Bu günki AzadlıqLive-da:
Hacıqabulun Məşğulluq İdarəsi bir neçə idarəyə göndıriş verir, ancaq işsizlər deyirlər ki, "Gedirik, deyirlər, iş yoxdur".
Bakı küçələri daha axşamlar bərq vurmur. Ancaq rəsmi qurumlar bildirir ki, işığa qənaətlə bağlı rəsmi qərar yoxdur
Tale Bağırzadəyə işgəncə verilməsi şikayəti ilə bağlı sorğulara hələ də cavab verilmir
«Hökumət növbəti bahalaşmaya gedir»
Bunu«Azadlıq» qəzeti yazır. Qəzet dövlət qurumları ilə idxalçılar arasında gedən qiymət savaşından doğan zərbələrin vətəndaşlara dəydiyi fikrindədir. Bu fikrə görə, elə yanvar ayında idxalın 65-70 faiz azalması da bundan irəli gəlir.
«Azadlıq» yazır ki, idxalçılar Gömrük Komitəsinin rüsumları artırmasından narazı qalıblar. Digər tərəfdən isə iş adamları hüquqlarının qorunmadığını düşünürlər. Hətta qəbul edilməsi gözlənilən antidempinq qanunu da iş adamlarını müdafiə edə bilmir.
Neft düşür, OPEK-də ziddiyyət artır
«Yanvarda neftin qiyməti xeyli düşdü, ancaq dünyanın böyük istehsalçıları hələ də buna necə reaksiya vermək məsələsində razılığa gələnə oxşamırlar. Venesuelanın Neft naziri Eulogio del Pino fevralın 7-də böyük neft-ixracatçısı ölkələrə bir həftə çəkən səfərlərdən əliboş dönüb. Niyyəti OPEC və qeyri-OPEC üzvlərinin fövqəladə görüşünü keçirmək idi. Del Pino bacarsaydı, onlar qlobal neft istehsalını azaltmağı koordinasiya etməliydilər. Ancaq görünür, OPEC-in əsas Körfəz üzvləri – Səudiyyə Ərəbistan, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri digər istehsalçıların bazara müdaxilə vədlərinə qarşı çıxır». Bunu «Stratfor» Araşdırmalar Mərkəzindən Matthew Bey yazır.
"Fiziki şəxslərin gəlirlərinin vergidən azad hissəsi 10 dəfə artırılıb, bu da gəlirləri 4-9 faiz artıracaq"
Azərbaycanda mərc oyunlarında əldə olunan uduşların vergiyə cəlb edilməsi dövlət büdcəsinə əlavə olaraq ildə 20-25 milyon manat gəlir gətirəcək.
«Report» bu xəbəri fevralın 10-da Bakıda keçirilən vergi forumunda çıxış edən Maliyyə Nazirliyi vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini Fikrət Şirinova isnadən yayıb.
F.Şirinov deyib ki, fiziki şəxslərin gəlirlərinin vergidən azad olunan hissəsinin artırılması onların gəlirlərini orta hesabla 4-9 faiz artıracaq:
«Fiziki şəxslərin gəlirlərinin vergidən azad olan hissəsi 10 dəfə artırılaraq 250 manatdan 2500 manata çatdırılıb. Bu isə onların gəlirlərinin 4-9 faiz qədər artması deməkdir».
Şöbə müdiri əlavə edib ki, bu dəyişiklik fiziki şəxslərin gəlir vergisindən dövlət büdcəsinə daxilolmaların 100 milyon manat azalmasına səbəb olacaq.