis işləri”nin qarşısı alınıb.
Nazirliyin açıqlamasına görə, mayın 29-da “Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ağdam, Xocavənd, Şuşa, Laçın və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər”.
Vurğulandığına görə, Azərbaycan ordusunun gördüyü “təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb”.
Amma bu məlumata, hələlik, Rusiya sülhməramlıları kontingentinin rəhbərliyi və digər maraqlı tərəflərin münasibətləri bəlli deyil.
Xatırlatma
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Son illər Azərbaycan və Ermənistan arasında fasilələrlə sülh danışıqları aparılır.
Cəbhəçiyə 30 sutka həbs verilib

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin üzvü Zaur Əhmədov inzibati qaydada həbs olunub.
Bu barədə AzadlıqRadiosuna həmin partiyadan məlumat verilib.
Məlumata görə, Z.Əhmədovu mayın 26-sı səhər saatlarında Salyanda iki mülki şəxs saxlayaraq naməlum istiqamətə aparıblar: "Sonradan məlum olub ki, Zaur bəyə bilinməyən saxta ittihamlarla 30 sutka müddətinə inzibati həbs cəzası verilib. İndiyə qədər Zaur bəydən heç bir məlumat yoxdur".
AXCP-dən həmçinin bildirilib ki, yaxınları Z.Əhmədova sovqat apara bilmir: "Salyan Rayon Polis Şöbəsində deyiblər ki, rəis icazə vermir nə sovqata, nə telefon əlaqəsinə".
Partiyadan vurğulanıb ki, fəalın həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.
DİN-dən izah…
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov isə "Turan"a bildirib ki, Z.Əhmədov mayın 26-da rayon ərazisində ictimai qaydanı pozduğuna və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə saxlanıb: "Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Z.Əhmədov 30 sutka inzibati qaydada həbs olunub".
DİN rəsmisi vurğulayıb ki, Z.Əhmədovun ailəsi ilə əlaqə qurmasına və ona sovqat verilməsinə məhdudiyyət qoyulması ilə bağlı iddialar əsassızdır.
28 May-Azərbaycanın Müstəqillik Günü

Bu gün Azərbaycan Cümhuriyyətinin yaradılmasından 105 il ötür.
1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib. Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edib.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 23 ay fəaliyyət göstərə bilib və 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib.
71 il sonra, 1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.
Cümhuriyyətin 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar gerçəkləşdirilib, müstəqil dövlətin atributları formalaşdırılıb.
Ermənistanın təcavüzünə cavab vermək üçün Müdafiə naziri Mehmandarov və Şıxlınskinin rəhbərliyi ilə qısa müddət ərzində Azərbaycan Milli Ordusu yaradılıb. Bu ordu 1920-ci ilin yazında Zəngəzurda uğurlu hərbi əməliyyat keçirərək qırğınların qarşısını alıb.
Şərqdə ilk dəfə olaraq parlament yaradılıb, xalqın öncül nümayəndələri, ziyalılar, siyasi xadimlər bu parlamentdə təmsil olunublar.
Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Versal sülh konfransına qatılıb. Göstərilən səylər nəticəsində Birinci Dünya müharibəsinin qalibi olmuş Antanta dövlətləri Azərbaycanın de-fakto müstəqilliyini tanıyıblar.
Bundan başqa parlamentdə Müsavat fraksiyasının lideri Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə Bakı Dövlət Universiteti yaradılıb. Cümhuriyyət hökuməti maddi çətinliklərə baxmayaraq, yüz nəfər tələbəni xaricə təhsil almağa göndərib.
Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəylinin baş nazirliyi ilə demokratik prinsiplər əsasında beş dəfə hökumət formalaşdırılıb.
1920-ci il aprelin 27-də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində isə Cümhuriyyət süqut edib.
AXC-nin yaradıcıları xaricə mühacirət etməyə məcbur edildi. Baş nazirlər F.Xoyski, N.Yusifbəyli qətlə yetirilib, digər görkəmli dövlət xadimlərinin ailələri və yaxınları repressiyalara məruz qaldılar.
2021-ci il oktyabrın 15-dən mayın 28-i Müstəqillik Günü (bu tarixə qədər Respublika Günü adlandırılıb), oktyabrın 18 -i isə Müstəqilliyin Bərpası Günü (Milli Müstəqillik Günü) elan edilib.
DSX : ‘Ermənistanın 2 hərbi qulluqçusu saxlanıb’-onlara CM-nin 6 maddəsi ilə cinayət işi açılıb

Bir gün əvvəl saxlanılan Ermənistan hərbçilərinə cinayət işi açılıb. Bununla bağlı Azərbaycanın Baş Prokurorluğu ilə Dövlət Sərhəd Xidmətinin mayın 27-də yaydığı birgə məlumatda deyilir.
Hər iki hərbçi "...odlu silah və döyüş sursatı qaçaqmalçılığında", "...terrorçuluqda", "zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə" və "dövlət sərhəddini qanunsuz keçmə", "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama"da ittiham olunur.
Birgə məlumatda cinayət işi üzrə zəruri istintaq tədbirlərin davam etdirildiyi bildirilir.
***
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bildirir ki, bu gün, mayın 26-da Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanıb.
Xidmətin açıqlamasına görə, “dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan dövlət sərhədini pozması cəhdinin qarşısı alınıb”.
Məlumata görə, nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanıb.
DSX-nın bildirməsinə görə, “qrupun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar”.
Ermənistan Müdafiə Nazirliyi isə həmin hərbçilərin mayın 26-da döyüş mövqelərini ərzaqla təmin edən hərbçilər olduğunu və onlarla saat 19:00 radalərindən sonra əlaqə kəsildiyini bildirir.
Məlumatda həmçinin həmin hərbçilərin "qeyri-müəyyən şəraitdə Azərbaycan tərəfinə keçməsi ilə bağlı mümkün versiya"nın da da araşdırıldığı vurğulanır, - Ermənistan müdafiə nazirliyinin açıqlamasında deyilir.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona ( Zəngilan rayonu daxil) nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.
1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Azərbaycanda seçicilərin sayı azalıb
Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 178 şəxs var. Bunu mayın 26-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, seçicilərin 47.44 faizi kişi, 52.56 faizi isə qadındır.
Seçki Məcəlləsinin tələblərinə əsasən, Azərbaycanda hər ilin əvvəlindən etibarən daimi seçici siyahıları hazırlanmağa başlanılır. Siyahının rəsmi qurumların məlumatları əsasında məntəqə və dairə seçki komissiyalarında tərtib olunduqdan sonra Mərkəzi Seçki Komissiyasına təqdim edildiyi bildirilir. Ötən il MSK iyunun 1-də ölkə üzrə vahid seçicilər siyahısına 6 milyon 401 min 955 seçici daxil edildiyini açıqlamışdı. Qurum rəhbəri seçici sayında azalmanın səbəblərindən bəhs etməyib.
Azərbaycanda seçici siyahısı daim mübahisə mövzusuna çevrilib. MSK-nın rəqəmləri ilə Dövlət Statistika Komitəsinin (DSK) 18 yaşından yuxarı vətəndaşların sayı ilə bağlı açıqladığı məlumatlar üst-üstə düşmür.
Üstəlik, artıq əhali sayında da azalma olduğu bildirilir. DSK 2023-cü il yanvarın 1-i vəziyyətinə ölkədə 10 milyon 127 min 145 şəxsin olduğunu açıqlayıb. Bir il əvvəl isə bu rəqəm rəsmi olaraq 10 milyon 156 min 366 nəfər açıqlanmışdı.
Rəsmi qurumlar bunun detallı səbəblərini bildirmir, azalmanı yalnız 2019-cu ilin siyahıyaalması ilə izah edirlər. Amma azalmanın məhz 2023-cü ildən başlanmasına aydınlıq gətirilmir.
DSK ötən il ölkədə ölüm sayının da azaldığını, doğuşun isə artdığını bildirir.
Azərbaycanda iki nəfər seldə həlak olub
Azərbaycanın qərbində Gəncəçay çayında sel nəticəsində iki nəfərin həlak olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə Regional Qrupundan "Turan"a verilən məlumata görə, mayın 25-də sel nəticəsində Göygöl rayonunun Topalhəsənli kəndində iki nəfərin itkin düşməsi haqqında məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə isə, həmin şəxslərin meyitləri mayın 26-da səhər Gəncə şəhərində çayın aşağı axınında tapılıb.
"Mayın 25-də Göygöl rayonunda sel axınları bəzi kəndlərdə qaz, işıq, rabitə xətlərinə və yollara ziyan yetirib", - yerli qurumlardan bildirilib. İlkin məlumata əsasən, sel nəticəsində beş nəqliyyat vasitəsinə ziyan dəyib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal və qərb rayonlarında yağıntılar mayın 31-nə qədər davam edəcək. Dağlıq və dağətəyi rayonlarda yağıntı intensiv xarakterli ola bilər. Tufan olacağı, dolu düşəcəyi ehtimalı var.
Borclu öləndən sonra vərəsələrə qarşı iddia qaldırılacaq

Borclu öləndən sonra vərəsələrə qarşı iddia qaldırıla bilər.
Bununla bağlı Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu qərar verib.
Məhkəmənin saytında mayın 23-də yayılan məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə Plenumunun növbəti iclası keçirilib.
İclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Mülki Məcəlləsinin 269.1-ci (Girov və ipoteka hüququ anlayışı), 269.5-ci, 460.1-ci (Öhdəliklərin icrasının təmin edilməsi üsulları) və 1306.1-ci (Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Məlumata görə, iş üzrə hakim K.Şəfiyevin məruzəsi, Bakı Apellyasiya Məhkəməsi, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi, Ali Məhkəmənin Mülki Kollegiyası, Vəkillər Kollegiyası, Azərbaycan Banklar Assosiasiyasının mülahizələri və iş materialları araşdırılıb və qərar qəbul edilib:
“Qərarda deyilir ki,… borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.”
Habelə bildirilir ki, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər:
“Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.”
Sənan Paşayev Naxçıvanın prokuroru oldu

Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib.
Bununla bağlı mayın 23-də prezident İlham Əliyev sərəncam imzalayıb.
Sənan Paşayev ötən ilin dekabr ayının sonlarında Naxçıvan MR prokurorunun müavini təyin olunmuşdu.
O daha əvvəl Azərbaycan Baş Prokurorluğunda İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışmışdı.
Onun adı bir sıra müxalifətçi və jurnalistlərlə bağlı cinayət işlərinin istintaqında tez-tez hallandırılıb.
Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun isə öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verildiyi açıqlanmışdı.
Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır. Onun vəzifədən getməsindən təqribən bir həftə əvvəl, dekabrın 21-də Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefası qəbul edilmişdi. O 27 il idi ki, həmin vəzifədə çalışırdı.
Şəkidə şagirdlərin kütləvi şəkildə səhhəti pisləşib

Şəki rayon Qudula kənd orta məktəbində şagirdlərin səhhətində kütləvi pisləşmə qeydə alınıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Turan"a bildirilib ki, 24 şagird və üç müəllimin zəhərləndiyi güman edilir.
Qurumdan vurğulanıb ki, hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət Şəki şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb: "Narahatlıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir".
Əlavə edilib ki, ilkin araşdırmalara görə, baş verənlərə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub: "Belə ki, mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənmə yaratdığı ehtimal edilir".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan da Qudula kənd orta məktəbinin 24 şagird və üç müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsini təsdiqləyiblər: "Faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. Xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır".
Hələlik, xəstələr və onların yaxınları ilə isə danışmaq mümkün olmayıb.
Pensiyaçıların sayı müstəqillikdə ən aşağıya düşüb
Azərbaycanda pensiyaçıların sayı artıq müstəqillik dövrünün ən aşağı həddinə düşüb.
2023-cü il aprelin 1-də Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 101.9 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 10.9 faizini təşkil edir. Onların 63.5 faizi yaşa, 23.7 faizi əlilliyə, 12.8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verib. Təkcə bu ilin birinci rübündə 12.3 min nəfər pensiyaçı azalıb.
Bu ilin birinci rübündə Azərbaycanda əmək pensiyalarının orta məbləği ayda 432.3 manat (253.3 ABŞ dolları) təşkil edib. Bu da ilin əvvəli ilə müqayisədə 16.2 faiz çoxdur.
1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan müstəqillik əldə edib. "Turan" Agentliyinin xəbərinə görə, həmin il 1 milyon 127 min pensiyaçının olduğu açıqlanıb. Ondan əvvəlki illərdə isə pensiyaçı sayı 1 milyondan az olub. 2006-cı ildə onların sayı maksimuma çatıb - 1 milyon 398.8 min nəfər. 2020-ci ilin sonuna 1 milyon 270.5 min nəfər əmək pensiyası alıb.
2017-ci ildən başlayaraq Azərbaycanda pensiya yaşı hər il altı ay artırılır. Onda kişilərdə bu, 63, qadınlarda isə 60 müəyyən edilmişdi. Bu hədd mərhələlərlə 65 yaşa çatdırılır.
Son onilliklərdə Azərbaycanda pensiya yaşı bir neçə dəfə artırılıb.
Şabranda quduzluq xəstəliyi ilə bağlı nəzarətə götürülənlər var

Şabran rayonunun Qorğan kəndində bir neçə şəxs quduzluq xəstəliyi şübhəsi ilə nəzarətə götürülüb. Bu barədə "Turan"a Şabran rayon İcra Hakimiyyətinin Qorğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən məlumat verilib.
Qurumdan bildirilib ki, artıq dövlət orqanları kəndə baxış keçiriblər.
Əlavə olunub ki, 25 gün əvvəl yırtıcı heyvanlar kənd sakinlərinin birinə məxsus təsərrüfatda qoyunlara hücum edib: "Bir neçə gün keçəndən sonra bəzi qoyunları kəsib və ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil ediblər. Sonra digər qoyunlarının bəzilərinin tələf olduğunu görən həmin o sakin dövlət qurumlarına müraciət edib".
Nümayəndəlikdən vurğulanıb ki, tələf olmuş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib: "Təsərrüfatdakı digər qoyunlar kəsilib yandırılaraq basdırılıb".
Bu deyilənləri, hələlik, adı çəkilməyən şəxsi təsərrüfat sahibinin özü ilə dəqiqləşdirmək mümkün olmayıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən ( TƏBİB) isə bildirilib ki, mayın 16-da Şabran rayonunun Qorğan kəndinin dördü uşaq olmaqla, doqquz sakini quduzluq xəstəliyi ehtimalı ilə mərkəzi rayon xəstəxanasına müraciət edib: "Onların hər birinə quduzluq əleyhinə vaksin vurulub və evə buraxılıblar".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə deyilib ki, baş vermiş hadisə ciddi nəzarətə götürülüb: "Hadisənin səbəbləri ilə bağlı Agentliyin mütəxəssisləri ilə digər aidiyyəti qurumların əməkdaşları araşdırmalara başlayıb".
'Günay Bank'ın lisenziyası ləğv edilib

"Günay Bank" ASC-nin lisenziyası ləğv edilib. Bu barədə mayın 16-da Mərkəzi Bankın (AMB) İdarə Heyəti qərar verib.
AMB-nin məlumatında bu, onun məcmu kapitalının tələb olunan minimum miqdardan az olması, habelə cari fəaliyyətini etibarlı və prudensial (təhlükəsiz) qaydada həyata keçirməməsi ilə izah edilir.
""Günay Bank" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0.6 faiz, kredit portfelində 1 faiz, sektorun öhdəliklərində isə cəmi 0.5 faiz təşkil edir. "Günay Bank" ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır", - AMB iddia edir.
"…sığortalanmış 38.5 milyon manat əmanət var"
AMB bildirir ki, "Günay Bank" ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin onda sığortalanmış əmanətləri üzrə kompensasiyalarını Fond qanunvericiliyə müvafiq qaydada ödəyəcək: "Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38.5 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99.9 faizinin əmanətləri kompensasiya olunacaq".
Hələlik, qərara "Günay Bank" ASC-dən münasibət almaq mümkün olmayıb.
Sığortalanmayan milyonları kim qaytaracaq?
2023-cü il aprelin 1-nə "Günay Bank"ın ümumi depozitlərin həcmi 108 milyon 566 min manata bərabər olub. AMB-nın məlumatına görə, bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər cəmi 38.5 milyon manat təşkil edir. Bu isə o deməkdir ki, qalan 70 milyon manat əmanətin aqibəti, hələlik, bəlli deyil.
24 oldular
Bu qərarla Azərbaycanda bankların sayı 24-ə düşüb.
Bundan əvvəl 2022-ci ilin oktyabrında Pakistan Milli Bankının Bakı filialının lisenziyası ləğv edilmişdi.
2015-ci ildə isə dünyada neftin qiyməti kəskin düşəndən sonrakı illərdə Azərbaycanın bəzi banklarının böhran yaşadığı açıqlanmışdı. Nəticədə AMB bəzi bankların öhdəliklərini yerinə yetirə bilmədiyini əsas gətirərək onların lisenziyasını ləğv etmişdi. Amma əmanətlərin qaytarılması ilə bağlı illərlə şikayətlər eşidilib.
Ermənistanla məxfi əməkdaşlıqda şübhəli sayılanların tutulduğu deyilir

Dövlət Təhlükəsizlik Xidməti (DTX) bildirir ki, Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda şübhəli sayılan şəxslər həbs edilib.
Rəsmi iddiaya görə, üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda terror-təxribat əməllərini planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Vurğulandığına görə, o, digər şəxslərlə birgə ölkədə etnik, dini zəmində düşmənçilik salınması və Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlayıb: "Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılan, onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən Youtube kanalları və digər sosial şəbəkələrdə paylaşılıb".
İki şəxsin Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 28, 214.1 (terrorçuluğa hazırlıq) maddələri ilə ittiham edilərək həbs olunduqları bildirilir.
Hələlik, rəsmi açıqlamada adı çəkilən şəxslərdən, onların yaxınlarından və Ermənistanın rəsmi qurumlarından ittihamlara münasibət öyrənmək mümkün olmayıb.
Qarabağ münaqişəsi üzündən hələ SSRİ dönəmindən Azərbaycan və Ermənistan arasında gərgin münasibətlər var.