Keçid linkləri

Təcili xəbərlər
2022, 27 Yanvar, Cümə axşamı, Bakı vaxtı 15:57

Dünya xəbərləri

Rusiyalı jurnalist Ukraynadan sığınacaq aldı

Dmitriy Shipilov

Rusiyalı jurnalist Dmitry Shipilov Ukraynadan siyasi sığınacaq alıb.

O Sibirin Kemerovo vilayətindədndir.

Shipilov yanvarın 19-da internetdə Ukrayna miqrasiya idarəsindən verilən sənədin fotosunu yerləşdirib.

O 2014-cü ilin fevralında Ukraynaya gələrək siyasi sığınacaq istəyib.

Jurnalist bundan əvvəl- 2012-ci ildə Kemerovo vilayətinin qubernatoru Aman Tulayevi təhqi etmə maaddəsi ilə 11 ay ictimai işə cəlb edilib.

Amma o bundan imtina etdiyinə görə 2014-cü ildə həbs edilib və 3 ay həbsdə yatıb.

2014-cü ildə o Sibirin federallaşdırılmasına çağıran yürüşün təşkilatçısı yerli fəal Artyom Loskutovdan müsahibə aldığına görə təzyiqlərlə üzləşməli olub.

Amma hakimiyyət yürüşə icazə verməyib.

Bütün xəbərləri izləyin

Florida yaxınlığında 40-a yaxın miqrant batıb

Arxiv fotosu

Sahil Qvardiyası gəmilər və təyyarələr vasitəsilə axtarış apardığını bildirir

Florida sahillərində miqrantları daşıyan qayıq batıb, 39 miqrantın həlak olduğu bildirilir. Xəbəri ABŞ Sərhəd Qvardiyası yanvarın 26-da yayıb.

Yanvarın 25-də kommersiya qayığı batan qayıqdan yapışmış bir kişini xilas edəndən sonra Sərhəd Qvardiyasına məlumat verilmişdi.

Qayıqdan salamat çıxan şəxs orada daha 39 nəfərin olduğunu, heç kəsin təhlükəsizlik jileti geyinmədiyini deyib.

Sahil Qvardiyası kapitanı Co-Ann Bördiən mətbuat konfransında deyib ki, qayıq Baham adalarından yanvarın 22-də çıxıb, dəniz sularına qərq olub. Sahil Qvardiyası gəmilər və təyyarələr vasitəsilə axtarış apardığını bildirir.

“Bir cəsəd tapmışıq… digərlərinin axtarışı davam edir”, – Bördiən deyib.

“Hər dəqiqə keçdikcə vəziyyət daha da ağırlaşır, kiminsə sağ qalması inandırıcı görünmür”, – o, sözlərinə əlavə edib.

Rəsmilərin fikrincə, qayıq Florida yaxınlığında yerləşən Baham adamlarından mütəmadi insan alveri əməliyyatlarının tərkib hissəsi olub.

İnsan alverçilərinin Baham vasitəsilə Haiti kimi digər Karib hövzəsi ölkələrindən Birləşmiş Ştatlara adam daşıdığı bildirilir.

Zavodda atışmada beş qvardiyaçı öldürülüb

Ukrayna Milli Qvardiyası, arxiv fotosu

Hadisə zamanı 5 nəfər öldürülüb

Beş qvardiyaçını öldürməkdə şübhəli bilinən Artemiy Ryabçukun artıq saxlandığı xəbər verilir.

***

Ukraynanın şərqindəki Dnepr şəhərində Yujmaş maşınqayırma zavodunda atışmada beş nəfər öldürülüb, beş nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin yanvarın 27-də yaydığı məlumata görə, hərbi xidmət çəkən Artemiy Ryabçuk bir qrup Milli Qvardiya üzvünə AK-47 avtomatından atəş açandan sonra hadisə yerindən qaçıb.

Nazirlik əsgərin tapılması üçün xüsusi əməliyyat aparıldığını bildirib.

Yujmaş zavodunda kosmik qurğular, raketlər, raket buraxıcıları istehsal olunur.

Universitetdə bir nəfər öldürülüb, üçü yaralanıb

Heydelberq polisi

Prokuror şübhəlinin Almaniyada kriminal tarixçəsinin olmadığını qeyd edib

Almaniya hüquq-mühafizə orqanları Heydelberq şəhərində universitetin mühazirə zalında silahlının bir nəfəri öldürdüyünü, üç nəfəri yaraladığını bildirir.

18 yaşlı tələbənin, biri qoşalülə tüfəng olmaqla iki silahı olub, ətrafa “azğıncasına” atəş açıb, daha sonra özünü də öldürüb. Polis məlumatı yanvarın 24-də yayıb.

Polis onun Manheymdəki evində axtarış aparıb, amma prokuror mətbuat konfransında hücumun motivini demək üçün tez olduğunu söyləyib.

Prokuror şübhəlinin Almaniyada kriminal tarixçəsinin olmadığını qeyd edib.

Hücumda yaralanmış dörd almaniyalı tələbədən 23 yaşlı qadın vəfat edib.

Heydelberq universiteti Almaniyada ən qədim təhsil ocağıdır, əsası 1386-cı ildə qoyulub.

Şəhərin 160 minədək sakini var.

Assanj ekstradisiya qərarından şikayət verə biləcək

Assanjın tərəfdarları, arxiv fotosu

Vaşinqton Assanjı İraq və Əfqanıstandakı müharibələrlə bağlı 500 min gizli hərbi sənədi yaydığına görə məhkəmə qarşısına çıxarmaq istəyir

Wikileaks saytının təsisçisi Culian Assanj Birləşmiş Ştatlara ekstradisiya qərarından şikayət verə biləcək, Britaniyada yuxarı instansiya məhkəməsi birinci mərhələdə onun xeyrinə qərar çıxarıb.

Vaşinqton Assanjı İraq və Əfqanıstandakı müharibələrlə bağlı 500 min gizli hərbi sənədi yaydığına görə məhkəmə qarşısına çıxarmaq istəyir.

Dekabrda London Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin intihar riski səbəbindən Assanjı təhvil verilməməklə bağlı qərarını ləğv etdi.

Amma 50 yaşlı avstraliyalının vəkilləri bu qərarı mübahisələndirmişdilər. Onların arqumentinə görə, ali məhkəmə “qanunun ümumi ictimai əhəmiyyət daşıyan maddələri” üzrə qərar verməlidir.

İndi Assanj ekstradisiyası ilə bağlı qərarı Ali Məhkəmədə mübahisələndirə biləcək.

Onun Londonun mərkəzindəki Kral Ədalət Məhkəməsinin qarşısına yığışmış tərəfdarları qərarı alqışlayıblar.

Tərəfdarları onun Londonda sərt rejimli həbsxanada saxlanmasının fiziki və mental sağlığına ziyan vurduğunu deyirlər.

Cənubi Koreya dondurulmuş İran neft pullarından Tehranın BMT-yə borcunu ödəyib

BMT Baş Assambleyası

Cənubi Koreya yanvarın 23-də bildirib ki, ölkəsində dondurulmuş İran aktivlərinin 18 milyon dollarından istifadə edərək Tehranın BMT-yə haqqını ödəyib.

Bildirilir ki, ödəniş yanvarın 21-də İranın ABŞ-a “fövqəladə müraciət” etməsindən sonra ABŞ və BMT ilə əməkdaşlıq çərçivəsində edilib.

Bu barədə Cənubi Koreya Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, ABŞ-ın sanksiyaları səbəbindən İranın Cənubi Koreyanın iki bankında neft daşımalarından əldə etdiyi 7 milyard dollardan çox vəsaiti var.

Nazirlik bildirib ki, bu ödənişdən sonra İranın BMT Baş Assambleyasında səsvermə hüququnun dərhal bərpa ediləcəyi gözlənilir.

ABŞ-ın Tehranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxmasına və sarsıdıcı sanksiyaları yenidən tətbiq etməsinə qədər İran Cənubi Koreyanın Yaxın Şərqdə üçüncü ən böyük ticarət tərəfdaşı olub.

BMT yanvarın əvvəlində Baş Assambleyada İranın səsvermə hüququnu dayandırarkən ödənilməmiş rüsumları əsas gətirib.

Kremlin Britaniya kəşfiyyatına məlum olan Ukrayna planı

Rusiya, Kreml, arxiv foto

Böyük Britaniya Xarici İşlər Nazirliyi yanvarın 22-də bəyanat yayaraq, Kremlin Ukraynada rusiyayönlü siyasətçini hakimiyyətə gətirmək üçün əməliyyat hazırladığını iddia edib.

“Rusiya hakimiyyətinin Kiyevdə rusiyayönlü lideri hakimiyyətə gətirmək niyyətində olduğunu göstərən məlumatlar əldə etmişik”. - deyə nazirliyin saytında bildirilir.

"Nastoyashcheye vremya" nın yazdığına görə, mətndə vurğulanır ki, Rusiya rəhbərliyi “Ukraynaya hücum edib onu işğal edib-etməməyi düşünür”.

Xarici işlər naziri Liz Truss bu məlumatın mənbəyini açıqlamayıb. Britaniyanın "The Daily Mail" qəzeti isə yazır ki, Kremlin planları Mİ6 kəşfiyyat xidmətinə məlum olub.

Mümkün namizədlərdən biri Ali Radanın keçmiş deputatı və Regionlar Partiyasının keçmiş üzvü Yevgeni Muraevdir. Xarici İşlər Nazirliyinin bəyanatında həmçinin deyilir ki, Rusiya kəşfiyyatı Ukraynanın bir neçə böyük siyasətçisi ilə əlaqə saxlayır. Məlumatda keçmiş baş nazir Nikolay Azarov, keçmiş baş nazirin müavinləri Sergey Arbuzov və Andrey Klyuev, Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibinin müavini Vladimir Sivkoviçin adları çəkilir.

Liz Truss Rusiyanı gərginliyi azaltmağa və Ukraynada "təcavüz kampaniyasına" və dezinformasiyaya son qoymağa çağırıb.

Rusiya Xarici İşlər Nazirliyi isə Böyük Britaniyanı dezinformasiya yaymaqda ittiham edir.

Nazirliyin rəsmi teleqram kanalındakı mətndə qurum britaniyalı həmkarlarını “cəfəngiyyatı dayandırmağa" çağırır.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin press-relizində Ukraynaya başçılıq etmək üçün mümkün rusiyapərəst namizəd adlandırılan Yevgeni Muraev Strana.ua-ya verdiyi şərhdə Kremlin planlarına aidiyyəti olmadığını bildirib.

"2018-ci ildən Medvedçukla münaqişəyə görə Rusiya sanksiyaları altındayam. Ailəmin var-dövlətinə orada həbs qoyulub. Britaniya kəşfiyyat xidmətləri və Xarici İşlər Nazirliyi hesab edirlər ki, guya Rusiya məni "işğal hökuməti"nin başçısı təyin edəcək"-bu sual mister Binədir”.

2021-ci ilin payızından Rusiyanın Ukraynaya hərbi hücumu ehtimalı müzakirə olunur. Mətbuatda Rusiyanın Ukrayna sərhədinə qoşun çəkməsi və mümkün işğal planları barədə yazılır.

ABŞ və Avropa ölkələri Rusiya qoşunlarının sərhədi keçəcəyi təqdirdə sərt sanksiyalar tətbiq etməyə hazır olduqlarını bildiriblər.

Moskva isə hərbi əməliyyata hazırlığı inkar edir və qoşunların hərəkətini təlimlər kimi izah edir.

ABŞ rusiyalı kosmonavta viza verməkdən imtina edib

Beynəlxalq Kosmik Stansiyanın bir hissəsi, 29 iyul 2021

ABŞ Dövlət Departamenti rusiyalı kosmonavt Nikolay Çuba ABŞ vizası verməkdən imtina edib.

Rusiya mətbuatı xəbər verir ki, Çub təlimlərdə iştirak etmək üçün Lindon Conson Kosmik Mərkəzinə yollanırmış.

Bu barədə “İnterfaks”a vəziyyətlə tanış olan Roskosmosdakı mənbə bildirib. Amma həmin şəxs vəziyyəti şərh etməkdən imtina edib.

Amma “Roskosmos”un rəhbəri Dmitri Roqozin “RİA Novosti”nin mesajını şərh edərkən özünün Twitter səhifəsində məsələyə reaksiya verib:

"Amma bu heç iş deyil. Mən bu hadisə ilə bağlı NASA rəhbərinin mövqeyini tələb edəcəm"-Roqozin yazıb.

2014-cü ilin martında Roskosmosun rəhbəri Dmitri Roqozinə qarşı ABŞ-a səfərləri qadağan edən sanksiyalar tətbiq edilib. Həmin vaxt o baş nazirin müavini vəzifəsində olub.

2021-ci ilin yanvarında NASA-nın Rusiyadakı nümayəndəliyinin rəhbəri vəzifəsinə namizədin diplomatik viza almadığı məlum olub.

Amma yanvarın 18-də NASA Beynəlxalq Kosmik Stansiyasının proqram direktoru Robin Qeytins bildirib ki, Amerika tərəfi "Roskosmos" ilə birlikdə "Crew Dragon" kosmik gəmisində rus kosmonavtının və "Soyuz" kosmik gəmisində amerikalı astronavtın uçuşuna hazırlıqla bağlı təlimlərə başlayıb. Belə bir uçuş 2022-ci ilin payızına planlaşdırılıb.

Alman admiral Putinin Ukraynaya təzyiqini 'gözlənilən hörmətlə' əlaqələndirib və istefa verib

Rusiya prezidenti Vladimir Putin, Moskva, 19 dekabr 2013

Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı Kay-Axim Şonbax ilhaq edilmiş Krım, Putin və Rusiyanın Ukraynaya qarşı son hərəkətləri ilə bağlı dediklərindən sonra istefa verib.

Şənbə günü axşam Almaniya Müdafiə Nazirliyi admiralın istefa ərizəsi təqdim etdiyini açıqlayıb.

Hindistan Müdafiə Tədqiqatları İnstitutunda çıxış edən alman admiral deyib ki, Rusiyanın Ukraynaya qarşı təhdidlərinin əsas məqsədi Qərbin Rusiyaya və prezident Vladimir Putinə şəxsən “hörmətlə” yanaşmasını təmin etməkdir.

Şonbaxın fikrincə, Qərbin ona “axtardığı və bəlkə də layiq olduğu” bu hörməti verməsi heç də çətin deyil. Admiralın sözlərinə görə, Rusiya ilə münasibətlər xüsusilə Almaniya üçün vacibdir, çünki bu ölkə Çinlə qarşıdurmada mühüm rol oynaya bilər.

"Rusiya doğurdanmı Ukrayna torpaqlarından kiçik bir hissəni istəyir? Yoxsa bu ölkəyə inteqrasiya olmaq istəyir, bu boş şeydir. Çox güman ki, Putin təzyiq edir, çünki o bilir ki, o bunu edə bilər və bu Avropa İttifaqını parçalayar... ? lakin onun həqiqətən istədiyi yüksək səviyyəli hörmətdir”, Dehlidə Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanı deyib.

Putin hörmət istəyir... Hörmət çox baha deyil, ümumiyyətlə heç bir xərc tələb etmir. Rusiya hörmətə layiqdir. Bizə, Hindistana, Almaniyaya Çinə qarşı Rusiya lazımdır.- alman komandan bildirib.

Şönbax qeyd edib ki, Rusiya qruplaşmasının Ukrayna ilə sərhədləri yaxınlığında qurulması problemdir, lakin dərhal əlavə edib ki, “Krım yarımadası heç vaxt (Ukraynaya) qayıtmayacaq və bu, faktdır”.

Admiralın dedikləri Krımı Ukraynanın ilhaq edilmiş ərazisi hesab etməkdə davam edən və Rusiyadan onu geri qaytarmağı tələb edən Almaniya və onun müttəfiqlərinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.

Almaniya Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, admiralın sözləri Berlinin rəsmi mövqeyinə uyğun gəlmir və onun özü də bazar ertəsi nazirliyə söhbətə çağırılıb. Admiral artıq dediklərini şəxsi fikir, açıqlamasını isə “açıq-aşkar səhv” adlandıraraq üzr istəyib.

"Mənim Hindistandakı analitik mərkəzdə təhlükəsizlik siyasəti ilə bağlı həmin an dediklərim mənim şəxsi fikirlərim idi və bu heç cür rəsmi mövqeyə uyğun deyil"

Ukraynanın Xarici İşlər Nazirliyi alman admiralın dediklərinə kəskin reaksiya verib. XİN sözçüsü Oleq Nikolenko Krımın, o cümlədən tərəfdaşlarının səyləri sayəsində Ukraynanın nəzarəti altına qayıdacağına əmin olduğunu bildirib.

“Almaniya Hərbi Dəniz Qüvvələrinin komandirinin Putini başa düşmək cəhdlərinin- mənəvi, siyasi və təhlükəsizlik baxımından” öz həddi olmalıdır – , - XİN sözçüsü bildirib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə öz növbəsində Almaniyanın Ukraynaya silah verməkdən imtina etdiyini xatırladaraq Berlində verilən son bəyanatın iki ölkə arasında “münasibətlərin səviyyəsinə uyğun gəlmədiyini” deyib.

Almaniya Ukraynaya dəstək olaraq səhra xəstəxanaları göndərəcək

Almaniyanın yeni müdafiə naziri Kristin Lambrext, Litva, 19 dekabr 2021

Almaniya Ukraynaya dəstək olaraq səhra xəstəxanası göndərmək qərarına gəlib.

Bunu yanvarın 22-də Almaniyanın müdafiə naziri Kristin Lambrext açıqlayıb. O, hazırda Berlin Ukraynaya hərbi yardım göstərməyə hazır deyil.

“Welt am Sontag” qəzetinə müsahibəsində Kristin Lambrext xəstəxananın fevralda Ukraynaya çatacağını bildirib.

Eyni zamanda, ukraynalı tibb kadrları üçün təlim bazası yaradılacaq. "Euronews" xəbər verir ki, bu cür yardım Almaniyaya 5 milyon avrodan çox vəsaitə başa gələcək.

Almaniyanın artıq Ukraynaya tənəffüs aparatları tədarük etdiyini bildirən nazir deyib əlavə edib ki, Ukraynanın şərqindəki döyüşlərdə ağır yaralanan ukraynalı əsgərlər Almaniya xəstəxanalarında müalicə olunurlar.

"Biz Kiyevlə çiyin-çiyinə dayanırıq. İndi bizim vəzifəmiz hazırkı böhranın şiddətini azaltmaq üçün mümkün olan hər şeyi etməkdir.

Müdafiə naziri vurğulayıb ki, indiki vaxtda onun qiymətləndirməsində silah tədarükü Rusiya və Ukrayna arasında qarşıdurmanı yüngülləşdirilməsinə yardım etməyəcək.

Lambrext bildirib ki, bu şəkildə formalaşdırılan mövqe kansler, sosial demokrat Olaf Şolzun başçılıq etdiyi federal hökumətin bütün üzvlərinin tam dəstəyinə malikdir.

Putinlə Paşinyan sərhəd məsələsindən danışıblar

Putin (sağ) və Paşinyan, Soçi, 26 noyabr 2021

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda telefon danışığının Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir.

"Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında qeyd olunan sazişlərin icrasının praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub. ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) vasitəsilə işin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edilib".

Məlumatda o da qeyd edilirki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) hazırkı sədrliyi nəzərə alınaraq, KTMT çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

"Nikol Paşinyanın xahişi ilə Rusiya prezidenti Rusiya Federasiyasının təhlükəsizliyinin təminatlarına dair ABŞ və onun müttəfiqləri ilə danışıqların gedişi barədə qısa məlumat verib" deyə məlumatda bildirilir.

Ərdoğan Putinlə Ukraynanı müzakirə etməli olduğunu deyir

Vladimir Putin (solda) və Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezident Receb Tayyib Ərdoğan deyir ki, Rusiyanın Ukraynanı işğal etməsi real deyil və o, böhranı rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etməlidir.

Rusiya Ukrayna ilə sərhəd yaxınlığına onminlərlə əsgər cəmlədiyindən Qərb mümkün işğalla bağlı narahatlıq bildirib. Moskva isə belə planları olmadığını deyir.

“Rusiyanın Ukraynanı işğal edəcəyini real yanaşma sanmıram, çünki Ukrayna adi ölkə deyil. Ukrayna güclü ölkədir. Rusiya belə bir atmaq üçün bütün dünyada və özündə vəziyyəti nəzərdən keçirməlidir”, – Ərdoğan Albaniyaya səfəri zamanı jurnalistlərə deyib.

Ötən həftə ABŞ, NATO və ATƏT Rusiya ilə danışıqlar aparıb, münasibətlərdəki gərginliyi, Ukrayna böhranını müzakirə ediblər. Danışıqların çətin keçdiyi, ciddi proqres əldə olunmadığı bildirilir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu münaqişədə indiyədək 13 mindən çox insan öldürülüb.

Qar üstündə nəcis heykəlinə görə saxlandı

Arxiv fotosu

Nəcisə abidə Sankt Peterburqda Mars meydanında yaradılıb. 1917-ci il Rusiya İnqilabında öldürülənlər həmin ərazidə dəfn olunub

Sankt Peterburqda məzarlıq yaxınlığında qar üstündə nəhəng nəcis formasında heykəl düzəldən rusiyalı rəssam həbs olunub.

Polisin və yerli medianın yanvarın 17-də yaydığı xəbərə görə, İvan Volkov məzarlığı təhqir etməkdə ittiham olunur.

O, qar üstündə beş metr uzunluqda heykəl düzəldib, sonra onu qəhvəyi rəngləyib, ətrafını isə saraldıb.

Nəcisə abidə Sankt Peterburqda Mars meydanında yaradılıb. 1917-ci il Rusiya İnqilabında öldürülənlər həmin ərazidə dəfn olunub.

AzadlıqRadiosu-nun Rusiya xidmətinin məlumatına görə, 29 yaşlı Volkov işin fotolarını Facebook və Instagram-da yerləşdirib, “əsərə xüsusi məna vermədiyini” yazıb. Sonradan sosial media postları silinib.

Rəssam təqsirli bilinsə, beş ilədək həbsə məhkum edilə bilər.

Volkov son illər qar üzərində 30-dək rəsm əsəri, heykəl yaradıb. Birini koronavirusla mübarizə aparan həkimlərə həsr edib.

Ukrayna dilindən məcburi istifadə qüvvəyə minir

Ukrayna Ali Radasının binası yaxınlığında mitinq zamanı. Deputatlar həmin gün Ukrayna dili haqqında qanun qəbul ediblər. 25 aprel 2019

Ukraynada yanvarın 16-dan Ukrayna dilindən məcburi istifadə tələbi qüvvəyə minir.

“Dil haqqında” qanunun dövlət və regional çap mediasının naşirlərinə məhsullarını başqa dillərdə, məsələn, rus dilində buraxmaq qadağan edilmir, lakin bu hüquqdan istifadə etmək istəyən naşirlər eyni tirajı Ukrayna dilində də nəşr etməlidirlər.

Yerli media üçün oxşar tələb daha sonra, 16 iyul 2024-cü ildə qüvvəyə minəcək. Bu, Ukraynanın yerli xalqlarının dillərində, habelə ingilis və Avropa İttifaqınin digər rəsmi dillərində nəşr olunan çap mediasına şamil edilməyəcək.

Bundan əlavə, 2022-ci il iyulun 16-dan kompüter proqramlarının interfeyslərində, eləcə də rəsmi saytlarda və sosial şəbəkələrdəki səhifələrdə Ukrayna dilindən istifadə məcburi olacaq.

Dpa agentliyinin məlumatına görə, Ukraynada sonuncu rusdilli qəzet olan “Vesti” yanvarın 10-da Ukrayna dilinə keçib.

Nazarbayevin iki 'kürəkəni' işdən çıxarılıb, bir nazir müavini də həbs olunub

Kayrat Şaripbayev, “KazQaz” SC-nin İdarə Heyətinin keçmiş sədri

Mətbuat yazır ki, prezident etirazlara görə QazaxQaz-la yanaşı, KazMunayQaz-ı günahlandırsa da bu şirkətdən istefaların olub-olmadığı məlum deyil.

KazTransOil-in idarə heyətinin sədri Dimaş Dosanov və QazaxQaz-ın idarə heyətinin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilib. Bu barədə "Samruk-Kazına" fondu yanvarın 15-də məlumat yayıb.

Fondun açıqlamasında bildirilir ki, hər iki şəxs yanvarın 14-də “verilmiş ərizələrə əsasən” tutduqları vəzifədən azad edilib. Kayrat Şaripbayev Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin böyük qızı, parlamentin deputatı Dariqa Nazarbayevanın “indiki əri” adlanır. Dimaş Dosanov Nazarbayevin kiçik qızı Aliyə Nazarbayevanın əridir.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev etirazların baş verməsinə görə QazaxQaz-la yanaşı, KazMunayQaz-ı günahlandırsa da yerli media bildirir ki, bu vaxta qədər “KazMunayQaz”da istefaların olub-olmadığı məlum deyil.

Yanvarın 2-də Qazaxıstanın qərbində maye qazın qiymətinin kəskin artması ilə başlayan etiraz aksiyaları digər bölgələrə də yayılıb və təxminən bir həftə davam edib. Əvvəlcə dinc mitinqlərə naməlum silahlı qruplar da qoşulub, sonra bir sıra şəhərlərdə etiraz aksiyaları iğtişaşlara çevrilib və insan tələfatları ilə müşayiət olunub.

Bəzi ekspertlər Qazaxıstanda baş verən yanvar hadisələrini ölkənin hazırkı prezidenti Tokayevlə Nazarbayevin tərəfdarları arasında hakimiyyətdaxili mübarizənin əlaməti kimi qiymətləndirdilər.

Son günlər sabiq prezidentin və onun yaxınlarının harada olması ilə bağlı ziddiyyətli açıqlamalar və fərziyyələr səslənir. Milli Məclisin deputatı, Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva yeni ildə parlamentin iclaslarına çıxmayıb. Köməkçisi deyib ki, o xəstələnib və Almatıda evdədir.

Yerli mətbuat eks-prezidentin qardaşı Bolat Nazarbayevin Qazaxıstan-Qırğızıstan sərhədini keçdiyini və daha sonra “Dubaya uçduğunu” yazıb. Lakin nə yaxınları, nə də Qazaxıstan rəsmiləri bu məlumatı təsdiqləməyiblər.

Yanvarın 13-də keçmiş prezidentin kiçik qızının sosial media hesabları kütləvi etirazlara münasibət bildirdikdən bir neçə saat sonra yoxa çıxıb. “Qumash Telegram” kanalı Aliyə Nazarbayevanın vətənində baş verənlər barədə yazdığı hesabın yerləşdiyi yerin Birləşmiş Ərəb Əmirlikləri olduğunu bildirib.

Keçmiş prezident Nursultan Nazarbayevin özü də ötən il dekabrın 28-dən bəri ictimaiyyət qarşısına çıxmayıb. O, ölkədə baş verən genişmiqyaslı etirazlara münasibət bildirməyib.

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev(orta) Rusiya prezidenti Vladimir Putin (sağ), Çinin prezidenti Si Tsinpin (sol), 9 iyun 2017
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev(orta) Rusiya prezidenti Vladimir Putin (sağ), Çinin prezidenti Si Tsinpin (sol), 9 iyun 2017

Keçmiş prezidentin mətbuat katibi iddia edir ki, Nursultan Nazarbayev Qazaxıstanı tərk etməyib, paytaxtdadır və nüfuzlu Təhlükəsizlik Şurasının rəhbərliyini prezident Kasım-Jomart Tokayevə vermək barədə şəxsən qərar verib.

Qazaxıstanın keçmiş energetika nazirinin müavini qazın bahalaşmasına görə saxlanılıb.

Yanvarın 15-də Maliyyə Nəzarəti Agentliyi Qazaxıstanın keçmiş energetika nazirinin müavini Jumabay Karaqayevin saxlandığını bildirib. Məlumatda vurğulanır ki, elektron ticarət platformalarının rəhbərləri və “Manqistau vilayətində mayeləşdirilmiş neft qazının qiymətinin əsassız olaraq artırılmasında əli olan şəxslər” də saxlanılıb.

Energetika nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Karaqayev barəsində məhkəmə iki ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Baş prorkurorluq rəsmisi: Qazaxıstandakı iğtişaşlarda 225 nəfər ölüb...

Qazaxıstanın keçmiş prezidenti Nazarbayevin heykəli uçurulub, Taldıkurqan şəhəri

Səlahiyyətlilər KTMT qüvvələrinin Qazaxıstandan tam çıxarılmasının 10 gün ərzində tamamlanacağını açıqlayıblar.

Qazaxıstanın baş prokurorluğu ölkədə baş verən etirazlar zamanı ölən və xəsarət alanların siyahısı açıqlayıb.

AzadlıqRadiosunun Qazaxıstan xidməti xəbər verir ki, şənbə günü keçirilən brifinqdə baş prokurorluğun cinayət təqibi xidmətinin rəhbəri Serik Şalabayev 225 nəfərin öldüyünü, 4578 nəfərin müxtəlif xəsarətlər aldığını deyib.

Xidmət rəisinin sözlərinə görə, ölənlərin 19 -u, xəsarət alanların isə 3393-ü hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Baş prokuruluq rəsmisi onu da deyib ki, ölələrin bəziləri hücumlarda iştirak edənlər olub: "Təəssüf ki, terror aktı zamanı dinc sakinlər də həlak olub"-o bildirib.

Amma baş prorkurorluq rəsmisinin bu açıqlamasına hələki müstəqil mənbələrin münasibəti yoxdur.

***

Qırğız və tacik hərbçilər Qazaxıstandan çıxıblar

Qırğızıstan hərbçiləri, 14 yanvar 2022
Qırğızıstan hərbçiləri, 14 yanvar 2022

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatları (KTMT) çərçivəsində Qazaxıstana gedən Qırğızıstan və Tacikistan hərbçiləri öz ölkələrinə dönüblər. Bundan başqa cümə günü o da məlum olub ki, artıq Qazaxıstanı Belarus və Ermənistan hərbçiləri də tərk ediblər.

Rusiya Müdafiə nazirliyinin yaydığı məlumata görə, Belarus, Tacikistan və Ermənistan hərbçiləri Rusiyanın hərbi-yük təyyarəlləri ilə geri, ölkələrinə qaytarılıb. Nazirliyin məlumatında vurğulanır ki, Qırğızıstandan olan hərbçilər isə “öz gücləri altında standart texnika ilə” daimi dislokasiya nöqtəsinə gediblər.

Cümə axşamı Rusiya Müdafiə Nazirliyi KTMT qüvvələrinin Qazaxıstandan çıxarılması üçün hazırlıqlara başlandığını açıqlayıb. Birləşmiş kontingentin əsasını təşkil edən Rusiya Hərbi Hava Desant Qüvvələrinin ilk qrupları elə həmin gün Qazaxıstanı tərk edib.

Səlahiyyətlilər KTMT qüvvələrinin Qazaxıstandan tam çıxarılmasının 10 gün ərzində tamamlanacağını açıqlayıblar.

KTMT qüvvələri iğtişaşlar, toqquşmalar və talanlarla müşayiət olunan kütləvi etirazlar fonunda bu ölkənin prezidenti Kasım-Jomart Tokayevin müvafiq müraciətindən sonra Qazaxıstana göndərilib.

Tokayev yanvarın əvvəlində baş verən hadisələri dövlət çevrilişinə cəhd adlandırıb və zorakılıqların arxasında “xarici terrorçuların” olduğunu iddia edib, lakin konkret olaraq onların hansı ölkələrdən olduğunu açıqlamayıb.

Rəsmi məlumatlara görə, prezident Tokayevin müraciətindən sonra Qazaxıstana KTMT missiyası çərçivəsində 2030 hərbçi və 250 texnika göndərilib.

Sonrakı günlərdə toqquşmalar və qırğınlarla müşayiət olunan dinc etirazlar yanvarın 2-də Qazaxıstanın qərb vilayətlərində başlayıb. Əhali küçələrə axışaraq maye qazın kəskin bahalaşmasına etiraz edib.

Sonradan iqtisadi tələblərə siyasi tələblər də əlavə olunub. Etirazçılar ilk prezident Nursultan Nazarbayevin siyasətindən getməsini tələb ediblər.

Dinc etirazçıların iğtişaşlarla əlaqəsi olub-olmaması hələ də bəlli deyil. İğtişaşlar zamanı 164 nəfərin ölməsi ilə bağlı rəsmi məlumat açıqlansa da sonradan hakimiyyət bu məlumat təkzib edib.

Yanvarın 7-dən isə ölənlərlə bağlı məlumatlar yenilənmir. Bu hadisələrlə bağlı saxlananların sayının 10 minə çatdığı bildirilir.

BMT-dəki insan haqları fəalları bu həftənin əvvəlində Qazaxıstan rəhbərliyini “etirazçılara qarşı gücdən, o cümlədən öldürücü silahlardan məhdudiyyətsiz istifadəni” dayandırmağa çağırıblar.

Bəzi ekspertlər Qazaxıstanda baş verən yanvar hadisələrini ölkənin hazırkı prezidenti Tokayevlə Nazarbayevin tərəfdarları arasında hakimiyyətdaxili mübarizənin əlaməti kimi qiymətləndirirlər.

Avropa Parlamentinin prezidenti vəfat edib

Deyvid Sassoli

Sassoli 2009-cu ildən Aİ parlamentinin üzvü olub

Avropa Parlamentinin Prezidenti Deyvid Sassoli 65 yaşında vəfat edib.

Sözçüsü Roberto Kuilo onun yanvarın 11-də İtaliyanın Aviano bələdiyyəsi ərazisində xəstəxanada dünyasını dəyişdiyini bildirib.

Aİ parlamenti yanvarın 10-da italiyalı sol-mərkəzi siyasətçinin dekabrın 26-dan xəstəxanada olduğunu təsdiqləmişdi.

Bəyanata görə, “immun sisteminin funksiyasının pozulması nəticəsində yaranmış ciddi ağırlaşma hospitalizasiyanı vacib edib”.

Sassoli 2009-cu ildən Aİ parlamentinin üzvü olub.

O, 2019-cu ildə Strasburqda yerləşən parlamentin prezidenti seçilib. Onun vəzifə müddəti bu ay bitirdi, ikinci müddətə namizədliyini vermək planı yox idi.

Nyu Yorkda bina yanıb, azı 19 nəfər ölüb

Yanan bina

Onlarla xəsarət alan var, azı 32 nəfər xəstəxanaya yerləşdirilib

Nyu York şəhərinin Bronks rayonunda böyük yaşayış binasında yanğında 9-u uşaq olmaqla azı 19 nəfər həlak olub.

Yanvarın 9-da baş vermiş yanğının söndürülməsinə 200-dək yanğınsöndürən cəlb olunub.

Onlarla xəsarət alan var, azı 32 nəfər xəstəxanaya yerləşdirilib. Onların çoxu tüstüdən zəhərlənib.

Rəsmilər yanğının səbəblərinin şübhəli olmadığını, amma yenə də təhqiqat aparıldığını deyirlər.

Bir neçə gün öncə Filadelfiyada bina yanmışdı, səkkizi uşaq olmaqla 12 nəfər həlak olmuşdu.

Aksiya iştirakçısı: ‘Qazax dilində bir kəlmə də yox idi. Buradan belə nəticəyə gəldik ki...’

Qazaxıstan, Almatı, 8 yanvar 2022

"Hava qaralanda, saat 18:30 və ya 18:40-da meydanda pulemyotlu zirehli transportyorlar göründü. Əvvəlcə şərqdən, sonra qərbdən. Xəbərdarlıq etmədən öldürmək üçün atəş açmağa başladılar.

Qazaxıstandakı aksiyalarda etirazçıların qeyri-rəsmi liderlərindən biri, siyasi fəal və hüquq müdafiəçisi 64 yaşlı Meyrxan Abdumanapov Almatıda baş verənlərlə bağlı “Siberia.Realii” saytına danışıb.

Onun sözlərinə görə, etirazçılara qarşı güc tətbiqi yanvarın 6-sı təxminən səhər saat 9 radələrində başlayıb. Onun dediyinə görə, həmin vaxt Nursultan Nazarbayev küçəsində olan meydanda üzərində pulemyot olan hərbi yük maşınları, minik avtomobilləri və bir neçə zirehli transportyor peyda oldb. Əsgərlər oradan çıxıb bütün perimetr boyu meydanı mühasirəyə alıblar.

"Sonra mən də daxil olmaqla, ən yaşlı səkkiz nəfər etirazçılar adından ağ bayraq və əl qaldıraraq danışıqlar aparmağa getdik. Gecələr düşərgəni qorumaq üçün istifadə etdiyimiz şitləri keçəndə bizə atəş açmağa başladılar. Bunlar xəbərdarlıq atəşləri idi. Amma yanımda yaşı 50-dən yuxarı olan bir kişi qəfil yerə yıxıldı. Güllə onun sol bud nahiyəsinə dəymişdi. O an biz artıq hasara doğru geri çəkildik. Amma yaralını götürmək üçün geri qayıtdım. Çətinliklə onu qaldırıb hasarın yanına apardım, oradan da xəstəxanaya göndərdik. Atışma dayandı. Biz əlimizi yelləməyə, danışıqlar təklif etməyə davam etdik. Qazax dilində səsgücləndirici ilə bizə xəbərdarlıq etdilər ki, yaxınlaşmayın. Nəticədə 10-15 dəqiqədən sonra - görünür, məsləhətləşirdilər - bir zabit yanımıza gəldi.

Adını və soyadını verdi, indi xatırlaya bilmirəm. O dedi: "Bəli, mən o poqromçuların kimlər olduğunu bilirəm, onlar siz deyilsiniz. Nümayişi davam etdirə bilərsiniz, yeganə şərt budur: təsadüfən sizin aranızda silahlı gənclər olarsa, onları özünüz zərərsizləşdirin, çünki, Allah eləməsin, əsgərlərimdən kimisə yaralasalar, cavab atəşi açacağıq – bunun nəticələrinə görə mən cavabdeh deyiləm”.

Düşərgəyə qayıtdıq. Bir neçə min adamın içərisində yalnız beşində silah var idi. Biz onları zorla tərksilah edə bilməzdik, qorxurduq ki, biz silahsız onlar silahla bizə atəş aça bilərlər. Biz onlardan getmələrini istədik və getdilər.

Qazaxıstanda qarşıdurma: aksiyaçılardan hələ də xəbər almaq mümkün olmur
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Hadisələrin sonrakı inkişafına toxunan Meyrxan Abdumanapovun dediyinə görə, səhər saat 9-dan, axşam saat 6-ya qədər sakitlik olub. Amma sonra onlara etirazçıları dağıtmaq üçün meydana əlavə qüvvələr yeridiləcəyi ilə bağlı xəbərdarlıqlar gəlib:

"Günün ikinci yarısında düşərgəyə mesajlar gəlməyə başladı: "Dağılın, şəhərə əlavə qüvvələr gəlib: Rusiya qoşunları və KTMT bölmələri, belarus, erməni və digərləri, güc yolu ilə dağılacaqlar". Bu məsləhətlə şəxsən mənə beş nəfər zəng etdi. Və hər dəfə mənə zəng edənlər məlumatın “mötəbər mənbələrdən” olduğunu iddia edirdilər. "Bu gün axşam ya da gecə öldürmək üçün atəş açacaqlar." Məlumatı nəzərə aldıq, amma inanmadıq. Bəzi fəallar isə sonda oranı tərk edərək özləri ilə gələn insanları da apardılar.

Məsələn, səhər danışıqlarında əvvəlcə qərargah rəhbəri təyin etmək fikrində olduğumuz köhnə müxalifət lideri Jasaral Kuanyshalin və ya Janbolat Mamai kimi tanınmış fəal iştirak edirdi. O da dağılışmağa çağırdı. Deyəsən, bundan sonra onu buna görə döyüblər".

Meyrxan Abdumanapov deyir ki, o meydanda qalmağı qərara alıb, dağılışmağın xəyanət olduğunu düşünüb.

"Hava qaralanda, saat 18:30 və ya 18:40-da meydanda pulemyotlu zirehli transportyorlar göründü. Əvvəlcə şərqdən, sonra qərbdən. Xəbərdarlıq etmədən öldürmək üçün atəş açmağa başladılar. İnsanlar dağıldı, gördüm ki, bəziləri yıxılıb. Mən özüm öz gözlərimlə yeddi nəfəri gördüm. Biri qolundan, biri başından yaralanmışdı. Onlardan ikisini çıxara bildik, yaralıları, qalanlarını çıxara bilmədik. Lap gənc iki qız və bir oğlan, artıq onlarda həyat əlamətləri görünmürdü. Başqa bir yaşlı yaralı var idi onu qaldırıb aparmağa çalışdım, amma bacarmadım.

Daha bir nəfəri çıxarmağa çalışarkən lap yaxınlığıma bir-neçə güllə düşdü, amma möcüzəli şəkildə mənə dəymədi və mən ərazini tək etməli oldum. Budur telefonumda qalıb, saat 19:01 -də təcili yardıma zəng etdim ki, bizim çıxara bilmədiyimiz yaralıları çıxarsınlar.

Biz güllə yağışı altında meydanı tərk etməyə məcbur olduq. Yolda bir minik maşını gördüm. İki gənc oğlan var idi, biri sükan arxasında, digəri onun yanında. Maşın işə salındı, görünür, onlar maşınla getməyə çalışırdılar, lakin ön şüşə və arxa şüşələr vuruldu və gənclər artıq ölmüşdülər...

Meydandan uzağa getmədik, həyətlərdə gizləndik. Və iki saatdan sonra meydana qayıdıb yaralıların aparılıb-aparılmadığını bilmək istədik, amma onları hələ də aparmamışdılar. Təkcə meydanda nə qədər insanın öldüyünü bilmirik.

Meyrxan Abdumanapovun sözlərinə görə, sonra yenidən atəş açmağa başlayıblar və onlar geri çəkilməyə məcbur olublar. Əsgərlərin hamısı təpədən dırnağa qədər qara geyimdə idi. Əgər səhər bizimlə ancaq qazaxca danışırdılarsa, o biri tərəfdə də bizimkilər qazaxlar idisə, bu dəfə səsgücləndiricidən yalnız rus dilində səs gəlirdi.

-Etirazı dağıtmaqda iştirak edən əsgərlər rusca danışırdılarmı?

- Bəli. Bu dəfə əsgərlər bizə ancaq rus dilində müraciət etdilər. Və hədə-qorxu ilə: “Ərazidən azad olun, atacağıq”. Qazax dilində bir kəlmə də yox idi. Buradan belə nəticəyə gəldik ki, bunlar rus qoşunlarıdır. Necə ki, günortadan sonra bizə xəbərdarlıq edilmişdi.

Orda.kz nəşrinin baş redaktoru Gülnarə Bajkenova-nın sözlərinə görə, o, həmkarları ilə yanvarın 7-si axşam, Respublika meydanında - etirazçıların düşərgəsi dağıdılandan sonra olub.

O, “Siberia.Realii” saytına müsahibəsində bildirib ki, onların çəkiliş qrupu aşmış maşının şəklini çəkmək istəyib, lakin bu zaman onların üzərində hərbi “Hummer” hərəkət edib və səsgücləndiricidən onlara atəş açacaqları barədə xəbərdarlıq eşidilib.

Bundan sonra Gülnarə və həmkarları sürətlə meydanı tərk ediblər. - Bəli, rusca səsgücləndiricidən bizə xəbərdarlıq etdilər. Amma onu deyim ki, Qazaxıstan təhlükəsizlik işçiləri də vətəndaşlara tez-tez rus dilində müraciət edirlər. Gənc əsgərlər, cənubdan gələn çağırışçılar, bəlkə də, rus dilini o qədər də yaxşı bilmirlər, amma burada təmiz rus nitqi var idi. Amma qazax zabiti də ola bilərdi. Yanvarın 7-də meydanda olan və düşərgənin dağıdılmasını görən bir neçə nəfərlə danışdım. Onların heç biri dəqiq deyə bilmədi ki, onlar kimin təhlükəsizlik qüvvələri olub – qazaxıstanlı, yoxsa rusiyalı.

Bu gün biz yenidən meydanda olduq və həmkarım gördü ki, artıq KTMT qoşunları orada yerləşdirilib. Dediyinə görə onları formalarındakı işarələrdən tanıyıb. Mən mübahisə etməzdim ki, 7-ci axşam düşərgəni dağıdan ruslar olub"- Orda.kz nəşrinin baş redaktoru Gülnarə Bajkenova bildirib.

Bu arada, yanvarın 6-da KTMT-nin baş katibi Stanislav Zas RİA-ya müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrinin Qazaxıstanda nümayişlərin dağıdılmasında iştirak etməyəcəyini bildirib.

Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, indiyə qədər aksiyalarla bağlı 4266 nəfər saxlanılıb.

İran vurulan təyyarədə vətəndaşlarını itimiş ölkələrə danışıqlar təklif edir

İran, Tehran yaxınlığında vurulan Ukrayna Beynəlxaql Hava Yollarına məxsus PS752, Boeing 737-800 sərnişin təyyarəsinin qalıqları

İran Ukrayna sərnişin təyyarəsinin vurulması nəticəsində vətəndaşlarını itirmiş dövlətlərlə “ikitərəfli” danışıqlara və görüşə hazırdır.

Tehranın belə bir təkliflə yanvarın 7-də çıxış etdiyi bildirilir. Amma o da vurğulanır ki, İran bu təklifi üsyankar bir dillə bəyan edib.

İran Xarici İşlər Nazirliyi belə bir bəyanatı Ukrayna, İngiltərə, Kanada və İsveçin qurbanlara təzminat ödənilməsi ilə bağlı Tehranla aparılan iki illik danışıqlardan imtina etdiklərini bəyən etməsindən sonra verib.

Beləki adı çəkilən ölkələr bundan sonra məsələni beynəlxalq hüquq müstəvisində davam etdirəcəklərini bildiriblər.

İran rəsmiləri 176 nəfərin olduğu sərnişin təyyarəsinin vurulmasında İran silahlı qüvvələrinin bir qolu olan İslam İnqilabı Keşikçiləri Korpusunu günahlandırıb.

"Müəyyən ölkələrin qeyri-qanuni hərəkətlərinə və bu faciəli hadisədən istifadə etmək cəhdlərinə baxmayaraq... İran müvafiq dövlətlərin hər biri ilə ikitərəfli danışıqlara hazırdır", - İran Xarici İşlər Nazirliyi bildirib.

Amma nazirliyin başqa ölkələrin hansı qanunsuz hərəkətlər etməsi ilə bağlı fikiri aydın deyil.

Tehran üzərində vurulan təyyarədəki sərnişinlərin 130-dan çoxunun Kanada ilə bağlılığı olub. Ötən həftə Kanada məhkəməsi həlak olanlardan 6 nəfərin ailəsinə 84 milyon dollar ödənilməsi barədə qərar çıxarıb.

Rusiya təyyarələri Qırğızıstandan Qazaxıstana paraşütçülər, texnika və sülhməramlılar çatdırıb

Qazaxıstana göndərilən Rusiya hərbçiləri

Rusiyannın daha 9 İl-76 hərbi-nəqliyyat təyyarəsi Almatıya texnika və hava-desant qoşunları çatdırıb.

Rusiya müdafiə nazirliyinin məlumatına görə, təyyarədə standart hərbi texnika ilə birlikdə Qırğızıstandan olan sülhməramlılardan ibarət bölmə də olub.

"Rusiyanın 9 hərbi-nəqliyyat təyyarəsi İl-76 hərbi qulluqçular və hava-desant qüvvələri ilə Qazaxıstan Respublikasının Almatı aerodromuna eniş edib", - Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qrupa təxminən 70 İl-76 və beş An-124 daxildir. Məlumatda qeyd olunur ki, hərbi-nəqliyyat təyyarələri gecə-gündüz qüvvələrini Qazaxıstana daşımaqdadır.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsi Qırğızıstan sülhməramlılarının bir hissəsini Kant aerodromundan Almatı aerodromuna standart hərbi texnika ilə birlikdə çatdırıb.

Bundan əvvəl Qırğızıstanın Müdafiə Nazirliyi “Scorpion” xüsusi təyinatlı dəstəsinin 150 hərbçisini, 8 zirehli texnikasını və 11 texnikasını Qazaxıstana göndərdiyini bildirmişdi.

Rusiya Hərbi Departamenti Aerokosmik Qüvvələrin təyyarələrinin Tacikistan və Ermənistandan Qazaxıstana hərbçilərin göndərilməsində iştirakı barədə də məlumat verib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat katibi Vladimir Zaynetdinov deyib ki, Qazaxıstandakı KTMT sülhməramlılarının sayı ilkin məlumatlara görə, 2500 nəfərə qədərdir, lazım gələrsə, missiya genişləndirilə bilər.

Məlumatlarda o da bildirilir ki, Qazaxıstana göndərilən hərbi qüvvələrə Krımın ilhaqında iştirak etmiş Rusiya Hərbi Hava Desant Qüvvələrinin rəhbəri, general-polkovnik Andrey Serdyukov komandan təyin edilib.

‘Elbası Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindədir’

Nursultan Nazarbayev, Rusiya, Sankt-Peterburq şəhəri, 28 dekabr 2021

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatlar fonunda onun mətbuat katibi Aidos Ukibay tvitter hesabında “Elbası Nur-Sultandadır” yazıb. (Elbası – “millət lideri” )

"Elbası Qazaxıstanın paytaxtı Nur-Sultandadır. Xahiş edirəm, yalan və ya spekulyativ məlumat dərc etməyin. Elbası prezident Kasım-Jomart Tokayevlə məşvərətçi görüşlər keçirir və əlaqə saxlayır", - Ukibay yanvarın 8-də Tvitter hesabında yazıb.

Nazarbayev sonuncu dəfə 2021-ci il dekabrın 28-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı görünüb və o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb. Həm də indiyə qədər Qazaxıstandakı vəziyyəti şərh etməyib.

Ölkədə vəziyyət gərginləşdikcə internetdə Nazarbayevin ölkəni tərk etməsi ilə bağlı xəbərlər yayılıb. Jurnalist Arkadi Dubnov öz Facebook səhifəsində Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının Dubayda saxlanıldığını, keçmiş prezidentin isə Çində olduğunu yazıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev əvvəllər Nazarbayevin rəhbərlik etdiyi Təhlükəsizlik Şurasına sədrlik edəcəyini bəyan edib.

Nursultan Nazarbayev Qazaxıstana 1990-cı ildən 2019-cu ilin martınadək başçılıq edib.

O 2015-ci növbədənkənar seçkidə 5-ci dəfə prezident seçilmişdi və rəsmi məlumata görə ona 98 faiz səs verilmişdi.

Nazarbayev 2018-ci ildə Qazaxıstan Təhlükəsizlik Şurasının ömürlük sədri təyin olunmuşdu.

Bu, ona prezident postundan istefadan sonra da faktiki hakimiyyətini saxlamaq imkanı verirdi.

Qazaxıstanda Nazarbayevin şəxsiyyətinə pərəstiş təbliğ olunurdu. O özünə Elbası – “millət lideri” titulunu götürmüşdü.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri həbs edilib

Kərim Məsimov, 4 oktyabr 2011

Məlumata görə, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kərim Məsimov hakimiyyətin Almatıya nəzarəti itirməsindən sonra prezident Kasım-Jomart Tokayev tərəfindən vəzifəsindən azad edilib.

Dövlətə xəyanətdə ittiham olunan komitə sədrinin Təhlükəsizlik Şurasının iclasında iştirak etdikdən az sonra saxlandığı bildirilir.

Bu barədə Milli Təhlükəsizlik Komitəsinin saytında məlumat verilib.

56 yaşlı Məsimov ilk prezident Nursultan Nazarbayevin hakimiyyətinin son illərində ən nüfuzlu siyasətçilərdən biri hesab edilib. O, 2016-cı ildən bu vəzifədə imiş.

Bu posta təyin edilənə qədər isə Məsimov müxtəlif illərdə iki dəfə Qazaxıstanın baş naziri və prezident administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, iqtisadiyyat və nəqliyyat naziri olub.

Yanvarın 8-də komitənin saytında yerləşdirilən xəbərdə deyilir ki, cümə axşamı, yanvarın 6-da Məsimova qarşı dövlətə xəyanətlə bağlı ibtidai istintaq başlayıb və o saxlanılıb.

Bu vəzifədə onu Dövlət Mühafizə Xidmətinin rəisi vəzifəsində çalışmış Ermek Saqimbayev əvəzləyib.

Elan edilən ittihamlara görə milli təhlükəszilik komitəsinin keçmiş sədrini 15 ilə qədər həbs gözləyir.

Məsimovun vəzifəsindən uzaqlaşdırlması ilə eyni vaxtda isə prezident Tokayev Təhlükəsizlik Şurasına rəhbərlik etdiyini açıqlayıb. Ölkə qanunlarına əsasən, bu vəzifəni ömürlük birinci prezident Nazarbayev tuta bilər. Beləki Nazarbayev 2018-ci ildə Qazaxıstan Təhlükəsizlik Şurasının ömürlük sədri təyin olunmuşdu.

Prezident Tokayev artıq xüsusi xidmət orqanlarını tənqid edərək, onları prezidentin Qazaxıstan şəhərlərində "terror hücumları"na icazə verməkdə ittiham edib.

Bolqarıstanda əhali 11.5 faiz azalıb

Sofiya, 2 yanvar, 2022-ci il

Təkcə paytaxt Sofiyada əhali artıb

Bolqarıstan əhalisi son on ildə 11.5 faiz azalıb. Bunu siyahıyaalmanın ilkin nəticələri göstərib.

Milli Statistika İnstitutunun yanvarın 6-da açıqladığı məlumata görə, əhali 844 min nəfərdən çox azalıb, 7.3 milyondan 6.5 milyona düşüb.

Ekspertlər azalmanı doğum səviyyəsinin düşməsi, ölümün artması, əhalinin qocalması, Avropa ittifaqının ən yoxsul ölkəsindən emiqrasiya ilə izah edirlər.

Təkcə paytaxt Sofiyada əhali artıb. Şimal-qərbi Vidin və Montana, şimal-şərqi Dobriç vilayətlərində 26 faizlik azalma qeydə alınıb.

Siyahıyaalmanın yekun nəticələri 2022-ci ilin sonuna gözlənir.

Sonuncu dəfə siyahıyaalma 2011-ci ildə keçirilib.

Türkiyə-Ermənistan danışıqları yanvarın 14-də Moskvada başlanacaq

Serdar Kılıc (sağda) və Ruben Rubinyan

Bu danışıqlarda Türkiyəni ABŞ-dakı keçmiş səfir Serdar Kılıc, Ermənsitanı isə ölkə Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan təmsil edəcəklər

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada olacaq.

AzadlııqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, bu barədə Facebook səhifəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan yazıb.

Ankara və Yerevan ötən ilin dekabrında bəyan etmişdilər ki, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün addımlar atmağa hazırdırlar.

Bu danışıqlarda Türkiyəni ABŞ-dakı keçmiş səfir Serdar Kılıc, Ermənsitanı isə ölkə Milli Məclisinin vitse-spikeri Ruben Rubinyan təmsil edəcəklər.

Apple şirkətinin bazar dəyəri 3 trilyon dollara çatdı

Münhendə Apple mağazası

Şirkətin bazar dəyəri 16 ayın içində 2 trilyondan 3 trilyon dollara yüksəlib

Apple dünyada bazar dəyəri 3 trilyon dollara çatan ilk şirkət olub.

Yanvarın 3-də iPhone telefonlarını istehsal edən şirkətin səhmlərin dəyəri 182.88 dollara çatıb.

Şirkətin bazar dəyəri 16 ayın içində 2 trilyondan 3 trilyon dollara yüksəlib. Ötən il səhmləri 34 faiz bahalanıb.

Apple iPhones, MacBooks satışından, həmçinin Apple TV və Apple Music xidmətlərindən qazanır. Şirkət rəhbəri Tim Kuk 2022-ci ildə təchizat zənciri problemləri ilə üzləşə biləcəkləri ilə bağlı xəbərdarlıq edib.

Hazırda Apple şirkətinin 3 trilyon dollarlıq bazar dəyəri İspaniya və İtaliyanın birgə ümumi daxil məhsuluna yaxındır.

Davamı

XS
SM
MD
LG